Azərbaycan Dövləti darülmusiqi (konservatoriya
- İ.Q.) rektoru E.S.Aysberq tərəfindən
"Altun saç" on dəftər yeni musiqi əsərləri
buraxılmışdır. Əsərlərin
birinci buraxılışı "Altun saç"
piano üçün 10 dənə orta çətinlikdə
Şərq pyesləri adı ilə buraxılmış
və birinci, ikinci və üçüncü
dəftər olduğu göstərilmişdir.
Əsər Azərbaycan Dövləti not nəşriyyatı
tərəfindən çap etdirilmişdir.
Təcrübə bizə dəfələrlə
göstərmişdir ki, musiqi təhsil edən
türk gəncləri ümumiyyətlə
öz ruhunu oxşar və zövqünü
təmin edər. Şərq melodiyaları,
pyesləri , konsertləri üzərində
çalışmayı daha artıq seviyorlar.
Alman pedaqoq-bəstəkarlarının məktəblərə
məxsus olmaq üzrə yazmış olduqları
müxtəlif musiqi parçaları bizim gəncləri
bir o qədər maraqlandırmayır; daha doğrusu
bizim gənclər o musiqiyi anlamadıqları
üçün onu yalnız mexaniki bir tərzdə
öyrəniyorlar. Bu isə onların inkişafına
deyil ki, bir müavinət, hətta bəzən
bəlkə mümanəət (maneçilik)
də ediyor. Bu hesabla musiqi təhsil edən
türk gəncləri üçün onların
ruhuna və zövqünə münasib və
uyğun musiqi pyesləri nəşr etmək,
onların həvəslərinin daha geniş
bir surətdə artmasına böyük bir
vasitə olmaq deməkdir. Odur ki, "Azərbaycan
Dövləti not nəşriyyatı"nın
bu təşəbbüsünü səmimən
alqışlamalıyız.
Azərbaycan dövləti darülmusiqi rektoru
professor Aysberqin tərtib etmiş olduğu "Altun
saç" haqqında bir şey qaralamadan əvvəl
bu dəftərlərin başına "ifadei-məram"
surətilə professorun yazmış olduğu
sözləri qeyd etmək istərdim.
Aysberq yazıyor ki, "Musiqi təhsil edən
türk gəncləri Alman bəstəkarlarının
kitablarından istifadə ediyorlar, bu musiqi isə
türk cocuqlarının ruhuna uyğun deyildir.
Piano üçün düzəltmiş olduğum
iş bu on pyes Şərq musiqisinin nümunələridir.
Bunların arasında böyük rus bəstəkarları
Qlinka, Rimski-Korsakov, Borodinin yazmış olduqları
türk melodiyaları dəxi vardır və
ilax".
Aysberq kimi tanınmış və təcrübəli
bir professorun bəstəsini bən elmi nöqtei-nəzərdən
təhlil etmək bu xüsusda qəti bir hökm
vermək və müəyyən bir nəticə
aramaq fikrində olmağım hələlik
qabil deyildir. Fəqət bən də professorun
yazmış olduğu musiqi təhsil edən
türk gənclərindən olmağım
hesabı ilə o pyeslərin bizdə buraxacağı
təsiri və nəticə etibarı ilə
bizə nə kibi bir fayda verə biləcəyini
qeyd etmək istərdim.
Əvvəla, bunu deməliyəm ki, bu pyeslərin
içərisində keçən yıllarda
yenə məzkur darülmusiqi müəllimlərindən
professor Karagiçevin yazdıqlarından da vardır.
Yerdə qalan pyeslərin bir çoxu da Rimski-Korsakov,
Qlinka, Borodiniin əsərlərindən istixracən
(ixtisar - İ.Q.) edilmiş parçalardır.
Bunlar xalqımızın yaratmış olduğu
musiqinin bir bəstəsi deyil, bəlkə rus
müsənnifinin (bəstəkarının
- İ.Q.) Şərq musiqisi üslubunda yaratdığı
bir fantaziyasıdır. Bunlar xalis Şərq
musiqisinin birər nümunəsi olaraq tələqqi
ediləməz. Daha doğrusu, olsa-olsa yalnız
ilhamını Şərq musiqisindən alaraq
yaratılmış birər əsərlərdir.
Odur ki, hənuz bəstələnməmiş
və bəstələnməyə ehtiyacı
olan öz musiqimizi bir tərəfdə qoyub,
Borodinin "Knyaz İqor"undan "Poloveç qızının
mahnısı" və yaxud Rimski-Korsakovun "Şəhirizadə"sindən
ayrı-ayrı parçaları alıb yenidən
nəşr etmək çox da vacib və doğru
olmasa gərəkdir.
Çünki rus müsənnifinin bu fantaziyalarında
biz professor Aysberqin zənn etmədiyi qədər
nə "öz simamızın rəngini" nə
də "öz çəmənimizin ətrini"
duymayoruz.
Birinci dəftərdə Rimski-Korsakovun əsərindən
başqa "Uzaq ölkələr" adında digər
bir melodiya dəxi vardır. Bu melodiyanın
adı nə zamandan "Uzaq ölkələr"
olduğunu təyin edə bilməyəcəyiz;
çünki bu melodiya ta son günlərə
qadar "Xungüzar" adıyla məşhurdur. Hacıbəyli
Üzeyirin "Əsli və Kərəm" operasında
məzkur melodiya "Gül sünbüllər"
xorudur.
Professor Aysberqin bəstəsində bu "Xungüzar"
olmayıb, ona bənzər bir şeydir. Dəfələrlə
istədiyimiz bu melodiyayı Aysberqin notu ilə
çaldığımız zaman tamamilə
başqa və bizdən ötrü yabançı
musiqi hasil oluyor.
Bundan əlavə, üçüncü dəftərdə
"Nənni mahnısı" vardır. Aysberq bunu
3/8 vəznində yazmışdır. Lakin bizcə
hər bir əsəri yazmadan əvvəl onun
fikir və ruhu ilə yazısında bir nisbət
aramalı və bir rabitə qurulmalıdır.
Məəttəəssüf, professor Aysberq
buna nədən isə riayət etməmişdir.
Böylə ki, bu vəzn ilə beşiyin yırğalanmasındakı
vəzni müqaisə edirsək, aralarında
heç bir münasibət görməyəcəyiz.
Bizcə bu mahnıyı üç zərb
ilə deyil, iki zərb ilə yazmaq daha münasib
olurdu.
Bundan əlavə daha bir taqım xətalar
vardır ki, onu biz hər halda professorun deyil,
mətbəənin xətası deyə tələli
etməliyız.
Məsələn, məzkur "Nənni mahnısı"nda
başdan ikinci taktda olan "si" notu bir çərək
deyil, səkkizlik olmalıdır. (Bu xəta
yalnız burada deyil, bir çox yerlərdə
vardır).
Musiqi təhsil edən türk gənclərinin
mənəvi ehtiyaclarını təmin üçün
bu təşəbüsat əsas etibarılə
nə qədər dəyərli və əhəmiyyətli
isə də, ruhumuzu oxşamayacaq bir tərzdə
və uydurma olaraq yazıldığı və
nəşr edildiyi təqdirdə o qadar qiymətsiz
və faydasız olur.
Mahiyyəti etibarılə tamamilə nə
Şərq və nə də alman musiqisi olmayıb,
hər ikisindən avara bir halda qalan pyeslərdən
hər halda xalis alman pyesləri daha yaxşıdır.
Odur ki, verilən bütün materialları
əvvəlcə ətraflıca nəzərdən
keçirərək, sonra nəşrinə iqdam
etmək daha müsbət və faydalı nəticələr
verə bilər.
"Kommunist", 28 noyabr 1925