Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

"AŞIQ QƏRİB"

 

Zülfüqar bəy Hacıbəylinin əsərləri arasında "Aşıq Qərib" qadar müvəffəqiyyət qazanmışı olmamışdır.

Doğrudan da bu operada olan bir çox gözəl melodiyalar vəqənin (əhvalatın) gedişi və yeri ilə münasib işlənmişdir!

Məsələn, səhnə Tiflisi göstərdiyi zaman musiqi də gürcü musiqisi ruhunda olduğu kibi, Ərzrum paşasının sarayında da musiqi mahiyyəti etibarılə osmanlı türklərinin musiqisi üslubunda yazılmışdır.

Bəstəkarın özü tərəfində yaradılmış melodilər də gözəldir.

Bununla bərabər, bu opera əsas etibarilə "Əsli və Kərəm" operası tipindədir. "Əsli və Kərəm" operasının yekrəng bir musiqiyə havi olması haqqında söylədiyimiz sözləri "Aşıq Qərib" haqqında da deməliyiz.

Orada - "Kərəmi", burada isə - "Dərbənd şikəstəsi"!

Bəzi musiqi əsərləri vardır ki, orada bəstəkar əsas olaraq götürmüş olduğu melodiyi əsərin bir çox yerində qullanaraq, o musiqinin əsas mövzusunu yada salıyor.

Fəqət "Əsli və Kərəm" operasında "Kərəmi", "Aşıq Qərib" operasında da "Dərbənd şikəstəsi" bu əsərlərin hər pərdəsində dəfələrlə təkrardan başqa bir şey deyildir.

Bundan başqa, pərdələrin bir çoxu qalxmadan əvvəl musiqi müqəddimə əvəzində ton vermək üçün yalnız "akkord"lar ilə iktifa ediyor ki, bu da operayı bir qadar naqis göstəriyor.

Yanvar ayının 3-də bu əsər işbu mövsümdə birinci dəfə olaraq böyük dövləti opera teatrosunda oynandı.

"Aşıq Qərib" rolunda olan Sarabskinin səsində bir yorğunluq hiss olunuyordu, yuxarı notaları götürdükdə özünü bir qadar sıxıyordu.

Yalnız Ərzrum paşasının sarayında xor ilə bərabər oxuduğu zaman səsinə tam bir sərbəstlik vermişdi.

Hərəkətləri isə ümumiyyəilə yaxşı idi.

Şahsənəm rolunda Sona xanım səsinin ən yuxarı registrində "Necə ağlamasın Sənəm" solosunu olduqca müvəffəqiyyətli oxudu. Sair yerlərdə dəxi fəna təsir bağışlamayordu.

Bağırzadə Məmmədtağı (Şahvələd) son zamanlar səsində Qərb və Şərq tembrləri arasında olan təzad içərisində şaşırıyor. Buna ciddi əhəmiyyət verməlidir!

Qəmər xanım olduqca gözəl bir təsir bağışladı. "Yaz açılıb, novruz olub" xorunda öz səsini bütün oxuyanlardan ayırması və rəqs etdikdə də xalis gürcü rəqsinin xüsusiyyətlərinə riayət etməsi öz rolunu doğru və düşünməsini göstəriyordu.

Dil və ifadəsini bir qadar düzəldəcək olursa, gələcəkdə böyük ümidlər verə bilər.

Sair iştirak edənlər oyunun ümumi gedişinə riayət ediyorlardı. Yalnız xor bu dəfə zəif idi.

Bir neçə dəfə oynamış olduqları sair operalara nisbətən fəna olmasalar da, bu dəfə sözləri o qadar qaba söyləyorlardı ki, nə demək istədikləri qətiyyən anlaşılmayordu. Həm də bir intizamsızlıq göstəriyorlardı.

Aşıq Qəribin atası ilə elçiliyə gəldikləri zaman gecikib çarşabı da səhnədə örtməklə, bir az əvvəl Şahsənəm ilə bərabər oturan qızlar olduqlarını göstəriyorlardı.

Qurban "Dərbənd şikəstəsi" ilə "Qarabağ şikəstəsi"ni qarışdırmazsa, akkompanement də yaxşı idi.

Teatro müdiriyyəti körpə uşaqlar haqqında qəti bir tədbir görməlidir.

"Kommunist", 6 yanvar 1926  

 

"LEYLİ VƏ MƏCNUN"

 

Cümə günü yanvar ayının 8-də Böyük Dövləti opera teatrosunda "Leyli və Məcnun" operası oynandı.

Bu dəfə "Şəbi-Hicran" olduqca ahəstə bir temp ilə oxunuyordu, halbuki bəstəkar özü dirijorluq etdikdə bu qədər yavaş-yavaş (larqo) deyil, orta bir sürətlə (moderato) dirijorluq ediyordu. Hər halda "Şəbi-Hicran"ın bu qədər yavaşdan oxunması musiqinin gözəlliyini itiriyor, həm də fəna təsir bağışlayordu. Bundan başqa ikinci səslər birinci səslərə nisbətən o qədər bərkdən (forte) oxuyorlardı ki, melodiyanın əsas etibarilə özü ortadan itiyor, əvəzində büsbütün başqa bir melodiya eşidiliyordu.

İştirak edənlərə gəlincə Leyli rolunda Sona xanımın son zamanlar olduqca irəliləməsini və getdikcə rolunu daha müvəffəqiyyətli bir surətdə aparmasını söyləməliyiz. Rolunu gözəlcə düşündüyü, tam bir Leyli kibi yaşayıb öldüyü görülüyordu.

Sarabski (Məcnun) yaxşı idi. Hərəkətləri ilə oxuması arasında uyğunluq görülüyordu.

İbn Səlam rolunda Hacıbababəyov bu dəfə müvəffəq idi. Xüsusən 5-ci pərdədə "Osmanlı" oxuması çox gözəl idi. Bu dəfə "Ey bana qəmxar olan" melodisi nədənsə orkestro ilə deyil, tar ilə oxunuyor idi.

Bu yer olduqca səssiz bir dəyişiklikdir. Xüsusən bu pərdə orkestroda çalanları qəhqəhə ilə gülüb səs salmaları oyunun gedişini pozuyordu.

Quruluş əski idi. Oyunun məzmunu ilə münasib olmayan bəzi yanlışlıqlar da görülüyor idi.

5-ci pərdədə İbn Səlamın evinin qarşısında üzərinə saçaqlı bir salfetka alınmış vaza içərisində meyvə qoyulması doğru deyildi.

Qurban tarın xaric yerlərində olduqca sərbəst və arxayın bir surətdə dolanıyordu. Xüsusən "Orta Segah"dan "Xaric Segah"a keçərkən böyük bir məharət göstərdi.

"Kommunist", 10 yanvar 1926  

 

 

 
     
        © Musigi Dunyasi, 2007