Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

"LEYLİ VƏ MƏCNUN"

Fevral ayının 24-də böyük dövləti opera teatrosunda bu mövsümdə son dəfə olaraq "Leyli və Məcnun" operası oynandı.

Məcnun - Sarabski tam dörd yıl bundan əvvəl (22-ci yılın fevralında) türk səhnəsində 20 yıllıq artistlik fəaliyyəti münasibətilə yubileyi tərtib edilən Sarabski doğrudan da türk operasının əsasını qoymaq işində böyük xidmət göstərmişdir.

O, doğrudan-doğruya xalqın yetişdirdiyi bir səhnə işçisidir.
Öz rolunu bu dəfə həmişə oynadığı "Sarabski üslubu" ilə oynadı. Başqa iştirak edənlərdən Sona xanım (Leyli) yaxşı idi. Leylinin atası rolunda Nur Məmməd "İraqi" isə çox zəif idi.

Bəzən tamamilə nahaq yerə bir oktava yuxarı oxumaqla özünü çətinə salıyordu; buna görə də oxuduğu şeyin vəznini də itiriyor, sözlərini də bərbad ediyordu. 2-ci pərdədə "Nəsl ilə olur bəqai-insan" oxuduğu zaman tamamilə yersiz olaraq "zilə" çıxması və böyləliklə də "Şur" muğamına da süni bir şəkil verməsi çox fəna idi.

Hüseynağa Hacıbababəyov İbn Səlam rolunda yaxşı idi. Başqa oynayanlar da ümumi ahəngi saxlamağa çalışıyorlardı. 5-ci və 6-cı pərdələr yenə müqəddiməsiz (uvertürasız) çalmışlardır. Xüsusən "Ey bana qəmxar olan" melodisinin "Osmanlı" ardınca təkrarlar ilə oxunması iyi bir təsir bağışlamayor. Qurban - türk operası üçün gözəl bir akkomponimentçi olmasını hər şeydən artıq "Leyli və Məcnun" ilə göstəriyor. Ümumiyyətlə, oyun fəna deyildi.

"Kommunist", 26 fevral 1926

"AŞIQ QƏRİB"

Dekabrın 29-da bu mövsümdə birinci dəfə olaraq "Aşıq Qərib" mövqe tamaşaya qoyuldu. Bu daha əvvəl yazılmış olan "Əsli və Kərəmə" bənzəməsi və onun kibi yekrəng musiqidən ibarət olduğu haqqında keçən yıl yazmışdıq. Hətta sözlər delə bir-birinin eynidir. Məsələn, "Əsli və Kərəmdə":

- "Bir yuxu gördüm əvvəl yuxuda bir növcavan …"
"Aşıq Qərib"də:
- "Məni bu hala salan əvvəl yuxuda gördüyüm candır …"

Hər iki operada hər iki qəzəl "Kürdi-Şəhnaz" üstə oxunur.

Bu iki opera arasındakı fərq "Əsli və Kərəm"in nisbətən daha zəngin orkestrovkası olmaqla bərabər, zəngin uvertüraları və ayrı-ayrı musiqi parçaları arasında dəxi bir rabitə olmasından ibarətdir.

"Aşıq Qərib"də isə pərdələrdən bir çoxunun (bəlkə hamısının) uvertürası yox, musiqi parçaları arasında dəxi çox yerdə rabitə yox (Qərib ilə Sənəmin vida pərdəsində bayatılar və ardınca şikəstə kibi) bu operanın mükəmməl və ətraflı bir islaha ehtiyacı vardır.

Keçən yıla nisbətən quruluş olduqca fəna idi. Rejissor bu quruluşu ilə coğrafiyadan ən ibtidai belə məlumata malik olmadığını göstəriyordu.

Səkkiz ay mütəmadi soyuq və qarlı qış içərisində qalan və iki bin metroya qadar yüksəkliyi olan Ərzrumda rejissorun "yetişdirdiyi" xurma ağacları bunu açıq göstərirdi.

İştirak edənlərdən başlıca Sarabski (Qərib) səsinin ən yuxarı yerlərində olduqca sərbəst oxuyurdu.

Şahsənəm rolunda Sona xanım bir qadar çalışmalıdır. Getdikcə zəngulələri azalır və qadın olmasına baxmayaraq, Qəriblə bir oktavada oxuduğu zaman belə ondan zəif görünürdü. Fəqət orkestro ilə "Necə ağlamasın Sənəm" solosunu olduqca gözəl və müvəffəqiyyətli keçirdi.

Şahvələd - Bağırov səsini Avropa quruluşuna salmış, fəqət hələ təmamilə möhkəmlənməmişdir. Darülmusiqidə çalışmasını davam etdirərsə, gələcəkdə daha müvəffəq ola bilir. "Atası verdi qızını" solosunu yaxşı oxudu. Ümumiyyətlə bu gecə rolunu yaxşı ifa etdi.

Qəni rolunda gənc aktrisa Sara xanım çox zəif idi. Yeganə qardaşının ölümü sanki ona heç təsir etmədi. Biləks, anası (Lizina) yaxşı idi.

Sair iştirak edənlər ümumi ahəngi pozmamaya çalışırdılar.

Xor çox yerdə unison və zəif idi. Sözləri aydın deməyə cürət etməyib, çəkinirdi.

"Böyük balet dəstəsi" doqquz nəfərdən ibarət idi.

Qurban "Dərbənd Şikəstəsi"nə əlavə etdiyi bəzi yeni gözəl "barmaqları" ilə ümumiyyətlə akkompanimentdə çox yaxşı idi.

Salonda bir boş yer yox, hətta artıq stullar belə əlavə edilmişdi.

"Kommunist", 31 dekabr 1926

"LEYLİ VƏ MƏCNUN"

"Leyli və Məcnun" haqqında dəfələrlə yazılmışdır. Bu yıl "Maarif və mədəniyyət" məcmuəsinin on-on birinci nomrəsində türk operası haqqında yazılmış bir məqalədə "Leyli və Məcnun"un bu yılki vəzi haqqında yazılır ki, "Birinci alətin rolu nədənsə simbal və osmanlı dəfinə verilmişdir ki, bu da tamamilə dinc və sakit bir vəziyət almış tamaşaçıları çox narahat ediyordu. Bu söylədiklərim üçüncü pərdənin "İntroduksiyası"nda daha şiddətli idi, burada haman alətlər çalınan göy guruldamaları o qadar qulaqçatladıcı idi ki, insan özünə gələndən sonra acınaraq, "heç olmasa teatro idarəsi, böylə gurultunun çox əsəbi olanlar üçün xətərli olduğunu əvvəlcədən bildirəydi", deyə düşünməyə başlayır…"

Məqalə sahibi C. Eloğlu (C. Cabbarlı) yoldaş bu sözlərilə musiqi dinamikasından xəbərdar olmadığını göstərdiyi kibi, əsərin müsbət cəhətini də tamamilə məntiqsiz və yanlış tənqid edir.

Keçən yıl, "Leyli və Məcnun" haqqında qəzetəmizdə yazdığımız təqrizlərdən (ressenziyalardan) birisində bu operanın dördüncü və beşinci pərdələrinin uvertürası olmadığını qeydlə, xüsusən dördüncü pərdənin tar ("Osmanlı") ilə açılmasını fəna təsir bağışladığı üçün bu pərdəyə məxsus uvertüra yazılmasını tövsiyə etmişdik.

Bu dəfə buna əməl edildi. Dördüncü pərdə orkestro tərəfindən icra edilən "Arazbarı" ilə açıldı. Bu uvertüra orkestrovka etibarılə çox da mürəkkəb deyilsə də , melodiya daima birinci vialon tərəfindən çalınır, hər halda yalnız tar ilə açılan pərdə daha gözəl təsir bağışladı.

Bu yıl "Leyli və Məcnun"un musiqi qismində gözə çarpan daha bir yenilik , "Heyratı"nın "Əraq" oxunduğu zaman təkrarı və müharibə əsnasında çalınan qismidir. Mis alət nəğmələrinin "fortissimo"su içərisində vialonların xramatik qammaları bu parçayı çox zəngin edir. Quruluş yenə konservatizm üslubunda idi.

"Kommunist", 14 yanvar 1927  

 

 

 
     
        © Musigi Dunyasi, 2007