|
|
|
"ƏSLİ VƏ KƏRƏM"
|
Hər nə qadar "Əsli və Kərəm"in
musiqisində olan yekrənglik onu bədii cəhətcə
naqis göstərirsə, lakin Şərq muğamatının
orkestro vasitəsilə icra təşəbbüsü
ilk dəfə bu opera ilə meydana gəldiyi
üçün əhəmiyyətlidir.
Ayrı-ayrı yerlərdə "Segah", xüsusən
dördüncü pərdədə "Hümayun"
dəramədi olduqca gözəl təsir bağışdayır.
İmdiyə qadar yalnız oxumaq xatirəsi
üçün hərəkətsiz duran xora
Kirmanşahlı yoldaş bu dəfə böyük
hərəkət vermişdi. Birinci pərdə,
keşişin həyəti olduqca müvəffəqiyyətli
tərtib edilmişdi. Bu pərdədə xor
istər hərəkət, istərsə də
oxumaq etibarilə çox gözəl idi. Fəqət
nədənsə "Yuxunun var insana böylə
asəri məgər" əvəzində, yenə
təkrar "Qızım söylə bir görən"
oxundu.
Gərək quruluş və gərəksə
oyun etibarilə birinci pərdə nə qadar
müvəffəqiyyətli keçdisə, axır
pərdələr bir o qadar zəif idi.
Dördüncü pərdə qalxdıqda tənzif
arasında Hələb şəhərinin minarələri
olduqca aydın görünürdü.
Bizcə, ümumiyyətlə, "Əsli və
Kərəm"ə bəstəkarın vermiş
olduğu əfsanə şəklini dəyişdirmək
nahaqdır.
Əgər dəyişdirilərsə, ya tamamilə
"Şeyx Nurani"yi öz "Humayun"u ilə birlikdə
atmalı və yaxud onu olduğu kibi göstərməli.
Böyləlikdə "Şeyx Nurani" tamaşaçılardan
ötrü heç bir "Amerika" açmayır.
Bu pərdədə olan "Gül sünbül"
xoru çox zəif keçdi.
Birinci parçası rəqqasəsiz, ikinci parçası
da xoristkalardan birinin olduqca gülünc rəqsi
və yalnız son parçasında rəqqasənin
gəlməsi və xüsusən rəqs etdiyi
zaman xoristlərin melodiyanın vəzn və
məcrini (məcrasını) bilmədikləri
üçün qarma-qarışıq əl
vurmaları bütün-bütünə oyunu
korladı.
Zavallı dirijor onları takta salmaq üçün
az qala özü də əl vuracaqdı.
"Humayun" dəramədində xüsusilə
birinci pərdə yaxşı idi.
"Kommunist", 21 yanvar 1927
|
|
Bu dəfə "Aşıq
Qərib"in yeni quruluşda oynanacağı vəd
edilmiş və qəzetəmizdə xəbər
verilmişdi. Lakin quruluş yenə də köhnə
olduğu və ümumiyyətlə əsərin
oynanmasında heç bir yenilik görünmədiyinə
görə qalmaq belə istəmədim.
Nə zamana qadar dövlət türk opera teatrosu
camaatı vədlərlə doyduracaqdır? Nə
vaxta qadar repertuara salınmış yeni əsərlərin
adlarını yalnız mövsüm açıldığı
zaman afişalarda görəcəyiz?
Operanın mövsüm əvvəlində üç-dörd
dəfə oynanmasına baxmayaraq, yenə də
salon dolusu tamaşaçı topladığı
halda, "köhnə hamam, köhnə tas" ilə
yola salmaq nə qadar doğrudur?
Əsər köhnə, aktyor köhnə, dirijor
köhnə!
Bəlkə də bunları əvəz edə
bilməriz? Nəhayət quruluşdamı daima
köhnə? Halbuki köhnə quruluş pək
fənadır və dəyişilməsini teatro
özü də lazım görmüşdür.
"Leyli və Məcnun"dan başqa yerdə qalan
bütün operalar bu mövsümdə əski
quruluşda oynanılmış və hətta
yıllardan bəri işlənmiş, yıpranmış
köhnə dekorların cırıqları belə
tikilməyərək, bərbad bir halda tamaşaçılara
göstərilməkdədir.
Bu dəfə "Aşıq Qərib"in yeni quruluşda
oynanacağını qəzetəmizdə yazdıqdan
sonra yenə də əvvəlki quruluşu gördükdə
doğrusu oxucularımızdan utandıq. Guya
yalandan reklam üçün yazmış olduq.
Halbuki aldığımız məlumata görə
operada yeni quruluşlar üçün maarif komissarı
çoxdan pul buraxmışdır.
"Kommunist", 4 fevral 1927
|
|
Şah İsmayılmı, yoxsa Aslan
şahmı? Bizə qalırsa, böyləlikdə,
bu əsərin adı "Aslan Şah" olmalıdır.
Çünki, əsər sahibi öz qəhrəmanını
olduqca məhdud və dar bir çərçivə
içərisində saxlayıb, əsərin
əsl siqlətini Aslan şaha vermişdir.
İlk pərdə onun ilə qalxır, son pərdə
dəxi onun ölümü ilə bitir.
Əgər öz taxt və tacının əlindən
çıxmasından qorxan Aslan şah öz oğlunu
müharibəyə göndərirsə, yenə
ona məxsus bir təşəbbüs və hərəkətdir.
Şah İsmayıl ilə Gülzarın eşqi
isə Aslan şahın bir əmrinin nəticəsində
çıxmış təsadüfi bir hadisədir.
Nəhayət, əgər gözləri çıxarıldığı
üçün əsərin qəhrəmanı
Şah İsmayıl sayılırsa, bu da doğru
deyildir. Bu cəhətdən əsər, daha
əvvəl yazılmış olan "Nadir şah"a
bənzəyir.
O da öz taxt və tacının qorxusundan oğlunun
gözlərini çıxartdırır. Amma
bununla orada əsərin adı "Rzaqulu Mirzə"
olmayır. Bir də xalq nağılında qəhrəman
Şah İsmayıl isə, bəstəkar nağılın
Şah İsmayıla aid qismini kəsib, Aslan
şah cəhətini qüvvətləndirmişdir.
"Şah İsmayıl"da əsər sahibi bir çox
yerlərdə Şərq musiqisi üslubuna yabançı
əməliyyat yapmış, Avropa üslubu ilə
Şərq üslubunu qarışdırmışdır.
Məsələn, ikinci pərdədə Gülzar
ilə Şah İsmayılın "Aşiq oldum"
duetində olan orkestrovka əsasən Şərq
musiqisi üslubundadır. Odur ki, Şərq zəngulələri
ilə oxunduqda nə qədər gözəl
təsir bağışlayırsa Avropa səs
quruluşunda oxuduğu zaman bir o qadar gülünc
çıxır.
Gözəl səsi olan Qəmər xanım
bunu zəif oxudu isə, yenə bəstəkarın
günahıdır. Əsərdə Şərq
muğamatı orkestro ilə icra edilir.
Burada bəstəkar bir çox yerdə müvəffəq
olmuş. Tar yalnız Şah İsmayıldan
ötrü saxlanmışdır. Əgər
bəstəkar bunu da islah edəcək olursa və
yuxarıda göstərdiyimiz kibi, əsərin
siqlətini əsil qəhrəman olması lazım
gələn Şah İsmayıla verərsə,
"Şah İsmayıl" gözəl bir opera olur.
Fevralın 16-da bu əsər dövləti opera
teatrosunda oynandı. İştirak edənlərdən
Sarabski (Şah İsmayıl) bir çox yerdə
pəsdən oxuduğu zaman müvəffəq
olurdu. Qəmər xanım dəxi ("Aşiq oldum"dan
başqa) yaxşı idi. Məktəb görmüş
bir aktrisa gözəl tembrə malik səsini
istədiyi kibi sərbəstcəsinə ən
yuxarı pərdələrdə işlədə
bilir.
Aslan şah rolunda Terequlov fəna deyildi. Fəqət
bəzən orkestronun "forte"si altında səsi
büsbütün itirdi.
Sair iştirak edənlərdən Bülbül
(Əbu Həmzə), Bağırov (Vəzir),
Atamalıbəyov (Rəmmal) və xüsusən
Zülali (Əmir) rolunda ümumiyyətlə
gözəl təsir bağışlaya bildilər.
Xor və balet yaxşı idi.
Teatro tamaşaçılarla dop-dolu idi.
"Kommunist", 18 fevral 1927 |
|
|
|
|
|