Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

TAR ÜZƏRİNƏ MÜHAKİMƏ MÜNASİBƏTİLƏ
TAR AZƏRBAYCAN XALQ MUSİQİ İNSTRUMENTİDİR.

TARIN NOT İLƏ ÇALINMASI İŞİNDƏ BÖYÜK MÜVƏFFƏQİYYƏTLƏR VARDIR. TARI "MUZEYƏ GÖNDƏRMƏK" TƏŞƏBBÜSÜ YANLIŞDIR. TARIN TƏRƏQQİ YOLUNU KƏSMƏMƏLİ

Beynəlxalq musiqi alətlərindən başqa hər xalqın özünə məxsus bir çox musiqi alətləri dəxi vardır. Bunların bəzisi öz qayırışı, səsi, dəyərinə görə çox geniş intişar tapdığından (ingilis tütəyi kimi) beynəlxalq musiqi instrumentləri sırasına daxil olur. Bəziləri isə tərəqqi etmir, öz ibtidai halında qalırlar (saz kimi).

İnqilabdan sonra Şuralar İttifaqında xalq musiqi instrumentləri geniş intişar tapmışlardır. İşçi klubları, kəndli guşələri, qızıl ordu hissələrində xalq musiqi instrumentləri dərnəkləri təşkil olunmuşdur.

Avropa və Amerika ölkələrində də hər xalq öz musiqi instrumentinə "milli hüquq" verməyə, onu beynəlxalq musiqi instrumentləri ailəsinə daxil etməyə çalışır.

Bizim xalq musiqi instrumentlərimizdən ən çox tərəqqi və intişar edəni - tardır.

Bir çoxları tarın Azərbaycan musiqi instrumenti olmadığını və rozəxanlar, mərsiyəxanlar ilə birlikdə İrandan gəldiyini və böyləliklə də xalis İran musiqi instrumenti olduğunu söyləyirlər. Bu fikir çox da doğru dəyildir.

Əgər tar, Azərbaycana İrandan gəlmişsə, hər halda tarın İranda icad edildiyi dəxi doğru dəyildir. Miladdan 2000 il qabaq misirlilərin "Nabla" adlı musiqi instrumenti tarın ibtidai bir şəklindən başqa bir şey dəyildir. Misirlilərin Nablası İranda Əbu Nəsr Farabi tərəfindən təkmil edilmiş, İran tarı halına salınmışdır. Azərbaycanda da İran tarı məşhur tar çalan Sadıq tərəfindən büsbütün dəyişdirilmiş, Azərbaycanlaşdırılmışdır.

Aprel inqilabından sonra tar geniş bir intişar tapmışdır. İşçi klubları, qadın klubları, kəndli guşələri, məktəblər və qızıl ordu hissələrinin çoxunda tar dərnəkləri vardır. Eyni surətdə, musiqi məktəblərində dəxi tar dərsi sinifləri təşkil olunmuş və bu siniflərdə oxuyanlardan gələcəkdə toy tarçıları dəyil, bəlkə musiqi elmini istər nəzəri və istərsə əməli cəhətdən ətraflı öyrənmiş musiqiçilər yetişdirmək məqsədi yürütülmüşdür.

Musiqi məktəblərində (əvvəlcə Dövlət Türk Musiqi Texnikumu, sonra isə Dövlət Konservatoriyasında) tar dərsi oxuyan şagirdlərə həm Şərq muğamatı və həm də not üzrə tar çalmaq dərsləri verilir.

Tarın not üzrə çalınması işlərini daha mükəmməl, daha düzgün və daha səmərəli bir hala salmaq üçün vaxtilə Dövlət musiqi texnikumu yanındakı Elmi-Bədii Şura tar instrumentinin bütün xüsusiyyətini nəzərə alaraq tar üçün xüsusi musiqi açarı (Qərb musiqisindəki metso-soprano açarı yerində) qəbul etmiş, başqa instrumentlərdə olduğu kimi tar üçün dəxi müəyyən kök təyin olunmuş, (ağ sim - do, sarı sim - bir kvarta, yəni dörd pərdə aşağı - sol) və not ilə tar dərsləri bu əsas üzrə verilmişdir.

25-ci il may ayında Dövlət Türk Musiqi Texnikumu tələbələri tərəfindən oynanılan "Arşın mal alan" operettası orkestrosunda iştirak edən tarçılar hazırda "Leyli və Məcnun", "Şah İsmayıl", "Aşıq Qərib" kimi operalarda musiqinin muğamat qismini çalan tarzən vəzifəsini daşımırdılar. Onlar orkestronun başqa üzvləri (skripka, klarnet, qaboy və başqaları) kimi bərabər hüquqda olub onlarla birlikdə ümumi ahəngi qüvvətləndirir və tembri (səsinin xasiyyəti) ilə orkesronu zinətləndirirdi.

Bizim gələcək opera və simfoniyalarımızın yazılmasında tar üçün xüsusi bir sətr ayrılmalıdır.

Tar öz diapozonuna (səsinin həcmi) görə də kiçik bir instrument dəyildir.Bunun iki oktava yarım səsi vardır. Halbuki Avropa musiqi instrumentlərindən bir çoxunun diapozonu bundan kiçikdir.

Məşhur rus musiqişünası İpolitov-İvanov tar haqqında yazır:

"Bu instrumenti Avropa musiqi instrumentləri ailəsinə daxil etmək, Avropa orkestrosunu tembr etibarilə zənginləşdirmək deməkdir".

Tarın etnoqrafik cəhətincə də əhəmiyyəti böyükdür. Xalq musiqisinə xüsusi bir əhəmiyyət verdiyimiz bir zamanda, onu (xalq musiqisini) gəzdirən, onun keşiyini çəkən, onu saxlayan tarı muzeyə göndərmək nə qədər yanlış bir təşəbbüsdür.

Şura cümhuriyyətində xalq musiqi instrumentlərinə böyük bir əhəmiyyət verilirkən, xalq musiqi instrumentlərindən orkestrolar təşkil olunurkən, balalayka və qarmoşkalardan bütün işçi klublarında dərnəklər düzəldirkən, xalq musiqisinin tərəqqisi üçün böyük bir meydan verilir və yardım göstərilərək əvvəllərdə gülünc görünən Türkstan sazı ilə türkstanlı Şuralar İttifaqında konsert qastrollarına çıxdıqda (Kar, Yə`kub) böyük müvəffəqiyyətlər ilə qarşılanırkən, doğrudan-doğruya mükəmməl bir instrument olan və ölkəmizdə çox intişar tapan tarı muzeyə göndərmək - hər halda doğru bir xətt hərəkət dəyildir.

Tarın tərəqqi yolunu kəsməməli, Konservatoriyada tar dərslərini məhdud bir hala salmamalı, yenə də əvvəldə olduğu kimi aparmalı, tarı çayçı, kababçı dükanlarından xilas edib Azərbaycan xalq instrumentləri nümayəndəsi sifətilə beynəlxalq musiqi instrumentləri ailəsi içərisinə daxil etməyə çalışmalıyıq.

"Kommunist", 11 yanvar 1929

 
TÜRK OPERASI YENİ MÖVSÜM QARŞISINDA

Yeni mövsümdən nə gözləyirik

Türk operasının repertuarca çox məhdud və musiqi yazılışı cəhətincə çox zəif olması üzündən beş ildən bəridir ki, bu məsələ ətrafında uzun mübahisələr davam etməkdədir. Lakin bu mübahisələrdə hamının fikri əsas etibarilə eynidir.: mövcud türk operası zəifdir. Fəqət hazırda irəli sürülən bütün tələbləri təmin edə bilən bir türk operası olmadığından, əski operaları oynamaq məcburiyyətindəyik.

Bizə necə opera lazımdır?

Bizə, məfkurə cəhətincə inqilabi proletaryat tələblərinə təmamilə uyğun və bədii, daha doğrusu, musiqi cəhətcə Azərbaycan türk el nəğmələri üslubunda və Avropa musiqi texnikası üzrə bəstələnmiş opera lazımdır.

Bizə indiki tələblərimizi təmin edə biləcək opera lazım olduğu kimi, bu operaları layiqli surətdə oxuyub-oynamağı bacaran türk opera aktyor kadrosu dəxi lazımdır. Bizdə mükəmməl musiqi təhsili görmüş opera artisti (vokalist) yoxdur. Ona görə də əgər bu saat bütün cəhətlərcə doğrudan-doğruya yararlı və yuxarıda göstərdiyimiz tələbləri təmin edə bilən bir türk operası meydana gətirilərsə belə, onu layiqli bir surətdə oynaya bilən aktyor heyəti tapılmaz. Bu cəhəti qəti surətdə nəzərdə tutmalı və bu yolda ən ciddi tədbirlər görülməlidir. Buna görə də Dövlət Opera teatrosu yanında türk opera aktyorlarına məxsus studiya təşkil etməli, bu studiyada aktyorlar ilə müntəzəm və mükəmməl məşğuliyyət aparmalı və əlavə, türk opera aktyorlarını konservatoriyaya cəlb etməliyik. Türk operası üçün aktyor və aktrisa kadrosu yaratmaq işində Dövlət Konservatoriyası böyük fəaliyyət göstərməlidir.

Türk operasının ən xəstə cəhətlərindən biri də xordur.

Xorun səhnədə dramatik cəhətcə (hərəkətlərin yekrəng və cansız olması, qrimin üzə rəng vurmayaraq boş bir saqqal yapışdırmaqdan ibarət olması, Ərəbistan səhralarında laklı çəkmə geyilməsi kimi) böyük nöqsanlar içərisində olmasından əlavə, musiqi cəhətincə də (çoxsəsli olmaması) çox zəifdir. Sözlər nəinki aydın deyilməyir, hətta çox zaman təmamilə başqa sözlər oxunur (Məsələn: "Sən sağ qal!" əvəzinə "Sən saal" deyirlər). Bu xəstə cəhəti sağlamlaşdırmaq üçün teatro yanında türklərdən xor dəstəsi təşkil etməli və bunlara çoxsəsli xor oxumağı öyrətməliyik. Bu yolda da Konservatoriya böyük fəaliyyət göstərməlidir.

İndiyəcən türk operasının səhnə quruluşu da bərbad bir halda olmuşdur. Yeni quruluş yoxdur. Dekorasiyalar cırıq, yamaqlı və üslubca çox köhnədir.

Not materialları da düzgün bir halda deyildir. Musiqi parçaları böyük orkestro üçün yazılmamışdır. Orkestroda iştirak edən musiqi alətlərinin sayı nisbətən azdır.

Bütün bu nöqsanlar üzündən türk opera tamaşaları çox zəif gedir.

Yeni operalar olmadığından mövcud operaları oynamaq məcburiyyətində olduğumuzu nəzərdə tutub bu operaları heç olmasa layiqli bir surətdə tamaşaçılara göstərmək lazımdır. Türk operasını sağlamlaşdırmalıyıq. Bunun üçün:

1. Köhnə türk operalarını mütləq yeni quruluşda (səhnə tərtibatı, əlbəsələr, butaforiya rekvizit, qrim və sairə) verməli;

2. Türk opera artistlərinin bilik səviyyələrinin artırılmasına yardım etmək və onlara daimi surətdə çalışmaq imkanı vermək üçün türk opera artistlərini illik vəzifəyə almalı;

3. Türk opera artisti heyətinin mütləq Konservatoriyada oxumaları vəzifəsini qəti surətdə irəli sürməli;

4. Opera teatrosu yanında türk opera studiyası açmalı;

5. Türk operası üçün türklərdən və türk qadınlarından çoxsəsli xor təşkil etməli;

6. Türk operasının ədəbiyyat cəhətinə xüsusi diqqət yetirməli, tamaşalar üçün mükəmməl proqram və librettolar düzəltməli. Füzuli qəzəllərinin artistlər tərəfindən düzgün oxunmasına çalışmalı və bunun üçün aktyorlar arasında xüsusi məşğuliyyət aparmalı;

7. Not materiallarını düzgün bir hala salmalı, Hacıbəyov yoldaş tərəfindən operalar üçün yeni yazılmış musiqi parçalarını operaya daxil etməli;

8. Türk opera tamaşaçılarını Avropa musiqisi ilə tanış etmək məqsədilə Avropa operalarından ayrı-ayrı səhnələri tərcümə edərək Konservatoriyada oxuyan türk opera artistlərinin iştirakilə səhnəyə qoymalı;

9. Moskva və yerli kompozitorlar (Qlier, Ab, Karagiçev, İppolitov-İvanov və sairə) tərəfindən yazılmış musiqi əsərləri ilə türk opera tamaşaçılarını tanış etməli, tamaşaçıları Avropa musiqi harmoniyası üsuluna alışdırmalı;

10. İşçi dairələrində tamaşalar verilməli. İşçi kütləsi ilə teatro arasında sıx rabitə düzəltməli, fabrika və zavodlardakı nahar fasilələrindən geniş bir surətdə istifadə edərək fabrika və zavodlarda müntəzəm surətdə konsertlər təşkil etməli və türk opera artistlərini geniş bir surətdə ictimai işlərə cəlb etməliyik.

"Kommunist", 11 noyabr 1929

 

 
     
        © Musigi Dunyasi, 2007