Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

OPERA TEATRININ GÖZƏL TƏŞƏBBÜSÜ

Gənc artistlər məsul rollarda

M.F.Axundov adına Azərbaycan Dövlət Lenin ordenli Opera və Balet Teatrı, şanlı Lenin-Stalin Komsomolunun iyirminci ildönümü bayramını oktyabrın 28-də verilən "Koroğlu" tamaşasında iki gənc qüvvəni ən məsul rollarda səhnəyə cıxarmaqla qeyd etdi. Bunlardan birincisi Koroğlu rolunda çıxan Şirzad Hüseynovdur, ikincisi Nigar rolunda cıxan ordenli artistka Səltənət Quliyevadır.

Bütün dünya opera repertuarında istər rolun ölçüsü, istər oxuyacağı sözlərin həcmi (tisiturası) və istərsə yaradacağı obrazın hərəkət və səhnə oyunu tələbləri cəhətincə Koroğlu rolu kimi böyük və çətin bir rol yoxdur desək, artırmamış olarıq.

Cəmisi üç-dörd il bundan əvvəl teatrın xoruna bir xor artisti kimi qəbul olunan Şirzad Hüseynovun keçdiyi yaradıcılıq yolu çox əlamətlidir: xor - Zeyd - Sofi - İbn Salam -Aşıq-Koroğlu!

Öhdəsinə götürdüyü vəzifəsini ümumiyyətlə parlaq bir surətdə yerinə yetirən Şirzadın çıxışında şübhəsiz ayrı - ayrı nöqsanlar da yox deyildir. Birinci növbədə gözə çarpan cəhət onun talantına nisbətlə ustalığının geridə qalmasıdır. Bu da əlacsız bir iş deyildir. Şirzad öz üzərində müntəzəm surətdə çalışarsa, bu ustalığa yiyələnə bilər.

Şirzad Hüseynov səsini səmərəli surətdə işlətdiyi zaman yaxşı oxuyurdu (IV pərdədə), halbuki, səmərəsiz və bir azdan sonra yenə oxumaq lazım gələcəyini nəzərdə tutmayıb özünü həddindən artıq, nahaq yerə yorduğu vaxt tondan xaric oxuyurdu (III pərdədə "Sevdim səni mən, ey Nigarım" ariyası).

Ordenli Səltənət Quliyeva Nigar rolunda bundan əvvəl də cıxış etmişdir. O, konservatoriyada kecmiş olduğu vokal (oxuma) məktəbi nəticəsində səsini möhkəm bir təməl üzərinə qoya bilmişdir. Bu məktəb onun gələcəkdə yalnız Azərbaycan operalarında deyil, rus və Qərbi Yevropa kompozitorlarının yazmış olduqları operalarda da məsul rollarda çıxa bilməsi üçün imkan yaradır. Səltənət Quliyevanın Nigar rolunda çıxışı onun üçün yüksəliş yolunda mühüm bir addımdır.

Biz "Koroğlu" operasında iştirak edən başqa gənc aktyorlar üzərində dayanmayacayıq. Çünki onlar adi heyətdə də həmin rolları ifa etmişlər və onların haqqında cox yazılmışdır.

Şirzad Hüseynovun və Səltənət Quliyevanın ümumi müvəffəqiyyətini qeyd edərkən buna kömək edən müəllimləri - iqtidarlı dirijor Əşrəf Həsənovun, rejissor İsmayıl Hidayətzadənin və nəğmə müəllimi O.L.Knijnikovun çəkdikləri zəhməti qeyd etməmək olmaz.

"Koroğlu" operasının musiqi hissəsini böyük bir ustalıqla idarə edən Əşrəf Həsənov Şirzadı Koroğlu kimi çətin, məsul və eyni zamanda şərəfli bir rola hazırlaması ilə özünün də tam bir opera musiqisi ustası olduğunu bir daha nümayiş etdirdi.

Opera və balet teatrının müdiriyyəti yeni kadrları yetişdirmək və gəncləri irəli çəkmək işindəki addımlarını gələcəkdə daha da möhkəmləndirməlidir.

“Kommunist”, 1 noyabr 1938

 
MUSİQİ MƏDƏNİYYƏTİMİZ YENİ VƏZİFƏLƏR QARŞISINDA

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bizim musiqi sənəti o qədər tərəqqi və inkişaf etmişdir ki, bu məsələni bir-iki məqalədə əhatə etmək mümkün deyildir. Kommunist partiyası və sovet hökumətinin incəsənətə verdiyi böyük əhəmiyyət və gündəlik yardım, Lenin-Stalin milli siyasətinin sovet xalqları mədəniyyətinə verdiyi böyük yüksəliş istiqaməti xalqımızın məzmunca sosialist, formaca milli, böyük və görkəmli musiqi əsərləri yaratması işinə geniş imkanlar yaratmış, parlaq nəticələrə nail olmasına yol açmışdır. Musiqi sənətimizin sovet hakimiyyəti zamanında nə kimi nailiyyətlər əldə etdiyini göstərən faktlardan birincisi, heç şübhə yoxdur ki, respublikamızda görkəmli musiqi kadrlarının yetişdirilməsidir. Bu kadrlar sovet hakimiyyəti vaxtında, sovet konservatoriyalarında yetişdirildiyi üçün, onların yaratdığı əsərlər də sovet ruhu ilə, xalqa məhəbbət, vətənə xidmət hissləri ilə doludur.

Sovet xalqı, bəşəriyyət zəkasının keçmiş əsrlərdə yaratmış olduğu ən parlaq və ən qiymətli əsərlərin həqiqi varisidir. Dünya musiqi sənətinin ən yüksək əsərləri ancaq sovetlər ölkəsində ləyaqətli surətdə təqdir edilmişdir. Motsart, Bethoven, Qlinka, Çaykovski və başqa musiqi dahilərinin yaratdığı ölməz klassik əsərlərə böyük qiymət verən ancaq sovet xalqıdır. Bunu, hər şeydən əvvəl, musiqi icraçılarının beynəlxalq yarışlarında həmişə sovet musiqi nümayəndələrinin birincilik qazanması faktı aydın sübut edir.

Sovet hakimiyyəti dövründə musiqi sənətimizdəki müvəffəqiyyətləri, ancaq bu dövrdə yazılmış qiymətli opera və başqa musiqi əsərlərinin istər keyfiyyəti və istərsə sayı ilə göstərmək, bu böyük inkişafın əsl mahiyyət və əhəmiyyətini səthi mənimsəmək olardı. Heç şübhə yoxdur ki, "Nərgiz" və "Koroğlu" kimi böyük əsərlər həmişə müəyyən tarixi dövrün musiqi kulturasını aydın ifadə edə biləcək əsərlərdir. Bu əsərlərin istər musiqi texnikası cəhətincə nə qədər yüksəkdə olması və istərsə də məzmun etibarilə geniş bir miqyası əhatə etməsi kimi əhəmiyyətli və dəyərli cəhətlərini heç də unutmaq olmaz. Lakin məsələ yalnız bundan ibarət deyildir. "Nərgiz" və xüsusilə "Koroğlu" operalarının əsl əhəmiyyəti burasındadır ki, əgər revolüsiyadan qabaq Qərb musiqi sənəti ilə Şərq musiqi sənətindəki yaxınlıq Qərbi Yevropa və birinci növbədə rus musiqi kulturasının (Qlinka, Balakirev, Borodin, Rimski-Korsakov və s.) Şərqə doğru birtərəfli istiqamətindən ibarət idisə, indi, revolüsiyadan sonra, bu yaxınlıq iki tərəfli, yəni həm Qərbi Yevropa musiqi kulturasından (Qlier, Vasilenko, Broslovski və başqaları) Şərqə tərəf, həm də Şərq musiqi kulturasından (Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mşvelidze v. s.) Qərbə tərəf qarşılıqlı meyl etməsindən ibarətdir. Bu iki istiqamətin qarşılıqlı mübadiləsi nəticəsində əmələ gələn zəngin musiqi yaradıcılığının birləşməsini meydana gətirən məhz sovet musiqi mədəniyyəti olmuşdur. Qərb ilə Şərqin musiqi mədəniyyətini yaradıcılıq vəhdətinə və birləşməsinə doğru aparan bu iki istiqamət üçün savadlı musiqi kadrları hazırlamaq lazım idi. Sovet hakimiyyəti vaxtında bütün milli respublikalarda, o cümlədən Azərbaycanda savadlı, musiqi texnikasını mükəmməl surətdə mənimsəmiş kadrlar yetişmişdir. Məhz bu kadrların səmərəli fəaliyyəti nəticəsi olaraq respublikamızda musiqi mədəniyyəti tarixdə görünməmiş dərəcədə inkişaf edə bilmişdir. Bu kadrlar xalqın yaradıcılığını mənimsəməklə, qiymətli əsərlər yaratmış və yaradacaqlar.

Doğma vətənimizə xaincəsinə hücum etmiş, dünya mədəniyyətinin ən qəddar düşməni faşizmə qarşı Böyük Vətən müharibəsi başlanandan bəri Azərbaycan sovet kompozitorları bir sıra dəyərli musiqi əsərləri yaratmışlar.

Lakin hələlik bu əsərlər kiçik formadan (marşlar, yürüş mahnıları və sair) ibarət isə, heç şübhəsiz ki, yaxın gələcəkdə böyük tablolar (operalar, simfoniyalar, kantatalar) yaranacaqdır. Bu yolda Leninqrad konservatoriyasının professoru, Stalin mükafatı laureatı Dmitri Şostakoviçin yazmış olduğu yeddinci simfoniya görkəmli bir nümunə ola bilər. Əgər vətən müdafiəsi və sovet patriotizmi temaları həmişə sovet incəsənətində şərəfli bir yer tutmuşsa, indi cəllad faşizmə qarşı sovet xalqının apardığı kəskin vuruşma zamanı bu temalar daha aktual bir əhəmiyyət almış olur. Düşməni ölkədən qovub çıxarmaq, müvəqqəti olaraq işğal olunmuş sovet torpağında yenə də azad və şən həyat qurmaq, vətən müharibəsi cəbhəsində qəhrəmanlıq göstərən oğulları bədii obrazlar ilə əsərlərdə yaşatmaq kimi gözəl temalar bütün incəsənət işçiləri üçün qiymətli ilham mənbəyi olmalıdır. Sovet kompozitorları qarşısında Stalin yoldaşın qoyduğu sovet klassik operaları yaratmaq vəzifəsini yerinə yetirmək üçün bütün qüvvələrimizi, bütün bacarıq və istedadımızı səfərbərliyə almaq bizim vəzifəmiz və xalqımızın qarşısında olan müqəddəs borcumuzdur.

Vətən müharibəsi başlandığı vaxtdan bəri Azərbaycan sovet kompozitorları tərəfindən iki birpərdəlik opera, iki kantata, 100-dən yuxarı marş və mahnı yazılmışdır. Azərbaycan dövlət teatrları, filarmoniya və estrada artistləri tərəfindən hərbi hissələrdə və hərbi xəstəxanalarda bu müddət içərisində verilən 1000-dən yuxarı konsertdə Azərbaycan kompozitorlarının əsərləri görkəmli yer tutmuşdur. İndi bu işi daha geniş miqyasda davam etdirməli, yazılan əsərlərin bədii keyfiyyətini daha yüksəltməklə bərabər böyük və görkəmli musiqi əsərləri yaratmaq işinə başlamaq lazımdır. Bu işdə sovet yazıçıları kompozitorlarımıza yaxından yardım göstərməlidirlər. Çünki tekstin yüksək bir səviyyədə olması bu tekst üzrə musiqinin də keyfiyyətinin gözəl olmasına səbəb olur.

Heç şübhə yoxdur ki, vətən uğrunda mübarizə işində çiyin-çiyinə çarpışan sovet yazıçıları və kompozitorları ümumi səy və çalışqanlıqla böyük vətən müharibəsini görkəmli əsərlərlə təsvir edəcək, xalqımızın göstərdiyi qəhrəmanlığı ölməz, klassik əsərlərlə əbədiləşdirəcəklər.

"Ədəbiyyat” qəzeti, 01 may 1942

 

 
     
        © Musigi Dunyasi, 2007