Gərgin müharibə illərində Azərbaycan
SSR-da müstəqil Elmlər Akademiyasının
təşkil edilməsi çox böyük
siyasi, təsərrüfat və mədəni
əhəmiyyətə malikdir. Respublikamızda
akademiyanın yaradılması Böyük
Oktyabr sosialist inqilabı nəticəsində
siyasi azadlıq qazanan və Sovet İttifaqı
xalqlarının Stalin ailəsinin bərabər
hüquqlu üzvü olan Azarbaycan xalqının
həqiqətən tarixi qələbələr
qazandığını sübut edir.
Sovet hakimiyyəti illərində Lenin-Stalin partiyası və şəxsən Stalin yoldaş tərəfindən qayğı ilə tərbiyə edilib yetişdirilən ziyalılarımız - elm və incəsənət adamlarımız çox böyük tərəqqiyə çatmışlar.
Respublikamızda qüdrətli mədəniyyət ocağı olan Elmlər Akademiyası əldə etdiyimiz nailiyyətləri möhkəmləndirəcək, elm və incəsənəti daha artıq inkişaf etdirməyi, ümumbəşəriyyət tərəqqisinə daha artıq kömək etməyi təmin edəcəkdir.
Xüsusən Azərbaycan SSR Elmlər Akademiyası, Azərbaycan xalqının musiqi, teatr, memarlıq və təsviri incəsənət nəzəriyyəsi və tarixinə dair çoxlu materialların işlənib öyrənilməsi, elmi əsərlərin hazırlanıb çap edilməsi üçün geniş imkan yaradacaqdır. Bu sahədə, zənnimcə, elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri Azərbaycanın istər keçmiş və istərsə indiki incəsənət adamlarının yaradıcılığını və fəaliyyətini öyrənib xalqa çatdırmaqdan ibarət olacaqdır.
“Kommunist”, 31 mart 1945
|
Azərbaycan opera sənətinin banisi Üzeyir
Hacıbəyov böyük sənətkar olmaqla
bərabər, eyni zamanda, istedadlı bir müəllimdir.
Hazırda Azərbaycan incəsənəti sahəsində
çalışan gənc bəstəkarların,
dirijorların, aktyorların və hətta orkestrlərdəki
adi musiqiçilərin çoxu Üzeyir Hacıbəyovun
tələbələridir.
Şəxsən mən özüm musiqi əlifbasını
ilk dəfə Üzeyir Hacıbəyovun sinfində
öyrənmişəm. Onun mənə və
mənimlə birlikdə musiqi sahəsinin ən
məsul vəzifələrində çalışan
bir çox yoldaşlarıma göstərdiyi xüsusi
qayğını qeyd etməmək olmaz.
Məlumdur ki, Azərbaycanda musiqi təhsili işləri
ancaq sovet hakimiyyəti qurulduqdan sonra qaydaya salınmışdır.
Çar hökuməti vaxtında Azərbaycanda
nəinki ali musiqi məktəbi, hətta ibtidai
musiqi məktəblərinin açılışı
belə mümkün deyildi. Ölkəmizdə
sovet hakimiyyəti qurulduqdan sonra Kommunist Partiyasının,
Sovet hökumətinin Azərbaycan maarifinə
və incəsənətinə göstərdikləri
xüsusi qayğı sayəsində Azərbaycanda
musiqi məktəblərinin açılışı
məsələsi irəli sürüldü
və bu məsul işi Üzeyir Hacıbəyov
öz öhdəsinə götürdü. Bakıda,
indiki Buynakski küçəsi ilə Arsen Amiryan
küçəsi tinindəki üç mərtəbəli
evin yuxarı mərtəbəsi musiqi məktəbinə
verildi. Bu məktəbin qapısı Azərbaycanda
musiqi istedadına malik uşaqların üzünə
açıldı. Məktəbə çoxlu şagird
qəbul olundu. Hamı "Leyli və Məcnun"un
müəllifi, hörmətli Üzeyir Hacıbəyovun
sinfinə daxil olmağı ürəkdən
arzu edir və öz adını xüsusi lövhəyə
vurulmuş siyahıda gördükdə ürəkdən
sevinirdi.
Bu məktəbdə musiqi sənətinin hər
bir ixtisasına aid sinif vardı. Lakin musiqinin
nəzəri dərslərini Üzeyir Hacıbəyov
özü verirdi. Bu nəzəri dərslərdə
Üzeyir müəllim hər tələbənin
ixtisas dərslərində nə dərəcədə
irəlilədiyilə yaxından maraqlanır
və hər kəsin öz bilik səviyyəsinə
görə musiqi imlası yazdırırdı.
Məktəbin açılışından iki
il keçmişdi. Yeni dərs ili başlanandan
bir qədər sonra Üzeyir müəllim növbəti
dərslərindən birində bizə bu il məktəb
tələbələrinin qüvvəsilə
"Arşın mal alan" musiqili komediyasını
tamaşaya qoyacağımızı xəbər
verdi. Bu xəbərdən hamımız şad
olduq. Lakin əvvəlcə elə güman etdik
ki, bu tamaşada ancaq vokal sinfinin şagirdləri
iştirak edəcək, orkestr isə dövlət
operasının orkrstrindən ibarət olacaqdır.
Halbuki, Üzeyir müəllim sözünü
davam etdirərək dedi:
- Əsl məsələ buradadır ki, nəinki
səhnədə iştirak edənlər, hətta
orkestrin özü də tamamilə bizim tələbələrimizdən
ibarət olsun.
Əlbəttə bu hamının arzusu idi. Lakin
bu arzu bizə bir xəyal kimi göründü.
Məktəb yeni təşkil olunmuşdu. Şagirdlər
çaldıqları musiqi alətlərinin bir
çox "sirlərini" hələ öyrənməmişdilər.
Halbuki, orkestrdə iştirak etmək üçün
xüsusi bilik, həm də az-çox təcrübə
lazımdı.
- Siz məşqlərə vaxtlı-vaxtında
gəlin, yerdə qalan hər iş düzələr
-deyə Üzeyir Hacıbəyov bizə ruh verirdi.
Bir neçə gündən sonra məşqlərə
başladıq. Birinci məşqdə ağız
deyəni qulaq eşitmirdi. Hər tələbə
öz partiyasındakı çətin yerləri
öyrənirdi. Orkestri Üzeyir Hacıbəyov
idarə edirdi. Biz dirijor ağacının yuxarı-aşağı,
sağa-sola getməsindəki hikməti hələ
dərk edə bilməmişdik. Lakin Üzeyir
müəllim böyük səbrlə, hər
bir məsələni bizə anladırdı.
Bir neçə məşqdən sonra "Arşın
mal alan"ın müqəddəməsini öyrənə
bildik.
Burasını da qeyd etmək lazımdır ki,
həmin məşqlərin "Arşın mal alan"
musiqisinin tədqiqi işində səmərəli
nəticəsi olmuşdur. Üzeyir Hacıbəyov
bütün əsərin musiqisini orkestr üçün
yenidən yazdı. Bunun bir neçə səbəbi
vardı: əvvələn, tələbələrdən
ibarət olan orkestr üçün musiqinin ayrı-ayrı
çətin yerlərini mümkün qədər
asanlaşdırmaq, əsərdəki nisbətən
zəif musiqi parçalarını daha mükəmməl
parçalarla əvəz etmək və əsərə
tamamilə yeni musiqi parçaları əlavə
etmək lazımdı.
Beləliklə tələbələrin verdiyi
tamaşaya rəhbərlik işi bəstəkar
Üzeyir Hacıbəyovun yaradıcılığına
müəyyən müsbət təsir bağışlamışdı.
Birinci dəfə olaraq tələbələr
orkestrinə not ilə çalan tarçılar
daxil edildi.
Doğrudan da tar simfonik orkestrə böyük
ziynət verib, onu yeni boyalarla zənginləşdirdi.
Simfonik orkestrdə skripkalar birincilər və
ikincilər adı ilə iki dəstəyə
bölündüyü kimi, tarlar da birinci və
ikinci tarlar adı ilə iki dəstəyə
bölünmüşdü. Hər dəstənin
özünün xüsusi çalğı parçaları
vardı.
Həmin orkestrdə Asəf Zeynallı violençel,
hazırda əməkdar incəsənət xadimi
adını qazanmış Əşrəf Həsənov
və Leyla Terequlova skripka, Səid Rüstəmov
isə tar çalırdı.
Bir neçə ay davam edən hazırlıqdan
sonra M. F Axundov adına Dövlət Opera və
Balet Teatrı binasında, musiqi məktəbi
tələbələrinin qüvvəsilə
Ü. Hacıbəyovun idarəsi altında "Arşın
mal alan" tamaşası verildi. Tamaşa böyük
müvəffəqiyyətlə keçdi. 3-cü
pərdədən sonra müəllim Ü. Hacıbəyovu
sürəkli alqışlarla səhnəyə
çağırdılar. Bu tamaşanın Azərbaycanda
musiqi kadrları yetişdirmək işində
böyük əhəmiyyəti haqqında Müslüm
Maqomayev nitq söylədi. Müslüm Maqomayev
"Arşın mal alan"a daxil edilən yeni musiqi
parçalarına yüksək qiymət verərək,
bu parçaların teatra verilməsini Üzeyir
Hacıbəyovdan xahiş etdi. O zamandan bəri
teatrda "Arşın mal alan" əsəri Üzeyir
Hacıbəyovun tələbələr orkestri
üçün düzəltdiyi qaydada çalınmağa
başlandı.
Üzeyir Hacıbəyov böyük bir bəstəkar
kimi gərgin yaradıcılıq işlərilə
məşğul olmaqla bərabər, eyni zamanda
rəhbərlik etdiyi Azərbaycan ali musiqi məktəbinin
tələbələrinə mahir bir müəllim
olaraq dərs verir.
"Azərbaycan gəncləri", 17 sentyabr 1945 |