Üzeyir Hacıbəyov - iyirminci əsr Azərbaycan
musiqisinin canlı tarixidir. Onun həyatını,
tərcümeyi-halını öyrənmək
- iyirminci əsr Azərbaycan musiqisinin inkişaf
yollarını öyrənmək deməkdir.
Üzeyir Hacıbəyov 1885-ci ildə sentyabrın 18-də Qarabağın Ağcabədi kəndində doğulmuşdur. İbtidai təhsilini Azərbaycanın musiqi beşiyi olan gözəl mənzərəli Şuşa şəhərində almışdır. Şuşa XIX-XX əsr Azərbaycan musiqi ustadlarının vətəni, şer, ədəbiyyat beşiyi olmaq etibarilə ən qiymətli bir şəhərdir. Burada gözəl və şən təbiətin qucağında dahi sənətkar Sadıq Əsəd oğlu Azərbaycan tarını təkmilləşdirməklə Azərbaycan musiqisinə gözəl, rəngin və zəngin parçalar əlavə etmişdir. Burada Hacı Hüsü, Məşədi İsi, Şəkəroğlu, Kərim Dotələb yaşıllığında, Turşsu, İsa bulağı ətrafında toplaşan bülbüllər ilə həmavaz olaraq şikəstələr, bayatılar çağırmışlar. Burada Azərbaycan rübabi şerinin gözəl ustası Xurşid Banu Natəvan öz parlaq şerlərini yaratmışdır.
Bu gözəl şəhərin musiqi mühiti Üzeyir Hacıbəyovun birinci musiqi müəllimi və tərbiyəçisi olmuşdur.
İbtidai təhsilini burada aldıqdan sonra Üzeyir Hacıbəyov Zaqafqaziya müəllimlər seminariyasına daxil olmaq üçün Qori şəhərinə gedir. Qori şəhərindəki müəllimlər seminariyası Azərbaycan xalq maarifinə çoxlu müəllimlər vermişdir. Bu seminariyada ümumi təhsil ilə yanaşı olaraq musiqi dərsləri də müntəzəm bir qayda üzrə qurulmuşdu və əlavə olaraq tələbələrdən ibarət simfonik orkestr təşkil edilmişdi. Bu şəraitin təsiri ilə Üzeyir burada ilk dəfə musiqi sənətinin nəzəri məsələlərindən biri olan not üsulları haqqında ibtidai məlumat əldə edir.
Üzeyir Hacıbəyov Zaqafqaziya müəllimlər seminariyasını qurtardıqdan sonra 1904-cü ildən Azərbaycan rayonlarında müəllimlik edir. Sonra Bakıya gəlib, Bibi-Heybət rayonunda yenə müəllimliyini davam etdirir. Bu zaman Azərbaycan dramaturgiyası sahəsində ədiblərdən Nəcəfbəy Vəzirov və Əbdürrəhimbəy Haqverdiyev çalışırdı. Mirzə Fətəli Axundovun ənənəsini davam etdirməyə çalışan bu dramaturqların yazdığı əsərlər əsasən Azərbaycan xalqının müasir həyatından alınmış lövhələrdən ibarət idi. Digər tərəfdən el arasında geniş yayılan xalq oyunları (kosa-kosa, dodu və i. a.), məhərrəmlikdə göstərilən şəbihlər də teatr tamaşalarını təmsil edirdilər. Bu mərasimdə opera sənətinin vücuda gəlməsi vaxtında və yerində idi. Həyat və mədəni inkişaf özü belə bir tələbi irəli sürürdü. Böyük tarixi-mədəni əhəmiyyəti olan bu vəzifəni Üzeyir Hacıbəyov öz öhdəsinə götürdü.
Böyük bəstəkar yaradıcılığa necə başlamışdır, xalq yaradıcılığından necə istifadə etmişdir? Bu suala böyük bəstəkar özü "Leyli və Məcnun"dan, "Koroğlu"yadək" adlı məqaləsində cavab verərək yazır: "Leyli və Məcnun" operası necə meydana gəldi; bu opera üzərində işləməyə hələ 1907-ci ildən başlamışdım. Lakin opera yaratmaq fikri hələ 1897- 1898-ci illərdə başıma gəlmişdi. O zaman mən 13 yaşlı uşaq ikən, doğma Şuşa şəhərində həvəskarlar tərəfindən göstərilmiş "Məcnun Leylinin qəbri üzərində" mövzulu tamaşanı görmüşdüm. Bu tamaşa məndə o qədər dərin təsir buraxmışdı ki, bir neçə il sonra Bakıya gəldikdə operaya bənzər bir şey yazmağı qət etdim".
Birinci Azərbaycan operası librettosunun Füzulidən götürülməsi heç də təsadüfi deyildir. Füzulinin ölməz əsəri "Leyli və Məcnun" xalq arasında çox geniş intişar tapmış idi. Xanəndələr əsas etibarilə onun qəzəllərini oxuyurdular. "Leyli və Məcnun"un eşqi bütün Yaxın Şərq ədəbiyyatında ən çox rəğbət və məhəbbət qazanmış bir əfsanə olaraq tanınmışdı. Füzulinin şirin dili də musiqiyə çox yaxşı düşürdü. Hansı bir dəstgahı götürsək o dəstgah üçün ən əlverişli qəzəl birinci növbədə Füzulinin qəzəlləridir.
"Leyli və Məcnun" operası istər dramaturgiya cəhətindən və istərsə də musiqi tərtibatı cəhətincə şübhəsiz çox xəlqi bir operadır. "Leyli və Məcnun" operasının böyük bir müvəffəqiyyətlə keçməsi bəstəkarın yaradıcılıq qüvvəsini artırdı, ona böyük bir ilham verdi. Bu dəfə "Ər və arvad" musiqili komediyasını yazdı. Bu əsər ilə Üzeyir yalnız musiqi sahəsində deyil, bəlkə ədəbiyyat sahəsində də istedadlı bir dramaturq kimi çalışa biləcəyini sübut etdi. Doğrudan da Üzeyir Hacıbəyovun yazmış olduğu musiqili komediyaların ("Ər və arvad", "O olmasın bu olsun", "Arşın mal alan") əsas məziyyəti burasındadır ki, bu əsərlərin musiqisini kənarda qoycaq belə, yenə də onlar bir dramatik əsər kimi heç də Nəcəfbəy Vəzirov, yaxud Əbdürrəhimbəy Haqverdiyevin pyeslərindən geridə qalmır. Musiqi parçalarının əlavə edilməsi ilə bu əsərlər öz qiymətlərini daha artırmış olurlar. Dramaturq Üzeyir Hacıbəyovun dili sadə, açıq və təmizdir. O, hər fikri, hər mənanı az sözlə ifadəyə çalışır. Üzeyir Hacıbəyovun mətninə bir kəlmə də olsun kənar söz artırılırsa, o saat üslubu pozulmuş olur və şarj etməyə çalışan aktyor o saat da ifşa olunur. "Ər və arvad" musiqili komediyasından sonra Üzeyir Hacıbəyov "Şeyx Sənan" operasını yazır. Bu operada Üzeyir bütün musiqini nota salır. İmprovizasiyaya yol vermir. Belə bir yenilik həm tamaşaçıları, həm də aktyorları razı salmır, odur ki, birinci tamaşadan sonra "Şeyx Sənan" operası səhnədən götürülür, lakin bu təcrübə Üzeyirə aydın göstərir ki, tamaşaçı improvizasiyasız operanı mənimsəmək səviyyəsinə hələ çatmamışdır. Odur ki, Üzeyir yenə də opera yox, musiqili komediya yazmaq işinə davam edərək, "O, olmasın bu olsun" operettasını yazır. Bütün bu operettalarda Üzeyir mühitin ən mənfi tiplərini öz iti qələmi ilə ifşa edir. Qadın azadlığı, azad sevgi ideyalarını təbliğ edir. Köhnə cəmiyyətin səciyyəvi cəhətləri olan - rüşvətxorluq, satqınlıq, nadanlıq, savadsızlıq kimi halları kəskin bir şəkildə tənqid edir. "O olmasın, bu olsun"dan sonra yazılan "Əsli və Kərəm" operasında Üzeyir Hacıbəyov birinci olaraq operada leytmotiv üsulundan istifadəyə çalışır.
1911-ci ildə mükəmməl bir musiqi təhsili almaq məqsədilə bəstəkar Moskvaya gedir. Orada professor İlinskinin açdığı musiqi kurslarına davam edir. Lakin maddi şəraitinin ağırlığı nəticəsində təhsilini yarımçıq qoyub yenidən Bakıya qayıtmağa məcbur olur. Az müddət Bakıda qaldıqdan sonra təkrar oxumağa bu dəfə Peterburqa gedib, orada konservatoriyaya daxil olur. Bu müddət içərisində öyrənə bildiyi məlumatdan istifadə ilə "Arşın mal alan" musiqili komediyasını yazır. Üzeyir Hacıbəyovun inqilabdan qabaqkı bəstəkarlıq fəaliyyətinin əsas bir cəhəti də burasındadır ki, o, musiqi teatrı təməlini qoymaqla tamaşaçılarımızı teatr sənətinə cəlb edə bilmiş və aktyor sənətinin irəliləməsinə böyük imkan yaratmışdır. Məsələn Hüseynqulu Sarabski birinci opera artisti sifətilə opera teatrımızın tarixində görkəmli bir yer tuta bilmişsə, Stalin mükafatı laureatı adını qazanmış qocaman aktyorumuz Mirzə Ağa Əliyev dəxi birinci olaraq Kəblə Qubad və ya Məşədi İbad obrazlarını yaratması ilə öz böyük sənətini daha da inkişaf etdirmək imkanına nail ola bilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Üzeyir Hacıbəyov yaxşı dərk etdi ki, indi xalqın mədəni səviyyəsinin gündən-günə artması şəraitində artıq inqilabdan qabaq yazılan operalar tərzində opera yaratmaq olmaz. "Əsli və Kərəm", "Aşıq Qərib" kimi operalar öz mədəni xidmətlərini vaxtında görmüşdülər. Cəmiyyət yüksək keyfiyyətli əsərlər tələb edir. Odur ki, Üzeyir Hacıbəyov yeni açılan musiqi məktəblərində müəllimliyə başladı. Böyük bir səbr və həvəslə xalq musiqisini daha dərindən, elmi əsaslar üzrə tədqiq etməyə başladı. Gecə-gündüz bəstəkar, dirijor, aktyor kadrları yetişdirmək yolunda çalışdı. "Koroğlu" operasının yaradılmasına qədər Üzeyir müxtəlif yaradıcılıq əsaslarını araşdırır, xalis xalq operası yaratmaq üçün vasitələr, üsullar axtarır.
İnqilabdan sonra Üzeyirin yazmış olduğu birinci böyük əsər Aprelin 10-cu ildönümünə həsr olunmuş Kantatadan ibarətdir. Bu əsərdə və bundan bir neçə il sonra Firdovsinin yubileyi üçün yazılmış parçada gələcək "Koroğlu" musiqi üslubunun ətri duyulur. Nəhayət uzun və parlaq bir yaradıcılıq, yüksək ilham, böyük bir məharət, coşğun şair təbi qədər dərin, fəlsəfi bir fikir səmərəsi olan "Koroğlu" operası yazılıb meydana gəldi. "Koroğlu" Azərbaycan musiqi sənətinin fəxri və şərəfidir. Bu opera ilə Azərbaycan musiqisində böyük yüksəliş dövrü başlandı. 1937-ci ilin baharı Azərbaycan opera və incəsənəti üçün böyük tarixi bayram oldu.
"Koroğlu" operasının əsasını istər məzmun, istər musiqi cəhətdən dərin xəlqilik təşkil edir. Öz sevimli qəhrəmanının opera səhnəsində canlanmasını görən qəhrəman xalqımız öz istəkli bəstəkarının bu böyük qalibiyyətini böyük bir sevinclə qarşıladı. Bir il sonra Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Koroğlu" operası Azərbaycan incəsənətinin böyük bir qalibiyyəti kimi nümayiş etdirildi. Nümayiş böyük alqışlarla qarşılandı. Dahi rəhbərimiz Stalin yoldaş "Koroğlu" operasına böyük qiymət verdi, müəllifinin əlini sıxaraq onu alqışladı, daha neçə belə operalar yazmasını bəstəkara tapşırdı, ona yaradıcılıq işində müvəffəqiyyətlər arzu etdi. Stalin yoldaşın ölkəmizdə opera sənətinin inkişafı haqqındakı dahi göstərişlərindən ilham və qüvvət alan Üzeyir Hacıbəyov, daha böyük bir ruh yüksəkliyi ilə öz yaradıcılıq fəaliyyətini genişləndirməyə başladı. Lakin heç şübhə yoxdur ki, "Koroğlu" Üzeyir Hacıbəyovun indiyə qədər yazmış olduğu bütün əsərlərindən ən qiymətlisi və ən kamilidir. Sosializm realizmi əsası üzrə yazılmış bu opera Azərbaycan opera və dramaturgiyasının parlaq bir abidəsidir.
"Koroğlu" operasından sonra yazılmış böyük əsər - Stalin yoldaşın 60 illiyinə həsr olunmuş kantatadır. Bu əsərdə bugünkü Azərbaycan xalqının əmək raşadəti, xalqımızın Stalin yoldaşa olan səmimi sədaqət və məhəbbəti, qardaş millətlər arasındakı Stalin dostluğu ideyası əks etdirilmişdir. Yüksək bədii şəkildə yazılmış bu sənət əsəri bugünkü Koroğluları, onların səadət uğrunda mübarizəsini göstərir. Öz həcminə görə bu kantata da demək olar ki, bir operaya bərabərdir. Üç böyük hissədən ibarət olan kantata xoşbəxt Azərbaycan xalqının Sovet İttifaqı xalqları ilə birlikdə qəhrəmanlıq göstərdiyini təsvir edir. Kantata əvvəldən axıra qədər sosialist optimizmi ilə doludur.
Bu gün xalqımız Üzeyir Hacıbəyovun anadan olmasının 60-cı ildönümünü böyük bir sevinc ilə qeyd edir. Bu tarixi gün Üzeyir Hacıbəyov yaradıcılığının ən çiçəklənən dövrüdür. Biz sevimli bəstəkarımızdan əsrimizin "Koroğlu" obrazını təsvir edən operanı böyük səbirsizliklə gözləyirik.
"Ədəbiyyat" qəzeti, 18 sentyabr 1945