Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

İSTEDADLI BƏSTƏKAR

 

1923-cü ilin yazında Azərbancan Dövlət musiqi məktəbinin şagirdləri öz yaradıcılıqlarını nümayiş etdirmək üçün Bakıda Mərkəzi fəhlə klubu binasında müsamirə təşkil etmişdilər. Müsamirədə çıxış edənlərin arasında 14 yaşlı qarabəniz bir uşaq da var idi. O, "Rast" müğamı əsasında yazdığı əsərini trubada çaldı. Onun musiqisində bir səmimiyyət, təcrübəli ustalara xas olan məharət və fitri bir istedad hiss olunurdu.

Müsamirəni idarə edən adam bu uşağın Asəf Zeynallı olduğunu bildirdi. Asəfin bu çıxışı yaxın gələcəkdə onun görkəmli bir sənətkar olacağına hamıda qənaət oyatdı.

Səhhətcə bir qədər zəif olan Asəf çox keçmədən öz sevdiyi musiqi aləti trubadan əl çəkməli oldu. O, violonçel çalmağa başladı. Az müddət içərisində Asəf o qədər muvəffəqiyyət qazandı ki, onu məktəbdəki simfonik orkestrin violonçel qrupuna rəhbər təyin etdilər. O, violonçel çalmaqla bərabər, Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyovun rəhbərliyi altında musiqi nəzəriyyəsini də dərindən önrənirdi.

1929-cu ildə Asəf Zeynallı Bakıda Azərbaycan Dövlət fəhlə-kəndli teatrında bəstəkar və musiqi hissə müdiri vəzifəsinə qəbul edildi. Bu zamanlar Asəfin teatr tamaşaları üçün yazdığı musiqi parçaları sonralar böyük simfonik orkestr üçün yaratdığı "Fraqmentlər" adlı əsərinin əsasını təşkil edir.

Asəf Zeynallının yazdığı parçaları dinləyicilərə bəyəndirən səbəb onun əsərlərindəki səmimilik, təbiilik və xalq musiqisinə yaxınlıqdır. O, xalq mahnılarından bir çoxunu ("Səndən mənə yar olmaz", "O qara qaşlar", "Şikəstə" və sairə) böyük bir məharətlə piano üçün bəstələmişdir. Bu əsərlər içərisində onun "Çargah" muğamı əsasında piano üçün yazdığı əsəri daha çox müvəffəqiyyətlidir.

Asəf Zeynallı öz Vətənini dərin bir məhəbbətlə sevirdi. Bəstəkar bu nəcib, saf, aydın və səmimi hisslərini "Ölkəm" adlı əsərində parlaq surətdə ifadə etmişdir.

Ana təbiəti ürəkdən sevən və Azərbaycanın gözəl, səfalı mənzərələrindən ilham alan Asəf Zeynallı "Qoyunlar" və "Sual" adlı əsərlərində bu hisslərini açıq-aydın nümayiş etdirmişdir.

Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə qurtardıqdan sonra musiqi təhsilini bir müddət də Leninqradda davam etdirmişdir.

O Bakıya qayıtdıqdan sonra Azərbaycan neftçilərinin qəhrəman mübarizəsini tərənnüm edən böyük bir simfoniya yazmağı düşünürdü. Lakin amansız ölüm Asəf Zeynallının bu arzusunu yerinə yetirməyə imkan vermədi.

Zeynallı 23 yaşında ikən 1932-ci ilin oktyabr ayında, həyat və yaradıcılığının ən qızğın bir çağında vəfat etdi.

Hökumətimiz Azərbaycan Dövlət Konservatoriyasına Asəf Zeynallının adını verməklə, bu istedadlı bəstəkarın xatirəsini əbədiləşdirmişdir.

“Pioner”, ¹ 10.1947

 

 

 
     
        © Musigi Dunyasi, 2007