(İlk təəssürat)
Bu il dekabrın 9-da Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasında Stalin
mükafatı laureatı Qara Qarayevin ikinci simfoniyası
birinci dəfə olaraq çalındı.
Sovet simfonik ədəbiyyatında görkəmli
bir yer tutmağa haqq qazana biləcək bu böyük
musiqi əsəri haqqında qəti hökm
çıxarmaq və onu ətraflı surətdə
təhlil etmək üçün bu simfoniyanı
heç olmazsa iki-üç dəfə dinləmək,
əsərin partiturasını diqqətlə
oxumaq lazımdır. Odur ki, bu məqaləmdə
mən ancaq ilk dinlənişdən aldığım
təəssüratımı nağıl etməklə
kifayətlənəcəyəm.
Böyük rus klassik bəstəkarları,
birinci növbədə Çaykovski və Borodinin
simfoniyalarına xas olan cəhətlərdən
birisi - əsərin müəyyən bir ədəbi
məramnamə əsasında yazılması
və simfoniyaya "salınan" ədəbi əsər
mənbəyindəki məlum süjet hadisələrinin
ardıcıl surətdə inkişaf etməsi
şərtindən ibarətdir.
Qara Qarayev öz ikinci simfoniyasını heç
bir məlum ədəbi əsər üzərində
qurmamışdır. Lakin bununla bərabər
simfoniyada təsvir olunan musiqi surətləri
o qədər aydın və bugünkü həyatla
o qədər əlaqədardır ki, bu əsərdə
müəyyən istiqamət və qüvvətli
fikir sahibi olan bir xalqın qəhrəmanlıq
hərəkəti və eyni zamanda zərif
bir lirika ifadə olunur.
Simfoniya eləcə də başlanır. Bütün
orkestrin sərt bir akkordundan sonra skripkaların
çaldığı cəld və qıvraq
bir melodiya (birinci mövzu) mərdanəlik və
kəskin bir iradə ifadəsinin canlı tərənnümüdür.
Simfoniyanın birinci hissəsi şəkil etibarilə
bütün simfoniyalara xas olan sonata alleqrosu
(yəni əvvəlcə ayrı-ayrı ifadə
olunan iki musiqi mövzusunun sonradan mütəqabil
surətdə inkişaf etməsi, genişlənməsi,
müxtəlif hallara düşməsi və
nəhayət yenidən təkrar olunmaqla sabit
edilməsi) şəklində yazılmışdır.
Bəstəkarlıq texnikasının ən
yüksək zirvəsini təşkil edən
bu çətin və mürəkkəb cəhəti
Qara Qarayev çox gözəl mənimsəmiş
və simfonik orkestrin malik olduğu müxtəlif
səs boyalarından mahir bir sənətkar
kimi istifadə edə bilmişdir.
Simfoniyanın ikinci hissəsi dərin bir faciə
düşüncəsinə dalmış saf
və məhzun bir xəyalın verilən qurbanlar
xatirəsini əziz tutması və ayağa
qalxaraq onlara əbədiyyət və ölməzlik
çələngini təqdim etməsi səhnəsini
təsvir edir.
Mübaliğəsiz demək olar ki, Qara Qarayev
simfoniyasının ikinci hissəsində öz
bəstəkarlıq məharətinin ən
parlaq bir səhifəsini aça bilmişdir.
Böyük bir səmimiyyətlə yazılan
bu geniş lövhənin hər cizgisi bəşəri,
hər rəngi təbii, hər fikri saf və
təmizdir. Büllur kimi şəffaf bir səmimiyyət
hissilə dolu olan bu ikinci hissədə Böyük
Vətən müharibəsi günlərində
dahi sərkərdəmiz Stalin yoldaşın
verdiyi tarixi əmrlərdəki "Vətənimizin
azadlıq və istiqlaliyyəti uğrunda həlak
olmuş qəhrəmanların xatirəsi əbədi
yaşayacaqdır" sözləri bir daha xəyalımızda
canlanır.
Simfoniyanın üçüncü hissəsi
müzəffər sovet xalqının qalibiyyət
bayramını təsvir edir. Xalq şənliyini
ifadəyə çalışan bu hissədə
orkestrin şadlıq səsləri şüşə
üzərinə tökülmüş civə
kimi hər tərəfə yayılır, bir
sevinc müjdəsini könüldən-könülə
xəbər verir.
Dördüncü hissə dərin fəlsəfi
düşüncələrə dalan yüksək
bəşəri duyğuların tərənnümüdür.
Bu hissə nikbin bir qətiyyət ifadəsini
daşıyan beşinci hissə ilə əlaqədardır.
Dördüncü hissə ilə beşinci
hissəni bir-birilə bağlayan klarnet solosu
və bu solonun beşinci hissənin əvvəlinə
üzvi bir surətdə daxil edilərək
davam etdirilməsi çox orijinal bir vasitədir.
Qara Qarayev simfonizm "sirlərini" tam mənasilə
mənimsəmişdir. Buna görə də
onun qarşısında bəzi mühüm
tələbləri irəli sürmək mümkün
və lazımdır. İkinci simfoniyada Azərbaycan
musiqi intonasiyaları çox azdır.
Bəstəkarlıq texnikasını mükəmməl
surətdə mənimsəmiş olan gənc
bəstəkar Qara Qarayev yoldaş gələcəkdə
bu texnikanı ancaq bir vasitə olaraq işlətməli,
məqsədi isə Azərbaycan xalq musiqisi
intonasiyaları əsasında yüksək
bədii əsərlər yaratmaqdan ibarət
olmalıdır.
Azərbaycan simfonik musiqisinin möhkəm əsaslar
üzərində qurulduğuna və inkişaf
edəcəyinə bu əsər bizi əmin
edir. Azərbaycanın gənc bəstəkarları
qarşısında geniş açılmış
parlaq gələcək bizi həyəcanla sevindirir
və inandırır ki, musiqi aləminin ən
çətin formalarından sayılan simfoniya
əsərləri öz yüksək zirvələrinə
qalxa biləcəkdir.
Üzeyir Hacıbəyov adına Dövlət
simfonik orkestri professor L. Ginzburqun bədii rəhbərliyi
ilə gənc bəstəkar Qara Qarayevin ikinci
simfoniyasını məharətlə ifa etdi.
“Kommunist”, 15 dekabr, 1946