Azərbaycanın qocaman artistlərindən
Hüseynqulu Sarabskinin səhnə yoldaşlarından
biri mənə maraqlı bir əhvalat söylədi:
"1916-cı ilin yazında biz Bakıdan Şuşa şəhərinə qastrola gedirdik. Ağdamın yaxınlığındakı "Uzundərə"dən keçərkən Şuşa yolunun kənarında yaylağa gedən böyük bir köç düşdüyünü gördük. Uzaqdan gözəl bir bayatı səsi gəlirdi. Oxuyanın səsi o qədər məlahətli idi ki, hamının diqqətini cəlb etmişdi. Hüseynqulu Sarabski faytonu saxlatdırdı.
- Mən bu bayatı oxuyanla görüşmək istəyirəm, - deyib faytondan düşdü. Faytonçumuz qaranlıq düşməmiş Ağdama çatmaq istəyirdi. O, Sarabskinin bizi yubandıracağından təşvişə düşdü:
- Canım, burada köç itləri adamı parça-parça edər, həm də "Uzundərə" qaçaqlar məskənidir, vaxt da gecdir.
- Elə şey yoxdur. Mən gərək bu məlahətli səs sahibini heç olmasa görəm - deyə Sarabski köçə tərəf yönəldi. Mən də yoldaşımı tək buraxmamaq və həm də həmin adamla tanış olmaq istədiyimdən Sarabskinin dalınca getdim. Doğrudan da köç itləri üstümüzə töküldülər. Uzaqdan kim isə bizə: "Yerə yatın, oturun yerə!" - deyə qışqırırdı. Biz yaşıl otların üzərinə sərildik. Bu halda köç sahibi bir neçə nəfər ilə bizə yaxınlaşdı. İtləri qovdular. Köç sahibi elə bildi ki, biz ondan qoyun almağa gəlmişik.
- Hansını bəyənsəniz əziz qonaqların ayağı altında kəsəcəyəm.
- Əmioğlu, biz qoyun-quzu almağa gəlməmişik, bircə mənə deyin görüm beş dəqiqə bundan əvvəl o bayatı oxuyan kim idi?
- Necə məyər?
- Heç nə, mən onunla görüşmək istəyirəm.
Köç adamlarından heç kəs həmin bayatının kim tərəfindən oxunduğunu bilmədi. Çünki çobanların hamısı bayatı, şikəstə oxumağı bilirdi. Lakin bu halda bizimlə danışan adamlardan birisi utanaraq başını aşağı saldı. Həmin bayatının o adam tərəfindən oxunduğu o dəqiqə bəlli oldu.
- Siz bilmirsiniz, amma mən bilirəm, bax o bayatını həmin bu oğlan oxuyudu, yanılmıram ki? - deyə Sarabski oğlanı göstərdi. Oğlan qızarıb başını aşağı saldı.
Tarımı faytondan gətirdilər. Köç sahibi yerə böyük bir keçə saldırdı. Hamımız keçənin ustündə oturduq. Mən segah köklədim. O illərdə bütün Azərbaycan xanəndələri arasında İslam Abdullayevin oxuduğu segah xüsusi bir qiymət qazanmış və xalq arasında geniş yayılmışdı. Mübaliğəsiz demək olar ki, segah oxuyanların hamısı İslamı təqlid edirdi. Odur ki, çoban da ağzını açan kimi:
- "Keçər qürbətdə ömrüm ah ilə bir həmzəbanım yox..." - qəzəlini başladıqda biz İslam segahının çobanlar arasında da yayıldığını hiss etdik. Sarabski yarı zarafat və yarı rişxəndlə çobana dedi:
- İslamı yamsılayırsan ha - deyə Sarabski də bir ağız oxudu.
- Əmoğlu, sən də Sarabskini yamsılayırsan ha - deyə, çoban ona müraciət etdi. Sarabski bu gözlənilməz sözdən özünü itirməyib soruşdu:
- Sarabskl kimdir?
- Şəhərdən gələn sən, Sarabskini məndən niyə soruşursan?
- Axı o Sarabski dediyin kimdir, nəçidir?
- Sarabski yaxşı oxuyandır. O, segahı belə oxuyur - deyə, bu dəfə çoban təzədən cəsarətlə oxumağa başladı.
Biz kəndlilərdən ayrılarkən Sarabski zarafatyana deyirdi ki, bu yerin çobanı məni məndən yaxşı tanıyır, Qarabağda çoban musiqiyə bu qədər bələd olduğu halda şəhər əhli, oradakı xanəndələr, ariflər, cavanlar yəqin ki, bizi daha səmimi qarşılayacaqlar.
Ertəsi gün Şuşa şəhərinə çatdıq. Opera artistlərinin Şuşaya gələcəyini eşidən cavanlar bizi Keçərli məhəlləsində gözləyirdilər. Faytonumuz şəhərə girəndə əhali bizi şadlıqla qarşıladı. İki gündən sonra tamaşalarımız başladı. Sarabski mahir bir ustad kimi çıxış etdi".
* * *
Bir neçə gün bundan əvvəl mən kino ekranda Sarabskini Məcnun rolunda gördum. Yadıma düşdü ki, 1929-cu ildə məni opera teatrında ilk dəfə dirijorluğa həmin böyük sənətkar dəvət etmişdi.
M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının 1931-ci ildə Daşkənd və Səmərqənddə tamaşalar verdiyi zaman Sarabskinin Azərbaycan opera sənətini parlaq bir aktyor kimi nümayiş etdirdiyi yadıma düşdü…
Bakı neft rayonlarında verilən opera tamaşalarında Sarabskinin Bakı neftçiləri tərəfindən nə qədər atəşin alqışlarla qarşılandığı yadıma düşdü.
Yadıma düşdü ki, xalq yaradıcılıq evini təsis etmək kimi şərəfli bir vəzifəni Sarabski nə qədər böyük həvəslə yerinə yetirmişdi.
Sarabski ilk opera əsərimiz olan "Leyli və Məcnun"da Məcnun rolunda çıxış edən, 30 ildən artıq bu rolu səhnəmizdə yaradan qüdrətli bir xalq artisti idi. O, bir sənətkar kimi qalmır, ictimai xadim kimi də böyük fəaliyyət göstərmişdir. Xalqıımız onu 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçmişdi.
Xalq artisti Sarabskinin xatirəsi bizim uçün həmişə əzizdir.
"Kommunist", 16 fevral 1947