|
|
|
BÖYÜK BƏSTƏKAR
|
(M.Maqomayevin
vəfatından 10 il keçməsi münasibətilə)
Azərbaycanın musiqi tarixində parlaq bir səhifə
açan və xüsusilə opera sənətinin
inkişafı yolunda yorulmadan çalışan
istedadlı bəstəkar Müslüm Maqomayevin
vəfatından 10 il keçir.
Müslüm Maqomayev öz musiqi fəaliyyətinə
1905-ci il inqilabından sonra başlamışdı.
Böyük Stalinin vətəni Qori şəhərindəki
Zaqafqaziya müəllimlər seminariyasını
yenicə bitirib, Bakının fəhlə rayonlarında
müəllimliyə başlayan Maqomayev 1905-ci
il inqilabının təsiri altında fəhlə
balalarını maarifə, mədəniyyətə
cəlb edir, onları savadlandırır və
eyni zamanda musiqi sənətini geniş kütlə
arasında yaymağa başlayır. Azərbaycan
opera sənətinin banisi Üzeyir Hacıbəyovun
ən yaxın dostu və silahdaşı olan
Müslüm Maqomayev çar hakimiyyətinin Azərbaycan
incəsənəti qarşısında çəkdiyi
qara çəpərlərə köks gərərək,
Üzeyir Hacıbəyovla birlikdə Azərbaycanda
opera sənətinin inkişafı yolunda çalışır.
O, heç bir şeydən çəkinmir, ümumi
şərəfli işin xatirəsinə lazım
gəldikdə orkestrdə skripka, qaboy çalır
və nəhayət dirijorluq edir.
Bütün gəliri ibtidai məktəb müəlliminin
maaşından ibarət olan Müslüm Maqomayev
ali musiqi təhsili almaq üçün çar
Rusiyasının mərkəz şəhərlərindəki
heç bir konservatoriyaya gedə bilməzdi. O,
ancaq öz gücünə güvənməli,
öz çalışqanlığı sayəsində
müəllimsiz, yalnız kitablar vasitəsilə
öz musiqi savadını artırmağa məcbur
idi.
Belə bir şəxsi təhsil nəticəsi
olaraq 1916-cı ildə yazdığı ilk əsəri
"Şah İsmayıl" operası Müslüm
Maqomayevin fövqəladə bir istedada malik olduğunu
aydın göstərdi.
Azərbaycan opera repertuarında görkəmli
və şərəfli yer tutan "Şah İsmayıl"
əsəri, onun gözəl melodiyaları, musiqi
dramaturjisi və əsərdə gördüyümüz
surətlərin musiqi səciyyəsi, mahir ustadın
sənətə bəslədiyi saf və səmimi
bir məhəbbətin gözəl məhsuludur.
İncə bir zövq ilə xalq musiqi gülüstanından
bir-bir dərilib bağlanan bu xoş ətirli
gözəl melodiyalar dəstəsi həyat yaşadıqca
solmayacaqdır.
Zamanın ciddi imtahanından çıxmış
və 30 il bundan əvvəl olduğu kimi bu gün
də tamaşçılar tərəfindən
eyni sevgi ilə qarşılanan bu ölməz
əsər haqlı olaraq bir əbədiyyət
qazanmışdır.
Bu isə heç təsadüfi deyildir. Müslüm
Maqomayev bu əsər üzərində bütün
ömrü boyu çalışmışdır.
O, hər il əsərə "əl gəzdirirdi".
Naqis zənn etdiyi yerlərini yenidən yazır,
ariyalarını təkmilləşdirir, əsərə
yeni, qiymətli parçalar əlavə edir və
həm də əsərdə simfonik orkestrin
mövqeyini artırırdı.
Müslüm Maqomayevin musiqi yaradıcılığı
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
çiçəklənməyə başladı.
Partiya və hökumətin incəsənətə
verdiyi böyük əhəmiyyət, incəsənət
işçilərinə bəslədiyi atalıq
qayğısı Müslüm Maqomayevə ruh
verdi, onu qanadlandırdı.
Əvvəllər teatr binası sahiblərinin
qapısında saatlarla boyun əyib ağadan
iltifat gözləyən Azərbaycan opera artistləri
sovet hakimiyyəti zamanında dövlət vəzifəsinə
alındılar. Teatrın qapısı onların
üzünə açıldı. Azərbaycan
incəsənəti inkişafı üçün
partiya və hökumətimiz hərtərəfli
maddi və mənəvi yardım göstərdi.
Xalq mahnılarını toplamaq, nota salmaq və
çap etdirmək kimi şərəfli bir vəzifənin
başında M. Maqomayev durdu. Az zaman sonra M. Maqomayevin
redaksiyası ilə "Azərbaycan xalq mahnıları"
kitabı çapdan çıxdı.
Azərbaycan opera və balet teatrının bədii
rəhbəri və baş dirijoru vəzifəsini
daşıyan M. Maqomayev Azərbaycan opera aktyorlarının
yetişdirilməsi işində yorulmadan çalışmışdır.
Bu gün opera səhnəmizdə məharətlə
çıxış edən Azərbaycan opera
artistlərinin əksəriyyəti M. Maqomayevin
tərbiyəsi altında böyümüşlər.
Mənfur müsavat hakimiyyətinin ağır
zəncirindən xilas olub Aprel inqilabı (28 aprel
1920-ci il) sayəsində böyük qardaş
rus xalqının köməyilə səadətə
çıxan, Azərbaycan xalqının qəhrəmanlıq
mübarizəsini musiqidə tərənnüm
etmək arzusu M. Maqomayevin qəlbində təbii
olaraq canlandı. Bu gözəl mövzu bəstəkar
M. Maqomayev tərəfindən "Nərgiz" operasında
tərənnüm edildi.
"Nərgiz" Azərbaycanda vətəndaş müharibəsini
təsvir edən, qəhrəman Azərbaycan
xalqının azadlıq uğrunda mübarizəsinə
həsr edilmiş bədii bir əsərdir.
Azərbaycanda sovet hakimiyyətinin 15-ci ildönümü
təntənəsində ilk dəfə tamaşaya
qoyulan bu əsər, 1938-ci ildə Moskvada keçirilən
Azərbaycan incəsənət ongünlüyündə
böyük müvəffəqiyyət qazandı.
O vaxtdan bəri Azərbaycan opera və balet teatrı
repertuarında şərəfli bir yer tutan "Nərgiz"
klassik bir əsər kimi qalmışdır.
Azərbaycan sovet bəstəkarları M. Maqomayevin
böyük bədii mirasını göz bəbəyi
kimi saxlamalı, onu ətraflı surətdə
dərindən öyrənməli və öz
əsərlərinin geniş xalq kütləsi
tərəfindən bəyənilməsi "sirrini"
M. Maqomayevin əsərlərindəki xəlqilik
cəhətlərindən əxz etməlidirlər.
"Kommunist", 29 iyul 1947 |
|
|
(Ölümü günündən 15 il keçməsi
münasibətilə)
İstedadlı bəstəkar Asəf Zeynallının
ölümündən on beş il keçir.
Bu müddət içərisində Azərbaycan
musiqisi böyük nailiyyətlər əldə
etmiş, Azərbaycan bəstəkarları
tərəfindən operalar, simfoniyalar, simfonik
poemalar, kvartetlər və bir çox başqa
böyük və kiçik formalı musiqi əsərləri
yazılmışdır. Musiqi sənətinə
olan tələblər qat-qat artmış, xalqın
musiqi səviyyəsi yüksəlmiş, zövqü
incələşmiş və buna görə
də vaxtilə dəyərli sayılan bir
çox musiqi əsərləri təbii olaraq
indi köhnəlmiş, qocalmış, bir çoxu
isə ölüb getmişdir. Lakin Asəf
Zeynallının yaratdığı əsərlər
bu müddət içərisində nəinki
öz təravətini itirməmiş, hətta
daha da ətirlənmiş, canlanmış və
Azərbaycan musiqi gülüstanında getdikcə
çiçəklənmişdir.
Asəf Zeynallı!
Qönçə ikən solan bu gülün
xalqa bəxş etdiyi musiqi həmişə
cavan, həmişə təzə və tərdir.
Buna görə də, Asəf Zeynallı öz
qısa ömrü içərisində yazdığı
kiçik formalı bir neçə əsəri
ilə musiqi ədəbiyyatımızda bir
klassik kimi daim yaşayacaqdır. Asəf Zeynallının
əsərlərini ölməzlik səadətinə
çatdıran qüvvətli amillərdən
birincisi şübhəsiz ki, xəlqilikdir.
Asəf Zeynallı ali musiqi təhsili aldıqda
və yüksək bəstəkarlıq texnikasını
tam mənası ilə mənimsədiyi zaman
xalq musiqisi intonasiyalarına nəinki yuxarıdan
baxmamış, biləks bütün yaradıcılığını
Azərbaycan xalq musiqisi təməli üzərində
qurmuşdur. Əsrlər imtahanından çıxmış
bu möhkəm və sarsılmaz təməl,
Asəf Zeynallı yaradıcılığını
daxili vəhdət aydınlığı ilə
parlatmaqdadır.
"Fraqmentlər" adlandırdığı onun
yeganə simfonik əsəri bu fikrimizin düzgün
olduğunu təsdiq edir. Bakı işçi
teatrında musiqi hissəsi müdiri vəzifəsində
çalışdığı zaman bu teatrın
müxtəlif tamaşaları üçün
yazdığı ayrı-ayrı musiqi parçalarının
məcmuindən ibarət olan bu "fraqmentlər"in
başqa-başqa materiallardan qurulduğuna baxmayaraq
Asəf bu musiqi abidəsini böyük məharət
və ustalıqla, səlis bir şəkildə
yarada bilmişdir.
Asəf Zeynallının əsərlərindəki
ən qiymətli cəhətlərdən biri
də onun milli sovet vətənpərvərliyi
hissi ilə yaradılmasıdır. Hər bir
bədii əsəri dolğun edən bu zəngin
mündəricə Asəfin əsərini də
yüksək zirvəyə qaldırmışdır.
Asəfin yazdığı "Ölkəm" əsəri
bu cəhətdən böyük diqqətə
layiqdir. Vətənini sevərək, günəşli
Azərbaycanın gözəl təbiətindən
ilham alaraq yazdığı "Çoban", "Sual"
və başqa kiçik formalı əsərlərlə
Asəf Zeynallı böyük lövhələr
yaratmağa müvəffəq olmuşdur.
Bütün bu əsərləri yüksək
bədii səviyyəyə qaldıran şərtlərdən
biri də şübhəsiz ki, Asəf Zeynallının
əsərlərindəki saf və parlaq səmimiyyətdir.
Məhs səmimiyyət səyəsində
Asəf Zeynallı musiqi əsərlərini
yüksək bədii səviyyəyə qaldıra
bilmişdir. Odur ki, Zeynallının əsərləri
sovet dinləyiciləri tərəfindən
böyük sevinc və məhəbbətlə
qarşılanmaqdadır.
Hökümət tərəfindən Azərbaycan
Dövlət Konservatoriyasına Asəf Zeynallının
adı verilməklə onun xatirəsi əbədiləşdirilmişdir.
Asəf Zeynallı həmişə bizimlədir.
Onun zəngin musiqi irsiyyətində Azərbaycanın
yüzlərlə gənc bəstəkarları
tərbiyə olunmuş və olunmaqdadır.
“Azərbaycan gəncləri”, 26 oktyabr 1947
|
|
|
|
|