Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

KAMERA ƏSƏRLƏRİ

Bu gün M. Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan sovet bəstəkarlarının yaradıcılığına həsr edilmiş müsamirədə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin V. Muradelinin "Böyük dostluq" operası haqqındakı tarixi qərarından sonra Azərbaycan bəstəkarlarının yazmış olduqları kamera əsərləri dinləniləcəkdir.

Musiqi sənətimizin kamera əsərləri janrı Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra meydana gəlmişdir. Məlumdur ki, inqilabdan əvvəl Azərbaycanda heç bir kamera əsəri yazılmamışdır. Respublikamızda kamera əsərləri instrumental, yəni musiqi alətləri vasitəsilə ifa edilən kamera əsərləri xalqımızın böyük bəstəkarı Uzeyir Hacıbəyovun "Aşıq sayağı" adlı skripka, violonçel və piano üçün yazmış olduğu trio əsəri, vokal, yəni avazla oxunan kamera əsərləri isə istedadlı bəstəkarımız mərhum Asəf Zeynallının "Ölkəm", "Sual" kimi romans əsərləri ilə başlanmışdır.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü Azərbaycan musiqi sənətinin inkişaf yolunu daha da işıqlandırdı. Paytaxtımızın musiqi ictimaiyyəti ilə olan sıx yaradıcılıq əlaqəsi Azərbaycanda musiqi sənətinin bütün janrlarında olduğu kimi kamera əsərləri janrında da müxtəlif əsərlərin meydana gəlməsini təmin etdi. Bu zaman hələ konservatoriyada oxuyan Qara Qarayev fortopiano üçün sonatina, Cövdət Hacıyev kvartet əsərlərini yazdılar.

Nizami Gəncəvinin anadan olmasının 800-ci ildönümü münasibətilə keçirilən təntənəli yubiley, Azərbaycan bəstəkarlarının Nizami sözlərinə bir çox parlaq romanslar yazmasına səbəb oldu. Bu cəhətdən Üzeyir Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romansları musiqi sənətimizdə "Qəzəl" formasının meydana gəlməsini təmin etdi.

Beləliklə Azərbaycan bəstəkarları 1944-cü ildə Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının musiqi sənəti ongünlüyündə kamera əsərləri ilə müvəffəqiyyətlə çıxış edə bildilər. Bu zaman gənc bəstəkarlarımızdan Fikrət Əmirovun "Ulduz" və "Gülüm" romansı, Elmira Nəzirovanın fortepiano üçün yazmış olduğu altı prelüd əsərləri, Süleyman Ələsgərovun "Gözlə məni", Ağabacı Rzayevanın "Gözlərin" mahnısı, Adilə Hüseynzadənin "Yadigar" və Şəfiqə Axundovanın "Röya" romansları kimi əsərlər Azərbaycan sovet bəstəkarları tərəfindən kamera janrının inkişafında böyük müvəffəqiyyətlər əldə edildiyini aşkara çıxardı. Lakin buna baxmayaraq bu müvəffəqiyyətlər qənaətbəxş hesab edilə bilməzdi. Musiqi sənətinin ən vacib sahələrindən olan kamera janrını mənimsəmək işi Azərbaycan bəstəkarları qarşısında böyük bir vəzifə kimi durmaqda idi.

ÜİK(b)P Mərkəzi Komitəsinin və Azərbaycan K(b)P MK-nın musiqi məsələlərinə dair tarixi qərarları Azərbaycan sovet bəstəkarları tərəfindən kamera əsərləri sahəsində böyük nailiyyətlər əldə edilməsinə səbəb oldu.

Azərbaycan sovet bəstəkarları partiyamızın hədsiz qayğıkeşliyi sayəsində musiqi sənətinin böyük sahələrində olduğu kimi kamera əsərləri janrında da bir çox dəyərli əsərlər yaratmışlar.

İstedadlı bəstəkarlarımızdan Fikrət Əmirovun "Vətən" mahnısı (sözləri Rəsul Rzanındır), Səid Rüstəmovun "Şanlı ordumuz" (sözləri Zeynal Cabbarzadənindir), Süleyman Əlasgərovun "Sənindir qalibiyyət bayrağı" (sözləri Məmməd Rahimindir), Şəfiqə Axundovanın "Yurdumun qüdrəti" (sözləri Mirvarid Dilbazinindir) mahnıları böyük vətənpərvərlik ruhunda yazılmış kamera əsərləridir. Bu əsərlərdə bəstəkarlarımız öz xalqının ürək sözünu musiqi dili ilə ifadə edirlər.

Dahi rus şairi Puşkinin gözəl və incə lirikasını tərənnüm edən Qara Qarayevin "Mən səni sevərdim", Cahankir Cahangirovun "Soruşma", Adilə Hüseynzadənin "Bülbül", Ağabacı Rzayevanın "Oxuma gözəl" və Şəfiqə Axundovanın "Solğun çiçək" romansları Puşkinin sözlərinə yazılmış böyük musiqi ədəbiyyatı içərisində özlərinə məxsus bir mövqe qazanmağa layiq əsərlərdir.

Kamera janrında Azərbaycan bəstəkarlarının son zamanlarda əldə etdikləri müvəffəqiyyət nə qədər böyük olsa da bununla kifayətlənmək olmaz. Xüsusilə biz instrumental kamera musiqisi sahəsində hələ tam mənasilə mükəmməl bir kvartet və ya trio əsəri yarada bilməmişik. Eyni zamanda vokal ansamblları (kvartet, trio) kimi formalar üzərində də hələ lazımi qədər çalışılmamışdır.

Kamera əsərdəri janrı sahəsində qarşıda hələ bir çox ciddi vəzifələr durur. Lakin əldə edilən müvəffəqiyyətlər göstərir ki, Azərbaycan sovet bəstəkarları az zaman içərisində kamera janrını daha dərindən mənimsəyəcək və bu sahədə gözəl əsərlər yarada biləcəklər.

“Kommunist”, 12 oktyabr 1949

 

 
 
     
        © Musigi Dunyasi, 2007