Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

BÖYÜK BƏSTƏKAR

(Üzeyir Hacıbəyovun vəfatının ildönümü)

Üzeyir Hacıbəyov sovet musiqisi tarixinə istedadlı bəstəkar, görkəmli alim, bacarıqlı müəllim, Azərbaycan opera sənətinin banisi və Azərbaycan musiqisinin ilk klassiki kimi daxil olmuşdur. Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasını qurtarmış olan Üzeyir Hacıbəyov bu zaman Bakıda, Bibi-Heybətdə xalq müəllimi vəzifəsində çalışırdı. Beləliklə Üzeyir bəstəkarlıq yoluna, ilk Azərbaycan operası "Leyli və Məcnun"u yaratmaq yoluna qədəm qoyduğu zaman mütləqiyyətə, kapitalizmə, istismarçılara və zalımlara qarşı qüdrətli xalq hərəkatının şahidi olmuşdu. Onun birinci əsəri "Leyli və Məcnun" operası Azərbaycan xalqını orta əsrlər cəhaləti içərisində saxlamağa çalışan hakim siniflərə şiddətli zərbə idi.

Geniş xalq kütlələrinin əhval-ruhiyyəsini ifadə etməyə can atan Üzeyir, tərəqqipərvər və demokratik "Molla Nəsrəddin" jurnalının ətrafında birləşib din və cəhalətə qarşı, əks-inqilabçı pantürkizm və panislamizm ideyalarını təbliğ edən irticaçılara qarşı mübarizə aparan yazıçılara qoşulmuşdu. Üzeyir Hacıbəyov "Ər-arvad", "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyalarında o zamankı həyatın bütün rəzalətlərini və nöqsanlarını kəskin qələmlə ifşa və tənqid etmişdir.

Böyük bəstəkar yazır: "Mən "O olmasın, bu olsun" musiqili komediyasında osmanlıpərəst, millətçi, qoçu, satqın ziyalı, kapitalist və başqalarının gülünc simalarını göstərmişəm. Azərbaycan qadınını azadlığa çıxarmaq ideyası şəriətlə, mürtəce ənənələrlə mübarizə aparmaq ideyası, örtülü şəkildə olsa da, musiqili komediyaların hər üçündə əks etdirilmişdir" ("Leyli və Məcnun"dan "Koroğluya", "Azərbaycan xalqının incəsənəti", səh. 71).

Üzeyir Hacıbəyovun musiqili komediyalarının ən dəyərli və tərəqqipərvər cəhəti bundan ibarətdir ki, həmin komediyalar ictimai ədalətsizliyin bütün ağırlığını öz üzərində hiss edən, millətçilərin ikiüzlülüyünü və riyakarlığını, Azərbaycan qadınlarının qul halında yaşadığını görən geniş xalq kütlələrinin əhval-ruhiyyəsini ifadə edirdi.

Üzeyir Hacıbəyovun musiqi yaradıcılığı Azarbaycan xalqının tarixində yeni bir dövr açan sovet hakimiyyəti illərində misilsiz dərəcədə inkişaf edib, ən yüksək zirvəyə çatdı. Sovet hökuməti böyük bəstəkarın sərbəst çalışaraq öz səmimi arzularını ifadə etməsi üçün hər cür imkan və şərait yaratdı.

Üzeyir Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk günlərdən etibarən, yenicə təşkil olunan musiqi məktəbində direktor və müəllim sifətilə işləyib musiqi sahəsində milli kadrlar yetişdirmək, Azərbaycan sovet musiqi mədəniyyətini yaratmaq işində coşğun həvəslə iştirak etmişdir.

Cəsarətlə demək olar ki, resbublikanın musiqi həyatında baş verən ən xırda hadisələrdə belə Üzeyir Hacıbəyovun rolu var idi. Böyük bəstəkar bir sıra musiqi müəssisələrinin başçısı vəzifəsində bacarıqla çalışmaqdan əlavə yeni musiqi kollektivləri (ilk xalq çalğı alətləri notlu orkestri, birinci Azərbaycan dövlət xor dəstəsi, kapella) yaradaraq onlara rəhbərlik etmişdir.

Bəstəkar, Azərbaycan aşıqlarının birinci qurultayına rəhbərlik etdiyi zaman aşıq mahnılarının üslub xüsusiyyətlərini dərindən öyrənərək, musiqi ədəbiyyatımızı xalq yaradıcılığının intonasiyaları ilə zənginləşdirmişdir.

Üzeyir Hacıbəyovun həyatı və realist musiqi yaradıcılığında üslub xüsusiyyətlərinin əsası - xəlqilikdən ibarətdir. O, daim deyirdi: "Bəstəkar öz düşüncələrini xalqın başa düşdüyü musiqi dilində yazdığı zaman xalqa yaxın ola bilər". Üzeyir bu prinsipi öz yaradıcılığında həmişə əsas tutmuşdur.

Azərbaycan musiqi incəsənətinin klassik əsəri olmuş, öz musiqisinin xəlqiliyinə görə respublikamızın xaricində də böyük şöhrət qazanmış əzəmətli "Koroğlu" əsəri qəhrəmanlıq movzusuna həsr edilən opera sahəsində həmişə misilsiz nümunə olaraq qalacaqdır.

Sovet xalqının böyük Vətən müharibəsi dövründə Üzeyir Hacıbəyov bir çox gözəl vətənpərvər mahnılar yaratmışdır.

Bəstəkarın bu dövrdə yazdığı "Çağırış", "Döyüşçü marşı", "Ananın oğluna nəsihəti", "Vətən ordusu", "Yaxşı yol", "Şəfqət bacısı", "Cəngi" və başqa mahnıları həm cəbhələrdə, həm də arxada böyük şöhrət qazanıb dildən-dilə düşmüşdür.

Üzeyir Hacıbəyov Azərbaycan xalq mahnılarını çox gözəl bilirdi. O, illər uzunu xalq musiqisini dərindən öyrənərək, "Azərbaycan xalq musiqisinin əsasları" adlı qiymətli əsərini yazmışdır. Elmi və nəzəri cəhətdən böyük əhəmiyyəti olan bu əsər Azərbaycan xalq musiqisi uslubunda musiqi yaratmaq üçün əməli rəhbər xidmətini görür.

Azərbaycan SSR Elmlər Akademiyası təsis edildiyi zaman Üzeyir Hacıbəyov akademiyanın həqiqi üzvlüyünə seçilmiş və öz adını daşıyan Azərbaycan incəsənəti institutunun direktoru vəzifəsinə təyin edilmişdir.

Üzeyir Hacıbəyov respublikamızda çoxlu gənc bəstəkar yetişdirmişdir. Böyük nüfuza malik olan Üzeyir öz şagirdlərinin hərtərəfli inkişaf etməsi qayğısına qalır, onlara xalqın başa düşdüyü gözəl musiqi zövqü aşılayır, həmişə rus musiqisi klassiklərinin əsərlərindən nümunələr gətirir, onları formalizm bataqlığına apara bilən texnisizm təsirindən qoruyurdu. Məharətli müəllim Üzeyir Hacıbəyov öz şagirdlərinin istedad və bacarığını inkişaf etdirmək üçün var qüvvəsilə çalışır, onların hər birinə yaxından yardım göstərirdi.

Üzeyir Hacıbəyovun yaradıcılıq üsulunu mənimsəyib, ölməz əsərlərini mükəmməl öyrənmək gənc bəstəkarlarımızın şərəfli vəzifəsidir.

“Kommunist”, 23 noyabr 1949

 

 
 
     
        © Musigi Dunyasi, 2007