|
|
|
YÜKSƏK İDEYA MƏZMUNLU MUSİQİ
ƏSƏRLƏRİ YARADAQ
|
(V.Muradelinin “Böyük
dostluq” operası haqqında ÜİK(b)P Mərkəzi
Komitəsinin qərarının 4 illiyi münasibətilə)
Bəstəkar V. Muradelinin "Böyük dostluq"
operası haqqında Ümumittifaq Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin 1948-ci
il 10 fevral tarixli qərarından 4 il keçir.
Sovet musiqi sənətinin yeni yüksəliş
yolunu müəyyən edən və sovet musiqisindəki
ayrı-ayrı nöqsanların aradan qaldırılmasını
təyin edən bu tarixi qərar musiqi sənətimizdə
böyük bir dönüş əmələ
gətirdi və sovet musiqisinin dünyada ən
qabaqcıl musiqi olması üçün yeni
geniş imkanlar yaratdı.
Azərbaycan sovet bəstəkarları kommunist
partiyası və sovet hökumətinin yaratdığı
gözəl yaradıcılıq şəraiti
sahəsində keçən illər ərzində
bir çox dəyərli, dolğun və rəvan
musiqi əsərləri yaratmağa müvəffəq
olmuşlar. Bəstəkar Fikrət Əmirovun
"Şur", "Kürd ovşarı" simfonik muğamları,
Cahangir Cahangirovun "Arazın o tayında" simfonik
poeması, Sultan Hacıbəyovun "Gülşən"
baleti, Səid Rüstəmovun sülh və quruculuq
mövzusundakı mahnıları sovet musiqi mədəniyyətimizin
parlaq və müvəffəqiyyətli əsərlərindən
hesab edilməlidir.
Lakin Azərbaycan sovet bəstəkarlarının
son illərdə yaratdıqları böyük
və kiçik formalı əsərlərin bir
hissəsi sovet dinləyicilərinin yüksək
tələblərini təmin edə bilmir. Çünki
yazılmış əsərlərin bəzisində
hələ də forma ilə mündərəcənin
tam vəhdət təşkil etməsi, bir-birinə
tam uyğun olması kimi sosializm realizminin əsas
şərtlərinə riayət olunmur.
Bu da göstərir ki, bəstəkarlar öz
yaradıcılıq işlərində hələ
qəti dönüş yaratmamışlar. Bəzi
nöqsanlar hələ tamamilə aradan qaldırılmamışdır.
Prinsipial yaradıcılıq tənqidi və
özünü-tənqid lazımi qədər
genişləndirilməmişdir. Halbuki sağlam
bolşevik tənqidinin bəstəkarlara böyük
fayda verdiyi dəfələrlə sübut edilmişdir.
Misal üçün, bəstəkar Cövdət
Hacıyevin "Sülh uğrunda" adlı simfonik
poemasını götürək. Bu əsər
ilk dəfə ifa olunduğu zaman (iki il bundan
əvvəl) dinləyiciləri təmin etmədi.
Bəstəkarlar bu əsəri kəskin tənqid
etdilər, əsərdəki zəif cəhətləri
göstərdilər. Müəllif bu sağlam
tənqiddən özü üçün müəyyən
nəticələr çıxartdı. O, əsər
üzərində yenidən işlədi. Nəticədə
əsər təkmilləşdi.
Sağlam və ciddi bolşevik tənqidinin yaradıcılıq
işinə böyük köməyi haqqında
bir çox belə misallar göstərmək olar.
Lakin bəzən tənqidin zəifləməsi
və bunun nəticəsində bir çox zəif
əsərlərin qəbul olunması kimi dözülməz
hallara da təsadüf edilir.
Doğrudur, son illər ərzində bəstəkarlarımızın
ideya və siyasi səviyyəsinin yüksəldilməsi
sahəsində bəzi müvəffəqiyyətlər
əldə edilmişdir. Bəstəkarlar üçün
marksizm-leninizm estetikası haqqında mühazirələr
təşkil olunur, ayrı-ayrı bəstəkarlar
axşam marksizm-leninizm universitetlərində
oxuyur və i. a.
Bütün bu müvəffəqiyyətlərə
baxmayaraq qeyd etmək lazımdır ki, bəstəkarlar
ittifaqında marksizm-leninizm nəzəriyyəsi,
Lenin və Stalinin əsərləri, partiya tarixi
lazımi qədər geniş bir surətdə
təbliğ olunmur.
Biz müasir mövzuda opera əsərləri
yaratmaq kimi müqəddəs və əsas vəzifənin
də öhdəsindən gələ bilməmişik.
Bəstəkarlar ittifaqı, Azərbaycan incəsənət
işləri idarəsi, sovet yazıçıları
ittifaqı, opera və balet teatrı sovet adamlarının
fədakar əməyini, xalqımızın
sülh uğrunda mübarizəsini, kommunizmin
böyük tikintilərində staxanovcasına
çalışan qurucuların surətlərini
tərənnüm edən yeni opera əsərləri
yaratmaq qayğısına qalmır, bu sahədə
yaradıcılıq işlərinin lazımınca
genişləndirilməsinə fikir vermirlər.
Azərbaycan Dövlət Opera va Balet Teatrının
işində də ciddi nöqsanlar vardır.
Teatr yeni operaların geniş tamaşaçı
kütləsi arasında təbliğ olunmasını
təmin etmək üçün öz repertuarını
nəzərdən keçirməlidir. Teatrın
repertuarı xalqımızın tələblərinə
cavab vermir. Məsələn, bu mövsümdə
"Koroğlu" operasının hələ bir dəfə
də oynanılmaması, "Vətən" və
"Nərgiz" operalarının aylarla tamaşaçılara
göstərilməməsi dözülməz
bir haldır.
Musiqi sənətimizin inkişafı sahəsində
qarşımızda duran mühüm vəzifələrdən
biri də yeni, istedadlı kadrların yetişdirilməsindən
ibarətdir. Hazırda musiqi teatrında və
konsert təşkilatlarında gənc musiqiçi
kadrlarına böyük ehtiyac vardır.
Azərbaycan Dövlət Konservatoriyasında
bu iş hələ də nizama salınmamışdır.
Konservatoriyaya tələbə qəbul edildiyi
zaman hansı ixtisasa ehtiyac olduğu nəzərə
alınmır. Bunun nəticəsində səhnəmizdə
daha çox lazım olan kadrlar az hazırlanır.
Xalqımız üçün yüksək ideyalı,
müasir həyatdan alınmış opera əsərləri
yaratmaq sahəsində partiyamızın Mərkəzi
Komitəsinin göstərişlərini layiqincə
yerinə yetirmək üçün Azərbaycan
sovet bəstəkarlarının, musiqiçilərinin
və aktyorlarının hər cür imkan və
şəraiti vardır. Bəstəkarlar sovet
xalqının, partiyamızın irəli sürdüyü
mühüm vəzifələri yerinə yetirərək
Stalin dövrünə layiq gözəl opera
əsərləri yaratmaq üçün yorulmadan
çalışmalıdırlar.
"Azərbaycan gəncləri", 10 fevral 1952 |
|
|
Xalqımızın
görkəmli musiqi xadimi, istedadlı kompozitor
və dirijor Müslüm Maqomayevin ölümündən
15 il keçir.
Azərbaycan musiqi mədəniyyəti tarixində
mühüm yer tutan Müslüm Maqomayev musiqi
yaradıcılığına hələ inqilabdan
əvvəl başlamış və Azərbaycan
opera sənətinin banisi, böyük kompozitor
Üzeyir Hacıbəyov ilə birlikdə çiyin-çiyinə
çalışaraq, opera sənətimizin inkişaf
və tərəqqisi yolunda çox səmərəli
işlər görmüşdür.
Müslüm Maqomayev 1885-ci il sentyabr ayının
18-də Qroznı şəhərində dəmirçi
ailəsində anadan olmuşdur. O, burada ibtidai
təhsil aldıqdan sonra Zaqafqaziya müəllimlər
seminariyasında oxumaq üçün Qori şəhərinə
gedir. Qori şəhərindəki seminariyada musiqi
dərslərinin müntəzəm və əsaslı
bir qaydada qurulması, - Maqomayevdə musiqi istedadının
daha da artmasına çox kömək edir. Lakin
gələcəkdə geniş kompozitorluq fəaliyyətinə
başlamaq üçün Maqomayev seminariyada aldığı
musiqi təhsili ilə kifayətlənə bilməzdi.
Musiqi təhsilini davam etdirmək üçün
isə imkan yox idi. Odur ki, yüksək kompozitorluq
texnikasına yiyələnmək üçün
o, məhz öz təşəbbüs və
səyinə güvənməli olur.
1904-cü ildə seminariyanı əla qiymətlə
bitirən Müslüm Maqomayev əvvəllər
Şimali Qafqazda, sonra Lənkəranda və 1911-ci
ildən Bakıda müəllimliyə başlayır.
O, dərs verdiyi məktəblərdə şagirdlərdən
ibarət orkestr və xor dəstələri təşkil
edib bunlara rəhbərlik edir. Eyni zamanda öz
məktəb yoldaşı və ən yaxın
dostu Üzeyir Hacıbəyovun dəvəti ilə
Azərbaycan opera və operetta tamaşalarına
bir dirijor kimi rəhbərlik etməyə başlayır.
Beləliklə musiqi sənətini əməli
surətdə mənimsəyən Müslüm
Maqomayev 1916-cı ildə öz ilk əsəri
olan "Şah İsmayıl" operasını bəstələməyə
başlayır.
Müslüm Maqomayevin əsl musiqi yaradıcılığı
Azərbaycan xalqının tarixində yeni bir
dövr açan sovet hakimiyyəti illərində
misilsiz dərəcədə inkişaf edibən
yüksək zirvəyə çatdı. Sovet
hökuməti istedadlı kompozitorun sərbəst
çalışaraq öz səmimi arzularını
ifadə etməsi üçün hər cür
imkan və şərait yaratdı.
Müslüm Maqomayev Azərbaycanda sovet hakimiyyətinin
qalib gəldiyi ilk günlərdən etibarən
sovet musiqi mədəniyyətini yaratmaq işində
coşğun əməklə iştirak etmişdir.
O, ilk növbədə “Şah İsmayıl"
operası üzərində yenidən işləyərək,
əsərdə əvvəllər yalnız
tar ilə çalınan bir çox musiqi parçalarının
simfonik orkestrin vasitəsilə ifa edilməsinə
müvəffəq olmuşdur. Bunun üçün
Müslüm Maqomayev əsərdə olan bir
çox muğamları simfonik orkestr üçün
bəstələməyə çalışmışdır.
Bu çox çətin işdə əldə
etdiyi böyük yaradıcılıq müvəffəqiyyətindən
ruhlanan kompozitor bir müddət özünə
"Çargah" təxəllüsünü qəbul
etmişdi. Doğrudan da "Şah İsmayıl"
operasının birinci pərdəsindən simfonik
orkestr üçün məharətlə bəstələnmiş
çargah muğamı əsasındakı reçitativ
parçalar o zaman üçün müəyyən
bir yenilik idi.
Partiya və hökumətimiz Müslüm Maqomayevə
müstəsna qayğı və yardım göstərmişlər.
İstedadlı kompozitor bir sıra musiqi müəssisələrində
(opera teatrının direktoru və bədii rəhbəri,
radio komitəsinin bədii rəhbəri) məsul
vəzifələrdə çalışmışdır.
Maqomayev bir çox Azərbaycan xalq mahnı və
oyun havalarını toplayıb nota salmış,
bunlardan bəzilərini çap etdirmiş və
Azərbaycan xalq musiqisi əsasında "Azərbaycan
çöllərində", "Azad Azərbaycan qadınının
rəqsi", "RV-8 radio marşı", "Şüştər
dəraməti" kimi qiymətli simfonik əsərlər
yaratmışdır.
Müslüm Maqomayevin həyatı və realist
musiqi yaradıcılığında üslub
xüsusiyyətlərinin əsası xəlqilikdən
ibarətdir. Lenin-Stalin partiyasının başçılığı
və böyük rus xalqının qardaşlıq
köməyi ilə Azərbaycan fəhlə
və kəndliləri tərəfindən mənfur
müsavat hökmranlığının həmişəlik
yıxılması və ölkəmizdə
sovet hakimiyyətinin qurulması mövzusunda bəstələnmiş
gözəl "Nərgiz" operası - Azərbaycan
musiqi incəsənətinin ən dəyərli
opera əsərlərindəndir.
Müslüm Maqomayev dərin ilham və böyük
məhəbbətlə yazdığı bu əsərində
qəhrəman Azərbaycan xalqının öz
azadlığı uğrundakı şanlı
mübarizəsini parlaq surətdə tərənnüm
edir.
Öz musiqi yaradıcılığında sosialist
realizmini əks etdirən Müslüm Maqomayevin
ölməz əsərləri Azərbaycan musiqi
mədəniyyəti xəzinəsinin haqlı
olaraq ən parlaq və qiymətli göhərlərindən
sayılır.
“Kommunist”, 27 iyul 1952 |
|
|
|
|
|