(Asəf Zeynallının
vəfatının 20 illiyi ilə əlaqədar
)
1922-23-cü dərs ilinin qış tətili günlərinə az qalmışdı. Üç gündən bəri arası kəsilmədən əsən şiddətli xəzri küçələrə döşənmiş daşların arasındakı toz-torpağı göyə sovuraraq (o zaman şəhəri yaşıllaşdırmaq və küçələrə, meydanlara asfalt döşəmək məsələsi hələ yenicə müzakirəyə qoyulmuşdu) şəhərin üzərinə sarı bir duman çökdürmüşdü. Bu xoşagəlməz dumanı ancaq yağış yatıra bilərdi. Şəhər əhalisi belə şiddətli küləyin yağış ilə nəticələnəcəyinə ümid edirdi. Doğrudan da üfüqdən qalxan buludlar sürətlə göy üzünü örtürdü.
Lakin kanalizasiyası olmayan köhnə Bakıda yağış böyük əngəllər törədirdi. Yuxarı məhəllələrdən axıb gələn sel şəhərin mərkəz küçələrinə yığışır və bu səkidən o biri səkiyə keçməyi çox çətinləşdirirdi. Odur ki, adamlar hələ yağış yağmamışdan əvvəl öz evlərinə getməyə tələsirdi. Bu gün isə adamlar qoşa qala qapısı yanındakı fəhlə klubuna tərəf gedirdilər.
Musiqi məktəbi şagirdlərindən ibarət böyük bir dəstə də hörmətli musiqi müəllimi Üzeyir Hacıbəyovla birlikdə kluba gəlirdi. Şagirdlərin əlində skripka, tar, kamança, violençel, klarnet və başqa musiqi alətləri var idi. Bu dəstənin içərisində əlində truba musiqi aləti olan on dörd yaşlı, qarayanız, gülər üzlü Asəf Zeynallı böyük bir həyəcan keçirməkdə idi.
O, tez-tez öz müəllimi Üzeyir Hacıbəyovun üzünə baxır, lakin onun çox dalğın olmasından həyəcanı daha da artırdı. Asəfin yoldaşları da öz sevimli müəllimlərinin həyəcan keçirdiyini duyurdular. Ona nə olmuşdu? İlk baxışda adama yersiz görünən bu narahatlıq əslində səbəbsiz deyildi.
Yarım saatdan sonra, onun qayğı ilə yetişdirdiyi şagirdlər - Sovet Azərbaycanının ilk musiqiçiləri tamaşaçılar qarşısında çıxış edəcəkdi. Bu çıxış yüzlərlə adamın qarşısında həm şagirdlərin istedadını müəyyən edəcək, həm də onların üzərində çəkilən zəhməti qiymətləndirəcəkdi. Qayğıkeş müəllimə elə gəlirdi ki, gənc musiqiçilərin bütün gələcəyini bu çıxış həll edəcəkdir. Bu çıxış Üzeyir Hacıbəyovun gözündə onun şagirdləri üçün böyük və qəti bir imtahan idi. O, ağır addımlarla irəlilədikcə, bu gənc musiqiçilərin ilk dəfə məktəbə gəldiklərini, dərslərdə necə səy ilə çalışdıqlarını xatırlayırdı. O, bu uşaqlar üzərində az zəhmət çəkməmişdi. Uşaqlar da onun etimadını doğruldacaq istedadlı musiqiçilər olmağa başlamışdılar. Üzeyir Hacıbəyov bu gənclərdən çox şey gözləyir, musiqi incəsənəti sahəsində gələcəkdə onların böyük işlər görə biləcəyinə bel bağlayırdı. Gələcək bu şagirdlərin üzərinə şərəfli vəzifələr qoyacaqdı. Onlar opera, balet, simfoniya və musiqi sənətinin başqa janrlarını yaratmaq və rus klassik musiqisinin parlaq ənənələrini öyrənərək Azərbaycan musiqisini yüksək zirvələrə qaldırmaq uğrunda mübarizə aparacaqdılar. Bu şagirdlərin ən çox ümid verənlərindən biri də Asəf Zeynallı idi.
Musiqi məktəbinin bu axşamkı hesabat konsertinin proqramını tərtib edən Üzeyir Hacıbəyov, pedaqoji nöqteyi-nəzərdən bir çox cəhətləri: hər şagirdin bacarığını, istedadını nəzərdə tutmuşdu. Onun məsləhətinə görə bugünkü konsertdə Asəf Zeynallı rast muğamı əsasında bəstələdiyi ilk kiçik pyesini ifa etməli idi.
Həmişə xaric səslər çalmaq qorxusu olan truba kimi bir alətdə belə bir çətin musiqi parçasını ifa etmək tamaşaçılara həm inanılmaz, həm də maraqlı gəlirdi. Lakin əsərin böyük məharətlə ifa olunması hamının qızğın alqışlarına səbəb oldu. Asəf bu çıxışı ilə ona olan ümidləri bütünlüklə doğrultdu.
Lakin gənc kompozitorun bu müvəffəqiyyəti uzun sürmədi. Bir neçə gün sonra məktəb həkimi Asəfin səhhətini nəzərə alaraq, onun truba ilə məşğul olmasını qadağan etdi. Asəf istər-istəməz bu tapşırığa əməl edib violonçel sinfinə daxil oldu. Fitri istedada malik olan bu gənc musiqiçi iki ilin ərzində dörd ilin proqramını mənimsədi və musiqi məktəbinin 1925-ci ildə verdiyi "Arşın mal alan" tamaşasında orkestrin violonçel qrupunun konsertmeysteri vəzifəsinə layiq görüldü.
Asəf Zeynallı, musiqi sahəsində öz ilk yaradıcılıq müvəffəqiyyətlərindən sonra Üzeyir Hacıbəyovun məsləhəti ilə piano çalır və musiqi nəzəriyyəsini dərindən öyrənirdi. Konservatoriyanın kompozitorluq fakültəsində oxuyan Asəf Zeynallı öz çalışqanlığı, istedad və bacarığı sayəsində parlaq yaradıcılıq fəaliyyətinə başlamışdı. O, Bakı İşçi Teatrında tamaşaya qoyulan ayrı-ayrı pyeslər üçün orijinal musiqi parçaları bəstələyir, piano və skripka üçün kamera əsərləri yazırdı.
Sovet dövründə yetişən, sovet musiqi məktəbində tərbiyə alan və Azərbaycan musiqisi tarixində birinci olaraq ali musiqi təhsilinə sahib olan kompozitor Asəf Zeynallının yaradıcılığı sənətdə xəlqilik və realizm şüarı altında inkişaf etməkdə idi. O, öz xalqına, vətəninə olan böyük məhəbbət duyğularını, öz vətənpərvərlik hisslərini kiçik formalı, lakin böyük və dərin məzmunlu "Ölkəm" romansında parlaq surətdə ifadə etmişdir.
Azərbaycan xalq mahnılarından "Səndən mənə yar olmaz" mahnısını nota salırkən, Zeynallı bu əsərin vokal xəttinə uyğun tərtib etdiyi piano müşayiətini xalq musiqisi üslubu əsasında zərif bir tərzdə bəstələməyə müvəffəq olmuşdur.
Azərbaycan muğamlarını dərindən öyrənən və eyni zamanda yüksək kompozitorluq texnikasına yiyələnən Asəf Zeynallı, "Çargah", "Məğam sayağı" kimi kamera əsərlərini xalq musiqisi əsasında yazmaqla bərabər, son dərəcə orijinal musiqi əsərləri yaratmışdır.
Ayrı-ayrı dram əsərləri üçün yazdığı musiqi parçalarından ibarət "Fraqmentlər" əsərində məzmun ilə şəkil arasındakı möhkəm vəhdətin varlığı, bu əsəri al-əlvan gül-çiçək dəstəsi kimi sevdirir.
Asəf Zeynallı Bakı haqqında simfoniya yazmağı düşünürdü. O, bu yeni əsərinin ayrı-ayrı eskizlərini, əsas mövzunu ifadə edən melodiyalarını yoldaşlarından bir çoxuna çalırdı. Lakin vaxtsız ölüm onun öz böyük formalı əsərini başa çatdırmasına imkan vermədi.
Azərbaycan sovet kompozitorları Asəf Zeynallının xatirini həmişə əziz tutur və onun yaradıcılıq yolunu davam etdirib, xalqımızın musiqi mədəniyyəti xəzinəsini ideya və sənətkarlıq cəhətcə yüksək əsərlərlə zənginləşdirirlər.
"Ədəbiyyat” qəzeti", 26 oktyabr 1952 |