Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

BÖYÜK HİMNİN MÜƏLLİFİ

(P. Degeyterin anadan olmasının 105 illiyi münasibətilə)

Yer üzündə yüz milyonlarla zəhmətkeş insanın dilinin əzbəri olan, yer üzünün bütün guşələrində xalqların ürəyindən xəbər verən, gündən-günə daha ucadan, məhəbbətlə səslənən yalnız bir mahnı var: o, "İnternasional"dır! Onun sözlərini Parisin inqilabçı fəhlə şairlərindən Ejen Potye, musiqisini isə Fransadakı Flandriya əyalətinin sakini, inqilabçı fəhlə Pyer Degeyter yaratmışdır.

"İnternasional"ın yaranması tarixi çox maraqlıdır. P. Degeyter öz tərcümeyi-halında bu barədə yazır: "...Mən Fransanın şimalındakı Lill şəhərinin konservatoriyasında oxuyur və böyük həvəslə musiqi sənətini öyrənirdim... Eyni zamanda bir neçə böyük xor cəmiyyətinin üzvü idim.

Yoldaşlarımdan bir neçəsinin təklifi ilə mən "Fəhlələr lirası" adlı xor dərnəyinin təşkili işində yaxından iştirak etdim və sonra məni bir səslə bu dərnəyin dirijoru seçdilər. Bu sosialist dərnəyi idi. Dərnəyin katibi Qustav Delori idi. Dərnək təşkil edildikdən bir az sonra Delori... mənə bir kitab verib dedi: "Al, bu kitab yaxınlarda vəfat etmiş Potyenin şerləridir. Bax-gör, bunların içərisində bizə münasib bir şey tapa bilərsənmi? Yoxsa bizim heç inqilabi mahnılarımız yoxdur"...

Mən evə qayıdan kimi kitabı götürdüm və qəribə bir təsadüf olaraq, kitabdakı "İnternasional" səhifəsi qarşımda açıldı. Bu şer mənə xor üçün çox münasib göründü... Ertəsi günü mən bu kupletlərin musiqisini bəstələdim və bir gün sonra həmin kupletlərə bir yaxşı nəqarət əlavə etdim. 1888-ci il iyul ayının 23-də "İnternasional" birinci dəfə ifa edildi. O vaxtdan bəri "İnternasional" bizim ən çox sevdiyimiz mahnı oldu; haraya getsəydik, harada çıxış etsəydik "İnternasional" oxuyardıq".

Tezliklə "İnternasional" himni dünyaya yayılmağa başladı. Çar hökumətinin qadağan etməsinə baxmayaraq, iyirminci əsrin əvvəllərində fabrikalarda, zavodlarda, tətil nümayişlərində, həbsxanalarda və nəhayət 1905-ci il inqilabı günlərində "Potyomkin" zirehli gəmisində - hər yerdə "İnternasional" ucadan səslənərək, xalqı azadlıq uğrunda mübarizəyə çağırırdı. Bu xüsusda "Pravda" qəzeti hələ 1913-cü ildə yazmışdı: "Bu mahnı Avropanın bütün dillərinə tərcümə edilmişdir. Düşüncəli fəhlə hansı bir ölkəyə getsə, tale onu hansı bir diyara atsa, o özünü vətənindən uzaq, qürbət yerdə kimsəsiz və düşdüyü yerin dilini bilmədiyindən özünü nə qədər qərib hiss etsə də, "İnternasional"ın tanış təranələri ilə o özünə hər yerdə yoldaş və dost tapa bilər... Bu tarixi mahnı indi on milyonlarla proletara yaxından tanışdır...".

1917-ci il mart ayında "Pravda" yenə də yazırdı: "İnternasional" mahnısının qızıl bayraq qədər əhəmiyyəti var... Bu mahnının havası - bütün ölkələrin fəhlələri üçün doğmadır".

1917-ci ilin oktyabr ayında "İnternasional" himnini uca səslə oxuyan fəhlə sinfi kommunist partiyasının rəhbərliyi altında, yoxsul kəndlilərlə müttəfiq olub kapitalist və mülkədarların mənfur hakimiyyətini həmişəlik yıxdı. Qəhrəman xalqımız "İnternasional"ın coşğun, əzəmətli təranəsilə tarixdə ilk Sovet dövlətini yaratdı və "İnternasional"ı bu dövlətin himni kimi qəbul etdi.

1928-ci ildə Degeyter Moskvaya qonaq gəlmişdi. Fransa Kommunist partiyasının baş katibi Moris Torez 1949-cu il oktyabrın 1-də beynəlxalq proletar himni "İnternasional" haqqında söylədiyi nitqində bu xüsusda belə deyir: "...Mən 1928-ci ildə Moskvada Pyer Degeyterin yanında durmuşdum. Minlərlə sovet zəhmətkeşi "İnternasional" sədaları altında yanımızdan keçirdilər. Öz taleyinin hakimi olan böyük bir xalqın ona bəslədiyi hörmət və ehtiramdan həyəcana gələn qocaman inqilabçının gözlərindən iftixar və sevincdən yaşlar axmaqda idi...".

Vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi illərində, Vətənimiz üçün qorxulu dəqiqələrdə "İnternasional" xalqımızı qələbəyə ruhlandırmışdır.

1944-cü ildə yeni sovet dövlət himninin qəbul edilməsi ilə əlaqədar olaraq, Kommunist partiyasının Mərkəzi Komitəsi qərara aldı ki, "İnternasional" Sovet İttifaqı Kommunist partiyasının himni kimi saxlanılsın.

"İnternasional"ın son dərəcə qüvvətli və rəvan musiqisi, onun mətnində olan qalibiyyətə doğru sarsılmaz iradə və mübarizəyə çağırış ideyalarını çox gözəl ifadə edir.

Pyer Degeyterin musiqisi "ac və çılpaq, məzlum dünyanı"n istismarçılara qarşı mübarizəsini tərənnüm edən, mütərəqqi bəşəriyyəti yenidən müharibəyə sürükləmək istəyən azğın imperialistlərə qarşı sülhsevər xalqların ürəyindən xəbər verən cahanşümul əsərdir.

“Ədəbiyyat və incəsənət”, 10 oktyabr 1953

 

 

 
     
        © Musigi Dunyasi, 2007