Üzeyir Hacıbəyovun
vəfatı gününün beşinci ildönümü
münasibətilə
Xalqımızın böyük sənətkarı, görkəmli kompozitoru, Azərbaycan opera sənətinin banisi, ictimai xadim və alim olan Üzeyir Hacıbəyovun vəfatı günündən beş il keçir.
Üzeyir Hacıbəyov öz musiqi fəaliyyətinə 1905-ci il inqilabı dövründə, bu zaman baş verən siyasi və ictimai toqquşmalar, qızğın sinfi mübarizələr şəraitində, şanlı Bakı proletariatının inqilab tarixinə parlaq qəhrəmanlıq səhifələri yazdığı dövrdə başlamışdır. O vaxt Üzeyir Hacıbəyov Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasını yenicə bitirib Bakının Bibiheybət fəhlə rayonunda müəllimlik edirdi.
Üzeyir Hacıbəyov öz ilk böyük musiqi əsəri olan "Leyli və Məcnun" operasını bəstələməyə başladığı zaman kapitalizmin amansız qanunlarına və mütləqiyyətə qarşı qüdrətli xalq hərəkatının, istismarçıların zülmünə qarşı qəzəb və kin hissilə coşan zəhmətkeş xalqın şanlı mübarizəsinin şahidi olmuşdur.
Kompozitor bu dövrdə əks-inqilabçı pantürkizm və panislamizm ideyalarını təbliğ edən irticaçılara qarşı, cəhalət və nadanlığın, mövhumat və avamlığın yaratdığı zülmətə qarşı qızğın mübarizə aparan "Molla Nəsrəddin" jurnalının ətrafında birləşmiş tərəqqipərvər yazıçılara qoşulmuşdu. Odur ki, Hacıbəyovun ilk dəfə 1908-ci ildə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operası Azərbaycan xalqını orta əsr cəhaləti içərisində saxlamaq istəyən hakim siniflərə şiddətli zərbə kimi qiymətləndirilmişdi.
"Leyli və Məcnun" istər dramaturgiyası, istərsə də musiqisi etibarilə tam mənasında xalq operasıdır. Buna görə də bu əsər zamanın sınaqlarından şərəflə çıxaraq 45 il ərzində min dəfəyə qədər oynanılmışdır. Bu gözəl əsər indi də tamaşaçılarımız tərəfindən bəyənilməkdədir. İlk tamaşadan başlayaraq, xalq tərəfindən operanın böyük məhəbbətlə qarşılanması Üzeyir Hacıbəyovun yaradıcılıq qüvvəsini daha da artırmış, ona böyük ilham vermişdir. O, bundan sonra bir-birinin ardınca "Ər və arvad", "O olmasın, bu olsun" ("Məşədi İbad") və nəhayət dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə oynanılan məşhur "Arşın mal alan" musiqili komediyalarını yaratmışdır.
Üzeyir Hacıbəyov bu əsərlərində o zamankı ictimai quruluşun bütün rəzalətlərini, Vətən sevgisindən məhrum olan tüfeyliləri, öz mənəvi yoxsulluğu ilə xalqı cəhalətə doğru sürükləməyə çalışan qaraguruhçuları kəskin qələmlə, realist musiqi dili ilə ifşa və tənqid etmişdir. Odur ki, mürtəce qüvvələr Üzeyir Hacıbəyovun əsərlərinin oynanılmasına hər vasitə ilə mane olur, Azərbaycanda opera və musiqili komediya janrının inkişafına yol vermirdilər. Opera və operetta janrının geniş xalq kütləsi içərisində getdikcə yayılması onları razı salmırdı. Çünki onlar yaxşı dərk edirdilər ki, Üzeyir Hacıbəyovun musiqili komediyaları ictimai ədalətsizliyin bütün ağırlığını öz üzərində hiss edən, satqın millətçilərin ikiüzlülüyünü və riyakarlığını, Azərbaycan qadınlarının qul halında yaşadıqlarını görən geniş xalq kütlələrinin ürəyindən xəbər verir, xalqın əhval-ruhiyyəsini ifadə edir.
Bu xüsusda Üzeyir Hacıbəyov belə yazır: "Mən "O olmasın, bu olsun" musiqili komediyasında osmanlıpərəst, millətçi qoçu, satqın ziyalı, kapitalist və başqalarının gülünc simalarını göstərmişəm. Azərbaycan qadınını azadlığa çıxarmaq ideyası, mürtəce ənənələrlə mübarizə ideyası örtülü şəkildə olsa da musiqili komediyaların hər üçündə əks etdirilmişdir". Üzeyir Hacıbəyovun musiqi yaradıcılığı Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra daha da çiçəklənmişdir. Dövlətimiz onun böyük istedadının daha da parlaması üçün, bir ictimai xadim, müəllim və sənətkar kimi çalışaraq böyük arzularını sənət dili ilə ifadə etməyi üçün hər cür imkan və şərait yaratdı. Üzeyir Hacıbəyov çoşğun həvəslə Azərbaycan xalq musiqisinin xüsusiyyətlərini daha dərin elmi əsaslar üzrə tədqiq etməyə başladı. Böyük bir ilham, gözəl sənətkarlıq, sonsuz bir həvəslə bəstələdiyi "Koroğlu" operasını kompozitor bu dövrdə yazıb başa çatdırdı.
Azərbaycan musiqi sənətinin ən dəyərli incisi olan "Koroğlu" operasının meydana çıxması incəsənətimizdə yeni yüksəlişə səbəb oldu. İlk dəfə 1937-ci ilin aprel ayında oynanılmış bu opera ilə Azərbaycan musiqi sənətinin tarixində yeni bir səhifə açıldı. "Koroğlu" əsəri opera janrının ən yüksək nailiyyətlərini özündə təcəssüm etdirən bir əsər olub öz cəngavər ruhu və şeriyyəti ilə tamaşaçı və dinləyicilərin rəğbətini qazandı.
Partiya və hökumətimizin göstərdikləri müstəsna qayğı və yardımdan ruhlanan Üzeyir Hacıbəyov respublikamızda qüvvətli musiqi kadrları (ifaçılar, kompozitorlar, nəğməkarlar) yetişdirmək işində yorulmadan çalışmışdır. O, xalq çalğı alətləri orkestrini, birinci Azərbaycan Dövlət xorunu, mahnı və rəqs ansamblını yaradaraq onlara uzun zaman rəhbərlik etmişdir.
Böyük Vətən müharibəsi illərində Üzeyir Hacıbəyov bir çox gözəl mahnı və marşlar bəstələmişdir. Kompozitorun bu dövrdə yazdığı "Şəfqət bacısı", "Yaxşı yol", "Döyüşçülər marşı" kimi mahnıları sovet adamları tərəfindən böyük məhəbbətlə qarşılanmış, istər cəbhədə, istərsə də arxada müvəffəqiyyətlə ifa edilmişdir. Üzeyir Hacıbəyovun bu dövrdə yazdığı "Vətən və cəbhə" adlı kantatası öz məzmunu və musiqi dilinin zənginliyi etibarilə çox maraqlıdır. Kompozitor bu əsərində azğın faşist işğalçılarına qarşı mübarizədə sovet adamlarının sarsılmaz iradəsini, böyük qüdrət və əzəmətini parlaq surətdə əks etdirir.
Kompozitorun böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Sənsiz" və "Sevgili canan" lirik şeirləri əsasında bəstələdiyi qəzəllər (romanslar) Azərbaycan kamera musiqisində yeni bir formanın meydana gəlməsini təmin etdi.
Üzeyir Hacıbəyovun, Vətən müharibəsindən sonra yazdığı əsərlər içərisində "Qələbə" himni sovet adamlarının vətənpərvərlik duyğularını tərənnüm edir.
Üzeyir Hacıbəyov Azərbaycan SSR-nin Dövlət himninin də müəllifidir.
Üzeyir Hacıbəyov ömrünün son günlərinə qədər yaradıcılıq işlərilə məşğul olmuşdur. Yazmağa başladığı "Firuzə" operasından olan məşhur ariya saf lirizm duyğuları ilə dinləyicini valeh edir. Üzeyir Hacıbəyov musiqinin xalq tərəfindən anlaşılması tələbini ən vacib və ən əhəmiyyətli bir cəhət hesab edirdi. Onun bütün əsərlərinin xalq tərəfindən böyük məhəbbətlə qarşılanması da əsas etibarilə bundan meydana gəlir. Üzeyir Hacıbəyova görə melodiya, musiqinin canıdır. Odur ki, o, formalizm cərəyanına uyan bəzi kompozitorların bu yanlış yolunu daim pisləmiş və öz tələbələrinə xəlqilik prinsipini aşılamağa çalışmışdır.
Sosialist realizmi üslubu əsasında gözəl əsərlər yaradan Üzeyir Hacıbəyov eyni zamanda musiqi sənətinin nəzəri cəhətini mükəmməl bilən və tədqiq edən alim idi. O, Azərbaycan xalq musiqisinin xüsusiyyətini dərindən öyrənmiş və Azərbaycan musiqisinə xas olan bir çox nəzəri qaydaları müəyyən bir sistem halına salmışdır. Onun "Azərbaycan musiqisinin əsasları" adlı kitabı bu cəhətdən diqqətəlayiqdir.
Üzeyir Hacıbəyovun musiqidə nəzəri cəhətdən nizama saldığı sahələrdən biri də Azərbaycan xalq mahnılarının not ilə çalınmasıdır. Kompozitorun bu yolda göstərdiyi səyin nəticəsində tar simfonik orkestrdə müəyyən bir mövqe qazanmış, əvvəllər notsuz çalan xalq çalğı alətləri orkestri isə, tamamilə notlu orkestr saviyyəsinə qaldırılmışdır.
Üzeyir Hacıbəyov aşıq yaradıcılığını mükəmməl surətdə tədqiq etməklə də məşğul olmuşdur. O, respublikamızda aşıqlar qurultayının çağırılmasında və aşıq yaradıcılığında yeni həyat mövzularının inkişaf etdirilməsində fəal iştirak etmişdir.
Partiya və hökumətimiz Üzeyir Hacıbəyovun yaradıcılığına, onun Azərbaycan musiqisi inkişafı yolundakı böyük fəaliyyətinə yüksək qiymət vermişlər. Üzeyir Hacıbəyov iki dəfə Stalin mükafatına layiq görülmüş, SSRİ orden və medalları ilə təltif edilmiş və sovet sənətkarlarının ən yüksək fəxri adını - SSRİ xalq artisti adını almışdır.
Üzeyir Hacıbəyovun ölməz ənənələri Sovet Azərbaycanının gənc kompozitorları tərəfindən davam və inkişaf etdirilir. Onun sinfində dərs almış bir çox kompozitorlarımız musiqi sənətinin ən mürəkkəb və böyük formaları: simfoniya, kantata, oratoriya, opera, balet əsərləri və həmçinin kiçik formalı bir çox kamera əsərləri, mahnılar yaratmışlar. Üzeyir Hacıbəyovun ölməz əsərləri həqiqi xəlqilik prinsipini özündə əks etdirən böyük ilhamın məhsuludur. Onun əsərləri xalqın könül nəğmələridir.
Bu böyük sənətkarın parlaq irsi əsasında kompozitorlarımızın yazdıqları yeni əsərlər sovet musiqi sənətinin parlaq nümunələri olmaqla bərabər Üzeyir Hacıbəyova da ən gözəl bir xatirə sayıla bilər.
“Kommunist”, 22 noyabr 1953
|