Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

NOT YAZISI NECƏ YARANMIŞDIR (birinci məqalə)

 

İnsanlar hələ qədim zamanlarda düşündüklərini, danışdıqlarını taxta, dəri, papirus və nəhayət kağız üzərində qeydə almaq yolu ilə yazını icad etdikləri kimi, musiqi sədalarının da kağız üzərində yazılıb təsbit edilməsi üçün çox çalışmışlar.

Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.

Tarixi faktlara əsasən deyə bilərik ki, musiqi sədalarını birinci olaraq qeydə alan qədim yunanlar olmuşlar. Çünki, hələ yeni eranın I-II əsrlərində qədim yunan sistemi müəyyən dərəcədə bitkin bir mərhələyə çata bilmişdi. O zaman qədim yunanlar instrumental musiqi üçün ayrı, vokal musiqi üçün isə tamamilə əlahiddə iki müxtəlif not sistemi düzəltmişdilər. Müasir musiqişünaslar müəyyən etmişlər ki, qədim yunanların not yazılarında hərflərin müxtəlif tərzdə və müxtəlif vəziyyətdə (bu və ya o biri böyrü üstə, bəzən düz, bəzən isə başı aşağı və i.a.) yazılması yolu ilə musiqi pərdələrində hər səsin mövqeyi qeydə alınmış və beləliklə, olduqca mürəkkəb bir not sistemi əmələ gəlmişdir.

Musiqişünas alimlər qədim yunan not sistemini şərh etmək işində IV əsrdə yaşamış yunan musiqişünası Alipiyin düzəltdiyi cədvəldən istifadə edirlər. Bu cədvəldən məlum olur ki, o zaman hər bir musiqi kökünün tərkibində olan hər pərdə üçün və hə pərdədən ya zildə, ya da bəmdə duran hər səs üçün bir hərfi işarə ayrılmışdır. Buna görə də yunan musiqi sistemində işlənən bütün səsləri və həm də ifaçılıq ədalarını dəqiq surətdə qeydə almaq üçün 1620 müxtəlif işarədən istifadə etmək lazım gəlirmiş. Təbiidir ki, heç kəs bu qədər işarəni yadında saxlayıb musiqi ifaçılığında tətbiq edə bilməzdi. Odur ki, qədim yunan musiqiçiləri istər instrumental, istərsə də vokal musiqi üçün cəmi 90 işarədən istifadə etmişlər ki, bunları da hafizədə saxlamaq yenə asan iş deyildi. Not yazısının təkmilləşməsi yolunda xristian kilsə xadimlərinin də böyük rolu olmuşdur.

Bu da ondan irəli gəlmişdir ki, köhnə bütpərəstliyin xarabazarlığı üzərində yaranan yeni xaçpərəstlik dini musiqi sənətindən öz mənafeyi üçün çox geniş və səmərəli istifadə etmişdir.

Kilsələrdə böyük xor dəstələri təşkil olunur, dini ayindər iki dəstəyə bölünərək növbə ilə oxuyan "antifon" nəğməkarlar dəstəsinin avazı ilə müşahidə edilirdi. Görkəmli keşişlər, katolik kilsəsinin başçısı olan papalar və rütbəli kilsə xadimləri musiqi avazı ilə ifa edilən bir çox müxtəlif himnlər, mədhiyyələr, dualar bəstələyirdilər.

Hələ VI əsrin axırında katolik kilsəsinin başçısı Birinci Qriqori yenidən bəstələdiyi (tərtib etdiyi) bir çox dini xor əsərlərini "nevma" adlanan xüsusi işarələr ilə qeydə almış və dünyanın bir çox kilsələrinə göndərmişdi. Musiqi not yazısının ən qədim üsullarından olan "nevma" notasiyası (musiqinin yazılışı üçün istifadə olunan müxtəlif qrafik işarələrə "not", bu qrafik işarələrin küll halında birləşməsinə isə "notasiya", ya da "not yazısı" deyirlər) müxtəlif yazı işarələrindən (cızıqlar, nöqtələr, cizgilər, vergüllər və sair), eləcə də bu işarələrin birləşməsindən əmələ gələn müxtəlif uyğunlaşdırmalardan ibarət idi.

Bəs, "nevma" nə deməkdir? "Nevma" sözünün hərfi mənası "əl ilə işarə" deməkdir. Onun bir termin kimi müəyyən not yazısı üsulu üçün qəbul olunma tarixi çox maraqlıdır. Orta əsrlərdə, musiqinin notsuz öyrənilib oxunulduğu dövrdə, xora dirijorluq edənlər ifa olunan əsərin ölçüsünü, mahnı melodiyasının istiqamətini (zil və ya bəm tərəfə), ifaçılıq ədalarını öz əllərinin və barmaqlarının muxtəlif şərti hərəkətləri ilə xor nəğməkarlarına təlqin edirdilər. Bu növ drijorluq qaydasına heyronomiya deyilir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təşkil olunan birinci Azərbaycan xalq çalğı alətləri orkestrinin rəhbəri doktor A. İonesyan da, notsuz orkestrin çaldığı çoxsəsli musiqi əsərlərində harmonik səslərin düzgün və vaxtında çalınmasını barmaqlarının müxtəlif şərti hərəkətləri ilə musiqiçilərə çatdırırdı.

Əvvəllər, bu heyronomiya hərəkətlərinin qrafik ifadəsi kimi meydana gələn nevma oxunan mahnının sözlərindəki vurğuların musiqi vasitəsilə daha aydın və qabarıq şəkildə səslənməsini az-çox təmin edə bilirdi.

Bu gün biz, murəkkəb musiqi əsərinin incə və zərif xüsusiyyətlərini müasir not yazısı vasitəsilə görə biliriksə və musiqi əsərinin bütün gözəlliyini hələ eşitməzdən əvvəl gözlərimizlə seyr edə biliriksə, bu nailiyyət, məhz qədim nevma not yazısı üsulunun sonrakı inkişafı sayəsində əldə edilmişdir. Bir sözlə müasir not yazısının rüşeymi həmin nevma işarələrindən ibarətdir.

Təxminən X əsrdə Qərbi Avropada çoxsəsli (yəni, eyni zamanda səslənən iki və daha çox müstəqil melodiyalardan ibarət) musiqi meydana gəldikdə nevma not yazısı sistemi artıq musiqiçiləri təmin etmədi. Beləliklə, bu günkü stenoqrafik yazını andıran nevma notasiyası musiqi sədalarının yüksəkliyini dəqiq göstərməkdə aciz idi. Həyat not yazısı işində yeni islahat aparılmasını, böyük bir dönüş yaradılmasını tələb edirdi.

Bir çox musiqişünas alimlər bu yolda müxtəlif təcrübələr apardılar. XI əsrdə yaşamış italyan xor müəllimi Qvido d'Aretso bu sahədə daha da irəliyə getdi. O, müasir not yazısının banisi sayılır. Qvido özündən əvvəl yaşamış musiqi alimlərinin təcrübələrindən istifadə etməklə musiqi səslərinin xətlər üzərində və xətlərarası yazılması təcrübəsini təkmilləşdirdi.

İlk not xəttinin birinci olaraq kim tərəfindən tətbiq olunduğunu müəyyən etmək hazırda mümkün deyildir. Lakin burası məlumdur ki, ən əvvəl not işarəsi üzərində bir qırmızı xətt çəkilirdi ki, bu "fa" pərdəsini andırırdı, sonralar bu qırmızı xəttə paralel olaraq sarı və bəzən isə yaşıl rəngli ikinci xətt çəkilirmiş ki, bu da başqa pərdələri andırırmış. Musiqi sədalarının xətlər üzərində qeydə alınması təşəbbüsü daha münasib görüldüyü üçün sonralar üç, dörd və nəhayət beş xətdən ibarət indiki not sətri yaradılır. Beləliklə, bu xətlərdən istifadə yolu ilə musiqinin kağız üzərində qeydə alınması işində müəyyən nailiyyətlər əldə edilir. Lakin bununla iş qurtarmır. Hər səsin nə qədər uzadılmasını da düzgün təyin edə bilmək lazım idi.

Çünki Qvido d`Aretsonun not sistemi səslərin yüksəkliyinn, yəni hansı pərdədə olduğunu dürüst göstərə bilsə də, melodiyada hansı səsin nə qədər uzadılması kimi çox vacib cəhəti, yəni ölçü məsələsini nəzərdə tuta bilmirdi. Odur ki, sonralar menzural ("menzura" - latınca ölçü deməkdir) not yazısı yaradıldı.

Bu notasiya musiqi sədaları ölçüsünün daha dəqiq surətdə qeydə alınmasını təmin etdi. Haqqında danışdığımız nevma, eləcə də menzural not yazıları əsas etibarilə vokal musiqinin yazılışına aid idi.

İnstrumental musiqi üçün XV-XVII əsrlərdə tabulatura adlaian not yazısı sistemindən istifadə edilmişdir. Qərbi Avropada demək olar ki, hər xalqın öz tabulatura not yazısı olmuşdur. Bundan əlavə hər musiqi aləti üçün də xüsusi tabulatura tərtib edilmişdir. Tabulatura istər xətli, istərsə də xətsiz şəkildə olmuşdur. Burada hərflərdən, rəqəmlərdən və müxtəlif ölçü işarələrindən istifadə olunurdu.

Ayrı-ayrı xalqların musiqi tarixində müxtəlif not yazısı sistemləri olmuşdur. XI əsrdən başlayaraq Rusiyada "Znamya" və ya "Kryuk" adlı xətsiz not yazısından istifadə edildiyi bizə məlumdur. XVI əsrdə Novqorod şəhərinin sakini İvan Şaydurov Kryuk not yazısını çox təkmilləşdirmişdir. Kryuk not işarələr yazısında səslərin yüksəkliyini dürüst göstərmək üçün həm qara, həm də qırmızı rəngdən istifadə edilirdi.

XIII əsrdə yaşayıb yaradan dahi Azərbaycan musiqiaunası Səfiəddin Əbdül-Mömün Urməvi Azərbaycanda ilk not yazısı icad edib, musiqi parçalarının melodiyasını (havasını) kağız uzərində qeydə almışdır. Onun yazmış olduğu "Kitab-ül-ədvar" adlı musiqi nəzəriyyəsi kitabında (iki əl yazmasının bir nüsxəsi hazırda Londonda saxlanılır. İstambulda, Türkiyə Dövlət kitabxanasında olan o biri nüsxəsinin fotosurəti isə Azərbaycan SSR Elmlər Akademiyasının kitabxanasındadır) ilk Azərbaycan not yazısının olduqca maraqlı və orijinal nümunəsinə təsadüf edilir.

Urməvinin icad etdiyi not yazısı və onun şərhi haqqında jurnalımızın gələn nömrəsində bəhs edəcəyik.

“Elm və həyat”, ¹ 1, 1964

 

 
     
        © Musigi Dunyasi, 2007