Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

M. İ. QLİNKA

(Anadan olmasının 150 illiyi münasibətilə)

Qlinka!

Rus musiqisinin Puşkini!

Tarixin ona bu qədər şərəfli ad verməsində nə böyük, nə dərin məna var!

Onlar tanış idilər.

Puşkin öz "Ruslan və Lüdmila" poemasını Qlinka üçün bir opera librettosu kimi düzəldəcəyinə söz vermişdi. Lakin ağır mühitin yaratdığı qəddar şəraitdə Puşkin öldürüldü. Qlinka bu böyük dahinin əsərindəki gözəl şeriyyəti öz nəfəsilə isindirdi, onu səmimi bir pərəstişkar kimi sevə-sevə oxşadı, rus ədəbiyyatının bu sönməz günəşindən işıq alıb "Ruslan və Lüdmila" operasını yaratdı. O, Puşkinin "Oxuma, gözəl!", "Səni gördüyüm ləhzə xatirimdədir", "Gecə nəsimi", "Hanı bizim qızıl gül?", "Mən buradayam, İnezilya!", "Qanımda arzu atəşi alovlanır", "Adel", "Meri", "Sağlıq badəsi" kimi lirik şerlərinə gözəl romanslar bəstələdi.

Onlar məsləkdaş idilər.

Bəli, onların hər ikisi zamanının ən, böyük inqilabi çıxışı olan dekabristlər üsyanına rəğbət bəsləmiş, fədakar qəhrəmanlara məhəbbətlə yanaşmışdılar. Hər ikisi rus xalqının təbiətində olan nəcib sifətlərdən, fitri istedad və dərin bəşəri duyğulardan ilham almış və sənətin mənasını xalqa xidmət etməkdə görmüşdülər.

Birinci rus klassik kompozitoru sayılan Qlinka rus musiqisini cahanşümul bir zirvəyə yüksəltmiş, rus musiqisinin ümumbəşəri mövqeini, onun bütün dünya miqyasında ən qabaqcıl və ən mütərəqqi olan əhəmiyyətini təsbit etmişdir.

Rus klassik musiqisinin gələcək inkişaf və tərəqqisi üçün möhkəm bir təməl olan "İvan Susanin" operasında Qlinka, vətənə məhəbbət və xalq qəhrəmanlığı ideyalarını parlaq surətdə tərənnüm etmişdir. "İvan Susanin" operasındakı qəhrəmanlıq mövzusu geniş ürəkli, nəcib xasiyyətli, dərin zəkalı xalq əhval-ruhiyyəsinə xas olan yüksək bəşəri duyğularla aşılanmışdır. Odur ki, vətənini, xalqını azğın düşməndən müdafiə üçün öz canından keçən vətənpərvər qoca kəndli İvan Susaninin simasında - Böyük Vətən müharibəsi illərində fədakarlıqla vuruşan şanlı sovet partizanlarının qəhrəman surətini görürük.

Xəlqilik Qlinkanın musiqi yaradıcılığının əsas cəhətini təşkil edir. "Musiqini xalq yaradır, biz sənətkarlar, onu yalnız bəstələyirik!" Qlinkanın bu sözlərindəki dərin məna ondan ibarətdir ki, yalnız xalq yaradıcılığına əsaslanaraq, bəstələnmiş musiqi əsl sənət nümunəsi kimi yaşaya bilər. Qlinka bir çox əsərlərində xalq mahnı və oyun havalarından bilavasitə istifadə etmişsə də, onun əsl yaradıcılıq metodu, xalq musiqi intonasiyalarını ətraflı surətdə mənimsəmək və ona yaradıcı sənətkar münasibəti bəsləmək yolu ilə orijenal musiqi surətləri yaratmaqdan, öz musiqi əsərlərində xalq musiqisini daha da inkişaf etdirmək və zənginləşdirməkdən ibarətdir.

Bu cəhətdən Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun da yaradıcılıq metodunun Qlinka üsulundan dərs alaraq inkişaf etdiyini qeyd etmək lazımdır. Üzeyir Hacıbəyov da ilk operalarında xalq mahnı və oyun havalarından geniş istifadə etmişdir.

Lakin onun şah əsəri olan "Koroğlu" operasında bilavasitə xalq malnılarından heç bir sitat gətirilməmişsə də, "Koroğlu" musiqisi xalq musiqi intonasiyalarına əsaslanaraq bəstələndiyi üçün, bu musiqi əsl xalq musiqisi kimi səslənir. Bu xüsusda Üzeyir Hacıbəyov yazır: "Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir kompozitor olaraq, mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən "Koroğlu" operasını yazdım... Sərbəst qurulmasına və musiqi fakturasının mürəkkəb olmasına baxmayaraq, "Koroğlu" operası Azərbaycan dinləyicilərinə, Azərbaycan xalq mahnı və melodiyalarını eynilə bol-bol köçürərək bəstələnmiş bəzi əsərlərdən daha yaxşı çatır, çünki "Koroğlu" operası xalqın doğma musiqi dilində yazılmışdır".

Lakin Qlinka yaradıcılığının Üzeyir Hacıbəyov sənətinə göstərdiyi böyük təsir yalnız bu qeyd etdiyimiz metodu mənimsəməkdən ibarət olaraq qalmır. Üzeyir Hacıbəyov da Qlinka kimi öz musiqi yaradıcılığında mətanət, sədaqət, vətənə məhəbbət duyğularını, insan mənəviyyatındakı gözəlliyin yüksək ideallarını tərənnüm etməyə çalışmış və buna müvəffəq olmuşdur.

"İvan Susanin" və "Ruslan və Lüdmila" operalarının süjeti hər nə qədər müxtəlif olsa da (bunlardan birincisində konkret tarixi hadisədən danışılır, ikincisi isə əfsanəvi bir nağıl əsasında qurulmuşdur) hər iki operanın ifadə etdiyi xalq qəhrəmanlığı mövzusu bir-birinə çox yaxındır. Bu operalarda rus torpağının və rus xalqının əzəməti, mərdlik, cəsarət, xalqın yenilməz iradəsi, zəkası və qüdrəti tərənnüm edilir. Bu operalar ideya və dramaturji cəhətcə nəinki rus və hətta bütün dünya opera sənətində yeni bir səhifə açmış oldular, çünki Qlinkanın "İvan Susanin" operasına qədər dünya opera ədəbiyyatının heç bir əsərində yüksək vətəndaşlıq hisslərini daşıyan vətənpərvər kəndli İvan Susanin kimi dolğun bir obraz yaradıla bilməmişdir. Qlinka "Ruslan va Lüdmila" operasında müxtəlif Şərq xalqları musiqisindən istifadə etmişdir. O, Şərq melodiyalarını həssas bir sənətkar kimi bəstələmiş, melodiyanın üslubunu saxlamaqla bərabər, bunları gözəl və təravətli surətdə işləmişdir. Bu cəhətdən "Ruslan və Lüdmila" operasında istifadə edilən Azərbaycan xalq mahnılarından "Qalanın dibində bir quş olaydım, gələnə, gedənə yoldaş olaydım" mahnısını xüsusi olaraq qeyd etmək lazımdır. Qlinka bu mahnını incə bir zövq və əsl sənətkar qələmilə bəstələmişdir.

Qlinka haqlı olaraq rus simfonizminin də banisi sayılır. Bu xüsusda Çaykovski belə yazır: "Nəhəng bir palıd ağacı əvvəlcə kiçik bir qozanın içində yerləşə bildiyi kimi, əzəmətli rus simfoniya məktəbi də, beləcə, Qlinkanın "Kamarinskaya" simfonik əsərində yerləşmişdir". Doğrudan da Qlinka həcm etibarilə bu kiçik simfonik əsərində rus xalq mahnısını yüksək simfonik ümumiləşdirmə səviyyəsinə qaldırmışdır.

Kamil bədii forma yaratmaq, əsərlərinin bədii səviyyəsini yüksəltmək, əsl sənətkarlığa nail olmaq məsələlərinə çox böyük əhəmiyyət verən Qlinka musiqi dilinin səlis və rəvan olmasına, məzmun ilə forma arasında ayrılmaz bir vəhdət yaranmasına xüsusi diqqət yetirmişdir. O, özünün məşhur "Vals-fantaziya" əsərini təxminən iyirmi il ərzində dörd dəfə yenidən bəstələmiş, redaktə etmişdir.

Bu gün azad sovet xalqları Ukraynanın Rusiya ilə yenidən birləşməsinin 300 illiyini təntənə ilə bayram etdikləri bir zamanda Qlinka yaradıcılığında əlamətdar olan bir cəhəti qeyd etmək istərdik. Qlinka 1838-ci ildə Ukraynada olduğu vaxt Ukrayna şairlərindən V. Zabelanın "Əs ey külək!" və "Oxuma bülbül!" şerləri əsasında Ukrayna xalq musiqisi üslubunda iki mahnı bəstələyir. O, Ukrayna musiqi xadimləri və həvəskarları ilə yaxından tanış olur. İstedadlı Ukrayna nəğməkarı S. Qulak-Artemovski ilə xüsusi məşğul olur, onu özü ilə Peterburqa aparır və onun musiqi təhsili işinə rəhbərlik edir. Məhz Qlinkanın bu yoldaşlıq qayğısı sayəsində S. Qulak-Artemovski kompozitorluq sənətini öyrənib "Zaparojeli Dunayın o tayında" adlı məşhur Ukrayna xalq operasını bəstələyir.

Qlinkanın ölməz əsərləri məhz sovet dövründə bütün əzəməti ilə səslənməyə başlamışdır. Sovet dinləyiciləri Qlinkanın əsərlərini çox sevirlər. Qlinkanın hayat və yaradıcılığı mövzusunda sovet kinosunun iki dəfə ayrı-ayrı variantlarda çəkdiyi "Qlinka" filmi sovet tamaşaçılarının böyük məhəbbətini qazanmış və xarici ölkələrdə də müvəffəqiyyətlə göstərilməkdədir. Sovet musiqişünasları Qlinkanın elmi tərcümei-halını tərtib etmək, onun musiqi yaradıcılığını ətraflı işıqlandırmaq, musiqi irsini dərindən təhlil etmək işində böyük nailiyyətlər əldə etmişlər. Görkəmli sovet musiqişünası və kompozitoru B. V. Asafyevin "Qlinka" adlı kitabı Stalin mükafatına layiq görülmüşdür. Qlinkanın musiqi əsərləri musiqi nəşriyyatı tərəfindən dəfələrlə çap edilmişdir.

Dahi rus kompozitoru Mixail İvanoviç Qlinkanın yaradıcılığı sovet kompozitorları üçün böyük məktəb və yüksək musiqi sənətinə parlaq və dəyərli bir nümunədir.

“Ədəbiyyat və incəsənət”, 29 may 1954

 

 
     
        © Musigi Dunyasi, 2007