Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

MAHNILARIMIZ HAQQINDA

Sovet mahnı yaradıcılığı böyük nailiyyətlər əldə etmişdir. Sovet mahnılarından bir çoxu geniş zəhmətkeş kütlələrinin məhəbbətini qazanmış və böyük həvəslə oxunmaqdadır. Bu mahnıların çoxu bütün dünya zəhmətkeşlərinin ürək eşqi ilə oxuduğu mahnılardır.

Sovet mahnısının gücü onun xalq həyatı və mübarizəsi ilə sıx surətdə bağlılığında, sosialist epoxası ideyallarını həqiqi surətdə əks etməsindədir. Xalqın əsrlərdən bəri sevə-sevə yaratdığı mahnılardakı gözəl ənənələri inkişaf etdirmək və yeniləşdirmək yolu ilə irəliləyən sovet mahnı yaradıcılığı xalqımızın musiqi həyatında görkəmli yer tutur.

Böyük Vətən müharibəsinin çətin günlərində istər cəbhədə, istərsə də arxada böyük bir vüsətlə səslənən mahnılarımızda xalqımızın şanlı mübarizəsi, azğın düşmənə qarşı şiddətli qəzəb və nifrət duyğuları, sevimli Vətənimizə olan böyük məhəbbət hissləri tərənnüm edilirdi. A. Aleksandrov ilə şair V. Lebedev-Kumaçın "Müqəddəs vuruş", Z. Kompaneyes ilə L. Oşaninin "Vətən yolunda vuruşa!", V. Zaxarovun "Katyuşa haqqında mahnı", Üzeyir Hacıbəyov ilə Səməd Vurğunun "Döyüşçülər marşı", "Şəfqət bacısı" kimi mahnılarda sovet adamlarına xas olan mətin iradə, qəhrəmanlıq və dərin vətənpərvərlik duyğuları əks olunmuşdur.

Xüsusən müharibədən sonrakı illərdə sovet şair və kompozitorlarının sülh uğrunda mübarizə mövzusunda yaratdıqları mahnılar cahanşümul bir mövqe və əhəmiyyət qazanmışdır. A. Novikovun "Demokratik gənclər himni", V. Muradelinin "Moskva-Pekin", "Beynəlxalq tələbələr himni", D. Şostakoviçin "Sülh mahnısı", S. Tulikovun "Biz sülh tərəfdarıyıq!" kimi mahnıları bütün dünyanın hər yerində milyonlarla zəhmətkeş kütlələr tərəfindən müxtəlif dillərdə böyük məhəbbətlə oxunmaqdadır.

Yeni müharibə qızışdıran imperialistlər sovet kompozitorlarının bəstələdikləri mahnıları oxuyanları təqib edirlər. Azğın amerikan qəsbkarlarının zülm, əsarət və işgəncə ocağına çevirdikləri Koçjedo adasında "Demokratik gənclər himnini" oxuyan məhbusların güllələnməsi, Yaponiyada "Gənclər birləşin!" mahnısını oxuyan nümayişçilərə polisin hücum etməsi hadisəsi hamıya məlumdur.

Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsinin sentyabr və fevral-mart plenumlarının qərarları sovet xalqının rifah halının yaxşılaşmasını və bunun üçün də ölkəmizdə yaxın iki-üç il ərzində yeyinti və sənaye mallarının bolluğunu təmin etmək işində irəliyə doğru atılmış böyük bir addımdır. Sevimli vətənimizin gündən-günə çiçəklənməsi naminə şəhər və kəndlərimizin zəhmətkeşlərini yaradıcılıq əməyinə ilhamlandıran, sovet adamlarının zəngin mənəviyyatını doğru və həqiqi bir şəkildə əks etdirən, sovet cəmiyyətinin çoxcəhətli həyatını tərənnüm edən yeni mahnılar yaratmaq, - sovet mahnıçı kompozitorların şərəfli vəzifəsidir.

Sosialist mədəniyyəti mahnı yaradıcılığı sahəsində çalışan bir çox istedadlı şair və kompozitorlar yetişdirmişdir. Sovet mahnıçılarının dəyərli əsərlərinə yüksək qiymət verən partiya və hökumətimiz mahnı yaratmaq və bu mahnıları mahiranə ifa etmək işindəki yaradıcılıq nailiyyətlərinə görə qırxa qədər kompozitor, şair və ifaçıya Stalin mükafatı laureatı adı vermişdir.

Sovet kompozitorları və şairləri son illərdə bir çox gözəl, dəyərli mahnılar yaratmışlar. Dinc quruculuq illərində bəstələnmiş bu mahnılar, sovet xalqının geniş kütlələrinin kommunizm ruhunda tərbiyəsinə kömək edir, sovet adamlarını yaradıcı əməyə ruhlandırır. Lakin bununla bərabər etiraf etmək lazımdır ki, son zamanlar sovet kompozitorlarının mahnı yaradıcılığında bir çox ciddi nöqsanlar müşahidə olunmaqdadır.

Bu dözülməz vəziyyətin səbəblərini aydınlaşdırmaq, mahnı yaradıcılığında nəzərə çarpan nöqsanları aradan qaldırmaq, mahnı ədəbiyyatının düzgün inkişafına mane olan məsələləri aşkara çıxarmaq, sovet mahnısının ideya-bədii səviyyəsini yüksəltmək və bununla əlaqədar olaraq qarşıda duran yaradıcılıq vəzifələrini geniş müzakirə etmək məqsədilə 1953-cü il dekabr ayının axırlarında Moskvada SSRİ Sovet Kompozitorları İttifaqının yeddinci plenumu çağırıldı.

Plenumda çıxış edən SSRİ Sovet Kompozitorları İttifaqının baş katibi, kompozitor Tixon Xrennikov demişdir: "Mahnıçı kompozitorlarımızın yaradıcılıq fəaliyyəti çox geridə qalmışdır. Müharibədən sonrakı dövrdə kompozitorların xalq həyatı ilə əlaqəsi xeyli zəifləmişdir. Mahnılarımızda həyati həqiqət çox zaman dinləyicilərin qəlbində özünə yer tapa bilməyən uydurma mövzular və surətlər ilə əvəz edilir".

Ümid etmək olardı ki, Azərbaycan Sovet Kompozitorları İttifaqının idarə heyəti plenumda göstərilən nöqsanların Azərbaycan kompozitorlarının da yaradıcılığına aid olduğunu nəzərə alacaq və mahnı yaradıcılığındakı vəziyyətin ətraflı müzakirəsini təşkil edəcəkdir. Təəssüf ki, bu olmadı.

Mahnı yaradıcılığı sahəsində çalışan Azərbaycan kompozitorları son illərdə bir sıra nailiyyətlər əldə etmişlər. Onların yaratdığı mahnılar sovet varlığının müxtəlif sahələrini əhatə edir və buna görə də bu mahnıların mövzu dairəsi çox geniş, mündərəcəsi dolğun, forması da zəngindir. Bu cəhətdən Qara Qarayev, Səid Rüstəmov, Fikrət Əmirov, Cahangir Cahangirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Andrey Babayev, Ağabacı Rzayeva, Qənbər Hüseynli, Rauf Hacıyev, Zakir Bağırov, Şəfiqə Axundova, gənc kompozitorlardan Ramiz Mustafayev, melodistlərdən Adil Gəray və başqalarının bir çox mahnıları sovet dinləyicilərinin rəğbətini qazanmışdır. Biz bu mahnılarda sovet xalqının Vətənə, partiyaya, ölkəmizin şanlı paytaxtı Moskvaya bəslədiyi dərin məhəbbətin, Azərbaycan zəhmətkeşlərinin neft sənayesində və kənd təsərrüfatı sahəsindəki fədakar əməyinin, dünya xalqlarının sülh və demokratiya uğrunda, imperializm əleyhinə mübarizəsinin, SSRİ xalqlarının sarsılmaz dostluğunun parlaq surətdə tərənnüm edilməsini görürük.

Lakin kompozitorlarımızın yaratdıqları mahnılarda bir sıra ciddi nöqsanların olduğunu da qeyd etməmək olmaz. Bu nöqsanlar isə son illərdə bəstələnmiş bəzi mahnılarda daha çox nəzərə çarpır. Məhz buna görə də bu məsələ ətrafında mübahisə açmağa və danışmağa dəyər.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, mahnı yaradıcılığı sahəsində çalışan kompozitorlarımızın öz-özünü və bir-birlərini təkrar etməsi hallarına son zamanlarda tez-tez təsadüf olunur. Bunun nəticəsində mahnıların melodik xəttində, harmonik dilində, forma etibarilə quruluşunda, müşayiət fakturasında bir-birinə oxşar və hətta çox zaman bir-birinin eyni olan döndərişlər və ifadələr artıq bir şablon və ştamp halını almışdır. Dinləyici, məhz bu ştampa görə çox vaxt "yeni" bir mahnını birinci dəfə dinlərkən, bu mahnının ilk səslərindən onun hansı pərdələrdə davam etdiriləcəyini asanlıqla təyin edə bilir və heç də yanılmır. Çünki belə mahnıları yazan kompozitor çox vaxt özünə zəhmət vermir və mövcud olan, dəfələrlə işlədilmiş müəyyən melodik ifadələrdən istifadə yolu ilə öz "yeni" mahnısını quraşdırır. Odur ki, Ağabacı Rzayevanın "Qızıl ulduzlu oğlan"ı ilə Səid Rüstəmovun "Toxucu qız"ı asanlıqla bir-birini tanıyıb yaxından tanış ola bilir və hər ikisi: "Gözləyirəm sevgilim!" deyirlər. Sadəlövh dinləyici güman edə bilər ki, bu iki aşiq və məşuqu bir-birinə qovuşduran "Manənd-müxalif"dir. Amma yox. Tarix bizə öyrədir ki, bir muğam əsasında bəstələnmiş iki mahnının bir-birinə oxşaması heç də labüdd deyil: məsələn, xalq mahnı ədəbiyyatında eyni muğam əsasında yaradılmış onlarla mahnı göstərmək olar ki, bunların hər biri özlüyündə tamamilə yeni, orijinal və təkrar edilməz bir əsər kimi səslənir.

Biz hər nə qədər mahnı musiqisinin intonasiya "mikroanalizi" metodu əsasında təhlil edilməsi tərəfdarı olmasaq da, mahnının milli koloritini itirən, onun ümumi intonasiya bütövlüyünü dağıdan, üslubunu pozan "xallara", "guşələrə", "boğazlara" heç də laqeyd bir münasibət bəsləyə bilmərik.

S. Rüstəmov Azərbaycan sovet mahnısının inkişafında müəyyən xidməti, özünə məxsus orijinal yaradıcıılıq yolu olan bir kompozitordur. Onun yazmış olduğu bir sıra ("Sürəyya", "Komsomol", "Sumqayıt", "Həkim qız", "Bənövşə", "Bahar olsun" və sairə kimi) mahnıları dinləyicilərimizin məhəbbətini qazanmış müvəffəqiyyətli əsərlərdir. S. Rüstəmov ilhamla yazdığı başqa mahnılarında ("Mən sülhə səs verirəm!", "Əziz, doğma partiya") bütün qələbələrimizin ilhamçısı və təşkilatçısı, yer üzündə sülhün, demokratiyanın və xalqlar azadlığının havadarı olan doğma kommunist partiyamızı tərənnüm etməyə çalışır. S. Rüstəmov mahnı janrında çox məhsuldar işləyir.

Lakin son zamanlarda onun yaradıcılıq işində nə isə birtərəfli və yanlış bir meylin əmələ gəldiyini hiss edirik. O, güman edir ki, hər nə qədər çox mahnı yazsa, bunlardan heç olmazsa onda birinin müvəffəqiyyətli çıxacağı yəqindir. Ancaq kompozitorun müvəffəqiyyətli hesab etdiyi o bir mahnını yaratmaq xatirinə yazmış olduğu digər nisbətən zəif mahnıları da dinləyicilərə təqdim etməyə ehtiyac varmı?

Eyni vəziyyət Andrey Babayevin yaradıcılığına daha çox aiddir. Əvvəllər "Bakı", "Sən güləndə", "Azərbaycan" kimi dəyərli, orijinal mahnıları ilə dinləyicilərimizi sevindirən A.Babayev son zamanlarda yazdığı və bir silsilədən ibarət olan "Səni sevəcəyəm, sən sevməsən də", "Vəfalıyam mən" (sözləri S.Rüstəmindir), "Aqronom oğlan", "Ana", "Bakılı qız" (sözləri İslam Səfərlinindir), "Özünə qurbanam" (sözləri Ə. Əlibəylinindir) kimi mahnılarında öz-özünü təkrar etməyə başlamışdır.

Yaxud S. Rüstəmovun yuxarıda qeyd etdiyimiz "Sevgilim" mahnısının (sözləri İslam Səfərlinindir) nəqarətində "Muradım sənsən, gülüm, həyatım sənsən, qanadım sənsən" sözlərinə yazılmış musiqi ilə onun "Haradasan?" (sözləri Tələt Əyyubovundur) mahnısının "Haradasan yar harda, gözüm qaldı yollarda" sözlərinə bəstələnmiş musiqi əsas etibarilə eyni şeydir. Güman etmək olar ki, burada bütün "günah" - "Bayatı kürd" kadensiyasındadır.

Amma yox. Məsələyə bir qədər düzgün yanaşılsa, hər halda, "Bayatı kürdə" bəraət qazandırmaq və ortada olan eyniyyəti və yekrəngliyi isə məhz müəllifin bədii ifadə məsələlərinə etinasız münasibətində görmək daha düzgün olardı.

Qəribə işdir: kompozitorlarımız çox zaman fortepiano və ya başqa bir musiqi aləti üçün "variasiya" yazırkən (ehtimal ki, öz kompozitorluq texnikasını daha qabarıq surətdə nümayiş etdirmək məqsədilə) əsas melodiyanı (temanı) nəinki kök, harmoniya, vəzn, faktura cəhətlərindən və hətta melodik cəhətindən belə o qədər dəyişdirirlər ki, üçüncü və ya dördüncü variasiyaya çatdıqda əvvəlki temadan heç bir əsər və əlamət qalmır, hər variasiya özlüyündə tamamilə müstəqil və yeni bir musiqi əsəri kimi eşidilir. Halbuki, haman kompozitorun vokal musiqi sahəsində yazdığı ayrı-ayrı mahnılar isə, eyni temanın - sözün əsl mənasında - variasiyasından başqa bir şey olmur.

Buna Andrey Babayevin mahnılarını misal göstərmək olar. "Bakılı qız", "Özünə qurbanam" kimi əkiz mahnılar bunu aydın göstərir.

Bu məsələ ilə əlaqədar olaraq lirik mahnılardakı vəziyyət haqqında da xüsusi danışmaq lazımdır. Xalqımız lirik xarakterli mahnıları çox sevir. Lirik mahnı musiqi sənətinin yarandığı ilk gündən özünə müəyyən bir mövqe tutmuş çox əhəmiyyətli və lazımlı sahədir. Lirik mahnılarda onları yaradan tarixi epoxanın nəbzi duyulur. Lirik mahnıların məzmunu dövrün ictimai hadisələri ilə əlaqədar olaraq yeni keyfiyyət kəsb edir. Tarixin uzaq keçmişinə müraciət etmədən sovet mahnısının yaxın keçmişinə nəzər yetirsək, Üzeyir Hacıbəyovun Böyük Vətən müharibəsindən qabaq bəstələdiyi "Qara göz", "Komsomol qız" kimi mahnıları ilə Vətən müharibəsi illərində komnozitorlarımızdan Süleyman Ələsgərovun "Gözlə məni", "Gözləyirəm", Şəfiqə Axundovanın "Röya", Səid Rüstəmovun "İntizar", Ağabacı Rzayevanın "Gözləyirəm, sevgilim", Ədilə Hüseynzadənin "Yadigar" kimi lirik mahnıları arasındakı fərqi buna misal göstərmək olar. Bu müqayisədən görünür ki, Vətən müharibəsi ilə əlaqədar olaraq yaradılmış mahnılarda həmin dövr və o zamankı hadisələr üçün səciyyəvi olan dramatik gərginlik daha qabarıq şəkildə əks etdirilmişdir.

Lakin müharibənin qurtarması və ölkəmizin tarixində yeni mərhələnin başlanması müharibə illərindəki lirikadan fərqlənən yeni mahnı lirikasının yaradılması zəruriyyətini irəli sürdü. İndi artıq sovet adamlarının həyat və məişətini, vətənpərvərlik duyğularını, azad əməyini, dostluqda və məhəbbətdə vəfadarlıq hisslərini ifadə edən gözəl, səmimi, yüksək ideyalı lirik mahnılar tələb olunur.

Halbuki, şair və kompozitorlarımızın yaratdıqları lirik mahnılardan bir çoxu sovet vətəndaş lirikasının bu yüksək ideallarına cavab verə bilmir. Bu xüsusən estrada orkestrinin müşayiəti ilə ifa edilmək üçün bəstələnən mahnılarda daha aydın nəzərə çarpır. Təsadüfi deyildir ki, SSRİ Kompozitorları İttifaqı İdarə Heyətinin yeddinci plenumunda mahnı yaradıcılığının vəziyyəti və vəzifələri haqqında məruzə edən kompozitor V.Zaxarov bu məsələ üzərində xüsusi dayanaraq göstərmişdir: "Kompozitorlarımızdan bəziləri belə güman edirlər ki, estrada mahnısı guya elə bir xüsusi janrdır ki, burada sovet incəsənətinin ümumi estetik prinsiplərinə riayət etməmək də olarmış. Bu çox yanlış fikirdir. Sovet estradası incəsənətimizin bütün janrlarını əhatə edən yüksək bədii keyfiyyətli əsərləri ləyaqətli surətdə təbliğ etməyi bacarmalıdır".

Bu nöqteyi-nəzərdən kompozitor və şairlərimizin estrada orkestri üçün bəstələnmiş əsərləri arasında bir sıra dəyərli və müvəffəqiyyətli mahnıların olduğunu qeyd etməliyik (Rauf Hacıyevin "Sevgili qız", Ramiz Mustafayevin "Bizim sovxozda" və sairə). Bununla bərabər estrada orkestri üçün yazılmış əsərlər arasında dinləyiciləri qətiyyən təmin etməyən, musiqi dili etibarilə öz şirəsini Azərbaycan xalqının zəngin musiqi mədəniyyətindən almayan müvəffəqiyyətsiz və hətta bayağı səslənən mahnılara da təsadüf edilir. Bu da dözülməz bir haldır. Kompozitorlarımız, şairlərimiz bu cəhətə diqqət etməli, estrada orkestri üçün yaradılan əsərlərdə sovet incəsənətinin əsas estetik prinsiplərini həmişə əldə rəhbər tutmalı, musiqi dilimizə yad olan intonasiyalardan, vəznlərdə və ritmlərdə qondarma sinkoplardan, qulağı incidən yersiz dissonans akkordlardan, ictimai, tərbiyəvi əhəmiyyəti az olan mətnlərdən uzaqlaşmalı, xalqımızın yüksək zövqünə uyğun olan yeni əsərlər yaratmalıdırlar.

Son zamanlar Səid Rüstəmov, Fikrət Əmirov, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Qənbər Hüseynli və başqa kompozitorlarımız uşaqlar üçün də bir sıra yaxşı mahnılar bəstələmişlər. (Qənbər Hüseynlinin "Cücələrim", Ağabacı Rzayevanın "Pioner mahnısı", "Şən yolka", "Gənc maşinistlər" və sairə). Bu mahnıların çoxu azyaşlı uşaqlar və məktəblilərimiz tərəfindən sevilə-sevilə oxunur. Lakin sovet uşaqlarının bədii zövqünü tərbiyə və inkişaf etdirmək sahəsində kompozitorlarımız hələ çox iş görməlidirlər.

Mahnı yaradıcılığından danışarkən bu məsələ ilə əlaqədar olan təşkilat işlərindəki bəzi nöqsanları da qeyd etməliyik. Yazılmış mahnıların bir çoxu Kompozitorlar İttifaqında geniş müzakirə edilmədən, əlaqədar idarəyə verilir. Azərbaycan radio məlumatı idarəsinin musiqi şöbəsi bəzən dostluq münasibəti yolu ilə bir sıra dəyərsiz, zəif mahnıları qəbul etmişdir. İfaçılarımızdan bəziləri, "mən bəyənmişəm, deməli yaxşıdır!" pripsipi ilə ayrı-ayrı mahnıları Kompozitorlar İttifaqını və başqa əlaqədar incəsənət idarələrini saymadan ifa edirlər.

Respublikamızda professional mahnıçı kompozitorlar ilə yanaşı özfəaliyyət müəllifləri də bir çox dəyərli mahnılar yaratmışlar. Bunlardan Xanlar şəhərinin orta məktəb müəllimi Almas Rzayevanın "Sevgilim", "Məhəbbət var olsun", Mehdi Vəlixanovun "Şamama haqqında mahnı", Qulu Əsgərovun "Gülən yar", "Vətən qızı" əsərlərini və bu sahədə çalışan başqa yoldaşların ayrı-ayrı mahnılarını qeid etmək olar.

Lakin nə Kompozitorlar İttifaqı, nə də Xalq Yaradıcılığı Evi bu istedadlı xalq müəllifləri ilə yaxından məşğul olmur.

Özfəaliyyət müəlliflərindən əlavə xalq aşıqları da mahnı ədəbiyyatını müntəzəm surətdə yeni əsərlərlə zənginləşdirirlər. Lakin aşıqlarımızın mahnı yaradıcılığında son zamanlar iki əsas nöqsan nəzərə çarpır. Əvvəla, aşıqlar arasında eyni musiqiyə tamamilə başqa mövzuda olan müxtəlif şerlər oxumaq işi bir adət olmuşdur ki, əslində, bu düzgün sayıla bilməz. Çünki hər bir şer daşıdığı məzmun və ideyadan asılı olaraq, özünə münasib musiqi obrazında təcəssüm etməlidir. Odur ki, yeni mətn üzərində həvəslə çalışan aşıqlarımız eyni zamanda yeni melodiya üzərində də çalışmalı və oxuduğu şer ilə musiqinin ahəngdar səslənməsinə böyük diqqət yetirməlidirlər. Digər tərəfdən bəzi aşıqların ifaçılıq sənətində (Bəylər Qədirov, aşıq Şakir və başqaları) həddindən artıq xanəndəçilik meyli, aşıq mahnılarına yersiz zəngulələr aşılamaq həvəsi duyulur ki, bu da həm aşıq musiqi yaradıcılığına xas olan üslubun, həm də şerin mətni ilə musiqi obrazı arasında zəruri olan qarşılıqlı əlaqənin pozulması ilə nəticələnir.

Oxunan mahnılardan bir çoxunun mətni cansız, sönük təşbehlər, dayaz fikirlər, mənasız ritorika və sözçülük ilə aşılanmışdır. Respublikamızın görkəmli şairləri mahnı sahəsində yaxından iştirak etmirlər. Gənc şairlərimiz isə sovet ədəbiyyatının banisi, sovet yazıçılarının böyük müəllimi A. M. Qorkinin sovet yazıçılarının Birinci Ümumittifaq qurultayında dediyi sözlərə lazımi qədər əməl etmirlər: "Gənc şairlərimiz gərək xalq üçün mahnılar yaratmaq işindən boyun qaçırmasınlar".

İfaçılarımızın sənətində də son zamanlar bir növ salonçuluq əhvali-ruhiyyəsi nəzərə çarpır. Nəğməkarlar ürəklərdə saf məhəbbət duyğusu yaratmalı olan sağlam lirikanı çox vaxt obyektiv səciyyəli və sentimental əda ilə ifa edirlər. Bunlar oxuduqları mahnının tempini qəsdən yavaşıtmaq kimi yollarla dinləyicidə hüzn və kədər əhval-ruhiyyəsi yaratmağa çalışırlar.

Mahnı mədəniyyətimizin misilsiz dərəcədə çiçəklənmə və inkişafı üçün hər bir şərait vardır. Mahnı janrında müvəffəqiyyətlə çalışa bilən təcrübəli və istedadlı kompozitor və şairlərimiz var. Şübhə yoxdur ki, onlar həyatı dərindən öyrənmək, xalq mahnı yaradıcılığının gözəl ənənələrini davam etdirmək, rus sovet mahnı ədəbiyyatının, böyük nailiyyətlərindən dərs almaq, sənətkarlığa xüsusi diqqət yetirmək, tənqid və özünütənqidi genişləndirmək yolu ilə xalqımızın zəngin mənəvi aləmini, kommunizm cəmiyyəti uğrunda şanlı mübarizəsini tərənnüm edən gözəl mahnılar yaradacaqlar.

“Ədəbiyyat və incəsənət”, 12 iyun 1954

 

 
     
        © Musigi Dunyasi, 2007