Bu gün dünyanın
müxtəlif ölkələrində yaşayan
milyonlarla zəhmətkeş, bəşəriyyəti
fəlakətə doğru aparmaq xəyalına
düşmüş yeni müharibə qızışdırıcılarına
ucadan deyirlər:
- Kapitalistlərin cibinə dollarlar tökən
dəhşətli müharibə bizə lazım
deyil, biz insan tələfatına yol verməyəcəyik,
biz sülh istəyirik!
Şanlı Kommunist partiyası və Sovet hökuməti
ətrafında sıx birləşən böyük
sovet xalqı bütün dünyada sülhün
bayraqdarıdır.
Dünya xalqlarının sülh uğrunda, yeni
müharibə əleyhinə sarsılmaz mübarizəsi
gündən-günə genişlənir. Sovet
xalqının möhkəm dostu və qardaşı
böyük Çin xalqı, xalq demokratiyası
ölkələri və bütün dünyanın
tərəqqipərvər adamları imperialistlərin
murdar niyyətlərini həmişə ifşa
etmiş və edəcəkdir. Sülh işinin
tükənməz qüvvəti sarsılmazdır!
Məhz buna görə də Amerika atomçuları
yeni müharibə alovlarını qızışdırmağa
nə qədər cəhd etsələr də,
nəticə etibarilə onlar öz xain məqsədlərinə
nail ola bilməyəcəklər. Sülh müharibəyə
qalib gələcəkdir!
Sülh uğrunda mübarizə işində
ədəbiyyat və incəsənətin də
rolu çox böyükdür. Şairin ilhamla
yaratdığı şer, dramaturqun yazdığı
pyes, rəssamın çəkdiyi tablo, kompozitorun
bəstələdiyi kütləvi mahnı, teatrın
göstərdiyi tamaşa - bütün bunlar
bugun sülh tərəfdarlarının əlində
möhkəm silahdır.
Son illərdə sovet kompozitorları sülh
uğrunda mübarizəni tərənnüm
edən bir çox iri və kiçik formalı
musiqi əsərləri bəstələmişlər.
Bunlardan A. Mineviçin "Sülh uğrunda" kantatasını
və Cövdət Hacıyevin "Sülh uğrunda"
simfonik poemasını xüsusi olaraq qeyd etmək
lazımdır.
Kütləvi mahnı janrı sahəsində
yaradılmış əsərlər xalq arasında
daha geniş yayılmışdır. V. Muradelinin
"Tələbələr himni", "Moskva-Pekin", A.
Novikovun "Dünya demokratik gənclər himni",
D. Şostakoviçin "Sülh mahnısı", S.
Rüstəmovun "Mən sülhə səs verirəm!",
Q. Qarayevin "Sülh haqqında mahnı"sı və
digər kompozitorlarımızın sülh mövzusuna
həsr etdikləri bir sıra qiymətli əsərlər
buna parlaq sübutdur.
Tərəqqipərvər bəşəriyyətin
sülh uğrunda mübarizəsi dünya mədəniyyəti
tarixinin ən parlaq səhifəsini təşkil
edir. Buna görə də Ümumdünya Sülh
Şurasının müraciətini var qüvvə
ilə müdafiə edən sovet adamları ilə
birlikdə, kompozitorlarımız da atom müharibəsi
hazırlanması əleyhinə Sovet Sülhü
Müdafiə Komitəsinin qərarını
yekdilliklə alqışlayırlar.
“Ədəbiyyat və incəsənət”, 09
aprel 1955 |
(Qurban Primovun anadan
olmasının 75 illiyi münasibətilə)
Musiqi ictimaiyyətimiz görkəmli tar çalan
Qurban Primovun anadan olmasının 75 illiyini və
musiqi sahəsindəki fəaliyyətinin 60 illiyini
böyük bir sevinc hissilə qeyd edir.
Qurban Primov 1880-cı ildə Ağdam rayonunun
Gülablı kəndində anadan olmuşdur.
Bu kənd hələ lap qədimdən bir çox
aşıqların vətəni kimi məşhurdur.
Qurban Primovun atası da böyük musiqi həvəskarı
idi və o həmişə fəxr edir ki, məşhur
Azərbaycan xalq aşığı Valehin nəslindəndir.
Qurban Primov hələ kiçik yaşlarından
musiqiyə həvəs və qabiliyyət göstərir,
beş yaşında ikən atasının rəhbərliyi
altında saz çalmağı öyrənməyə
başlayır. Oğlunun musiqiyə olan həvəsini
və bacarığını görən atası
sonralar onu Şuşa şəhərinə aparır
və o zamanın görkəmli tar çalanı
Mirzə Sadıq Əsəd oğlunun yanında
şagirdliyə qoyur.
Mirzə Sadıq gənc Qurban Primovun yaradıcılıq
cəhətdən inkişafında mühüm
rol oynamışdır. Qurban Primov özü
bu barədə deyir: "Mirzə Sadığın
sanətkarlığındakı böyük
qüdrət, onun hətta zahiri görünüşü
belə dinləyicini heyran edirdi, onun çalğısının
parlaq və dərin təsiri həyatımda
aldığım ən qüvvətli və
unudulmaz bədii təəssüratlardan biridir...".
Qurban Primovun inqilabdan əvvəlki dövrdəki
fəaliyyətinin diqqətəlayiq xüsusiyyətlərindən
biri bu olmuşdur ki, o bir sanətkar kimi o zamankı
mürəkkəb ictimai şəraitdə baş
verən hadisələri düzgün dərk
etməyə çalışmış və
öz yaradıcılıq taleyini geniş xalq
kütlələrinin həyatı və taleyi
ilə bağlamışdır. Qurban Primov 1905-ci
ildə Bakıya köçdükdən və
burada baş verən yenilikləri gördükdən
sonra bir daha dərk etdi ki, onun fəaliyyətinin
mənası xalqa xidmət etməkdən ibarətdir.
O zaman Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy
Haqverdiyev, Mirzə Ələkbər Sabir, Üzeyir
Hacıbəyov kimi qabaqcıl sənətkarlarla
dostluğu və ünsiyyəti Qurban Primovun
dünyagörüşünün formalaşmasında
böyük və həlledici rol oynamışdır.
Bununla əlaqədar olaraq qeyd etmək lazımdır
ki, Qurban Primov ilk opera tamaşamızın görkəmli
iştirakçılarından biri olmaq etibarilə
Azərbaycan operasının yaranması işində
yaxından və fəal iştirak etmişdir.
Həmin hadisədən başlayaraq bu günə
qədər Qurban Primovun ifaçılıq sənəti
Azərbaycan opera sənətilə yaxından
bağlıdır. Orkestrin gözəl və
məharətli solisti olmaqla bərabər, Qurban
Primov opera əsərlərinin özlərinin
yaranması uğrunda yorulmadan çalışan
bir xadimdir. R. M. Qlier "Şah Sənəm" operası
üzərində işlərkən Qurban Primov
ona yaxından kömək edib, xeyli qiymətli
material vermişdir. Təsadüfi deyildir ki, Qlier
Azərbaycan xalq musiqisini öyrənmək işində
Qurban Primovu özünün müəllimi adlandırır.
Görkəmli Azərbaycan bəstəkarlarından
Müslüm Maqomayev Azərbaycan muğamlarını
yazmağa və tutuşdurub tərtib etməyə
başlayarkən bir çox şeyləri Qurban
Primovun ifasından yazmışdır.
Mirzə Sadıq məktəbinin sadiq və ləyaqətli
davamçısı olan Qurban Primov gözəl
və nümunəvi akkomponiatordur. Bu cəhətdən
o öz çalğısı ilə müşayiət
etdiyi xanəndənin bədii silahdaşıdır.
Əgər onun müəllimi Mirzə Sadıq,
Qurban Primovun özünün dediyinə görə,
xanəndəni tarla müşayiət etmək
sənətini o zamana qədər heç bir musiqiçinin
xəyalına gəlməyən bir yüksəkliyə
və bədii kamilliyə çatdırmışdısa,
unutmaq olmaz ki, bu sahədə Qurban Primov özü
də həqiqətən yeni söz demişdir.
Yəni təkcə oxuyan - solisti yox, habelə
tarda ifa edilən musiqini dinləməyi, bu musiqini
oxuyan üçün bir əlavə kimi deyil,
oxunan havanın ayrılmaz bir hissəsi kimi dərk
etməyi, ansamblda tarın mühüm rolunu başa
düşməyi dinləyicilərimiz məhz
Qurban Primovun sayəsində öyrənmişlər.
Oxuyanı müşayiət edən tarçının
yaradıcılıq vəzifəsini dərindən
başa düşən Qurban Primov tar çalanda
özünə məxsus bir sənətkarlıqla
parlaq surətdə göstərir ki, musiqidəki
obraz, fikir, podtekst, ən incə boyalar və
bir sıra bədii ifadə vasitələri tarın
çalğısında özünü büruzə
verir. Bunların hamısını göstərə
bilmək sənətkar akkomponiatorun əlindədir
və Qurban Primov da həqiqətən belə
bir sənətkardır. Qurban Primov xanəndənin
ifasının ən gərgin yaradıcılıq
anlarında onun yaxın və səmimi köməkçisidir.
Biz Qurban Primovu muşayiət etdiyi xanəndənin
ifasını daimi bir yaradıcılıq narahatlığı,
eyni zamanda şən və nikbin bir ruh yüksəkliyi
ilə izləyən, xanəndənin psixoloji
halını həmişə başa düşən
və bunu nəzərə alan sənətkar
tar çalan kimi tanıyırıq. Belə sənətkardan,
məhz onun çalğısından, həssaslığından
və bədii incəlikləri başa düşmək
bacarığından çox şey asılıdır.
Belə sənətkar tarçı müşayiət
etdiyi solistin ifasına yaradıcılıq təsiri
göstərə bilər, ona lazım olan, düzgün
və prinsipial yaradıcılıq istiqaməti
verə bilər. Belə akkomponiator öz solist-xanəndəsi
ilə təsadüfi şəkildə yox, böyük,
uzun və gərgin yaradıcılıq işi
apardıqdan sonra çıxış edir və
nəticədə ifanın özündə
tam bir ansambl yaranır. Cabbar Qaryağdı oğlu,
Qurban Primov və Saşa Ohanezaşvilidən
mütəşəkkil məşhur trio məhz
belə bir həqiqi ansambl idi.
Azərbaycan muğamlarını gözəl
bilən Qurban Primov öz ifaçılıq məharəti
ilə Azərbaycan tar çalma sənətinin
ən yaxşı ənənələrini inkişaf
etdirmiş, bu ənənələri zənginləşdirmişdir.
Muğamlarımız Qurban Primovun ifasında
çox aydın, dolğun, geniş və bitgin
ifadəsini tapır, texniki cəhətdən
kamil və məharətli verilir.
Qurban Primovun ifaçılıq sənəti haqqında
danışarkən yalnız onun sənətkar
fərdiyyətinə aid olan bədii xüsusiyyətləri,
onun çox böyük təbii istedadını
deyil, habelə öz sənətinə çox
ciddi və tələbkar bir münasibət bəslədiyini
də qeyd etmək lazımdır, çünki
həqiqətən sənətkar olan adamlar məhz
bu xüsusiyyətlə fərqlənirlər.
Qurbanın tar çalmağında təbii bir
asanlıq, sərbəstlik, dəqiqlik, texniki
qəşənglik, nəcib və dərin lirizm
vardır. Bunlar onun ifaçılıq üslubunu
fərqləndirən xüsusiyyətlərdir.
O, tarı çox sadə, asan, sərbəst çalır.
Onun çalğıya verdiyi məna həmişə
aydın, sadə və ən başlıcası,
Azərbaycan xalq musiqisinin təbiətinə
uyğun olur. Sədəfli tarı çalanda
simlərdən qopan sadə və səmimi səslərin
ifadə etdiyi daxili hərarət və məna,
çalğının mənəvi yetkinliyi,
onda poetik ilhamın olması Qurban Primovun ifasındakı
cəzbedici qüvvənin əsas xüsusiyyətləridir.
Musiqinin dili ilə ifadə olunan dərin və
yetkin fikir Qurban Primovun ifasında ən yüksək
emosional gərginliklə birləşir.
Partiya və hökumətimiz Qurban Primovun xidmətlərini
yüksək qiymətləndirmişlər. 1929-cu
ildə ona respublikamızın əməkdar
artisti, 1930-cu ildə isə respublikanın Xalq
artisti adı verilmişdir. 1938-ci ildə Moskvada
Azərbaycan incəsənəti dekadası keçirilərkən
Qurban Primov "Şərəf nişanı" ordeni
ilə, Böyük Vətən müharibəsi
illərində medallarla təltif olunmuşdur.
Bu il, anadan olmasının 75 illiyi münasibətilə
Qurban Primov Qızıl Əmək Bayrağı
ordeni ilə təltif olunmuşdur.
Vətənimizdə mədəniyyətin və
incəsənətin daha da çiçəklənməsi
naminə görkəmli sənətkar Qurban Primova
uzun ömür və can sağlığı
arzu edirik.
"Ədəbiyyat və incəsənət”, 30
oktyabr 1955 |