Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

ŞER VƏ MUSİQİ

Kompozitorlarımız çox vaxt ona öz aralarında Azərbaycan sovet şerinin Üzeyiri deyirlər.

Doğrudan da Səməd Vurğun şerindəki melodiyalılıq və ahəngdarlıq onun poeziyasını ən əzəmətli bir simfoniya kimi səsləndirir. Hətta gündəlik məişətdə işlənən ən adi sözlər belə, onun şerində geniş və dərin bir məna kəsb edərək, qulağa son dərəcə xoş gələn bir avaz kimi dinləyicini valeh edir.

Şer və musiqi!

İnsan zəkasının yaratdığı bu iki əsl ilham məhsulu əzəldən bir-birinə bağlı olmuş və bunların arasındakı ünsiyyət təbii və qüdrətli bir amil olaraq daim yaşamış və yaşayacaqdır. Musiqini şer qədər bilən, çəngi və rübabı, nəğməni və tarı şeir qədər sevib alqışlayan Nizami də, Füzuli də həssas şair olduqları kimi incə zövq sahibi musiqişünaslar idilər.

Səməd Vurğun saz çalmaqda xalq aşıqlarının bir çoxundan geri qalmaz, keyfi gələndə hərdən tarını sinəsi üstə alıb, sarı simi narın mizrab ilə səslədər, gah da pəstən zümzümə edər. O, Azərbaycan muğamatının bütün gəzişmələrini bir professional musiqiçi qədər mükəmməl bilir. O, kamil eşitmə qabiliyyətinə malik olduğu üçün və həm də musiqiyə aid öz incə zövqü ilə hər bir musiqi əsərinin dəyərini çox düzgün təyin edər. Bunu mən hələ 1939-cu ildə, "Xanlar" pyesi ilk dəfə tamaşaya hazırlandığı zaman sınamalı olmuşdum. Bu pyes üçün yazdığım musiqidən yeni bir parça məşq edildiyi zaman notların bəzi cüzi səhvlərlə köçürülməsi üzündən orkestrin saxta səslərlə çaldığını o saatca duyub bildirən Səməd Vurğun, dirijoru və musiqiçiləri heyran etdi. Yazdığım mahnılardan birinin doğrudan da nəinki səhnədə göstərilən hadisə xarakterinə uyğun olmadığını və hətta ümumiyyətlə zəif olduğunu mənə asanlıqla sübut edərək:

- Məncə bunu "Şur" kökündə yox, "Segah" kökündə bəstələmiş olsa idik, daha artıq müvəffəq olardıq - dedi. O, tamamilə haqlı idi.

Böyük Vətən müharibəsinin ilk günləri idi. Dram teatrında "Fərhad və Şirin" pyesi tamaşaya hazırlanırdı. Səhnədə məşq çoxdan qurtarmışdı, aktyorlar evlərinə getmişdilər. Səməd Vurğun teatr direktorunun kabinetində quruluşçu rejissor Adil İsgəndərov ilə pyes üzərində işləyirdi. Mən bunları, səhv etmirəmsə, altıncı şəkil haqqında qızğın mübahisə etdikləri anda gördüm. Adil İsgəndərov pyesdə bəzi dəyişiklikləri zəruri hesab edirdi. Müəllif isə rejissorun gətirdiyi dəlillərin doğrudan da inandırıcı və düzgün olduğunu dönə-dönə sınamaq istəyir və bunun üçün ona müxtəlif suallar yağdırırdı. Çoxdan bəri işlədiklərinə görə hər ikisinin üzündə yorğunluq hiss edilirdi. Nəhayət Səməd Vurğun əlimdə tutduğum not kağızlarına işarə ilə:

- Nə gətirmisən? - deyə soruşdu.

- Ozanın mahnısını, həm də üç variantda! - deyə tez cavab verdim. Səməd Vurğun gülümsəyərək:

- Gedək bizim üçün çal!

Mahnının birinci variantını eşidincə Səməd Vurğun onu bir daha təkrar çaldırdı. Sonra üzünü Adil İsgəndərova tutaraq:

- Adil, necə bilirsən, məncə o biri variantlara qulaq asmasaq da olar, mən şəxsən çox bəyənirəm, lakin bir rejissor olaraq hökm səndədir!

Adil İsgəndərov da mahnını bəyənib qəbul elədi. Mən istədim deyəm ki, mahnının az-çox müvəffəqiyyətli çıxmasına səbəb şerin mənalı olması və musiqiyə asanlıqla yatmasıdır. Lakin Səməd Vurğun üzünü rejissora çevirib dedi:

- Yaxşı, Adil. Mən getdim sən deyən əlavələri yazmağa...

Sonra mahnının melodiyasını bir daha pəstdən oxuya-oxuya bizi tək buraxdı.

“Ədəbiyyat və incəsənət”, 12 may 1956
 
İSTEDADLI ARTİST

(Əlövsət Sadıqovun anadan olmasının 50 illiyi münasibətilə )

Respublikamızın teatr və musiqi ictimaiyyəti əməkdar artist Əlövsət Sadıqovun anadan olmasının əlli illiyini qeyd edir.

Hələ çox gənc ikən Nuxa (indiki Şəki - İ.Q.) ipək fabrikasında fəaliyyətə başlayan Əlövsət Sadıqov oradakı özfəaliyyət dərnəyində bir həvəskar sifətilə iştirak etmiş və yaxşı səsə malik olan nəğməkarlığını nümayiş etdirə bilmişdi. O, Azərbaycan muğamlarını, təsniflərini, xalq mahnılarını səlis və rəvan bir şəkildə oxumağa çalışır və bu yolda müəyyən müvəffəqiyyətlərə nail olur. Onun o zamankı nəğməkarlığında həmvətənlisi olan məşhur və görkəmli Azərbaycan xanəndəsi Əli Əskər Abdullayevin xoş nəfəsləri, gözəl "boğazları", "sərrast kəsişmələri" az da olsa öz əksini tapmışdır.

1927-ci ildə Əlövsət Sadıqov Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının xor kollektivinə qəbul olur. Az zamandan sonra o, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında aşıq Səlim və Aşıq Vəli rollarında, Uzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Zeyd və daha sonra İbn Salam rolunda müvəffəqiyyətlə çıxış edərək musiqi və vokal sənətinə yaxşı yiyələndiyini nümayiş etdirir.

Azərbaycan operasının böyük bir daxili varlığa malik müqtədir artisti Hüseynqulu Sarabskinin aktyorluq sənətindən dərs alan Əlövsət Sadıqov 1930-cu ildə xalqımızın görkəmli bəstəkarı Müslüm Maqomayevin rəhbərliyi ilə gənc aktyor qüvvələrinin hazırlamış olduğu "Aşıq Qərib" operası tamaşasında baş rolu müvəffəqiyyətlə ifa edir. Bu zamandan başlayaraq Əlövsət Sadıqov opera səhnəmizdə ardıcıl olaraq "Əsli və Kərəm" operasında Kərəm rolunu, "Leyli və Məcnun" operasında Məcnun rolunu, "Şah İsmayıl" operasında Şah İsmayıl rolunu ifa edir.

Əlbəttə, hər bir aktyorun yaradıcılığında olduğu kimi, Əlövsət Sadıqovun oynadığı rollardakı surət dolğunluğu eyni səviyyədə deyildir. Burada aktyorun malik olduğu fiziki keyfiyyət (xarici görünüş, səs və sairə) ilə yanaşı, psixoloji əhval-ruhiyyə kimi amillərin böyük əhəmiyyəti vardır. Odur ki, hər bir artistin daha müvəffəq olduğu rolları ilə yanaşı, onun aktyorluq sənətinin təbiətinə uyuşmayan rolları da olur. Tamaşaçılarımızdan bir çoxu Əlövsət Sadıqovun oynadığı Məcnun roluna nisbətən az müvəffəq olduğunu haqlı olaraq qeyd edirlər.

Şübhəsiz ki, burada məsələ dahi Füzulinin əzəmətli dastanını oxuduqdan sonra təsəvvürümüzə gətirdiyimiz, xəyalımızda candandırdığımız incə, zərif, öz böyuk məhəbbəti və səmimi eşqi ilə "xəstə", həssas, "uslubu dürüst, üsulu qaim" olan Füzuli Məcnunu ilə səhnədə gördüyümuz "Məcnun" surəti arasındakı böyük fərqdən ibarət olaraq qalmır. Bununla yanaşı əsl məsələ böyük bəstəkar Üzeyir Hacıbəyovun yaratdığı "Leyli və Məcnun" operasında da Məcnun rolunun lirik planda verilməsi və lirik səs üçün bəstələnməsindən ibarətdir. Əlövsət Sadıqov, xalq xanəndələrimizin işlətdiyi termin ilə desək, - çox istedadlı, gur və həm də zil səsə malik bir nəğməkardır. Odur ki, o, pəstdən oxuyur, malik olduğu uzun nəfəsli zəngulələrdən bəzən həddindən ziyada sui-istifadə edir. Lakin Məcnun roluna az münasib olan bütün bu cəhətlər Əlövsət Sadıqovun böyük müvəffəqiyyət və bacarıqla oynadığı Aşıq Qərib, Kərəm və xüsusilə Şah İsmayıl rollarında son dərəcə yerində, münasib və lazımi surətdə təcəssüm edir. Bu rollar Əlövsət Sadıqov tərəfindən çox dolğun, çox ifadəli və inandırıcı bir şəkildə ifa edilir.

Əlövsətin özü kimi səsi də sağlamdır. Əlövsətin səsindəki cavanlıq, onun muğamat oxumaq sənətində Azərbaycan xalq xanəndələrinin gözəl ifaçılıq ənənələrinə sadiq olan nəğməkar kimi riayət etməsindən irəli gəlir. Azərbaycan xalq xanəndələrinin - "Səs işləndikcə açılar!" şüarı, Əlövsət Sadıqov yaradıcılığının da ən dəyərli məziyyətlərindən birini təşkil edir. Məhz bu səbəbə görədir ki, Əlövsət Sadıqov xüsusən son illərdə teatrımızda bütün muğam operalarının repertuarını, demək olar ki, tək daşımasilə bərabər eyni zamanda geniş konsert fəaliyyəti ilə də məşğul olur. O, dövlət filarmoniyasında, estrada və radioda, respublikamızın şəhər və kəndlərində, sənaye müəssisələrində, kolxozlarda, Sovet Ordusu hissələrində verilən konsertlərdə tez-tez çıxış edir və dinləyicilərimizin məhəbbətini qazanır.

Hazırda Əlövsət Sadıqov öz aktyorluq və nəğməkarlıq sənətinin əsl çiçəklənən dövrünü keçirir. Azərbaycan musiqi-vokal sənətinin istedadlı nümayəndələrindən biri olan Əlövsət Sadıqovun gələcəkdə daha böyük yaradıcılıq nailiyyətləri əldə etməsini ürəkdən arzu edirik.

“Ədəbiyyat və incəsənət”, 16 dekabr 1956

 

 
     
        © Musigi Dunyasi, 2007