Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

BÖYÜK KOMPOZİTOR

Fevralın 15-də musiqi ictimaiyyətimiz bütün sovet xalqı ilə birlikdə böyük rus kompozitoru Maxail İvanoviç Qlinkanın vəfatının yüz illiyini qeyd edəcəkdir.

Qlinkanın yaradıcılığı rus bədii sənətkarlıq mədəniyyətinin ən yüksək mərhələsində durur. Böyük kompozitor, ən geniş xalq kütlələrinin məhəbbət və rəğbətini qazanmış ölməz "İvan Susanin", "Ruslan və Lüdmila" operalarının, bir sıra simfonik və kamera əsərlərinin müəllifidir. Qlinka haqlı olaraq rus musiqisinin ilk klassiki sayılır. O, rus kompozitorlarının gələcək nəsli üçün yol göstərmiş, bütün bəşəriyyətin bədii mədəniyyətində böyük və əvəzsiz nailiyyət sayılan rus milli musiqi məktəbinin nüfuzlu simalarından biri olmuşdur.

Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk vilayətinin Novospask kəndində anadan olmuşdur. Onun zəngin təəssüratla dolu uşaqlığı rus meşələri və çöllərində keçmişdir. O, hələ balaca yaşlarında ikən rus xalqının gözəl mahnılarını dərin həyəcan içində dinləmişdir. 1812-ci ildə müharibənin başlanması ilə ədaqədar olaraq Qlinkanın ailəsi öz doğma yurdunu tərk etməyə məcbur olmuşdur. 1817-ci ildə, on üç yaşlı Qlinkanı Peterburqa gətirdilər. O, burada uşaqları dövlətə xidmət etmək işinə hazırlayan baş pedaqoji institutu yanındakı pansiona daxil oldu.

Bu məktəbin müəllimləri arasında dövrün qabaqcıl adamları, dekabrist hərəkatına yaxın olan adamlar var idi. Onlar, bu istedadlı tələbənin təhsili ilə xüsusilə maraqlanır, onun mütləqiyyətə qarşı nifrət hissini qüvvətləndirir, onun qəlbinə xalqa və vətənə məhəbbət hissini aşılayırdılar. A. S. Puşkinin ən yaxın dostlarından biri olan dekabrist V. K. Kyuxelberq Qlinkanın inkişafına böyük təsir göstərmişdir.

1820-ci illərin sonunda Qlinka A. S. Puşkin, V. A. Jukovski, A. S. Qriboyedov və V. F. Odoyevski ilə yaxından tanış olmuşdur. Onlar kompozitoru bir sıra romanslar və mahnılar yaratmağa ruhlandırdılar.

1834-cü ildə Qlinka onu çoxdan bəri duşündürən rus milli operalarını yaratmaq arzusunu həyata keçirməyə, Jukovskinin məsləhəti ilə "İvan Susanin" operası üzərində işləməyə başlayır. Lakin əsər yazıldıqdan sonra, onu tamaşaya qoymaq işində bir çox çətinliklər meydana çıxdı. İmperator teatrının direktorluğu Qlikaya hər cür maniəçiliklər törətdi, belə hesab etdilər ki, rus operasını tamaşaya qoymaq üçün vaxt və vəsait sərf etməyə dəyməz. Teatrın direktoru operanı rədd etmək üçün bəhanələr axtarmağa çalışaraq, operanın partiturasını rəy almaqdan ötrü teatrın dirijoru Kavosa göndərdi. İş orasındadır ki, Kavos özü eyni süjet əsasında yazılan operanın müəllifi idi. Teatrın direktoru da Qlinkanın operasına Kavosun mənfi qiymət verəcəyi ümidində idi. Lakin qocaman dirijor Kavos nə qədər namuslu və vicdanlı adam olduğunu göstərdi. O, dedi: "Bu operanın musiqisi mənim musiqimdən həqiqətən yaxşıdır, bundan başqa onun musiqisi əsl xalq ruhunu ifadə edir".

1836-cı il dekabrın 9-da "İvan Susanin" operasının birinci tamaşası oldu. Həmin gün rus musiqisi tarixinə klassik milli operanın yaranması günü kimi daxil oldu. Qlinka böyük dramatik qüvvəyə malik olan, öz dərin təsiri və kamil sənətkarlığı ilə ondan əvvəlki rus operalarını çox geridə qoyan bir əsər yaratdı.

"İvan Susanin" operası geniş tamaşaçılar kütləsi arasında böyük müvəffəqiyyət qazandı. Puşkin, Vyazemski, Jukovski, Odoyevski, Qoqol, Belinski bu əsərin meydana çıxmasını qızğın alqışladılar. Lakin Peterburq aristokratiyası "İvan Susanin" operasının musiqisindəki xəlqiliyə etinasız yanaşır, onu "arabaçı musiqisi" deyə adlandırırdı. Kompozitor öz "Məktublarında" aristokrat "bilicilərinə" kəskin cavab verərək, yazmışdır: "bu yaxşıdır və hətta düzdür, çünki arabaçılar, məncə, ağalardan daha da fəaldırlar".

"İvan Susanin" operasının xəlqiliyi həm onun süjetində, həm orada iştirak edənlərin obrazlarında və rus xalq musiqisinin intonasiyaları ilə bağlı olan musiqisindədir. Operada bütün hadisələrin inkişafı bir-birilə sıx bağlı olan iki cəhətin qarşılıqlı əlaqəsinə əsaslanır: Susaninin şəxsiyyəti və xalq! Susanin xalq içərisindən çıxmış elə qəhrəmanlardandır ki, o, öz mühitində ümumi kollektivin mənafeyi ilə yaşayır. Bununla bərabər o, yüksək epik əhəmiyyəti olan obrazdır. Bu nöqteyi nəzərdən demək olar ki, Üzeyir Hacıbəyovun "Koroğlu" operası da eyni estetik mövqedən yaradılmışdır. Dahi Qlinkanın sağlam ənənələrini izləyən böyük kompozitorumuz Ü. Hacıbəyov da qəhrəmanı onu yetişdirən xalqla sıx əlaqədə göstərmək məsələsinə düzgün yanaşmışdır. Məlum olduğu kimi, "Koroğlu" operasında obrazların realist dolğunluğu, musiqi dilinin zənginliyi, musiqi-dramatik inkişafın qüvvəsi bu gözəl əsərin xarakter xüsusiyyətləridir.

Qlinka Puşkinin nağıl-poemasının sujeti əsasında yazdığı "Ruslan və Lüdmila" operasında rus eposunun əzəmətli səhifələrini canlandırır. Məlumdur ki, Puşkin Qlinkanın bu fikrinə böyük maraqla yanaşmışdı, lakin şairin facianə ölümü onların birgə işləməsinə imkan vermədi. Bu operanın əsas ideyası - həyatın qələbəsi, xeyrin şər üzərində qələbə çalması ideyasıdır. Bu qələbə gərgin və qəhrəmancasına mübarizə sayəsində əldə edilir. Qlinka igidlik və qəhrəmanlığı, sevgiyə sədaqətli olmağı tərənnüm edir, xadqın gözəl obrazını yaradır. "Ruslan və Lüdmila" operasında kompozitor rus və şərq musiqisi koloritini müvəffəqiyyətlə bir- birinə uyğunlaşdırmışdır. Rus milli xarakteri qədim Kiyev səhnələrində, Ruslanı və Lüdmilanı xarakterizə edən musiqidə parlaq surətdə təcəssüm etdirilmişdir. Operanın əfsanəvi ünsürləri Şərqin xalq musiqisi obrazlarında ifadə olunmuşdur. Qlinkanın "Qalanın dibində bir daş olaydım, gələnə-gedənə yoldaş odaydım" adlı Azərbaycanın məşhur xalq mahnısından istifadə etməsi faktı diqqəti cəlb edir.

Bu opera birinci dəfə 1842-ci ilin dekabrında tamaşaya qoyulmuşdur. Opera rus cəmiyyətinin qabaqcıl adamları arasında son dərəcə böyük maraq oyatdı.

Qlinkanın rus musiqisindəki mövqeyi, haqlı olaraq, Puşkinin rus ədəbiyyatındakı tarixi rolu ilə müqayisə edilir. Puşkin rus ədəbi dilinin, Qlinka isə musiqi dilinin yaradıcısıdır.

Qlinkanın yaradıcılığı bizim zəmanəmizdə də öz qüvvət və əhəmiyyətini itirməmişdir. Onun əsərləri teatrlarımızın, filarmoniyalarımızın, ifaçıların və kollektivlərin repertuarını bəzəyir və dinləyicilərin qəlbində ən səmimi duyğular oyadır.

“Ədəbiyyat və incəsənət”, 10 fevral 1957
 
XALQ ARTİSTİ

Respublikamızın teatr və musiqi ictimaiyyəti xalq artisti Həqiqət Rzayevanın yaradıcılıq yubileyini təntənə ilə qeyd edir.

Həqiqət Rzayeva hələ məktəbdə oxuyarkən teatr sənətilə maraqlanmış, məktəb səhnəsində tamaşaya qoyulan əsərlərdə həvəskar kimi çıxış etmişdir. Sonralar o, bir müddət Bakıda yeni təşkil olunmuş "Damğa" canlı qəzetində işləmişdir. Bu teatrda o, müvəffəqiyyətlə çıxış etdiyinə görə 1927-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına qəbul olunur.

İlk vaxtlarda opera teatrında bir sıra kiçik rollarda çıxış edən Həqiqət, çox çəkmədən öz istedadı ilə kollektivin hörmətini qazanaraq məsuliyyətli rollara irəli çəkilir. Onun oynadığı ilk böyük rol "Şah İsmayıl" operasında əsas surətlərdən biri olan Ərəbzəngidir. Mübaliğəsiz demək olar ki, opera teatrımızın səhnəsində bu mürəkkəb rolun ilk və əsl yaradıcısı Həqiqət Rzayeva olmuşdur.

Kişi paltarı geyinib yol kəsən, qılınc oynadan Ərəbzənginin romantik surətini kompozitor Maqomayev "Qəhrəmanı", "Cəngi" musiqisi üslubunda bəstələdiyi xüsusi leytmotiv ilə səciyyələndirmişdir.

Ərəbzənginin musiqi parçasında sözün əsl mənasında heç bir muğam yoxdur. O, nə bir "Segah", nə "Bayatı Şiraz", nə "Şur", nə də başqa muğam oxuyur. Yalnız Şah İsmayıl tərəfindən məğlub edildikdə bir ağız kəsmə şikəstə deyir. Lakin onun bütün əsər boyu oxuduğu musiqi parçaları öz quruluşu etibarilə muğamat intonasiyalarına əsaslanır.

20 ildən artıq müddətdə bu rolu əvəzsiz olaraq opera teatrının səhnəsində oynayan Həqiqət tamaşadan tamaşaya bu obrazı cilalandırmış, Ərəbzəngi partiyasının ifaçılıq ənənəsini yaratmışdir.

Ərəbzəngi surətindən sonra böyük məhəbbətlə sevən və ictimai quruluşun doğurduğu köhnə adət, ənənələrə qarşı "Ah bu nə sitəm, bu nə zülm" deyə öz etiraz səsini ucaldan Leylinin faciəsini səhnədə yaratmaq o qədər də asan deyildi.

Musiqi cəhətdən bu mürəkkəb partiyanın öhdəsindən gəlmək üçün hər şeydən əvvəl muğamatı yaxşı oxumaq tələb olunurdu.

Həqiqət Rzayeva Leyli roluna çox ciddi hazırlaşdı. Hər şeydən əvvəl o, Cabbar Qaryağdı, Qurban Primov, Seyid Şuşinski kimi görkəmli muğamat ustalarından müntəzəm dərs alır, tamaşanın quruluşçu rejissoru Abbas Mirzə Şərifzadə və tamaşada baş rolda çıxan Hüseynqulu Sarabski kimi böyük səhnə xadimlərinin dəyərli məsləhətlərini həvəslə dinləyirdi.

İstər bəmdə, istərsə də zildə sərbəst və asanlıqla oxuyan, eyni dərəcədə güclü səslənən, xalq xanəndələrimizin işlətdiyi dillə desək-qaltanlı səsə malik olan Həqiqət Rzayevanın oynadığı Leyli obrazı, onun ən gözəl yaradıcılıq nailiyyətlərindən biridir.

Ərəbzəngi, Leyli, Əsli, Şahsənəm kimi rolları çox gözəl ifa edən Həqiqət Rzayevanın "Arşın mal alan" musiqili komediyasında şux, çevik və sadə təbiətli qulluqçu Telli rolunu da son dərəcə səmimi və inandırıcı tərzdə yarada bilməsi, istedadlı aktrisanın geniş yaradıcılıq imkanlarına malik olduğunu sübut etdi.

Azərbaycan musiqi, vokal sənətinin istedadlı nümayəndələrindən olan Həqiqət Rzayevaya öz işində yeni yaradıcılıq müvəffəqiyyətləri arzu edirik.

“Ədəbiyyat və incəsənət”, 2 iyun 1957

 

 
     
        © Musigi Dunyasi, 2007