Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

MUSİQİMİZİN İNKİŞAFI

Azərbaycan sovet musiqisinin bugünkü nailiyyətlərini nəzərdən keçirdikdə, insanın qəlbi böyük iftixar və sevinc duyğusu ilə çırpınır.

Kommunist partiyası və Sovet hökumətinin atalıq qayğısı ilə tərbiyələnən, öz ilhamlı zəhmətinin mənasını xalqına sədaqətlə xidmət etməkdə görən bəstəkarlarımızın əldə etdikləri yaradıcılıq müvəffəqiyyətləri, doğrudan da, o qədər böyük və o qədər əzəmətlidir ki, bu xüsusda edilən hər bir tərif, heç də mübaliğə kimi səslənmir.

Hələ 1905-ci il inqilabının həyatımızda əmələ gətirdiyi canlanma sayəsində bütün Orta və Yaxın Şərq aləmində birinci olaraq Azərbaycanda yaranan opera və musiqili komediya janrının meydana gəlməsi çox əlamətdar bir hadisə idi. Mədəniyyətimizin tarixində böyük əhəmiyyəti olan ilk opera və musiqili komediya əsərlərinin müəllifi, Azərbaycanda opera sənətinin banisi, xalqımızın sevimli oğlu böyük bəstəkar Üzeyir Hacıbəyovun musiqi yaradıcılığı Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra daha da çiçəklənib yüksəldi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda Dövlət konservatoriyasının təsis olunması, opera teatrının milliləşdirilməsi, filarmoniyanın açılması, çoxsəsli xorun və xalq çalğı alətləri orkestrinin təşkil olunması və musiqinin inkişafı işində ən ümdə və əsas vəzifələrdən biri olan - musiqi sənəti texnikasına mükəmməl yiyələnən kadrların yetişdirilməsi işinin müvəffəqiyyətlə həll olunması - reslublikamızda musiqi sənətinin bütun janrlarını əhatə edən dəyərli əsərlərin yaranmasını təmin etdi.

Azərbaycan sovet bəstəkarlarının yaratdığı simfonik əsərlər hazırda sovet ölkəsinin hər yerində və həm da xarici ölkələrdə müvəffəqiyyətlə çalınır. Musiqi sənətinin ən mürəkkəb janrlarından biri olan opera həmişə musiqi ictimaiyyətimizin diqqət mərkəzində durur. Özündə dünya opera klassikasının nailiyyətlərini əks etdirən, opera janrına xas olan mürəkkəb musiqi formaları əsasında bəstələnən opera əsəri yaratmaq məqsədilə inqilabın ilk illərində Bakıya dəvət olunan görkəmli sovet bəstəkarı R. Qlierin "Şahsənəm" operası Azərbaycan musiqi teatrının inkişafı işinə müəyyən kömək göstərmiş oldu. Lakin Azərbaycan xalq muşiqi nümunələrindən bir çoxunun məharətlə bəstələnib bu əsərə daxil edidməsinə baxmayaraq, "Şahsənəm" operası musiqi dilinin müəyyən dərəcədə eklektik olması, yəni bəstəkarın öz şəxsi yaradıcılıq məhsulu olan musiqi parçalarının dili ilə xalq musiqisindən istifadə edilərək bəstələnmiş parçalar arasında melodika cəhətcə olan uyğunsuzluq, librettosunun eyni süjet əsasında səhnəmizdə gedən "Aşıq Qərib" operası librettosuna nisbətən zəif tərtib edilməsi nəticəsində bu opera arzu edildiyi qədər müvəffəqiyyətli çıxmadı.

Xalqımızın görkəmli bəstəkarı Müslüm Maqomayevin "Nərgiz" operası Azərbaycan musiqisində yeni və böyük müvəffəqiyyət kimi səsləndi. Mövzusu Azərbaycan kəndlilərinin Sovet hakimiyyəti uğrunda inqilabi mübarizəsindən alınan (librettosunun müəllifi M. S. Ordubadidir) "Nərgiz" operasında öz azadlığı yolunda cürətlə ayağa qalxan kəndli kütləsinin, o cümlədən kəndli qızı Nərgiz və çoban Əlyarın real obrazları çox yaxşı verilmişdir.

İlk dəfə 1937-ci ildə səhnəyə qoyulan "Koroğlu" operası, istər Üzeyir Hacıbəyovun musiqi yaradıcılığında, istərsə də bütün sovet opera sənətində şərəfli yer tutur. Sənətdə yüksək ideyalılıq və xəlqilik prinsipinə riayət etməyin ən gözəl və ən parlaq nümunəsi olan "Koroğlu" operası sovet musiqi sənətinin böyük nailiyyətlərini özündə əks etdirir. "Koroğlu" operasındakı melodik zənginlik, musiqi dilinin səlis və rəvan olması, ariya, xor nömrələri, simfonik epizodlar və reçitativ tərzində bəstələnən səhnələr arasında olan aydın üslub vəhdəti və nəhayət, əsər qəhrəmanlarının musiqi obrazındakı gerçəklik, inandırıcı xarakteristika bu əsərin yüksək bədii keyfiyyətlərini bütün aydınlığı ilə göstərir. Sözün əsl mənasında nümunə olan bu klassik əsər sovet musiqi xəzinəsində çox dəyərli bir gövhər kimi daim parlayacaqdır.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü Azərbaycan sovet musiqisinin böyük nailiyyətlərə çatdığını parlaq surətdə nümayiş etdirdi.

Böyük Vətən müharibəsi illərində bəstəkarlarımız çox məhsuldar çalışmışlar. Bu dövrdə xüsusilə kütləvi mahnılar bəstəkarlarımızın yaradıcılığında geniş yer tapmışdır. 1944-cü ildə Tbilisidə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə bəstəkarlarımız simfonik janra da yiyələndiklərini ilk dəfə nümayiş etdirdilər. Burada Q. Qarayevin, C. Hacıyevin, S. Hacıbəyovun simfoniyaları, F. Əmirovun simfonik poeması, Ə. Abbasovun "Rəqs süitası" kimi simfonik əsərlər səsləndi. Eyni zamanda gənc bəstəkarlarımızın vokal-instrumental əsərləri də dinləyicilər tərəfindən bəyənildi.

1945-ci ildə mövzusu Böyük Vətən müharibəsi günlərində sovet xalqının göstərdiyi qəhrəmanlığı və xalqlar dostluğunu əhatə edən Q. Qarayev və C. Hacıyevin "Vətən" operası tamaşaya qoyuldu.

Böyük Azərbaycan şairi Nizaminin "Leyli və Məcnun" əsəri mövzusunda Q. Qarayevin bəstələdiyi "Leyli və Məcnun" simfonik poeması öz dərin məzmunu, parlaq ifadəsi və gözəlliyi ilə musiqi ictimaiyyətimizin böyük məhəbbətini qazandı.

Lakin bəstəkarlarımızın bu dövrdə əldə etdikləri müvəffəqiyyətləri ilə yanaşı, musiqi yaradıcılığında ciddi nöqsanlara da yol verildiyi getdikcə aşkara çıxmaqda idi. Sovet bəstəkarlarının bəzi əsərlərində formalizm təmayülü, xalq və klassik musiqi ənənələrinə qarşı etinasızlıq, əsərlərdə melodik materialın mücərrədliyi - bəzi əsərlərdə isə gözəl sadəliyin primitivliklə əvəz olunması və musiqi ifadə vasitələrinin kasıblığı kimi zərərli hallar meydana gəlmişdir.

Sov.İKP Mərkəzi Komitəsinin musiqi haqqında qəbul etdiyi 10 fevral 1948-ci il tarixli qərarı sovet bəstəkarlarının yaradıcılığına düzgün istiqamət verdi və onların gələcək yaradıcılıq yolunu işıqlandırdı.

Partiyanın bu tarixi qərarına cavab olaraq bilavasitə yazılan bir çox musiqi əsərləri içərisində ən dəyərlisi, şübhəsiz ki, Fikrət Əmirovun "Şur" və "Kürd ovşarı" simfonik muğamları idi. Xalq muğamlarının təbiətində olan dramatizmi simfonik orkestrin malik olduğu geniş ifadə vasitələri ilə simfonizmdən geniş istifadə edərək daha əzəmətli səsləndirə bilən F. Əmirovun böyük müvəffəqiyyətlə nəticələnən bu yaradıcılıq təşəbbüsü Niyazinin bəstələdiyi "Rast" simfonik muğamı ilə davam etdirildi.

C. Cahangirovun "Arazın o tayıında" vokal-simfonik poeması, C. Hacıyevin "Sülh uğrunda" simfonik poeması kimi qiymətli əsərlər bəstəkarlarımızın müasir mövzuda müvəffəqiyyətlə çalışdıqlarını göstərir. Bu cəhətdən S. Hacıbəyovun mövzusu bugünkü həyatdan alınmış "Gülşən" baleti çox təqdirəlayiqdir.

Q. Qarayevin "Yeddi gözəl" balet əsəri Azərbaycan musiqisinin ən böyük nailiyyətlərindən biridir. Ölkəmizin bir çox şəhərlərində müvəffəqiyyətlə gedən "Yeddi gözəl" baletinin musiqisi Nizami əsərindəki əsas fikirləri parlaq surətdə ifadə edir.

C. Cabbarlının eyni adlı pyesi üzrə F. Əmirovun yazdığı "Sevil" operası (librettosu və mətni T. Əyyubovundur), bastəkarın opera janrında əldə etdiyi böyük müvəffəqiyyətdir. Musiqi dilinin aydınlığı, gərgin musiqi dramaturgiyası, əsərdəki obrazların yaxşı musiqi xarakteristikası, opera janrına aid formalardan (ariya, duet, ansambl, xor, simfonik epizodlar və sairə) yerində və yaxşı istifadə olunması, librettosunun opera dramaturgiyası xüsusiyyətlərinə düzgün riayət edilərək tərtib olunması, mətnin yüksək ədəbi keyfiyyəti - "Sevil" operasının əsas məziyyətlərindəndir.

Musiqili komediya janrında da müvəffəqiyyətlərimiz az deyil. S. Rüstəmovun "Beş manatlıq gəlin" və "Durna" musiqili komediyaları, F. Əmirovun "Ürək çalanlar" və "Gözün aydın", S. Ələsgərovun "Ulduz" və "Məhəbbət gülü", S. Hacıbəyovun "Qızıl gül" kimi musiqili komediya əsərləri bəstəkarlarımızın bu sahədə məhsuldar çalışdıqlarını göstərir.

Mahnı yaradıcılığında əldə edilən müvəffəqiyyətlərimiz daha böyükdür. Üzeyir Hacıboyovun "Sənsiz" və "Sevgili canan" qəzəllərindəki forma orijinallığını davam və inkişaf etdirən bəstəkarlarımız, bir çox yeni formalar yaratmış, mahnıların istər məzmun və istərsə də şəklində yeni və orijinal nümunələr göstərmişlər. Sovet adamlarının nəcib sifətlərini, şanlı əmək nailiyyətlərini tərənnüm edən mahnılar öz melodik gözəlliyi ilə xalqımız tərəfindən çox bəyənilir. S. Rüstəmovun "Sürəyya", "Komsomol", "Mən sülhə səs verirəm", "Qurban adına", "Bənövşə", "Neftçi qız", "Alagöz", "Həkim qız", "Toxucu qız" və daha bir çox bu kimi gözəl mahnıları Azərbaycan sovet mahnı yaradıcılığının melodik zənginliyyni, məzmun etibarilə geniş sahələri əhatə etdiyini göstərir. Mahnı və yüngül musiqi sahəsində Tofiq Quliyev, Rauf Hacıyev, Zakir Bağırov, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Qənbər Hüseynlinin də yaratdığı əsərlər müvəffəqiyyət1ə ifa edilməkdədir.

Bütün bu böyük müvəffəqiyyətlərə baxmayaraq, hələ də bəstəkarlarımız xalqımızın musiqiyə olan böyük və haqlı tələblərini tam mənasilə təmin edə bilməmişlər.

N. S. Xruşşov yoldaşın incəsənət xadimləri qarşısında qoyduğu böyük və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bəstəkarlarımız öz yaradıcılığını xalqımızın həyatı ilə daha sıx surətdə bağlamalı, sovet varlığının əzəmətli nailiyyətlərini, sovet adamlarının zəngin mənəvi aləmini doğru və həqiqi bir şəkildə əks etdirən, sovet cəmiyyətinin rəngarəng və çoxcəhətli həyatını tərənnüm edən yeni musiqi əsərləri yaratmalıdırlar.

“Ədəbiyyat və incəsənət”, 6 noyabr 1957

 

 
     
        © Musigi Dunyasi, 2007