Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

QOCAMAN SƏNƏTKAR 1908-ci il...

Bakıda ilk Azərbaycan operası "Leyli və Məcnun" tamaşasının məşqi gedir. Orkestrdə oturan sazəndələrdən bəzisi, küçədə cövlan edən qaragüruhun, kütbaş millətpərəstlərin, kapitalistlərin və onların əlaltısı olan Bakı qoçularının Azərbaycan opera sənətinin yaradılmasına əleyhdar olduğunu duymuş, onların qıcımış dişlərindən, bərəldilmiş gözlərindən qorxuya düşmüş və indi operada iştirak etmək kimi "xatalı işdən" bir təhər baş qaçırmaq üçün bir bəhanə axtarmaqda idi. Həm də gənc bəstəkar Üzeyir Hacıbəyovun tarixdə misli görünməyən bu cəsarətli təşəbbüsünün də yaxşı nəticələnəcəyinə inanmaq çətindir...

Gənc Üzeyir isə həm skripka çalır, həm də dirijorluq edir. Lakin öz aralarında tez-tez mübahisələr uyduran sazəndələri sakit etmək çox da asan deyil. Bünun üçün dramaturq Əbdurrəhimbəy Haqverdiyev Üzeyir Hacıbəyovun xahişi ilə dirijorluq kürsüsündə əyləşib, orkestrdə nizam və intizam bərpa etməyə çalışır. Buna baxmayaraq sazəndələr arasında yersiz mübahisələr heç də kəsilmir...

Tarçılar arasında yalnız bir nəfər bu mübahisələrdə iştirak etmir. Qara qıvrım saçlı, xoş təbəssümlü, sakit davranışlı bu tarçı öz sədəfli tarını sinəsi üstünə alaraq, gənc müəllifin məsləhət və göstərişlərinə qulaq asmaqda, ona yaxından kömək etməkdə idi.

Bu gənc tarçı Qurban Primov idi.

- "Yadımdadır, hansı bir havanı necə çalmaq lazımdır, -məsələsi haqqında tarçılar arasında qızğın münaqişə başlandı və bu münaqişə elə bir ciddi hal aldı ki, operanın birinci tamaşasına Qurban Primovdan (indi Azərbaycan SSR xalq artistidir) başqa heç bir tarçı gəlmədi" (Üzeyir Hacıbəyov. "Leyli və Məcnundan" "Koroğluyadək" adlı məqalədən).

Azərbaycan operasının əlli il bundan qabaq verdiyi ilk "Leyli və Məcnun" tamaşasından başlayaraq, bugünə kimi opera teatrımızda fədakarlıqla çalışan bu görkəmli sənətkar haqlı olaraq xalqımızın böyük məhəbbət və hörmətini qazanaraq, bütün teatr kollektivi tərəfindən ürəkdən sevilir.

Qurban Primov Azərbaycanda opera sənətinin yaranması üçün bütün varlığı ilə çalışmış, Üzeyir Hacıbəyovun ən yaxın, ən sadiq, ən vəfadar dostlarından, məsləkdaşlarından biri olmuşdur.

Əlli ildən bəridir ki, Qurban Primov öz gözəl və mahir ifaçılıq sənətini Azərbaycan operasının inkişaf yolu ilə sıx bağlamışdır. "Leyli və Məcnun"dan sonra bəstələnən bütün opera əsərlərində Qurban Primovun çalğısı tamaşaların emosional təsirini daim qüvvətləndirmiş, opera artistlərinin -nəğməkarların ifasına rövnəq vermişdir.

1920-ci il...

Azərbaycanda Sovet hakimiyyətinin qurulması incəsənətimizin günü-gündən çiçəklənib yüksək zirvələrə çatmasına geniş yollar açdı. Öz ömrünün mənasını xalqa xidmət etməkdə görən bütün sovet incəsənət xadimləri kimi Qürban Pirimovun da sənətinin daha da parlaması, hərtərəfli inkişaf etməsi üçün geniş üfüqlər açıldı. O, "Şah İsmayıl" operası üzərində yenidən işləyən və Azərbaycan muğamlarını nota salmaq yolunda ilk təşəbbüs göstərən ("Çahargah") görkəmli bəstəkar Müslüm Maqomayevə bir çox melodik materiallar vermişdir.

1923-cü ildə bəstəkar R. M. Qlier "Şah Sənəm" operasını bəstələmək üçün Azərbaycana dəvət edilir. O, Azərbaycan musiqisinin ayrı-ayrı nümünələrini öyrənməyə başlarkən ilk növbədə Qurban Primova və uzun illərdən bəri onun xanəndə yoldaşı olan Qaryağdı oğlu Cabbara müraciət edir. "Şah Sənəm" operasının musiqisində eynilə Qurban Primovun çalğısından bəstələnmiş parçalar çox-çoxdur.

Həmçinin istedadlı bəstəkarımız Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarını bəstələməyə başlarkən, bu muğamlara aid əsas musiqi materialını Qurban Primovun çalğısından yazmışdır.

Xalq ifaçılarının Ümumittifaq yarışında birinciliyi qazanan, bir çox olimpiadalarda müvəffəqiyyətlə çıxış edən Qurban Primov 50 ildir ki, Azərbaycan opera teatrında şərəflə çalışır. Sadə, təvazökar, sənətində son dərəcə tələbkar, işində olduqca intizamlı, səliqəli olan bu qocaman sənətkarın çalğısına xas olan təbiilik dinləyicidə nəcib duyğular, böyük hisslər oyadır.

1958-ci il...

Qoy onun sədəfli tarından gələn xoş sədalar hələ çox-çox illər opera tamaşalarımızı zinətləndirsin, onun parlaq sənətinin əsasını təşkil edən xəlqilik və sadəlik yeni gənc ifaçılarımız üçün gözəl bir məktəb olsun!

“Kommunist”, 19 aprel 1958-ci il
 
İFAÇILIQ MƏDƏNİYYƏTİNİ YÜKSƏLTMƏLİ

Bədəlbəyli yoldaş Sov.İKP MK qərarının böyük əhəmiyyətini qeyd edərək öz çıxışında, başlıca olaraq, ifaçılarla bəstəkarların qarşılıqlı əlaqəsindən danışdı. O, dedi:

Yeni əsərin müqəddəratında ifaçının rolu böyükdür. Müəlliflər məhz artist vasitəsilə, orkestr vasitəsilə dinləyicilərlə, xalqla əlaqə saxlayır.

Bununla əlaqədar olaraq demək lazımdır ki, respublikada ifaçılıq mədəniyyəti lazımi səviyyədə deyildir. Son zamanlar respublikada musiqi yaradıcılığının bəzi janrlarında müəyyən gerilik müşahidə olunur, bu isə xeyli dərəcədə onun nəticəsidir ki, ifaçılarımızın bir hissəsinin professional hazırlığının aşağı olması üzündən Azərbaycan bəstəkarlarının bir çox əsərləri öz zənginliyi və gözəlliyi ilə dinləyicilərə çatdırılmır.

Bədəlbəyli yoldaş dedi ki, biz respublikanın yaradıcı işçiləri gələn il Moskvada ciddi imtahan verməli olacağıq - incəsənətimiz öz nailiyyətlərini tələbkar Moskva tamaşaçılarının və dinləyicilərinin qarşısında nümayiş etdirməli olacaqdır. Teatrlarda və musiqi müəssisələrində əmək intizamı zəifdir, dirijorlar tələbkar deyildirlər, rejissorların işi təminedici deyildir, onlar yaradıcılıq axtarışları ilə məşğul olmurlar. Mən bunların üzərində dayanmayacağam. Mən vokalistlərdən danışacağam. Nədənsə hətta vokal mədəniyyətinin yüksək səviyyəsinə çatmış olan vokalistlərimiz də öz üzərlərində işləmirlər. Nə üçün konservatoriyaya yenicə daxil olan gənclərimiz öz sənətkarlığını artırmaq üzərində işləmirlər?

Bütün bunlar muğamat ifaçılarına da aiddir. Muğam ifasında yeksənəklik əmələ gəlmişdir. Bir xanəndənin ifasını başqa xanəndənin ifasından seçmək çətindir. Bunun səbəbi nədir? Nə üçün İ. Abdullayevin, C. Qaryağdının, M. Fərzəliyevin və başqalarının plastinkalarını dinləyərkən onların sənətkarlığına, muğamat oxumaq məharətinə valeh olursan.

Bizim muğamatımızda improvizasiya vardır ki, bu da xanəndənin öz fantaziyasını göstərməsinə imkan verir. Bizdə isə bəzən gülünc bir vəziyyət yaranır. Muğamatlara qulaq asanda bilmirsən onu oxuyan kimdir: kişidir, yoxsa qadın? Çünki xanəndələrin hamısının ifası bir-birinə oxşayır.

Natiq respublika Mədəniyyət Nazirliyinin və konservatoriya rəhbərliyinin diqqətini ifaçıların ideya-bədii tərbiyəsini yüksəltmək lüzumuna cəlb etdi. O, respublikada kütləvi surətdə qramofon plastinkaları buraxılmasını təşkil etmək, habelə bəstəkarlarla teatrların əlaqəsini gücləndirmək haqqında da məsələ qaldırdı.

"Ədəbiyyat və incəsənət", 28 iyun 1958  

 

 
     
        © Musigi Dunyasi, 2007