Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

İSTEDADIN PARLAQ NÜMAYİŞİ

Sovet İttifaqının Lenin ordenli Dövlət akademik Böyük teatrı öz opera və balet tamaşalarını, konsert proqramını Bakı zəhmətkeşləri qarşısında nümayiş etdirməyə başlamışdır.

Böyük teatr rus opera və balet ifaçılıq ənənələrini iki yüz ilə yaxın müddətdən bəridir ki, daima cilalandırıb inkişaf etdirməkdədir. Böyük teatr hazırda haqlı olaraq sovet musiqi teatr mədəniyyətinin mərkəzi sayılır. Onun yaradıcı kollektivinin tərkibində olan görkəmli sənətkarlar öz ustalığı və istedadı sayəsində bütün dünyada məşhurdur. Odur ki, bu böyük sənət ustalarının çıxışını səbirsizliklə gözləyən Bakı zəhmətkeşləri Böyük teatrın qastrollarına xüsusi maraq göstərirlər.

Birinci gecənin proqramı elə tərtib edilmişdi ki, tamaşaçı-dinləyici teatr kollektivinin geniş yaradıcılıq nailiyyətlərilə hərtərəfli və ətraflı tanış ola bilsin. Alınan təsir doğrudan da çox böyük və dolğun idi.

Gecə, sözün ən yüksək mənasında sovet ifaçılıq sənətinin böyük təntənəsinə, şərəfli bayramına, parlaq nümayişinə çevrilmişdi.

Birinci gecə üç müxtəlif opera əsərindən (P. Çaykovskinin "Yevgeni Onegin" operasından duel pərdəsi və əsərin son səhnəsi, M. Musorqskinin "Boris Qodunov" operasından Borisin sarayında gedən pərdə və sovet bəstəkarı Y. Şaporinin "Dekabristlər" operasından "üsyana hazırlıq" şəkli) seçilmiş parçalarda istedadlı aktyorlarla yanaşı teatrın orkestri də öz ifaçılıq məharətini parlaq surətdə nümayiş etdirdi. Bu cəhətdən hər şeydən əvvəl dinləyicilərin böyük məhəbbətini qazanan baş dirijor SSRİ xalq artisti A. Ş. Melik-Paşayevin yüksək sənətkarlığını xüsusi qeyd etmək lazımdır. Melik-Paşayev müasir dünya opera dirijorluğu sənətinin ən görkəmli nümayəndələrindən biridir. O, ifa etdiyi hər əsərin məzmununu, mahiyyətini və xüsusilə musiqi dramaturgiyasındakı xüsusiyyəti dərindən düşünərək əsərə verdiyi şərhinin doğrudan da düzgün olduğu haqqında dinləyicidə böyük inam oyadır. Onun ifaçılığındakı dəlillər möhkəm və sarsılmaz məntiqə əsaslanır ki, dinləyici eşitdiyi əsərin məhz bu tərzdə səslənməsinin ən qənaətbəxş, ən düzgün və ən doğru olduğunu yəqin edir. Melik-Paşayev ifaçılığının ən qiymətli məziyyətlərindən biri də onun hər bəstəkarın yaradıcılıq uslubuna uyğun və müvafiq olan orkestr səslənməsini əldə etməsidir. Məsələn: "Boris Qodunov" operasında öldurülmüş körpə vəliəhd surətinin teyfini təsəvvürünə gətirən əsər qəhrəmanının ruhi halını göstərən bəstəkarın işlətdiyi vasitə (xromatik enişlər) Bethovenin 9-cu simfoniyasındakı birinci hissəsinin tamamlanmasındakı xromatik enmələri çox xatırladır. Məhz hər bəstəkarın yaradıcılıq üslubunda olan xüsusiyyəti dərindən hiss etdiyindəndir ki, Melik-Paşayev zahirən eyni olan bu parçaların tamamilə başqa-başqa səslənməsinə müvəffəq olur.

Melik-Paşayev vokal sənətinin də "sirlərinə" vaqifdir. Bunu biz hər şeydən əvvəl onun gənc nəğməkar kadrları ilə apardığı işində hiss etdik. "Yevgeni Onegin"dən göstərilən parçalarda çıxış edən gənc muğənnilər A. Maslennikov (Lenski), Y. Belov (Onegin), T. Sarokina (Tatyana) öz nailiyyətlərilə dinləyiciləri sevindirdilər. RSFSR xalq artisti A. Petrovun yaratdığı Boris Qodunov surətini isə xüsusi qeyd etmək lazımdır. Gur, qaltanlı səsə malik olan bu nəğməkarın yüksək vokal sənəti ilə səhnə sənəti arasında ayrılmaz bir vəhdət vardır. O, yaratdığı qəhrəmanın geçirdiyi vicdan əzablarını, təşviş və həyəcan duyğularını əsl məharətlə ifadə edir. Bu səhnədə knyaz Şuyski rolunda çıxış edən RSFSR əməkdar artisti P. Çekin də riyakar və hiyləgər əyan surətini aydın və qabarıq cizgilərlə yaratmağa müvvəffəq olur.

"Dekabristlər" operasından göstərilən səhnədə Rıleyevin surəti baş rollardan biridir. Bu partiyanı bacarıqla ifa edən SSRİ xalq artisti A. İvanov, öz müqəddəs vətəninin taleyini dərindən düşünən, xalq fəlakətinin səbəbini çar mütləqiyyətinin müstəbid varlığında görən inqilabçı surətini yaxşı yarada bilir. Bu pərdədə iştirak edən başqa görkəmli artistlər də tamaşanın ümumi təsirini gücləndirir, əsl ansambllıq vəhdətinin kamil səviyyədə olmasını təmin edirlər. Bu səhnədə iştirak edən kişilər xoru da çox yaxşı səslənirdi.

Birinci və xüsusilə ikinci gecədə balet dəstəsinin göstərdiyi parçalar tamaşaçıların böyük məhəbbət və rəğbətini qazandı. Bu, təbiidir. Çünki Böyük teatrın balet heyəti (onun son illər xarici ölkələrdəki çıxışlarında nümayiş etdirdiyi yaradıcılıq qələbələrini xatırlayaq) balet ifaçılıq sənəti etibarilə dünyada birinci yeri tutur.

RSFSR xalq artisti R. Struçkova ilə RSFSR-in əməkdar artisti A. Lapaurinin ifa etdikləri "Röya" rəqsindəki lirik cizgilərdə incə və zərif xətlər tamaşaçını valeh edir.

XVIII əsr bəstəkarı K. Qlükun "Melodiya" musiqisindəki lətif təranə altında RSFSR-in əməkdar artisti İ. Tixomirnova ilə L. Ledyaxın ifa etdikləri rəqs çox ahəngdar görünürdü. Bu aktyorların sonradan ifa etdikləri valsda isə (musiqisi M. Maşkovskinindir) olan nikbin coşğunluq, atəşin qızğınlıq bunların ifaçılıq diapazonunun nə qədər geniş və çoxtərəfli olduğunu göstərir.

Lakin, "Sonalar gölü" baletindəki məşhur adajionu ifa edən gənc N. Çistova ilə A. Plisetski haqqında qeyd etmək lazımdır ki, bunlar texnika cəhətincə hər nə qədər müvəffəq olsalar da, rəqsin incəliklərini səmimi surətdə ifadə etməkdə hələlik püxtələşməmişlər.

Böyük teatrın balet dəstəsində olan gənc istedadlı qüvvələr içərisində tamaşaçıları ən çox sevindirən, şübhəsiz ki, birinci növbədə Y. Maksimova ilə Q. Ledyax idi.

Çaykovskinin "Şelkunçik" baletindən pa-de-de rəqsində artist V. Nikonov ilə birgə çıxış edən Yekaterina Maksimovanın yaratdığı rəqs surəti böyük bir zövq və incəliklə toxunmuş güləbətin hörümü kimi zərif, mahir bir heykəltəraşın incə çinidən düzəltdiyi gözəl gəlin kimi füsünkar idi. Y. Maksimova Çaykovskinin musiqisindəki bütün incəlikləri o qədər dərindən hiss edir və öz oyununda o qədər səmimi tərzdə əks etdirirdi ki, dinləyici-tamaşaçının duyğusunda eşitdiyi xoş sədalar ilə seyr etdiyi hərəkət arasında tam bir vəhdət yaranmış oldu.

Q. Ledyaxın da istedadlı Z. Korotayeva və M. Qotlib ilə birgə oynadığı "Dərya və mirvarid danələri" mövzusunda tərtib edilən rəqs səhnəsində klassik rəqs texnikasının ən çətin və ən mürəkkəb hərəkətlərinə (onun böyük piruetləri tamaşaçıların gurultulu alqışları ilə qarşılandı) kamil surətdə yiyələndiyini göstərir. Q. Ledyax, eyni zamanda rəqsdə həm də çox yaxşı partnyor kimi də özünü tanıtdırdı. Bu cəhətdən o, "Faust" operasından "Valpurq gecəsi" səhnəsindəki İ. Tixomirnova ilə olan rəqsində daha artıq fərqlənirdi.

Böyük teatr balet dəstəsinin ifa etdiyi ayrı-ayrı xarakter rəqslər isə nisbətən zəif təsir bağışlayır. Yalnız "İvan Susanin" operasından ifa edilən polonez və krakovyak rəqsləri daha səlis və rəvan tərzdə ifa edildi. Burada xüsusilə RSFSR əməkdar artisti V. Smolsovun və S. Zvyaginanın yaratdığı rəqs surətində böyük vüqar və təmkin hiss olunurdu.

Kütləvi rəqs səhnələrində kordebaletin oyunundakı böyük intizam, gözəl ansambl təqdirəlayiqdir.

Ümumiyyətlə, Böyük teatr ustalarının çıxışı sənətdə dərin ilham və böyük istedadın parlaq nümayişidir.

“Ədəbiyyat və incəsənət”, 11 oktyabr 1958

 

 
     
        © Musigi Dunyasi, 2007