Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

BÖYÜK SƏNƏT NÜMUNƏSİ

Qayğısız, kədərsiz yaşayan kəndli qızı Jizel öz həyatının mənasını zəhmətdə (o, iplik əyirməkdə mahirdir) və həm də Albert adlı bir oğlana bəslədiyi saf və səmimi məhəbbətində görür. O, özünün də Albert tərəfindən qəlbən sevildiyinə əmindir. Lakin Jizelə məftun olan bir meşəbəyi Albertin heç də kəndli yox, əksinə zadəganlardan olduğunu Jizelə xəbər verir, beləliklə qızı özünə ram etməyə can atır. Jizel isə meşəbəyinin sözlərini qara bir yalan və böhtan hesab edir.

Maral ovundan qayıdan kübarlar dincəlmək üçün kəndə gəlirlər. Albertin əsl nişanlısı zəngin bir zadəgan qızı Batilda da buradadır. Meşəbəyi fürsətdən istifadə edib Albertin həm öz nişanlısı Batildanı, həm də Jizeli aldatdığını hamıya söyləyir. Sevgilisinin xain çıxdığını görən Jizel ağlını itirir, bu ağır sarsıntıya tab gətirmir, onun ürəyi partlayır, Jizel ölür.

Qərbi Avropa və o cümlədən fransız xalq ədəbiyyatı əfsanələrinin birində nağıl edilir ki, guya həyatdan nakam gedən qız və gəlinlər gecələr ay işığında öz qəbirlərindən qalxıb rəqs edirlər. Bu zaman bunlar rast gəldikləri adamı o qədər gicəlləndirirlər ki, nəhayət o adam əldən düşüb həlak olur.

Fransız bəstəkarı A. Adanın (1803-1856) "Jizel" baletinin məzmunu bu qədim əfsanə üzərində qurulmuşdur. Əsərin yaranması Qərbi Avropa ədəbiyyatında romantizm cərəyanının musiqi sənətində də öz əksini tapdığı dövrə təsadüf edir. İlk dəfə 1841-ci ildə Parisdə tamaşaya qoyulmuş "Jizel" baletinin fransız musiqi və teatr tarixində əhəmiyyəti böyükdür. Məhz bu əsərdən sonra balet, musiqili teatr sənətinin müstəqil bir janrı kimi yaşamağa başlamışdır. İlk tamaşasından başlayaraq, böyük müvəffəqiyyətlə gedən "Jizel" baleti az zaman içərisində bütün ölkələrin opera və balet teatrlarında oynanılmışdır. Lakin Qərbi Avropa teatrlarının bir çoxunda bu tamaşa getdikcə öz klassik ənənəsini itirməyə başlamışdır. Xüsusilə sonralar Qərbi Avropa burjua mədəniyyətinin dərin böhran keçirərək dekadentliyə qapıldığı dövrdə rəqs sənətində də ideyasızlıq, formalizm meylləri üstün olduğundan bir çox klassik balet nümunələrilə birlikdə "Jizel" də öz əvvəlki təravətini itirmişdir.

Yalnız Rusiyada "Jizel" səhnədən çıxmamış, yaşamışdır. İnqilabdan qabaq Anna Pavlova kimi görkəmli rus balet ustası Jizel surətini yenidən yaratmışdır. Klassik balet irsini qoruyan, onu daha da inkişaf etdirən, zənginləşdirən sovet xoreoqrafiyası isə bütün başqa klassik balet əsərləri kimi "Jizel"in də parlaq yaradıcılıq ənənəsini möhkəm saxlamışdır. "Jizel" baletinin ilk tamaşasından 115 il sonra SSRİ Böyük teatrının balet dəstəsinin, başda Lenin mükafatı laureatı, görkəmli sovet balerinası, SSRİ xalq artistkası Q. Ulanova olmaqla Parisə gedib fransız tamaşaçılarını heyran etmələri təsadüfi deyildir.

"Jizel" baletinin musiqisi çox ahəngdardır. Əslində lirik səpgidə bəstələnmiş bu əsərin musiqisində həm də gərgin dramatizm cizgiləri olduqca güclüdür. Bəstəkar öz qəhrəmanlarının surətini çox səlis və aydın musiqi dili ilə səciyyələndirmişdir. Baletin musiqisi rəqs hərəkətləri üçün olduqca əlverişli və münasibdir. Fransız xalq musiqisi ahəngində bəstələnmiş parçalarda təsvir edilən əfsanənin istər həyat və məişət hissəsi, istərsə də sonradan faciə və fəlakət cəhəti qabarıq verilmişdir. Eləcə də ikinci pərdədə Jizelin "Məhəbbət ölümə qalib gəlməlidir!" - deyərək, sevgilisinin qəbirdən baş qaldıran nakam rəfiqələri tərəfindən həlak edilməsinə yol vermədiyi səhnəsindəki musiqi romantik tərzdə bəstələnmişdir. Bununla bərabər bəstəkar qəhrəmanların mürəkkəb əhval-ruhiyyəsini çox sadə vasitələrlə dinləyicilərə çatdırmağa müvəffəq olmuşdur. Jizelin qayğısız həyatını təsvir edən oynaq rəqs musiqisinin sonra gərgin bir vəziyyətə çataraq həzin bir tərzdə səslənməsi, - müəyyən dərəcədə bir leytmotiv mahiyyəti kəsb edir. Həm də faciənin şərhi üçün çox münasib bir kontrast yaradır. Bütün bu cəhətlər əsərin tamaşaçı-dinləyici tərəfindən yaxşı və düzgün qavranılmasını təmin edir. Balet musiqisinin xüsusiyyətini yaxşı bilən, balet tamaşasının nəbzini yaxşı duyan görkəmli dirijor, SSRİ xalq artisti Y. Fayerin idarəsi altında böyük teatrın orkestri "Jizel" musiqisini əsl sənətkar ilhamı ilə çalır. Orkestrin istedadlı solisti Məmməd Orucovun dodaqlarından və Q. Matrosovanın barmaqlarından gələn musiqi sədaları dinləyicini valeh edir.

Jizel obrazını yaradan RSFSR xalq artistkası R. Struçkovanın rəqsindəki qəşəng hərəkətlər, incə və zərif cizgilər o qədər lətif, o qədər məlahətlidir ki, tamaşaçı onun səhnədə keçirdiyi şən və qayğısız həyatına ürəkdən sevinir, saf və təmiz məhəbbətindən həzz alır. Lakin onun bu az sürən səadəti üzərində qara buludlar görünür. R. Struçkova başına gələn fəlakəti yenə də rəqs hərəkətləri vasitəsilə o qədər inandırıcı şəkildə ifa edir ki, tamaşaçı özünü böyük bir faciənin şahidi kimi hiss edir. R. Struçkova öz aktyorluq sənətini xüsusilə Jizelin dəlilik səhnəsində daha qüdrətli surətdə nümayiş etdirir.

Albert rolunu ifa edən gənc solist N. Fadeyeçevin aktyorluq məziyyəti onun mükəmməl yiyələndiyi klassik baletin texnikasını bir hədəf kimi yox, bəlkə yaratdığı surətin əhval-ruhiyyəsini açmaq üçün bir vasitə kimi qəbul etməsindədir.

Öz pis əməlindən peşiman olaraq vicdan əzabı çəkən meşəbəyi surətini RSFSR əməkdar artisti A. Lapauri aydın şəkildə tamaşaçıya çatdırır.

Nakam qızların hakimi Mirta rolunu ifa edən RSFSR əməkdar artistkası L. Çerkasova insanlardan intiqam almaq iradəsini öz aydın və qəti hərəkətlərilə yaxşı ifadə edir. Birinci pərdədəki duetdə çıxış edən M. Qotlib ilə N. Nikonovun rəqsi də yaxşı təsir bağışlayır.

Lakin tamaşanın ümumi təsirini ən çox gücləndirən kütləvi rəqslərdə iştirak edənlərin oyunudur. Məsələn, Jizeli dəli halında görüb onun halına ürəkdən acıyan qızlar səhnədə o qədər təbii vəziyyət yaradırlar ki, hadisə tam bir real şəkil alır. Bu ondan irəli gəlir ki, gözəl solo oyunu ilə Bakı tamaşaçılarını valeh edən E. Maksimova kimi istedadlı sənətkar bu gün kütləvi səhnədə iştirak etdikdə özünü eyni dərəcədə məsul hiss edir. Bu, Böyük teatr kollektivinin ən dəyərli cəhətlərindən biridir. "Balaca rol yoxdur, balaca aktyor var" kimi hakimanə sözləri şüurunda dərin nəqş etdirən E. Maksimovanın və digər artistlərin bədii intizam duyğusu böyük təqdirə layiqdir.

Böyük teatrın verdiyi tamaşalar Azərbaycanın opera və balet aktyorları üçün gözəl sənət nümunəsidir, əsl professional sənətə yiyələnmək üçün yaxşı məktəbdir.

“Kommunist”, 14 oktyabr 1958

 

 
     
        © Musigi Dunyasi, 2007