Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

“SEVİLİYA BƏRBƏRİ”

Rossini!..

Puşkin onu "Avropanın ərköyünü" adlandırmış və bu sözlə Avropada Rossini şöhrətinin genişliyini qeyd etmiş, onun haqqında tərifli şerlər yazmışdır.

Çaykovski "Seviliya bərbəri" operasını italyan musiqisinin ən qiymətli incisi deyə alqışlamışdır. Görkəmli rus musiqişünası A. Serov yazır ki, Rossininin adı musiqi tarixinin yeni bir səhifəsini açır. Çünki musiqi sənətinin müəyyən bir dövrü məhz Rossininin nümunəvi əsərlərindəki yüksək keyfiyyət və bədiilik ilə zənginləşmişdir.

Rossininin "İtalyan qızı Cəzayirdə" adlı komik operasını dinlədikdən sonra Stendal yazmışdır: "Rossini musiqisindəki ifadə qüvvəsi o qədər əzəmətlidir ki, dinləyici librettoda olan bəzi sadəlövh cəhətlərə göz yumub yalnız musiqinin gözəlliyindən valeh olur".

H. Heyne Rossininin musiqi yaradıcılığını bu sözlərlə xarakterizə etmişdir:

- Gül və çiçək altında gizlədilmiş dərin mənalar!..

Doğrudan da Rossini italyan xalqının milli-azadlıq ideyalarını zahirən gül və çiçəklə bəzənmiş görünən, əslində isə dərin məna daşıyan, böyük fikirlər oyadan əsərlərində parlaq surətdə tərənnüm etmişdir. Onun bəstələdiyi bir çox komik operalarda zamanının ictimai həyatındakı haqsızlıq aydın surətdə pislənir, ifşa edilir.

Fransız yazıçısı Bomarşenin eyni adlı komediyası əsasında bəstələnmiş "Seviliya bərbəri"nin librettosunda (müəllifi S. Strebnindir) orijinaldakı bir çox ictimai məsələlər məlum səbəblərə görə hər nə qədər buraxılmış olsa da, Rossini qələminin qudrəti sayəsində bu motivlər aydın surətdə səslənir. Bu cəhətdən, məsələn, əsərdə ruhanilər nümayəndəsi rahib don Bazilio çox səciyyəvidir. Bəstəkar onun musiqi xarekteristikasını o qədər kəskin vermişdir ki, musiqi dərsi deməklə məşğul olan bu acgöz, yalançı və riyakar katolik nümayəndəsinin surəti tamaşaçı qarşısında bütün sönük varlığı ilə olduqca gülünc vəziyyətdə görünür. Əsərin ilk dəfə Romada, yəni katoliklik mərkəzində göstərildiyini nəzərdə tutsaq, Rossini ifşasının nə qədər cəsarətli olduğunu yəqin edərik.

"Seviliya bərbəri" operasında həyatdan çəkilməyə məhkum olan köhnəlik ilə, həyata qədəm qoyan yenilik arasındakı mübarizədən danışılır. Lakin artıq ömrünü sürmüş köhnəlik asanlıqla meydandan çəkilmək, təslim olmaq istəmir; əksinə, o, yeniliyə qarşı kəskin müqavimət göstərməyə can atır. Əsərin əsas surətlərindən biri olan Fiqaro olduqca çevik, dərrakəli və işində fəaldır. O, haq tərəfdarıdır və bu haqqın yolunda var qüvvəsilə çalışır.

"Seviliya bərbəri" yüz əlli ilə yaxın müddətdən bəridir ki, dünya opera teatrlarının repertuarında şərəfli yer tutur. Təbiidir ki, hər teatr bu klassik əsərə müəyyən bir yaradıcılıq şərhi vermişdir.

SSRİ Böyük teatrı bu əsərə olduqca inandırıcı və özlüyündə çox orijinal bir münasibətlə yanaşmışdır. Tamaşada ən ümdə olan musiqi cəhəti yüksək səviyyədədir. Musiqi fakturasının mürəkkəbliyi səbəbindən bir çox teatrlarda buraxılan bəzi ariyaları Böyük teatr öz tamaşasında bərpa etmişdir. SSRİ xalq artisti Aleksandr Melik-Paşayev əsərin musiqi dramaturgiyasındakı bütün incəlikləri çox gözəl yaradıcılıq səliqəsi ilə, ilhamla dinləyiciyə çatdırır. Tamaşanın quruluşçu rejissorları Q. Anisimov və İ. Makedonskaya bir çox teatr tamaşalarında illər boyu kök salmış, hazır qəlib şəklinə düşmüş vasitələri aradan qaldırmış, mənalı və doğru mizanlar yaratmışlar.

Qraf Almaviva rolunda gənc istedadlı aktyor A. Maslennikov sərbəst oxuduğu kimi, sərbəst də oynayır. O öz musiqi ifası ilə səhnə hərəkətləri arasında əsl müvazinət əldə etməyə müvəffəq olmuşdur.

Yaşadığı dar qəfəsdən xilas olmağa, azadlığa çıxmağa can atan Rozina surətini RSFSR əməkdar artistkası M. Zvezdina olduqca inandırıcı hərəkətlərlə yaradır.

Fiqaro rolunda RSFSR-nin əməkdar artisti M. Kiselyov, hər şeydən əvvvəl öz çevikliyi, səlis hərəkətləri, gözəl və aydın tələffüzü ilə dinləyiciləri razı salır. O heç də avaz hesabına, ya da gur və məlahətli səsini nümayiş etdirmək xatirinə mətnin pozulmasına, sözlərin itməsinə yol vermir. Oxuduğu musiqinin hər cümləsi bitgin və mənalıdır. Kiselyov, xüsusilə, birinci pərdədəki məşhur kavatinanı əsl məharət və gözəlliklə ifa edir.

Pula həris, qorxaq və yaltaq don Bazilionin satirik surətini yaradan RSFSR-nin əməkdar artisti A. Eyzenin nəğməkarlıq məharəti ilə aktyorluq ustalığı təqdirəlayiqdir. O, tamaşanın ikinci pərdəsində "böhtan" haqqında oxuduğu məşhur ariyasında yüksək sənət nümunəsi göstərir. Bu cəhətdən "qocalıqda yorğalıq" xəyalına düşmüş don Bartolo rolunda artist Q. Pankovun yaratdığı surətin dolğun və ifadəli olması tamaşaçını çox sevindirir. Məhz vokal sənətinə yaxşı yiyələndiyindən və mayalı səsi olduğundandır ki, o, bu rolu ifa edən bir çox aktyorların oxuya bilmədikləri mürəkkəb və çətin ariyanı böyük məharətlə ifa edir.

Tamaşada iştirak edən V. Petrova (qulluqçu Berta), S. Koltıpin (nökər Ambroçio), V. Valaytis (musiqiçilər dəstəsinin başçısı Fiorello) da canlı surətlər yaradırlar.

Böyük teatr artistləri kollektivinin göstərdiyi "Seviliya bərbəri" Bakı tamaşaçılarının ürəyini açır, sevindirir. Bu isə əsərin həyat sevgisi ilə dolu nikbin məzmununun parlaq boyalarla ifadə edilməsinin nəticəsidir.

“Ədəbiyyat və incəsənət”, 18 oktyabr 1958

 

 
     
        © Musigi Dunyasi, 2007