Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

AZƏRBAYCANIN BÖYÜK BƏSTƏKARI

(Üzeyir Hacıbəyovun vəfatının 10 illiyi münasibətilə)

Bakı, 1907-ci il...

Bakı! Böyük neft sənayesi mərkəzi, Şərqdə proletar ənənələrinin beşiyi! Fəhlələr bolşevik partiyasının rəhbərliyi ilə çarizmə qarşı mübarizəyə qalxmışlar. İrtica illərinin zülmətli günləridir...

Payızdır. Şiddətli xəzri küçələrin tozunu adamların üzünə çırpır. Nimdaş bir palto geymiş 23 yaşlı gənc müəllim, dərs dediyi Bibiheybətdən şəhərə qayıdır. O, öz-özü ilə söhbət edərək keçmişi yada salır, gələcək haqqında düşünür: "Budur, iki ildir Bakıda müəllimlik edirəm. 14 yaşım tamam olanda Qori seminariyasına daxil oldum, çox gözəl. Oranı üç il əvvəl başa vurandan sonra bir il Hadrut kəndində müəllimlik edib buraya köçdüm. Amma harada olsam da bir fikir məni hamişə izləyir. Bu da operaya bənzər bir şey yaratmaq arzusudur...".

Bu gənc, musiqiyə böyük həvəs göstərən, onu həyatı qədər sevən Üzeyir Hacıbəyov idi. Onun uşaqlığı xanəndələr yurdu, şairlər və musiqiçilər məskəni olan mənzərəli Şuşa şəhərində keçmişdi. Hələ 12-13 yaşlı uşaq ikən orada həvəskarlar tərəfindən hazırlanmış "Məcnun Leylinin qəbri üstündə" tamaşasını görmüşdü. Bu səhnənin təsiri elə böyük idi ki, illər keçsə də Üzeyirin gözləri önündən silinmir və musiqili əsər yazmaq həvəsi onu rahat buraxmırdı. Əlbəttə, o vaxtkı mürəkkəb və qorxulu illərdə belə arzunu hayata keçirmək çox çətin idi. Lakin Üzeyir fikrində qəti idi. O, qabaqcıl ziyalılarla tez-tez məsləhətləşirdi. N. Nərimanov, Ə. Haqverdiyev, H. Ərəblinski, H. Q. Sarabski, Q. Primov kimi ədəbiyyatçılar və səhnə ustaları onun böyük amalını bəyənir, fikrini alqışlayırdılar.

Mübarizə açıq və gizli halda, bütün ictimai cəbhələrdə eyni kəskinliyi ilə davam edirdi: mədənlərdə, zavodlarda, qəzetlərdə, teatrda, ədəbiyyatda və musiqidə!

Üzeyirin fikrindən xəbər tutan mürtəce ünsürlər və qorxaq liberallar öz zəhərli dilləri ilə gənc həvəskarı min vəchlə bu yoldan çəkindirmək, Azarbaycanda opera sənətinin yaranmasına mane olmaq istəyirdilər.

"Ay balam, opera nədir, musiqi nədir? Heç bir şey çıxmaz. Biabır olarsan!" - deyə Üzeyirə "nəsihət" verirdilər.

Həqiqi sənətkar olan Üzeyir bu sözlərə fikir vermir, yeni opera üzərində ciddi işləyirdi. O, klassik şairimiz Füzulinin "Leyli və Məcnun" poeması üzrə opera yazmağa başladı. Ancaq, Füzuli şerinin vüsətinə layiq musiqi əsəri yaratmaq asan iş deyildi. Ü. Hacıbəyov tək öz istedadına arxalanmadı. O, etibarlı dayaq olan zəngin xalq musiqisinə arxalandı, onun incilərini incə zövqlə seçərək güləbətin telləri ilə bir-birinə bənd etdi.

Qaraguruhçu kutbaşların azğınlığı dövründə tamaşanı hazırlamaq da asan məsələ deyildi. Artist qüvvəsi zəif, səhnə yox, paltar yox, məşq etməyə yer yox... Həm də günəş ziyasından təşvişə düşmüş tapancalı dövlətlilər!

Bütün çətinliklərə baxmayaraq, 1908-ci il yanvarın 25-də "Leyli və Məcnun" operası ilk dəfə səhnədə göstərildi. Azərbaycan opera sənətinin binövrəsi qoyuldu. Əsər, tamaşaçıların qızqın məhəbbətini qazandı, kütbeyin cahillər isə deyinə-deyinə qaldılar. İlk bəstəkarımız Üzeyir Hacıbəyov geriliyə və nadanlığa qarşı mübarizədə qalib gəldi. Lakin bu qələbə onun başını heç də dumanlandırmadı. Mübarizə davam edirdi. Cəmiyyətin inkişaf qanunlarını dərk etməyən cənablar, opera janrını dram janrı ilə qarşı-qarşıya qoyur və bunların bahəm yaşaya biləcəklərinə şübhə edirdilər. Onlar Üzeyir Hacıbəyovu pisləmək və ləkələmək üçün hər vasitəyə əl atırdılar. İstedadlı mühərrir olan Üzeyir Hacıbəyov mətbuatda çıxış edərək belə növ "alimlərin" çürük "nəzəriyyələrini" böyük qüvvətlə ifşa etdi.

İlk müvəffəqiyyətdən həvəslənən bəstəkar 1910-cu ildə "Ər və arvad", sonra da "O olmasın, bu olsun" operettalarını yaratdı. Ü. Hacıbəyov artıq bu vaxtlar püxtələşmiş bəstəkar və yazıçı idi. O, tez-tez mətbuatda "Flankəs" imzası ilə çıxış edir, kəskin satira qüvvəsinə malik felyetonlar yazırdı. Yeni yazdığı operettalarda onun dramaturqluq qüvvəsi daha parlaq surətdə öz ifadəsini tapdı. Müəllif burjua-mülkədar mühitinin bütün çirkinliklərini cəsarətlə göstərdi. O, M. F. Axundov ənənəsinin sadiq davamçısı kimi yaşadığı dövrün canlı surətlərini yaratdı. Bu cəhətdən "O olmasın, bu olsun, ("Məşədi İbad") operettasını xüsusi qeyd etmək lazımdır.

Gənc bəstəkar 1909-1910-cu illərdə "Şeyx Sənan", "Rüstəm və Söhrab" adlı iki opera əsəri yazdı. Bu operalar səhnədə yaşaya bilmədi. Bu vəziyyət Üzeyiri ciddi fikirləşməyə məcbur etdi. O, dərindən duydu ki, onun musiqi təhsili kifayətləndirici deyildir. Yeni əsərlər yaratmaq üçün musiqi biliyini təkmilləşdirmək, rus mədəniyyəti ilə daha yaxından tanış olmaq lazımdır. Bu məqsədlə o, 1911-1913-cü illərdə Moskva və Peterburq konservatoriyalarında oxudu. Peterburqda ikən məşhur "Arşın mal alan" operettasını yazdı.

Mövzusu həyati hadisələr əsasında qurulmuş bu parlaq əsər az zamanda bir çox şəhərlər, ölkələr gəzərək minlərlə tamaşaçının dilində əzbər oldu. Burada komik vəziyyətlər çox həyati, danışıqlar sadə və səmimidir. Ariya, duet və ayrı-ayrı səhnələr lirik və mənalıdır. Odur ki, "Arşın mal alan" 34 dilə tərcümə olunmuşdur. 1945-ci ildə çəkilən eyni adlı film isə indiyə qədər dünyanın bir sıra şəhərlərində müvəffəqiyyətlə nümayiş etdirilir.

Ü. Hacıbəyovun operettalarında qadın azadlığı ideyası müxtəlif şəkillərdə təcəssüm olunur. Bu operettaların bir çox sözləri xalq arasında zərbməsəl olmuşdur. Ü. Hacıbəyov öz operettalarında da Füzuli qəzəllərinin gözəl nümunələrindən istifadə edir, onlara lirik və təsirli musiqilər yazır.

1912-ci ildə yazılmış "Şah Abbas və Xurşudbanu", "Əsli və Kərəm" operaları müvəffaqiyyətlə oynanıldı. Bu əsərlər göstərdi ki, Ü. Hacıbəyov bir bəstəkar və dramaturq kimi əsərdən-əsərə öz sənətkarlığını inamla artırır, daim öz üzərində çalışır. Hər iki operada bəstəkarın özünün bəstələdiyi orijinal musiqi parçaları çoxdur. Bu operalarda Üzeyir Hacıbəyov opera sənətimizə yeniliklər gətirmiş, çoxsəsli xor tətbiq etmiş, ilk dəfə bariton və bas səslərini işlətmişdir. Həmin səslərin dinləyicilər üçün hələ canayatan və xoşagələn olmayacağını həssaslıqla duyan bəstəkar Keşiş və Məstavər kimi mənfi obrazlara bariton və bas partiyaları yazmışdır.

İlk əsərlərinin geniş xalq kütlələri tərəfindən sevilə-sevilə qəbul olunmasına baxmayaraq, Üzeyir Hacıbəyov artıq ağır kapitalist dünyasının şəraitində öz yaradıcılıq imkanlarının qol-qanad açacağını görmürdü. Məhz buna görə də, "Arşın mal alan" müəllifinin sazının telləri qırılmış, ürək təranəsi susmuşdu...

Böyük Oktyabr sosialist inqilabı xalqlara səadət və azadlıq gətirdi. Sovet hakimiyyəti Azərbaycanda maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin hərtərəfli inkişafı üçün geniş şərait yaratdı.

Bu illərdən bəstəkarın bütün arzuları həqiqətə çevrildi. O öz yaradıcılıq imkanlarını inkişaf etdirmək üçün qol-qanad açdı, bacarıqlı təşkilatçı, görkəmli musiqişünas və müəllim kimi yorulmadan çalışdı. Azərbaycan musiqi sənətinin inkişafında fəal iştirak edən Üzeyir Hacıbəyov Bakıda ilk musiqi məktəbinin açılmasında daim çalışmış və Azərbaycanda musiqi kadrları hazırlanmasında xeyli əmək sərf etmişdir. Hazırda yaradıcılıq şöhrəti hər yana yayılmış istedadlı bəstəkarlarımızın hamısı böyük musiqi ustadımız Ü. Hacıbəyovun öz sənət məktəbində yetişdirdiyi şagirdləridir.

Ü. Hacıbəyov Azərbaycan xalq çalğı alətləri orkestrini təşkil etmiş, bu orkestr üçün yeni repertuar yaratmış, orijinal əsərlər bəstələmişdir. 1-ci və 2-ci fantaziyalar, "Pambıq çöllərində", "Kolxoz tarlalarında" və bu kimi bir çox böyük həcmli musiqi əsərləri bu dövrün məhsuludur.

Bu əsərlər, Ü. Hacıbəyovun öz yaradıcılığında yeni inkişaf mərhələsinə qalxdığını göstərdi. Lakin bəstəkarın qarşısında daha böyük yaradıcılıq vəzifələri dururdu. O, yeni monumental opera əsəri yazmaq haqqında düşünürdü. Üzeyir Hacıbəyov 1932-ci ildən bütün istedadını "Koroğlu" operasının yazılmasına sərf etdi və 1936-cı ildə operanı yazıb qurtardı.

Bakı, 1937-ci il...

Bakı zəhmətkeşləri Kommunist partiyasının rəhbərliyi ilə yeni-yeni qələbələr qazanırlar. Şəhərin üfüqləri büllur kimi parlaqdır. Bakı çil-çirağban içərisindədir...

Üzeyir Hacıbəyov "Koroğlu"nun məşqindən qayıdırdı... Xəyal onu 30 il əvvəlki hadisələrə aparırdı... "Leyli və Məcnun"un hazırlandığı çətin şərait... İndi isə bütün xalq "Koroğlu" məşqlərinin gedişini böyük maraq və həyəcanla izləyir. Partiya və hökumətimiz tamaşanın hazırlanması üçün heç bir şey əsirgəmir, opera teatrı kollektivi tamaşanın yaranmasında böyük ruh yüksəkliyi ilə iştirak edir... Lakin bəstəkar dərk edirdi ki, indi onun üzərinə düşən məsuliyyət şərəfli olduğu qədər də böyükdür. Çünki artıq, xalq öz sevimli nəğməkarından əsrimizə layiq böyük əsər gözləyirdi.

Odur ki, tamaşanın musiqi hazırlığına Üzeyir Hacıbəyov özü rəhbərlik edir, partituranın hər not üzərində diqqətlə işləyirdi.

Nəhayət, 1937-ci il aprelin 30-da "Koroğlu" operasının ilk tamaşası göstərildi. Bu tamaşa Azərbaycan xalqının bayramı oldu. Hamıya məlum oldu ki, bəstəkar "Koroğlu" dastanına bu günün, sabahın, xoşbəxt gələcəyin tələbləri ilə yanaşmış, möhtəşəm qəhrəmanlıq operası yaratmışdır. Bəstəkarın zəngin fantaziyası xalq yaradıcılığı ilə birgə pərvaz etmiş, o, xalq musiqisinin tükənməz irsinə bir doğma övlad kimi yiyələnmişdir. Odur ki, opera minlərlə dinləyicilərin ürəyinə yol tapdı.

"Koroğlu" operası xalq dühasının canlı tərənnümü, musiqi mədəniyyətimizin ən yüksək zirvəsidir. Dərin xəlqilik, səmimilik, nəfislik və bədiilik -"Koroğlu" operasının canıdır.

Operanın qəhrəmanı xalqdır. Ona görə də xalq səhnələri xüsusi əzəmətlə səslənir. Operada xalq mübariz bir qüdrət, vətənpərvərlik və ədalət hisslərini tərənnüm edən fəal bir qüvvət kimi canlandırılmışdır. Bu cəhətdən "Çənli bel" xoru, "Cəngi" rəqsi, III pərdədə "And içmək" səhnəsi kimi gözəl epizodlar böyük təsir bağışlayır.

Artıq sənətkar tamamilə xoşbəxt idi. O, bəstələmək, yaratmaq eşqi ilə yanırdı.

Faşist yırtıcılarının alçaq hücumu ölkəmizin dinc həyatını pozdu. Sovet xalqı düşmənə qarşı mübarizəyə qalxdı. Ölkəmizin üzərində qara buludlar görünən zaman Üzeyir Hacıbəyov xalqımızı Vətən müharibəsinə, düşməni məhv edib qovmağa çağıran təsirli əsərlərin müəllifi oldu. "Çağırış", "Şəfqət bacısı", "Yaxşı yol", "Döyüşçülər marşı" kimi əsərlər əsgərlərimizin dilində əzbər oldu. Koroğlunun qəhrəmanlıq çağırışı yeni qüvvətlə səsləndi. Xalqımız onun xidmətlərini yüksək qiymətləndirmişdir. Partiya və hökumətimiz onu Lenin ordeni və Qızıl Əmək Bayrağı ordeni ilə təltif etmişdir. Hələ 1938-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüş Üzeyir Hacıbəyov iki dəfə Stalin mükafatı laureatı adı almışdır. Görkəmli dövlət xadimi Ü. Hacıbəyov geniş ictimai fəaliyyətinə baxmayaraq ən çox yazıb-yaradan bəstəkar idi; o, Kommunist partiyasının üzvü, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Dövlət Konservatoriyasının direktoru və professoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, respublika Bəstəkarlar İttifaqının sədri, əsl vətəndaş, eyni zamanda həqiqi nəğməkar, dahi sənətkar idi.

Bakı, 1958-ci il...

Gündən-günə böyüyən, gözəlləşən Bakı!

Bütün sovet xalqı kimi Bakı zəhmətkeşləri də ölkəmizdə kommunizmin qələbəsi uğrunda çalışırlar. Bakının şöhrəti bütün dünyaya yayılmışdır. Tez-tez xarici ölkələrdən bizə qonaqlar, nümayəndələr gəlir, şəhərimizlə tanış olurlar.

Bu günlərdə "Fəxri dəfn xiyabanına" getmişdim. Orada Şərq ölkələrinin birindən bizə qonaq gəlmiş bir dəstə ədəbiyyatçı və musiqişünas var idi. Onlar böyük ustadımız Üzeyir Hacıbəyovun məzarı üzərinə əklil gətirmişdilər. Onlardan biri mənə müraciət edərək Üzeyir Hacıbəyov haqqında qısa məlumat istədi...

Ey mənim yurdumu seyr edən səyyah! Ey dost! Böyük sənətkarlarımızın adlarını oxuduqca qarşında yeni aləm açılacaqdır! Gəlin, yavaş-yavaş dağüstü parka tərəf yollanaq... Bakının üfüqə sığmayan əzəmətli panoramasına siz dərin heyrətlə, mən isə böyük qürurla baxırıq... Radio və televiziya qüllələrini görürsünüzmü? Buradan hər gün Üzeyir Hacıbəyovun musiqisi dünyaya yayılır. Bu, təsadüfidirmi? Xeyr! Radionun poçtasına nəzər salın. Minlərlə məktublar, lakin eyni arzular: "...xahiş edirik, radio ilə "Koroğlunun ariyasını"... "Füruzənin ariyasını"... "Telli ilə Vəlinin duetini"... verəsiniz". Bu məktublar ancaq Azərbaycandan deyil, qardaş respublikalardan və bir çox xarici ölkələrdən də gəlir.

Aşağıya, şəhərə enək. Bu nəhəng bina "Monolit" adlanır. Bəstəkar son illər burada yaşayıb- yaratmışdır. Budur, onun yaxın məsləkdaşı Muslüm Maqomayevin adını daşıyan filarmoniyamızda Üzeyir Hacıbəbov adına böyük simfonik orkestrin çıxışı alqışlarla qarşılanır...

Bu küçənin adını oxuya bilərsinizmi? "Üzeyir Hacıbəyov küçəsi"... Bu isə konservatoriyamızdır... Bəli, Üzeyir Hacıbəyov adına!

Opera teatrımızın qarşısındayıq. Bugün burada "Leyli və Məcnun" operası gedir. Bəstəkarın ilk əsəri 50 ildən yuxarıdır ki, böyük müvəffəqiyyətlə səhnədə oynanılır.

İçəri keçək... Doğma sözlər və musiqi sədaları urəyimizi döyündürür... Həyatının mənasını öz xalqına xidmətdə görən hər bir sənətkar ölməzdir.

Böyük ustadın vəfatından on il keçir... Yüz illər keçəcək, lakin onun doğma musiqisi heç vaxt xalqımızın dilindən düşməyəcək, qəlbindən silinməyəcəkdir!

“Kommunist”, 25 noyabr 1958

 

 
     
        © Musigi Dunyasi, 2007