Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

İNCƏSƏNƏTİMİZİN BAYRAMI

Vətənimizin paytaxtı qızıl Moskvada incəsənət və ədəbiyyatımızın təntənəli yaradıcılıq imtahanı günləri yaxınlaşır. Çətin və maraqlı hazırlıq ayları artıq geridə qalmışdır. İndi respublikamızın incəsənət və ədəbiyyat xadimlərinin hamısının ürəyi bir arzu ilə döyünür: Moskva zəhmətkeşlərinin məhəbbətini qazanmaq, partiya və hökumətimizin etimadını şərəflə doğrultmaq!

Moskvada göstəriləcək üç balet əsəri içərisində mənim "Qız qalası" baletim də vardır. Əziz bir övlad kimi başına dolandığım bu əsər mənim bəstəkarlıq yaradıcılığımda mühüm yer tutur. Tamaşanın yeni quruluşu ilə əlaqədar olaraq mən əsərə bir də əl gəzdirmiş, onun librettosu və musiqisində ciddi dəyişikliklər etmişəm.

Ongünlük qabağı "Qız qalası" baletinin yeni quruluşu üzərində çalışan opera və balet teatrımızın balet kollektivi, onun gənc və istedadlı üzvləri böyük əmək sərf edərək dolğun surətlər yaratmışlar. Mən təşəkkürümü onlara yetirmək istəyirəm! 1940-cı ildən bəri, öz əsərimin 200 dəfədən çox dirijorluğunu etdiyimə baxmayaraq, indi daha dərin sevinc və hayəcan hissləri keçirir, Moskva tamaşaçılarının mülahizələrini, səmimi məsləhətlərini səbrsizliklə gözləyirəm!

M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı Moskvada Səməd Vurğunun "Fərhad və Şirin" faciəsini göstərəcəkdir. Tamaşanın musiqisini mən yazmışam. Vurğunun şerindən dərin ilham aldığıma görə yazdığım musiqi parçaları üzərində xüsusi bir məhəbbətlə çalışmışam.

Xalqımızın təntənəli bayramı olan bu ongünlük bütün incəsənət və ədəbiyyat ustalarımız üçün yeni ilham mənbəyidir.

“Bakı”, 1959
 
BÜLBÜL

1938-ci ilin aprel ayında Moskvada keçirilmiş birinci Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı "Koroğlu" operasında görkəmli sənətkarımız Bülbülün yaratdığı Koroğlu obrazı bütün Moskva musiqi-teatr ictimaiyyətini heyran etmişdi.

Hələ o zaman mərkəzi mətbuat Bülbül Koroğlusunu olduqca dolğun, olduqca bitkin və olduqca real bir obraz kimi qiymətləndirmişdi. O vaxtdan bəri Bülbül səhnəmizdə Koroğlu rolunu 400 dəfədən artıq oynamışdır. Bu rolun üzərində yorulmadan işləməsi, onu daha da cilalayıb təkmilləşdirməsi sayəsində Bülbül Koroğlu surətinin həm lirik, həm də qəhrəmanlıq keyfiyyətlərini daha qüvvətli, daha qabarıq və səlis şəkildə ifadə etməyə nail olmuşdur.

Bülbül çox məlahətli səsilə Koroğlu surətini qarşıdakı ongünlükdə Moskvada yenidən nümayiş etdirəcəkdir. Heç şübhəsiz ki, Bülbülün get-gedə inkişaf edib püxtələşmiş vokal sənətindəki ustalığı və dramatik ifaçılıq məharəti sayəsində onun Koroğlusu bu dəfə daha güclü, daha təsirli səslənəcəkdir.

Zəngin və hərtərəfli inkişaf etmiş bir yaradıcılığa malik olan Bülbülün sənətkarlığı sözün həqiqi mənasında formaca əsil milli sənətdir. Bu sənət özündə, hər şeydən əvvəl, mənsub olduğu xalqın nəcib hiss və duyğularını əks etdirir. Şirəsini müasir Azərbaycan sosialist mədəniyyətinin üfüqlər qədər geniş varlığından alan bu sənətkarlıq zəhmətsevər sovet xalqının yüksək mənəviyyatını parlaq surətdə tərənnüm edir.

Bülbül kamera-vokal janrında da çox fəal çalışan bir nəğməkardır. O, bəstəkarlarımızın yazdıqları romansları, mahnıları əsil bədii ustalıqla ifa edir. Qarşıdakı ongünlüyün yekun konsertində Bülbül Ü. Hacıbəyovun Nizaminin sözlərinə bəstələdiyi "Sənsiz" musiqi qəzəlini də ifa edəcəkdir.

Bülbülün repertuarında yüzlərlə Azərbaycan xalq mahnısı vardır. Xalq dühasının məhsulu olan bu mahnılar Bülbülün ifasında xüsusi gözəlliklə səslənir. Bülbül xalq mahnılarımızı öz nəğməkar sənətinə xas olan zəngin boyalarla bəzəyib yenidən canlandırır. Beləliklə, Bülbül bu mahnılarımıza həmişə yeni bir təravət və cəlal gətirmiş olur.

Bu ongünlükdə Bülbül Moskva ictimaiyyəti qarşısında xalq mahnılarımızın tərənnüm etdiyi bahar çiçəyinin ətrini və gözəlliyini, vüqarlı dağlarımızın əzəmətini, aşiq könüllərin sonsuz məhəbbətini, zəhmətsevər xalqımızın qüdrət və qüvvətini öz parlaq nəğməkar sənətilə nümayiş etdirəcəkdir.

Bülbülün dəryalar kimi dalğalı, üfüqlər qədər geniş təranələri sovet dinləyicilərini həmişə sevindirir. Onun incəsənətimizin tərəqqisi uğrunda çoxcəhətli fəaliyyəti gənc ifaçılarımızı yeni yaradıcılıq üfüqlərinə qanadlandırır, xarüqələr yaradan zəhmət adamlarını böyük əməllər uğrunda mübarizəyə ruhlandırır.

Öz zəhmətinin mənasını xalqına sadaqətlə xidmət etməkdə görən mahir sənətkarımız Bülbülün Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə yeni yaradıcılıq nailiyyəti qazanacağı şəksizdir.

"Kommunist", 01 mart 1959  

 

 
     
        © Musigi Dunyasi, 2007