|
|
|
ASƏF ZEYNALLI
|
(Anadan olmasının
50 illiyi münasibətilə)
1923-cü il...
Mart ayı olduğuna baxmayaraq havalar çox soyuq idi. Bayırda əsən şiddətli xəzri küləyi küçələrə döşənmiş daşlar arasındakı toz-torpağı göyə sovurub, adamların üz-gözünə çırpırdı. Sarı toz dumanı şəhəri bürümüşdü. Lakin Bakı işçi klubunun salonu musiqi sənətinə havəs göstərən dinləyicilər, müəllimlər, tələbələr və nəhayət, öz övladlarının baxış konsertindəki çıxışını dinləmək istəyən valideynlərlə dolu idi. Burada böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun idarə etdiyi birinci Azərbaycan musiqi məktəbi şagirdlərinin ilk baxış konserti gedirdi. Skripka, tar, pianino, klarnet çalan oğlanlar, qızlar bir-bir səhnəyə çıxır, öz bacarıq və istedadlarını nümayiş etdirirdilər.
Konsertin birinci şöbəsinda azyaşlı uşaqlar, ikinci şöbəsində isə "böyüklər" çıxış edirdilər. Budur, Kokəb Səfərəliyeva pianinoda Bethovenin sonatasını, sonra isə Xurşud Ağayeva Şopenin "Ballada"sını çaldılar.
- Bəs Asəfi nə üçün Üzeyir buraxmadı? Axı o, ya birinci şöbənin axırında, ya da ikinci şöbənin əvvəlində çalmalı idi?..
Salondakılar pıçıldaya-pıçıldaya bu sualı bir-birinə verirdilər.
Konsert proqramını tərtib etməkdə Üzeyir Hacıbəyovun böyük səriştəsi var. O öz işini yaxşı bilir, - deyə biri cavab verdi.
"Truba üçün pyes", musiqisi Asəf Zeynallınındır. İfa edir müəllif!..
Aparıcının elan etdiyi bu sözlər hamının təəccübünə səbəb oldu; çünki hamı o vaxta qədər Asəfi yalnız truba sinfinin istedadlı bir şagirdi kimi tanıyırdı.
- Sənə dedim ki, Üzeyir öz işini yaxşı bilir. O, Asəfi yalnız bir ifaçı kimi deyil, eyni zamanda gənc bir bəstəkar kimi dinləyicilərə təqdim edir.
Səhnəyə 14 yaşlı, qarabuğdayı bir şagird çıxdı. Bütün söhbətlər bircə anda kəsildi. O, fikrini bir yerə cəmləşdirmək istəyirmiş kimi, bir qədər dayanıb tamaşa salonuna baxdı, sonra trubasının müşdüyünü dodaqlarına yapışdırıb çalmağa başladı.
O vaxta qədər trubanı əsas etibarı ilə hərbi marş aləti kimi tanıyan bir çox dinləyicilər Asəfin "Rast" muğamı əsasında bəstələdiyi musiqi pyesinin gözəl təranəsindən vəcdə gəldilər. Asəf öz çalğısını bitirincə, bütün salon onu sürəkli alqışlarla qarşıladı, əsərini bir daha təkrar çalmasında israr etdi. 3-4 dəfə səhnəyə gəlib utana-utana salondakılara baş əyən Asəf, öz əsərini bir daha ifa etdi.
Bu gözəl çıxışından sonra Asəfin istedadlı bəstakar olacağına hamıda böyük inam yarandı. Həm də az sonra həkimlər Asəfin səhhətini nəzərə alaraq, ona nəfəsli musiqi aləti çalmaqda davam etməsini qadağan etdilər. Asəf violonçel sinfinə keçdi. Az müddətdə böyük müvəffəqiyyətlər əldə edən Asəf ikicə il sonra, musiqi məktəbinin Dövlət opera teatrında göstərdiyi "Arşın mal alan" tamaşasında orkestrin violonçel qrupunun konsertmeysteri təyin edildi.
Bu vaxtdan Asəf musiqi məktəbində Ü. Hacıbəyovun musiqi nəzəriyyəsi sinfində bəstəkarlıq dərsi keçməyə başladı. Daha sonra o, konservatoriyanın bəstəkarlıq fakültəsində təhsilini davam etdirdi.
Asəf Zeynallının hələ tələbəlik dövründə bəstələdiyi "Durna", "Muğamsayağı", "Qoyunlar", "Çahargah" kimi kamera əsərlərində aydın məzmun, kamil forma, gözəl musiqi ifadəsi vardır. Onun son dərəcə orijinal, çox səlis və rəvan səslənən əsərlərinin əsas məziyyəti, fikrini əsil xalq musiqisi dililə ifadə etməsindədir. Xəlqilik Asəf Zeynallının əsərlərində əsas keyfiyyətdir.
Asəf Zeynallı İşçi teatrında musiqi hissəsi müdiri vəzifəsində çalışdığı müddət ərzində "Hind qızı", "Yanğın" və başqa pyeslər üçün musiqi bəstələmişdir. Sonralar bu musiqi parçaları əsasında böyük simfonik orkestr üçün yazdığı "Fraqmentlər" əsərində gənc müəllif müxtəlif musiqi obrazlarını parlaq surətdə ifadə etmişdir. C. Cabbarlının "Dönüş" adlı son dram əsərinə Asəf Zeynallının bəstələdiyi musiqi də dram teatrı üçün yazılan musiqi əsərləri içərisində görkəmli yer tutur.
1931-ci ildə Bakı konservatoriyasının bəstəkarlıq şöbəsini müvəffəqiyyətlə bitirdikdən sonra Asəf Zeynallı geniş musiqi fəaliyyətinə başlayır. O, Azərbaycan Proletar Musiqiçilər Cəmiyyətinin sədri vəzifəsində fəal çalışır.
Asəf Zeynallının əsərləri öz məzmunu etibarı ilə çox zəngindir. O, Vətənə bəslədiyi böyük məhəbbətini, məftunu olduğu ana təbiətin gözəlliyini "Ölkəm" adlı romansında, öz lirik duyğularını "Seyran" və "Sual" kimi vokal əsərlərində parlaq surətdə ifadə etmişdir. Asəf Zeynallının əsərləri ifaçılarımızın repertuarında görkəmli yer tutur, konsertlərdə, radioda tez-tez səslənir.
Qəhrəman Bakı neftçilərinin canlı surətini musiqidə tərənnüm etmək arzusu ilə Asəf Zeynallı "Bakı" simfoniyası üzərində çalışırdı. Lakin 23 yaşında ikən vaxtsız ölüm ona bir çox yaradıcılıq nailiyyətlərini başa çatdırmağa imkan vermədi.
İstedadlı bəstəkar Asəf Zeynallı, sovet dövründə yetişən ilk musiqi xadimlərindən ən görkəmlisi kimi, Azərbaycan musiqi tarixində şərəfli yer tutur. O, kamera, vokal və kamera-instrumental janrının yaradıcısı olaraq, musiqi sənətimizi yeni formalarla zənginləşdirmişdir.
Azərbaycan xalqı və musiqi ictimaiyyətimiz görkəmli bəstəkar Asəf Zeynallının ölməz irsini əziz tutur və yüksək qiymətləndirir.
“Kommunist”, 5 aprel 1959 |
|
|
Mədəniyyətimizin
bayramı olan Azərbaycan incəsənəti
və ədəbiyyatı ongünlüyü
Moskva zəhmətkeşlərinə bizim təntənəli
yaradıcılıq imtahanımızdır.
Ongünlük musiqi sahəsindəki nailiyyətlərimizin
də parlaq nümayişinə çevriləcəkdir.
Paytaxtda ilk ongünlüyümüz 1938-ci ildə
olmuşdur. O vaxtdan bəri keçən illər
ərzində Azərbaycan musiqisi daha böyük
sıçrayışla irəliləmiş,
sovet musiqi mədəniyyətinin ön sıralarına
keçmişdir. Bunu göstərmək kifayətdir
ki, 1938-ci il ongünlüyü zamanı bizim
tanınmış bəstəkarlarımız
barmaqla sayılacaq qədər az idi. İndi
isə musiqi xadimlərimizin böyük kollektivi,
gənc və istedadlı bəstəkarlarla möhkəmlənmişdir.
İndi Azərbaycan musiqisi təkcə böyük
Vətənimizin şəhər və kəndlərində
deyil, xarici ölkələrdə də səslənir.
Bu müddət ərzində yeni operalar, baletlər,
musiqili komediyalar, bir çox simfonik və kamera
əsərləri, gözəl mahnılar və
süitalar yaradılmış və xalq arasında
geniş yayılmışdır.
Üzeyir Hacıbəyovun "Koroğlu" operası-musiqi
xəzinəmizin bu gözəl mirvarisi opera və
balet teatrımızın repertuarını həmişə
bəzədiyi kimi ongünlük tamaşalarının
da incisi olacaqdır. Bundan başqa, C. Cabbarlının
obrazlarını opera janrında yenidən canlandıran
Fikrət Əmirovun "Sevil" operası, Qara Qarayevin
məzmunu ölməz Nizaminin poeması üzərində
qurulmuş "Yeddi gözəl" baleti, Soltan Hacıbəyovun
"Gülşən" baleti və bu sətirlərin
müəllifinin "Qız qalası" baletini Moskva
Böyük Teatrının səhnəsində
göstərəcəyik. Sevindirici haldır
ki, bütün bu tamaşalarda məşhur səhnə
ustalarımızdan Bülbül, Ağababa Bünyadzadə,
Rəşid Behbudov və başqaları ilə
birlikdə teatrlarımızda müvəffəqiyyətlə
çıxış edən gənc ifaçılarımız
da öz məharətlərini aça biləcəklər.
Bunlardan ilk növbədə, Koroğlu obrazının
yeni yaradıcısı gənc aktyor Lütfiyar
İmanovu qeyd etmək lazımdır. Gözəl,
məlahətli səsə malik olan Lütfiyar
bu mürəkkəb obrazın öhdəsindən
müvəffəqiyyətlə gəlir. Balaş
rolunda çıxış edən İbrahim Cəfərov,
Nigar və Sevil obrazlarını yaradan Firəngiz
Əhmədova və Füruzə Muradova, məsul
rollar ifa edən Kazim Məmmədov, Firudin Mehdiyev
və başqa gənc qüvvələr şübhəsiz
ki, Moskva tamaşaçılarının xoşuna
gələcəkdir.
Balet tamaşalarında əsas qəhrəmanları
komsomolun yetişdirməsi Leyla Vəkilova ifa
edəcəkdir. R. Axundova, M. Məmmədov, R.
İsmayılova, L. Hüseynova, X. Zülfüqarova,
L. Məmmədova, K. Bataşov və başqaları
yadda qalan dolğun obrazlar yaradırlar.
Opera və Balet teatrına gənc qüvvələrin
axını teatr kollektivini daha da gücləndirmiş,
ona bahar nəfəsi gətirmişdir.
Ongünlük zamanı moskvalıları Azərbaycan
musiqisi ilə tanış edən kollektivlər
içərisində Ü. Hacıbəyov adına
Dövlət simfonik orkestri, xalq çalğı
alətləri orkestri, mahnı və rəqs
ansamblı, kvartet və s. vardır. Bütün
bu kollektivlərin repertuarına musiqi sənətimizin
ən gözəl nümunələri daxildir.
Simfonik orkestrin konsertlərində F. Əmirovun
geniş şöhrət tapmış "Şur"
və "Kürd Ovşarı" simfonik muğamları,
respublikamızda simfonik musiqinin fəal təbliğatçısı
Cövdət Hacıyevin "Sülh uğrunda" simfonik
poeması və dahi Leninə həsr etdiyi 4-cü
simfoniyası, Əşrəf Abbasovun orkestr üçün
konsertinası, Süleyman Ələsgərovun
fortepiano və violençel üçün ikiqat
konserti və başqa əsərlər çalınacaqdır.
Musiqi kollektivlərinin repertuarında gənc
bəstəkarlarımızdan Xəyyam Mirzəzadənin,
Ramiz Mustafayevin, Həsən Rzayevin, Nazim Əliverdibəyovun,
Azər Rzayevin, Vasif Adıgözəlovun, Elmira
Nəzirovanın əsərləri geniş yer
tutur.
Səid Rüstəmovun xalq tərəfindən
sevilən mahnıları ilə birlikdə Ağabacı
Rzayevanın, Şəfiqə Axundovanın, Hacı
Xanməmmədovun mahnıları, Şövkət
Ələkbərovanın, Sara Qədimovanın,
Rübabə Muradovanın, Rauf Atakişiyevin
ifasında gözəl səslənəcəkdir.
Ongünlüyün son günlərində verəcəyimiz
yekun konserti yaradıcılıq imtahanımızın
kulminasiyası olacaqdır. Cahangir Cahangirovun "Məhsul"
süitası, Tofiq Quliyevin, "Moskva haqqında
mahnı"sı, Qara Qarayevin "Partiya haqqında
kantata"sı, Azərbaycan xalqının doğma
partiyamıza, Sovet hökumətimizə dərin
minnətdarlıq hissini ifadə edəcəkdir.
Bədii özfəaliyyət dərnəklərinin
üzvləri xalq yaradıcılığının
qüdrətini bir daha canlandıracaqlar.
Göründüyü kimi, imkanlarımız
böyük, vəzifəmiz olduqca məsuliyyətlidir.
Azərbaycan musiqisinin ustaları bu şərəfli
imtahandan gülər üzlə, yeni qələbələrlə
çıxacaq, xalqımızın əmək
qəhrəmanlığına yeni gözəl
sənət nümunələri ilə cavab verəcəklər.
“Azərbaycan gəncləri”, 22 may 1959 |
|
|
|
|
|