Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

MUSİQİNİ NECƏ DİNLƏMƏLİ

Heç təsadufi deyildir ki, sovet adamları, xüsusilə gənclərimiz "emosyonal savadsızlığa" qarşı qəti mübarizə aparırlar.

"Emosyonal savadsızlıq" nə deməkdir? Bu məfhum həyatımızın hansı çatışmayan, məişətimizin hansı yarıtmaz cəhətini andırır? Bu ifadəni ilk dəfə böyük proletar yazıçısı Maksim Qorki ədəbiyyat və incəsənət əsərlərinə biganə olan, təəssürat, bədii həyəcan etibarı ilə laqeyd yaşayan adamların kütbaşlığı haqqında söyləmişdir. Emosyonal cəhətcə savadsız olmaq, - yəni dərin hisslər, böyük fikirlər oyadan sənət aləminə qarşı laqeyid qalmaq, əsil ilham məhsulu olan gəzəl bir şeri oxuduqda, ya yaxşı bir musiqi əsərini dinlədikdə, ya mahir bir rəssamın fırçasından çıxmış ifadəli bir tablonu seyr etdikdə onu duymamaq, onun haqqında düşünməmək, onu anlamağa həvəs gəstərməmək deməkdir. Odur ki, emosyonal cəhətcə savadsızlıq insanı düşüncə məhdudluğuna, fikir yoxsulluğuna, zövq və həvəs kasıblığına, nəhayət insani hisslərin kobudlaşmasına, kütləşməsinə, insanda estetik duyğunun primitiv olmasına gətirib çıxardır və insanı bədii zövq ülviyyətindən birmərrə məhrum edə bilər.

Əgər əsil sənətkar rəssamın çəkdiyi gəzəl bir lövhə sənin qəlbində heç bir bədii həyəcan oyatmırsa, əgər istedadlı şairin həyatın bir parçasını vəsf edən şeri səni düşünməyə vadar etmirsə, nəhayət əgər görkəmli bir bəstəkarın bütün ictimaiyyət tərəfindən təqdir olunub, bəyənilən dəyərli musiqi əsəri sənin ruhunu oxşamırsa, - deməli sən, həyatı və insan varlığının mənasını hələ çox səthi və birtərəfli düşünür, şerə, musiqiyə hörmət məsələsinin nə olduğunu hələ lazımınca dərk etmirsən.

Xalqımız ta qədim zamanlardan bəri şeri, musiqini ürəkdən sevmiş, şairin, xalq aşığının, xanəndə və sazəndələrin sənətinə həmişə böyük hörmət və ehtiram gəstərmişdir. Musiqidən, - sözün ən yüksək və həqiqi mənasında həzz və mənəvi ləzzət almaq istəyən şəxs onu böyük diqqətlə dinləməyi bacarmalıdır. Çünki musiqi sənətinin insan şüurunda oyatdığı fikirlər üfüqlər qədər geniş, dəryalar qədər dərindir.

Azərbaycan musiqi sənətində xalq dühasının ən parlaq yaradıcılıq məhsulu - muğamatdır.

Muğamat musiqimizin təməli, onun bünövrəsi, onun dayaq sütunudur. Muğamat mahnılarımız, təsniflərimiz, oyun havalarımız, simfonik əsərlərimiz, opera və baletlərimiz üçün tükənməz və gözəl təranələr mənbəyidir. Bir sözlə, muğamat, Azərbaycan musiqi dilinin, əgər təbiri düzgün başa düşülərsə, lüğət fondudur. Azərbaycan musiqisi yaratmaq niyyətində olaraq mahnı, romans, simfonik poema, opera, simfoniya, balet və ya musiqi sənətinin istər kiçik, istərsə böyük formalı hansı bir janrında əsər yaratmaq istəyən bəstəkar, ya həvəskar öz əsərinin intonasiya aləminin muğamat köklərinə əsaslanmasını labüd bir şərt, zəruri bir yaradıcılıq vəzifəsi kimi öz qarşısında qoymalıdır. Bunun üçün xalq musiqi nümunələrini bir sitat kimi götürüb onu işləmək heç də vacib deyildir. Məqsəd əsərin Azərbaycan musiqi dilində olmasındadır. Bu məqsədə nail olmaq üçün isə, xalq musiqisindən (o cümlədən muğamat melodikasından) bilavasitə istifadə etmək heç də vacib deyil, çünki bu, - ən asan və ən sadə yoldur. Bu üsul artıq, necə deyərlər, çağırılmış bayatıdır. Qarşıda duran şərəfli yaradıcılıq vəzifəsi isə Azərbaycan musiqi dilində yeni, orjinal, musiqi cümlələri başqa əsərləri yada salmayan əsərlər yaratmaqdan ibarətdir. Bəs nə etməli? Bu xüsusda Üzeyir Hacıbəyovun "Koroğlu" operasını nümunə kimi göstərmək olar. Məlumdur ki, bu əsərdə Azərbaycan xalq mahnı və oyun havalarından, eləcə də muğamatın özündən bilavasitə heç bir sitat gətirilməmiş, əsərin musiqi mətninə heç bir əvvəlcədən məlum musiqi parçası daxil edilməmişdir. Lakin "Koroğlu" operası musiqisinin məhz Azərbaycan musiqi dilində olması səbəbindəndir ki, bu əsərdə, eşitdiyimiz musiqinin bizə doğma olduğunu duyur, onun ayrı-ayrı parçalarının isə bizə hətta əvvəlcədən guya "tanış olduğunu" zənn edirik. Bu da ondan irəli gəlir ki, "Koroğlu" müəllifi yaratdığı musiqinin şirəsinin Azərbaycan xalq musiqisindən, muğamat intonasiyalarından alınmasına çalışmış və buna müvəffəq olmuşdur.

Musiqi sənətinin nəzəriyyəsi haqqında yazılmış bir çox kitablarda, məqalələrdə, habelə musiqinin inkişaf yollarını bəlliləşdirmək vəzifəsi ilə əlaqədar müzakirələrdə çox vaxt musiqi dili ilə danışıq dili arasında bir çox ümumi və müştərək cəhəqlərin olduğu iddia edilir.

Doğrudan da musiqi ilə danışıq dilinin quruluşu arasında bəzi oxşar cəhətlər var. Lakin bununla bərabər, mənə belə gəlir ki, musiqi dili ilə danışıq dili arasında bərabərlik işarəsinin qoyulması heç də düzgün olmaz. Bu məsələdə mexaniki surətdə analogiya (müşabəhət) təyin etmək lazım deyil. Ancaq bir cəhəti, məncə, nəzərdə tutmaq çox faydalıdır.

Yuxarıda muğamatın əhəmiyyətindən danışdıq. Xüsusilə şairin xoş kəlamı, gözəl və mənalı şeri, insan ruhunu oxşayan qəzəlləri və ya muğam musiqisindəki böyük bir mənəviyyat aləminin üzvi surətdə birləşməsi nəticəsində əldə edilən əsil bədii vəhdətin məhsulu olan muğamat ifasının xoşumuza gəlməsi də tamamilə təbii bir haldır. Çünki hələ anamız bizə "lay-lay" oxuyarkən, bu beşik havasının muğamat intonasiyasında olmasına istər-istəməz çalışmış və beləliklə, necə deyərlər, ta gözümüzü açdığımız vaxtdan bəri qulağımız muğamat təranəsi ilə kökləndirilmnşdir. Bu bizim doğma musiqi dilimizdir, ona görə də biz bunu yaxşı anlayır, asanlıqla da əxz edirik.

Lakin bununla yanaşı olaraq, başqa xalqların musiqi numunələrini də eyni həvəslə dinləməyi bacaran şəxs, bu xalqların musiqi dilini öyrənmiş olduğunu nümayiş etdirir. Əlbəttə, bu müvəffəqiyyət birdən-birə əldə edilmir. Əgər ümumiyyətlə musiqi sənətinə həvəs göstərən bir gənc eyni zamanda Qərbi Avropa və rus klassik bəstəkarlarının da əsərlərini (təkrar edirəm: müntəzəm surətdə!), filarmoniyanın simfonik musiqi və kamera əsərləri konsertlərini, radio ilə verilən simfonik əsərləri, rus və Qərbi Avropa musiqisini, opera və balet teatrımızda verilən opera və balet tamaşalarını dinləyərsə, o az müddətdən sonra başqa xalqların musiqi dilini öyrənmiş olar. Bu cəhətdən musiqi dili ilə danışıq dili birbirinə yaxındır. Əgər məktəbdə, institutda ya da xarici dilləri öyrənməyə cəhd edən gənc eyni zamanda bu xalqların musiqisini də tez-tez dinləyərsə o, öz musiqi marağını dəfələrlə zənginləşdirmiş olur. Həm də musiqi dilini qavramaq, başqa xalqın musiqi dilini öyrənmək, danışıq dilini öyrənməkdən qat-qat asandır.

Musiqidən məqsəd əylənmək, keyf çəkmək, nəşələnmək deyildir. Musiqi ictimai ideologiyanın ən əhəmiyyətli formalarından biridir. Musiqi həyat varlığını xoş təranələr, bədii obrazlar vasitəsilə əks etdirən incəsənətdir. Musiqi bütün bəşəriyyət tarixi boyu ictimai-ideya, mədəni-tərbiyəvi və təşkilatçı-qüdrətli bir amil olaraq inkişaf etmişdir. Musiqi sənətinin tarixi inkişaf prosesi ictimai tərəqqi qanunlarına uyğun olaraq irəliləyir. Bu isə musiqini diqqətlə dinləməyi bacarmaq şərtini qarşımıza qoyur. Musiqini diqqətlə, onun məzmununu düzgün anlamağa çalışmaq yolu ilə dinləmək deməkdir. Musiqini səthi surətdə dinləməkdən heç bir fayda yoxdur. Düşünülərək, duyularaq dinlənilmiş musiqinin şüurumuzda oyatdığı bədii həyacanın qüvvəti də yenilməz, həm də insan mənəviyyatını zənkinləşdirən amil mahiyyətini kəsb etmiş olur.

“Azərbaycan gəncləri”, 11 yanvar 1960

Bu məqalə “MUSİQİNİ MÜNTƏZƏM DİNLƏMƏLİ VƏ ÖYRƏNMƏLİ” başlığı ilə"Musiqi və həyat" broşurasında, I seriya, Bakı, 1961, çap edilmişdir.

 

 
     
        © Musigi Dunyasi, 2007