Musiqi sənətinin
təsir qüvvəsini dərindən hiss edən,
musiqi təranəsinin incəliklərini əsil
sənətkar qəlbilə duyan Cəfər
Cabbarlı musiqi aləminin ucsuz-bucaqsız geniş
üfüqlərini bütün ömrü boyu
diqqətlə sezir, düşünür, sevir,
oxşayırdı. Musiqi Cabbarlı dram əsərlərinin
üzvü bir hissəsi, zəruri iştirakçısı,
Cabbarlı dramaturgiyasının qüdrətli
amillərindən biridir. Cabbarlı tamaşalarının
gedişi ilə bilavasitə əlaqədar olaraq
səslənən musiqi sədaları səhnədəki
gərgin psixoloji halları, əsər qəhrəmanlarının
arzu və əməllərini, onların dərin
ehtiraslarını daha ifadəli tərzdə
tamaşaçıya çatdırır. Belə
bir musiqi müşayiəti əsərdəki
hadisələrin inkişafına heç də
laqeyd qalmır, əksinə, o, əsərin
məzmunundan doğur və bütün qüdrətilə
tamaşanın tərkibinə üzvü surətdə
daxil olur.
"Aydın" pyesi ilk dəfə tamaşaya hazırlandığı zaman Cəfər kamançaçı Q. Babalov ilə şəxsən özü saatlarla məşğul olur, son pərdədə Aydının zümzümə ilə oxuyacağı:
Tutuşdu qəm oduna şad gördüyün könlüm
Müqəyyəd oldu ol azad gördüyün könlüm...
Füzuli sözlərinə hansı musiqinin: "Bəstə-nigar"ınmı, yoxsa "Dilkeş"inmi, yoxsa "Bayatı kürd" kökündə "Dilo"nunmu daha uyğun, daha münasib səslənəcəyini aydınlaşdırmağa cəhd edirdi. Uzun müddət müxtəlif musiqi guşələrini böyük diqqətlə dinlədikdən sonra zarafatyana ifaçıya müraciət edərək dedi:
- Bura bax, aşna, nə toxuşdurursan-toxuşdur, amma sən Allah, həmişə aşağıda, bəm pərdədə çal!..
Ya da Oqtay ilə Firəngizin birinci dialoqu zamanı uzaqdan eşidilən piano səslərinin hansı əsərdən olduğunu müəyyənləşdirmək üçün Motsartın, Bethovenin və Şopenin bir çox əsərlərini çaldırıb dinlədikdən sonra:
- Bu əsərlərin hamısı bir-birindən gözəldir, - dedi. - Lakin bu dialoq üçün Ayzenin indicə çaldığı şey mənə daha xoş gəlir. Yəni, axtarsan, hamısı xoş gəlir, ancaq Oqtay ilə Firəngiz mükaliməsi üçün mən bu axırıncını məsləhət görürəm.
Cəfərin bu axırıncı olaraq dinlədiyi əsər P.Çaykovskinin "İlin fəsilləri" məcmuəsindən "Barkarola" idi. Doğrudan da Oqtay ilə Firəngiz səhnəsindəki lirik əhvali-ruhiyyəni, o böyük səmimiyyət aləmini ifadə edə biləcək musiqi də mükalimədəki lirik məzmunu əsil saf məhəbbət hissilə tarənnüm etməsi əsas şərtlərdən biri idi. Bu isə Çaykovski dühasının ən gözəl və parlaq nümunələrindən olan gəmiçi mahnısında daha aydın səslənirdi.
İnqilabdan sonra Azarbaycanda yeni təsis olunan teatr məktəbinə mən də Cəfərlə bir gündə imtahan verib qəbul olunmuşdum. O, mənim, eyni zamanda, orta məktəbdə, həm də musiqi məktəbində oxuduğumu bilir, lakin teatr məktəbindəki dərslərimə də müntəzəm surətdə, böyük etina ilə davam etməyimi qiymətləndirirdi. Cəfər özü də o vaxt "Kommunist" qəzetində tərcüməçi işləyir, universitetin tibb fakültəsində oxuyurdu. Sonradan mən orta məktəbi qurtarıb universitetin Şərq fakültəsinə daxil olduğum zaman o da, tibb fakültəsini buraxıb Şərq fakültəsinə keçdi. Burada, xüsusən seminar məşğələlərində məruzəçi olduğum zaman o mənim opponentim, ya da o məruzəçi, mən də onun opponenti kimi auditoriyada ədəbiyyat və tarix məsələlari haqqında maraqlı mübahisələrə girişirdik. İmtahanlara da çox vaxt birlikdə hazırlaşırdıq. Məşğələdən yorulub tənəffüs edəndə, ya pianoda ya da tarda "bir şey çalmağı" o, həmişə məndən xahiş edirdi. Bir gün Cəfər məndən soruşdu:
- Necə bilirsən, qədim atəşpərəstlər ibadətgahında oxunan dini mahnıların musiqisinin nə səpkidə olması daha möhtəməldir?
- O dövrün musiqi nümunələri zamanın girdablarında batıb getmişdir, -deyə cavab verdim.
- Orasını mən də bilirəm. Məgər biz o musiqini indi öz təsəvvürümüzdə canlandırmaq hüququndan məhrum edilmişik?
- Əlbəttə, yox, Misir fironları dövründəki musiqinin də həqiqətdə nə sayaq səsləndiyini bilən yoxdur. Lakin bu cəhət "Aida" operası müəllifinə əsərinin ibadətgah səhnəsində kahinlər və abidlərin dini ayin icra edərkən oxuduqları mahnı və oynadıqları rəqs musiqisini yaratmaq işində heç də mane olmamışdır.
- Elə isə, bəs biz qədim Azərbaycan atəşpərəstlər dini mərasiminin musiqisini, Hörmüzd ilə Əhrimən arasındakı mübarizəni andıran musiqini nə üçün təsəvvür etməkdən çəkinək?
Dərs arası davam edən bu kimi söhbətlərimiz, çalıb-oxumaqlarımız, Cəfər Cabbarlının mənə aşıladığı həvəs öz qüvvəmə inam hissini artırdı və mən "Od gəlini" pyesinin ilk quruluşu üçün musiqi bəstələdim. "Od gəlini" pyesində musiqinin nə qədər mühüm yer tutduğunu nəzərə alsaq, bir müəllif olaraq, Cəfərin mənə, ömründə hələ heç bir musiqi əsəri yaratmamış gənc bir musiqi həvəskarına göstərdiyi böyük etimadın əsil xeyirxahlıq duyğusunun nəticəsi idi. "Od gəlini" musiqisinin müvəffəqiyyətinə məndən də artıq sevinən Cəfər Cabbarlı sonrakı pyeslərinin də ("Sevil", "1905-ci ildə", "Almaz", "Yaşar") musiqisini mənə tapşırdı.
Cafər Cabbarlının Azərbaycan musiqili teatrı sahəsindəki fəaliyyəti çox geniş və səmərəlidir. O, erməni bəstəkarı A.Mailyanın "Səfa" operasının librettosunu yazaraq bu əsərin bəstəkarına böyük yaradıcılıq köməyi göstərmişdir.
Əvvəllər yalnız mətnin Azərbaycan dilinə tərcüməçisi kimi işə cəlb olunan Cabbarlı görkəmli sovet bəstəkarı R.M.Qlierin "Şahsənəm" operasının librettosu və mətni üzərində çox çalışmışdır. İndi çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, işə başlanılan ilk dövrdə Cəfərin yaradıcılıq iqtidarına bir qədər inamsızlıq göstərilməsi nəticəsində "Şahsənəm" operasının librettosu əvvəldən Cəfərə yox, bir dramaturq və bir şair kimi zaif olan M.Qalperinə tapşırıldı ki, bu da dəyərli musiqisi olan "Şahsənəm" operasının bir səhnə tamaşası kimi naqis çıxması ilə nəticələndi.
Sonralar (yəni 1934-cü il quruluşu üçün) bu operanın librettosunu yenidən işləmək vəzifəsi Cəfərə tapşırıldı. Lakin yazılıb hazır olan və hətta səhnədə oynanılmış opera əsərinin musiqisi əsasında tamamilə yeni bir libretto tərtib etmək mümkün deyil idi. Buna baxmayaraq, Cəfər Cabbarlı "Şahsənəm" operasının librettosunu xeyli təkmilləşdirdi. Bu məqsəd üçün Xalq Maarif Komissarlığı 1933-cü ilin yayında Cəfərlə məni bəstəkar Qliyer ilə birgə çalışmaq üçün Moskvaya ezam etmişdi. Bizim Moskvada olduqumuz müddət ərzində Cəfər "Şahsənəm" musiqisini tamamilə başqa bir məzmun və süjet əsasında yeni bir opera üçün istifadə edilməsi planını tərtib etdi.
Cəfərin hazır musiqi əsəri üçün yeni mətn yazmaq işindəki bacarığını xüsusi olaraq qeyd etmək lazımdır. Bu işdə də o, tam mənasilə bir sənətkar idi. 1930-cu ilin yayında, Azərbaycan Dövlət Dram Teatrının Moskva qastrolu günlərində mən, Cəfərlə birlikdə Böyük Teatr filialında erməni bəstəkarı A.Spendiyarovun "Almast" operasını dinləməyə getmişdim. Bu əsərin ikinci pərdəsində qoca aşıqın əlində kamança əsər qəhrəmanı Almast ilə görüş səhnəsində oxuduğu ariya Cəfərin çox xoşuna gəldi. "Mahur" və "Vilayəti" kökündə bəstələnən bu musiqi əsəri doğrudan da "Almast" operasının ən parlaq və dəyərli səhifələrindən biridir. Cəfər bu ariyanı mənim öz gələcək konsertlərimin proqramına daxil etməyimi məsləhət gördü. Bakıya qayıtdıqdan sonra Cəfər bu ariya üçün yeni şer yazdı:
Əlimdə sazım, çəkərəm nazın,
Dünya gözəli!
Səni alqışlar hər gülü yazın,
Dünya gözəli!
Ancaq yar bilər eşqin çarəsin,
Dünya gözəli!
Aşıq olanı yandırmaq olmaz,
Dünya gözəli!
Sən bir gülsən, lakin yarpaqlarına tikan dolaşar.
Sən bir qızsan ki, parlaq alnına taclar yaraşar.
Aşiq yolunda çaylardan keçər, dağlardan aşar.
Eşqin odundan yan durmaq olmaz,
Dünya gözəli!
Gənclər çəməndə sənin telinçin lalə biçərlər.
Eşqə yananlar sevda yolunda candan keçərlər.
Aşiqlər dərdi-dil anlayana xəlvət açarlar.
Dil bilməyəni qandırmaq olmaz,
Dünya gözəli!
Cəfər Cabbarlının "Əsərləri"nin 1938-ci il nəşrinin I cildində və son nəşrinin III cildində "Tellər oynadı" şerinin nə zaman yazıldığının məlum olmadığı qeyd edilir. Həm də bu şer (birinci nəşrində olduğu kimi cəmisi iki kuplet) dərc edilmişdir. Bu şerin meydana gəlməsi tarixi belədir:
1931-ci ilin mart ayında mənim Dövlət Opera və Balet Teatrı binasında simfonik konsertim təşkil edilmişdi. Konsertin proqramına yuxarıda göstərdiyim "Almast" operasından qoca aşıqın mahnısından əlavə Qliyerin bəstələdiyi bir xalq mahnısı daxil edilmişdi. Mən bu mahnı üçün şer yazmağı Cəfərdən xahiş etdim. O, əvvəlcə bu şeri gətirdi:
Bağdaki güldən zərifdir o gül yanaqlar,
Şandakı baldan şirindir o al dodaqlar,
Sənsiz olsun, görüm ay qız, viranə bağlar,
Səndən ayrı könlüm sızlar, gözüm qan ağlar.
Bağa girsən geri qalmaz boyun çinardan,
Ağ bədənin safdır, ay qız, xarranmış qardan,
Dönsə dünya gözəl olsa mən keçməm yardan.
Ya da: (Yağsa yağış torpaq doysa mən doymam yardan)
Oynaq-oynaq yerişindən bağça süslənir,
Gülüşündən güllər açar, bülbül səslənir,
Sənsiz olar aşiqlərin viranə bağlar,
Səndən ayrı güllər solar, bülbül qan ağlar.
"Almast" operasındakı qoca aşıqın ariyasını və bu mahnını konsertdə Hüseynağa Hacıbababəyov oxumalı idi. O, bu əsərləri böyük bir həvəs və əsil sənətkar ilhamı ilə hazırladı. Konsert ərəfəsində biz Cəfəri məşqə dəvət etdik. Mahnının şerindən bir qədər razı qalmadığımızı ona bildirdik. O, haman saat oturub şerin ikinci variantını yazdı. İndi Cəfər Cabbarlı "Əsərləri" nəşrində bir qədər təhrif və həm də ixtisarla çap olunmuş bu şerin əsli belədir:
Bir sən idin, bir mən idim, bir də yamaclar,
Meşə yolu, yarpaq dolu, yaşıl ağaçlar,
Onda ki, ağ ümuzlara töküldü saçlar,
Coşdu irmaq, güldü yarpaq, güllər oynadı.
-----------
Bir biz idik, bir düz idi, bir də al boya,
Dağ başından uçan quşlar endilər çaya,
Sən dedin ki, bütün dünya dönsün qoy toya,
Çaldı qaval, uzaq göydən ellər oynadı.
-----------
Endi duman, örtü kimi dünya qarardı,
Ara-sıra əsən bir yel saçın darardı,
Onda ki, oynaq tellərin boynumu sardı,
Ürəyimdə kaman kimi tellər oynadı.
Cəfər Cabbarlının ədəbi yaradıcılığı, xüsusən onun pyesləri musiqi sənəti üçün tükənməz ilham mənbəyidir. Fikrət Əmirovun "Sevil" operasının müvəffəqiyyəti göstərir ki, Cəfər Cabbarlı pyesləri əsasında yazılan opera və balet əsəri dramaturgiya cəhətindən möhkəm bir məzmuna, yaxşı süjetə və özəl səhnə planına əsaslanır. Bu işdə bəstəkarın şərəfli vəzifəsi, Cəfər Cabbarlının bədii kəlamına layiq musiqi yaratmaqdan ibarətdir.
“Ədəbiyyat və incəsənət”, 19 mart 1960
|