Dünyada birinci Sovet Sosialist dövlətinin
banisi, xalqların böyük rəhbəri V.
İ. Leninin incəsənət haqqında söylədiyi
dərin mənalı sözlərini diqqətlə
öyrəndikdə yəqin etmək olur ki, sovet
incəsənətinin inkişaf və tərəqqisi
məhz Leninin nəzəriyyələri əsasında
əldə edilmiş və Leninin incəsənət
haqqındakı fikirləri sovet incəsənətinin
gələcək müvəffəqiyyət və
qalibiyyət yolunu işıqlandırmışdır.
İncəsənət aləmində böyük
rəhbərin ən çox sevdiyi sahələrdən
biri musiqidir. O öz hassas qəlbi, incə zövqü
və aydın düşüncəsi ilə
musiqi sənətinin ən zərif cəhətlərini
duyur, musiqinin ifadə etdiyi mənaya çox böyük
əhəmiyyət verirdi. Hələ gənc
yaşlarında ikən o, bacısı M. Ulyanovaya
yazdığı məktubların birində
simfonik konsertə gedib orada P. Çaykovskinin 6-cı
simfoniyasını dinləməsindən çox
razı qaldığını xəbər verir.
Çaykovskinin 6-cı simfoniyasının Lenin
tərəfindən bəyənilməsi çox
əlamətdardır. Çünki bu əsər
öz simfonik mənası və ifadə etdiyi
musiqi obrazlarının qüdrəti etibarilə
dünya simfonik ədəbiyyatının ən
dəyərli əsərlərindən biridir.
Burada əsil həyati qüvvələrin coşğunluğu
və dramatik hadisələrin inkişafı
öz əzəməti ilə dinləyicini vəcdə
gətirir. Böyük ehtirasların gərgin
toqquşması və bununla əlaqədar olan
antitezalar bu möhtəşəm əsərin
əsas süjet xəttidir. Həm də bu toqquşmalar
quraşdırma va uydurma bir tərzdə meydana
gəlmir, əksinə burada həyati ziddiyyətlər
ehtirasla öz varlığını göstərir.
Çaykovski simfonizminin ən böyük nailiyyəti
sayılan Altıncı (patetik) simfoniya Leninin
ən çox bəyəndiyi musiqi əsərlərindən
biridir.
Mühacirət illərində Leningilin qonşuluğunda
yaşayan qoca bolşeviklərdən Barovskaya
öz xatirələrində qeyd edir ki, 1905-ci
yeni ili qarşılamaq münasibətilə
düzəldilən məclisdə Lenin hamıya
həmin axşam əvvəlcə "Karmen" operasına
getməyi təklif etdi. Hamı məmnuniyyətlə
Leninin məsləhətini qəbul etdi. Lenin
"Karmen" əsərinin gümrah musiqisini çox
bəyənirdi.
1913-cü ildə İsveçrədə təşkil
olunan tələbələr konsertinə dəvət
olunmuş Lenin, burada M. S. Kedrovun ifasında Bethovenin,
Şopenin əsərlərini böyük diqqətlə
dinlədikdən sonra məxsus bu əsərləri
bir daha dinləmək arzusu ilə Kedrovgilə
gələcəyini bildirmişdi. Bir neçə
gündən sonra Lenini öz evində ən
əziz bir qonaq kimi qəbul edən pianoçu
Kedrov, onun üçün Bethovenin sonatalarını
çaldığını və Leninin bu əsərlərdən
son dərəcə razı qaldığını
xəbər verir.
N. K. Krupskaya öz xatirələrində qeyd
edir ki, Vladimir İliç pianoçu İnessa
Armanın ifasında Bethovenin əsərlərini
dinləməyi çox sevirdi. Lenin Bethovenin xüsusilə
"Patetik" sonatasını çox bəyənirdi
və onu tez-tez çalmasını piyanoçudan
xahiş edirdi.
Leninin Bethoven yaradıcılığına böyük
qiymət verməsi tasadüfi deyildir. Çünki
Bethovenin "Appossionata" sonatasında zülm və
istibdada qarşı mübarizədə azadlıq
qüvvəsinin yenilməzliyi və qüdrəti
əks etdirilir. Qeyd etmək lazımdır ki,
o zamankı ictimai həyatda baş vermiş hadisələr
instrumental musiqidə sonata-simfonik janrın inkişafında
daha geniş və qabarıq bir tərzdə
öz əksini tapmışdı. Bu sahədə
isə Bethovenin "Appossionata" sonatası ən ifadəli,
dramatik cəhətcə ən bitkin əsərlərdən
biridir.
Ümumiyyətlə, mübarizə motivlərinin
Bethoven yaradıcılığında geniş
yer tutmasındandır ki, hələ XIX əsr
rus inqilabçı demokrat ziyalıları Bethovenin
şəxsiyyətini yüksək qiymətləndirir,
onun musiqi yaradıcılığını çox
üstün tuturdular. Belinski, Bethoveni Qərbi
Avropada realizm dövrünün ən böyük
sənətkarı adlandırırdı. Belinski
yazır ki, musiqi sənəti, özünün
Şekspiri olan Bethovenin yaradıcılığı
sayəsində ən böyük inkişaf və
nailiyyət zirvəsinə yüksələ
bilmişdir. Rus inqilabçı demokratlarından
Gertsen, Çernışevski də Bethoven yaradıcılığındakı
ictimai motivlərin böyük əhəmiyyətini
qeyd edirlər. Deməli, ümumiyyətlə
Bethoven yaradıcılığı rus inqilabçı
demokratları üçün inqilabi sənət
məsələsini irəli sürmək işində
böyük əhəmiyyət kəsb etmişdir.
Göründüyü kimi, Bethoven yaradıcılığına
yüksək qiymət verməkdə Lenin tək
deyil idi. Bethoven yaradıcılığı
rus ictimai təfəkkürü tarixində çox
böyük və şərəfli yer tutur.
Maksim Qorki yazır: "Bir axşam, Moskvada, Y. P.
Peşkovanın mənzilində Lenin pianoçu
İsay Dovroveynin ifasında Bethovenin sonatalarını
dinlədikdə dedi: "Appossionata"dan yaxşı
ola biləcək bir şey mənə məlum
deyil. Bu əsəri hər gün dinləməyə
hazıram. Xariqüladə, fövqəlbəşər
musiqidir. Mən həmişə, ola bilsin ki,
uşaq sadəlövhlüyünün iftixar
duyğusu ilə düşünürəm:
insanlar belə möcüzələr yaratmağa
qabildir".
Yaratdığı əsərlərində inqilabçılıq
ruhunu tarənnüm edən və bununla da dinləyicini
vəcdə gətirən böyük sənətkar
Bethovenin surəti, Leninin, hələ gənc
yaşlarından, böyük rəğbətini
qazanmışdı. Düşünmək olarki,
Bethoven yaradıcılığında öz
əksini tapmış inqilabi qəhramanlıq
və bununla əlaqədar olan dramatik gərginlik,
faciə və ümumiyyətlə mübarizə
mövzusu, dünya incəsənətinin yaratdığı
surətlər içərisində öz emosional
təsiri etibarilə Lenin üçün daha
yaxın idi.
Milyonlarla insanların ən çox sevdiyi, xatirini
əziz tutduğu, böyük rəhbər və
müəllim V. İ. Leninin surəti xalq yaradıcılığının
müxtəlif əsərlərində əks
etdirilmişdir. Bütün sovet xalqları Lenin
haqqında ürəkdən gələn bir çox
mahnılar qoşmuş, musiqi əsərləri
yaratmışlar. Xalq bu mahnılarda, şerlərdə
böyük müəllimə, sovet dövlətinin
banisi olan dahi rəhbərə bəslədiyi
səmimiyyət və məhəbbət duyğusunu
ifadə edir.
Sovet bəstəkarları Lenin haqqında bir
çox vokal və simfonik əsərlər bəstələmişlər.
Burada sovet bəstəkarı V. Y. Şebalinin
"Lenin" kantatasını, Süleyman Ələsgərov
ilə Cahangir Cahangirovun nəğməkar-solist,
xor və simfonik orkestr üçün birgə
yazdıqları "Lenin" vokal-simfonik poemasını,
Cövdət Hacıyevin dördüncü, Lenin
xatirəsinə həsr olunmuş simfoniyasını
xüsusi olaraq qeyd etmək lazımdır. Cövdət
Hacıyev bu monumental əsərində böyük
insanın "musiqi portretini" yaratmaq vəzifəsini
öhdəsinə götürməmişdir.
O bu əsərində Lenin ideyalarından ilham
alan qəhrəman sovet xalqının həyatını
tərənnüm edən parlaq lövhələr
yaradır. Lenin mövzusu bu əsərdə
xalq mövzusu kimi bütün əzəməti
ilə səslənir.
Sovet bəstəkarlarının Lenin surətini
yaratmaq işindəki müvəffəqiyyətləri
böyükdür. Həm də bu şərəfli
mövzunun sənətkar şüurunda doğurduğu
ilham, ürəkdə yaratdığı məhəbbət
duyğusu, yazmaq həvəsi tükənməzdir.
Zəmanəmizin ən böyük siması
olan Leninin ölməz surətini tərənnüm
etmək, onun adına layiq bədii əsərlər
yaratmaq sənətkarlarımızın şərəfli
vəzifəsidir.
"Ədəbiyyat və incəsənət", 22
aprel 1960 |