Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

MUĞAMLAR

 
Muğamlar xalqımızın lap qədim zamanlarda yaratdığı gözəl musiqi nümunələridir. Bu qiymətli nümunələri qoruyub saxlamaq lazımdır. Ancaq, unutmayın ki, təkcə muğamlara valeh olmaqla kifayətlənmək olmaz. Mədəniyyətimiz gündən-günə inkişaf edir. Qabaqcıl sovet milli musiqisini, eləcə də klassik dünya musiqisini bu gün xalqımız sevə-sevə dinləyir. Musiqimiz başqa xalqların musiqi mədəniyyətinə yaxınlaşdıqca daha zəngin olur.

Yeddi əsas muğam vardır. Bunlar: "Rast", "Bayatı-Şiraz", "Segah" "Şüştər", "Şur", "Çahargah" və "Hümayun"dur.

Azərbaycan musiqisində muğam sözü əslində iki mənada işlənilir. Muğamat dedikdə, biz hər şeydən əvvəl çalınan musiqinin hansı dəstgah kökündə olduğunu nəzərdə tuturuq. Çünki, elə bir mahnı, oyun havası, aşıq mahnısı yoxdur ki, o, müəyyən bir muğam kökünə əsaslanmasın.

Bütün sovet uşaqlarının çox sevdiyi "Cücələrim" mahnısına nəzər salaq. Bu mahnı, gümrahlıq, sevinc duyğusunu yaxşı tərənnnüm edən "Rast muğamı kökündə bəstələnmişdir.

Bəstəkar Səid Rüstəmovun XVIII əsrin xalq aşığı Qurbanın lirik şeri əsasında bəstələdiyi "Bənövşə" mahnısı isə "Şüştər" muğamı kökündə bəstələnmişdir.

İndi gəlin, Qəmbər Hüseynlinin "Cücələrim" mahnısı ilə, Səid Rüstəmovun "Bənövşə" mahnısının daxili inkişaflarını müqayisə edək. Belə etdikdə iki müxtəlif muğam kökündə yazılmış bu mahnıların musiqi quruluşunda həm ümumi, həm də bir-birindən fərqli cəhətlər olduğunu görərik. Bu iki mahnının musiqi quruluşunda olan ümumi cəhət nədən ibarətdir? Bu, ondan ibarətdir ki, hər iki bəstəkar mahnının daha maraqlı səslənməsi üçün, onun əsas kökündə uzun-uzadı dayanmırlar. Çünki, onlar bilirlər ki, əgər musiqi əsəri həmişə eyni kökü təmsil edərək öz yerində sayarsa, dinləyicini darıxdırar.

* * *

"Cücələrim" mahnısında xor "Rast" kökündə oxuyur. Amma sonradan, solonu ifa edən "Rast" muğamının tərkibində olan "Vilayəti" şöbəsi kökü əsasında bəstələnmiş hissəyə verir. Əgər bəstəkar bu solo hissəsini də xorun oxuduğu "Rast" kökündə bəstələsəydi, mahnı yeknəsəq və maraqsız olardı. Lakin, əsil kökdən bir qədər uzaqlaşıb, sonra yenə də əvvəlki kökə qayıtdıqda mahnı xeyli şirinləşir.

Bəs Səid Rüstəmovun "Bənövşə" mahnısında necə? Bu mahnıda da əsas kökdən uzaqlaşmağa meyl varmı? Bəli, var! Elə bu iki mahnının musiqi quruluşunda olan ümumi cəhət də bundan ibarətdir.

Bu mahnılar arasındakı fərq nədən ibarətdir?

Səid Rustəmov "Şüştər" kökündə olan mahnının ikinci hissəsini tamamilə başqa muğam kökündə - "Segah" kökündə nəql edir.

"Cücələrim" mahnısında isə eyni muğam kökü daxilində qalaraq, yalnız haman muğamın tərkibində olan başqa şö'bəyə keçilir.

Hər bir musiqi əsərini dinlədikdə onun hansı muğam kokündə bəstələndiyi və əsərin daxilində hansı şöbələrə keçildiyini təyin etmək o qədər də asan deyildir.

XIX əsrin məşhur tarzəni Sadıqcan Əsəd oğlu tara 6 sim əlavə etmiş, beləliklə muğamların və xalq mahnılarının ifasını xeyli şirinləşdirmişdir.

Bunun üçün muğamata yaxşı bələd olmaq lazımdır.

Muğam ikinci mənada isə xanəndələrimizin müəyyən şer, daha doğrusu qəzəl əsasında, sazəndələrin müşayiəti ilə oxuduqları iri həcmli xalq musiqi əsəridir.

Belə əsərlərin tərkibinə sazəndələrin çaldığı "Daraməd" hissəsindən sonra başlanan əsil muğam, bu muğamın ayrı-ayrı şöbələri arasındakı təsniflər, rənglər daxildir.

Beləliklə, muğam çox hissəli musiqi əsəridir. Muğam uzun illər boyu dəyişir, inkişaf edir. Lakin onun birinci mənada işlənən kökü çox uzun illər öz tərkibini dəyişmir.

“Azərbaycan pioneri”, 21, 24 fevral 1961
 
OPERADA YENİ FORMA MƏSƏLƏSİ

Operada müasirlik və sənətkarlıq məsələsini müzakirə edirik

Opera - musiqi sənətinin iri formalı janrları içərisində ən mürəkkəb və bununla bərabər dinləyicilər tərəfindən öz qavranışı, mənimsənilməsi etibarilə ən demokratik növdür. Opera - zamanın intonasiya quruluşunu ən həssas bir barometr kimi (B. Asafiyev) özündə əks etdirən sənət nümunəsidir. Opera - ictimai həyatın emosional nəbzini yaxşı duyan, insan əhval-ruhiyyəsində oyanan müxtəlif təəssürat və həyəcanı, eləcə də, dövrün qabaqcıl ideyalarını bədii tərzdə ifadə və tərənnüm edən musiqili-dramatik teatr janrıdır. Öz tərkibində ədəbiyyat (dramatik məzmun və şer) və incəsənətin (rəssamlıq, xoreoqrafiya və sairə) müxtəlif növlərini üzvi surətdə birləşdirən opera tamaşası sintetik bir sənətdir.

Bu qədər geniş bədii ifadə vasitəsinə, bu qədər zəngin təsir qüvvəsinə malik olduğundandır ki, hazırda dinləyici tamaşaçılarımız mövzusu sovet cəmiyyətinin rəngarəng və çoxcəhətli həyatından alınmış və adamlarımızın zəngin mənəvi aləmini doğru və həqiqi şəkildə əks etdirən yaxşı opera əsərlərini səbirsizliklə gözləyirlər.

Müasir opera əsərinin mahiyyəti, onun kompozisiyası, ifadə qaydaları ilə əlaqədar olaraq, bir çox prinsipial məsələlər hazırda musiqi ictimaiyyətimizi çox maraqlandırır. Bu məsələlər ətrafında aparılan mübahisələr bir çox ziddiyyətli fikirlərin də irəli sürülməsinə səbəb olur.

Müasir opera dedikdə, dinləyici istəyir ki, tamaşa etdiyi əsərdə, hər şeydən əvvəl, zamanın qabaqcıl ideyaları bədii surətdə tərənnüm edilsin. Dinləyici gözləyir ki, sovet adamlarının mənalı həyatı, güzəranı, arzusu, sevinci, dərin hissiyatı, onun kommunizm qurmaq uğrundakı mübarizəsi müasir opera əsərində parlaq boyalarla səslənsin. Nəhayət, dinləyici istəyir ki, xalqın musiqi mühitində səslənən, Vətənimizin musiqi həyatını əhatə edən təranələr, yeni musiqi formaları və janrlar - zamanın musiqi intonasiyası müasir opera əsərlərində öz əksini tapsın.

Biz sənətdə məzmun ilə formanın vəhdət təşkil etməsini və bir-biri ilə üzvi surətdə bağlı olmasını labüd hesab edirik. Deməli, müasir opera əsərinin yeni məzmunu üçün də yeni formalar axtarıb tapmaq lazımdır.

Bu il yanvar ayında Azərbaycan yazıçılarının, Azərbaycan Bəstəkarlar İttifaqı, Opera və balet teatrının opera sənəti və müasir mövzu məsələsinə həsr edilmiş birgə yığıncağında mən öz çıxışımda qeyd etmişdim ki, mövzusu müasir həyatdan alınmış operaların forması barədə ayrıca fikirləşmək lazımdır. Madam ki, məzmun yenidir o, mütləq özünün yeni formasını da tapmalıdır. Biz müasir mövzuda yazılacaq əsərləri köhnə qəliblərə sığışdıra bilmərik.

Operada müasirlik və sənətkarlıq məsələsi ilə əlaqədar olaraq qəzetdə açılan müzakirədə iştirak edən musiqişünas Elmira Abbasova da bu fikri müdafiə edərək yazır ki, yeni həyati məzmun köhnə formaların çərçivəsinə daha sığmır. Deməli, bu formalar dəyişməlidir.

Bu mülahizə son zamanlar bəstəkarlar arasında çox intişar tapmışdır və bəziləri hətta iddia edirlər ki, ənənəvi formaları büsbütün kökündən dəyişdirib, əvəzində tamamilə (hələlik heç kəsə məlum və aydın olmayan) yeni formalar yaratmaq lazımdır. Beləliklə, bu işdə müəyyən bir ifrat və əyinti meyli duyulur ki, bu da çox pis nəticələnə bilər. Yəni, bu qədər yeni forma aludəçiliyi bizi, nəhayət, formalizmə gətirib çıxara bilər.

Bizcə, müasir operanın nəql edəcəyi yeni məzmun ilə əlaqədar olaraq, onun formasının da yeniləşdirilməsi tələbini irəli sürdükdə, heç də opera formasının sabit cəhətlərinə etinasızlıq göstərmək olmaz. Opera sənəti öz inkişaf tarixində bir neçə dəfə böyük islahata məruz qalmışdır. Halbuki bəzi ümumi və sabit cəhətlər heç bir vaxt heç kəs tərəfindən nəzərdən qaçırılmamışdır. Bu sabit cəhətlərdən birincisi xalq musiqi təfəkkürünə etinasızlığa qətiyyən yol verməmək prinsipidir. Müzakirə iştirakçılarının da dediyi kimi, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun istər birinci opera əsəri "Leyli və Məcnun"un, istərsə də son opera əsəri "Koroğlu"nun bədii qüdrəti onun, xalq musiqi təfəkkürünün nailiyyətlərindən geniş istifadə etməsində, xalqın həyatı ilə sıx əlaqəsindədir.

Həm də geniş dinləyici kütlələri üçün yaradılan opera əsərlərinin məzmunu ilə yanaşı, formasının da inkişafında müəyyən bir dialektik uyğunluq həmişə olmuş və olacaqdır. Ona görə də təbii surətdə gedən bu inkişaf prosesini ənənəvi formaları tamamilə inkar etmək yolu ilə tələsdirməyə, sürətləndirməyə ehtiyac yoxdur.

Tarix göstərir ki, opera sənətinin ayrı-ayrı inkişaf mərhələlərində bu janr üzrə daim müəyyən islahat və forma yeniliyi prosesi ardıcıl surətdə davam etmişdir. Azərbaycan opera sənətində də "Əsli və Kərəm", "Aşıq Qərib" operalarından sonra "Şah İsmayıl" öz forması etibarilə yeni tipli opera idi. Burada reçitativlərin çoxu simfonik orkestrin müşayiəti ilə ifa edilirdi. "Şah İsmayıl"dan sonra gələn opera əsərləri isə (həmin müəllifin "Nərgiz" operası başda olmaqla) tamamilə yeni bir aləmdir.

Opera sahəsində çalışan sovet bəstəkarlarının yaradıcılıq təcrübəsi göstərir ki, sovet operasının inkişafı işindəki əsil çətinliklər bəstəkarların musiqi sənətinin küll halında əsasını təşkil edən melodiyaya az əhəmiyyət vermələrindən irəli gəlir. Burasını birdəfəlik bilmək lazımdır ki, yaxşı melodiyasız, yaxşı yadda qalan havasız opera yaratmaq mümkün deyildir.

İnsan avazının canlı intonasiyası hər bir opera əsərinin ən qüdrətli ifadə vasitəsi olmalıdır. Çünki opera əsəri, hər şeydən əvvəl, insan həyatından, insanın həyəcanından, arzu və əməllərindən bəhs edən musiqi əsəridir. Operada insan hissiyyatını və duyğularını açıb göstərmək üçün ən təbii ifadə vasitəsi isə yenə də "dünyanın ən güclü və ən qiymətli musiqi aləti olan" (N. Çernışevski) insan avazı, insan səsidir.

Təsadüfi deyildir ki, "Koroğlu" operasının müəllifi özünün ən gözəl və daha çox ürəyə yatan melodiyalarını, tutarlı ariyalarını əsərin məhz müsbət qəhrəmanlarına vermişdir. Koroğlunun, Nigarın oxuduğu mahnılar və ariyalar öz melodik təravəti etibarilə, şübhəsiz ki, Həsən xan və ya xanəndə qızın oxuduğu parçalardan daha gözəl, xoşagələn və üstündür. Hökmdarlar məclisində oxuyan xanəndə qız obrazı isə "Koroğlu"dan sonra bəzi başqa operalara da daxil edilmişdir ki, bu da adi epiqonluqdur.

Opera əsərinin musiqi mətnini müəllifin daha əvvəl yazıb intişar etdirdiyi və dinləyicilərə yaxşı məlum olan köhnə mahnılarla "zənginləşdirmək" məsələsi də bizi düşündürməlidir. Bəzi musiqişünas yoldaşlar ayrı-ayrı tarixi faktlara əsaslanaraq (guya klassik bəstəkarlar da, münasib hallarda, yeni əsərdə öz köhnə əsərlərindən istifadə etmişlər) bəstəkarlarımızı bu "yüngül müqavimət" yoluna çağırırlar.

Lakin, quyuya su tökməklə quyunu sulu etmək mümkün olmadığı kimi, opera əsərinin müsbət qəhrəmanları da əvvəlcədən musiqi obrazı səlis, ifadə vasitəsi aydın, yaxşı melodik ariyalardan məhrum edilmişlərsə, onları sonradan dadlı mahnılarla şirinləşdirmək çətindir. O ki, qaldı ayrı-ayrı tarixi faktlara, o zaman belə bir faktı da nəzərə almaq pis olmazdı: məşhur italyan bəstəkarı C. Verdi "Riqoletto" operası ilk dəfə tamaşaya hazırlandığı zaman əsərin qəhrəmanı Hersoqun son pərdədə oxuyacağı mahnını ("Gözəllər qəlbi") teatra gətirib təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırırdı. Məlumdur ki, müəllif bu mahnını premyeradan bir gün əvvəl gətirib teatra vermişdir. Çünki o, istəmirdi ki, mahnı, əsər səhnədə hələ göstərilməmişkən xalq arasında yayılmış olsun.

Azərbaycan sovet bəstəkarları son zamanlar opera yaradıcılığı işində çox fəal çalışırlar. Opera və balet teatrının yaradıcı kollektivi ilə bəstəkarlar və libretto yazanlar arasında sıx yaradıcılıq ünsiyyəti, dostluğu bərpa edilmişdir. Bu, fərəhləndirici bir haldır.

Teatrın bədii sovetində tez-tez yeni librettolar oxunub müzakirə edilir, yeni-yeni opera və balet əsərlərinin musiqisi dinlənilir. Xüsusən, opera və balet teatrının işlərini yaxşılaşdırmaq haqqında Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin 2 dekabr 1960-cı il tarixli qərarı yeni orijinal opera və balet əsərlərinin yaradılması işinə böyük bir təkan verən, müəlliflərin həvəsini artıran, onlara geniş yaradıcılıq imkanı yaradan qiymətli bir sənəddir.

Partiyamızın Mərkəzi Komitəsi zəmanəmizin tərəqqipərvər ideyalarının, həyatımızın əzəmətli hadisələrinin, işgüzar və bacarıqlı sovet adamlarının dolğun simalarının yeni opera əsərlərində səslənməsini bəstəkar və dramaturqlarımızın qarşısında ən vacib və şərəfli bir vəzifə kimi qoymuşdur. Sovet ədəbiyyatı və incəsənətinin bütün başqa janrları kimi, opera da sovet adamına xas olan böyük humanist idealları tərənnüm etməkdə, müsbət qəhrəmanların mətin surətini yaratmaqda mədəni inkişafımıza böyük xidmətlər göstərməyə qadirdir. Bu sahədə çalışmaq, sənətimizə xidmət etmək istedadlı bəstəkarlarımızın şərəfli vəzifəsidir.

"Ədəbiyyat və incəsənət", 08 iyul 1961

 

 
     
        © Musigi Dunyasi, 2007