Azərbaycanda opera incəsənətinin
azad yaradıcı inkişafı üçün
yalnız Sovet hakimiyyəti qurulduqdan sonra həqiqi
imkan yaranmışdır. Sovet hakimiyyəti illərində
incəsənətin başqa sahələri kimi,
operamız da qabaqcıl rus mədəniyyətinin
köməyi ilə, habelə qardaş Zaqafqaziya
xalq mədəniyyəti ilə sıx əlaqə
şəraitində öz tarixi inkişafının
yeni mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan operasının indiki diqqətdaşıyan
yüksəlişi sovet quruluşunun incəsənətin
inkişafına nə qədər yaxşı
təsir göstərdiyini əyani surətdə
sübut edir.
Tbilisi qastrolları teatrımızın qardaş Gürcüstan paytaxtının zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatı olduğunu əsas tutaraq biz repertuarı, tərtib edərkən tamaşaların müxtəlif janrlı olmasını, həm də kollektivimizin müvəffəqiyyətlərini geniş nümayiş etdirmək arzusunu hesaba almışıq.
Tbilisi tamaşaçıları sovet opera sənətinin şah əsərlərindən biri olan Üzeyir Hacıbəyovun "Koroğlu" operası ilə yanaşı Fikrət Əmirovun "Sevil", Çaykovskinin "Qaratoxmaq qız" operalarına, Ü.Hacıbəyovun "Leyli və Məcnun" və başqa opera əsərlərinə, habelə şöhrət qazanmış "Yeddi gözəl", "İldırımlı yollarla", "Məhəbbət əfsanəsi" kimi balet tamaşalarına baxacaqlar.
Eyni zamanda Bakıda Z. Paliaşvili adına Lenin ordenli Gürcüstan Dövlət Opera və Balet Teatrının qastrolları başlanmışdır. Şübhə yoxdur ki, öz növbəsində, Azərbaycan paytaxtının tamaşaçıları "Abesalom və Eteri" operasını, "Otello" baletini, "Mindiya"nı və gürcü operasının digər gözəl tamaşalarını böyük rəğbət və məhəbbət hissilə qarşılayacaqlar.
Teatrlarımızın qastrolları yalnız yaradıcılıq sahəsində təcrübə mübadiləsinə deyil, iki respublika, iki qardaş xalq arasında ənənəvi dostluğun daha da möhkəmlənməsinə kömək edəcəkdir. Məhz buna görə biz tələbkar tamaşaçılar qarşısında bu imtahanı verməyə böyük məsuliyyət hissilə hazırlaşmışıq. Qastrollarımız Sov.İKP MK-nın iyun Plenumunun və Gürcüstan KP MK Plenumunun qurtarması ilə bir vaxta düşdü. Plenumlarda kommunizm qurucusu olan yeni insan tərbiyə edilməsində ədəbiyyat və incəsənətin yolu xüsusilə qeyd edilmişdir. Teatrlarımız bu vacib işdə qabaqcıl rol oynamalı, sovet adamlarını, onların fədakar əməyini tərənnüm edən yeni, müasir opera və balet əsərləri yaratmalıdırlar.
Qastrol tamaşalarında teatrın direktoru və baş dirijoru SSRİ Xalq artisti Niyazi, Azərbaycan SSR Xalq artisti Əşrəf Həsənov və Risman dirijorluq edəcəklər. Tamaşaların quruluşunu və tərtibatını Azərbaycan SSR Xalq artisti Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Azərbaycan SSR Əməkdar incəsənət xadimi İzzət Seyidova, Əyyub Fətəliyev, Ənvər Almaszadə və başqaları vermişlər.
Teatr kollektivinə istedadlı ifaçılar daxil edilmişdir.
Kollektivimiz qardaş Gürcüstanın teatr ictimaiyyəti və tamaşaçıları ilə görüşü böyük sevinc hissilə gözləyirdi. Biz onların qiymətli rəylərini, xeyirxah tənqidlərini gözləyirik və əziz tamaşaçı-dinləyicilərimizin ümidlərini doğrultmağa çalışacağıq.
S. Dadaşov.
Azərbaycan SSR Xalq artisti
"Sovet Gürcüstanı", 04 iyul 1963
|
1. İlk tanışlığım
1936-cı il...
Azərbaycan Dövlət Dram Teatrında Mirzə
Fətəli Axundovun "Aldanmış kəvakib"i
mövzusu üzrə yazılmış "Şahnamə"
pyesi hazırlanırdı. Tamaşanın quruluşçu
rejissoru İsmayıl Hidayətzadə, rəssamı
Rüstəm Mustafayev təyin edilmişdi. Bəstəkarı
isə hələlik məlum deyildi. Şəhərimizin
ictimaiyyəti bu tamaşanı İsmayıl
Hidayətzadənin bir rejissor kimi ikinci sanballı
və monumental işi hesab edir və quruluşun
tezliklə başa çatdırılmasını
səbirsizliklə gözləyirdi (çünki
onun 1933-cü ildə tamaşaya qoyduğu "Səyavuş"
tamaşası geniş teatr ictimaiyyətimizin
böyük rəğbətini qazanmış
və tamaşaçılar tərəfindən
hərarətlə qarşılanmışdı).
İ. Hidayətzadə "Səyavuş" tamaşası
üçün mənim bəstələdiyim
musiqidən razı qaldığından "Şahnamə"nin
də musiqisini mənə tapşırmaq niyyətində
idi. Lakin o zaman mən üzərində çalışdığım
"Qız qalası" baletini başa çatdırmaq
üzrə olduğum üçün bu təklifi
qəbul etməyə imkanım yox idi. Buna baxmayaraq
"Şahnamə" musiqisi məsələsinin nə
tərzdə həll olunduğu məni maraqlandırırdı.
Bir gün bu işin nə vəziyyətdə
olduğunu İ. Hidayətzadədən soruşduqda,
belə bir cavab aldım:
- Elə ki, əlim səndən bilmərrə
üzüldü, həmin saat məsləhət
üçün birbaş Üzeyirbəyin yanına
getdim. Əhvalatı ona söylədim. O isə
mənə belə dedi: "Hazırda Şərq
musiqisinə çox yaxşı bələd olan
görkəmli sənətkarlarımızdan
ya Qurban Primovu (o, R. Qlierə "Şahsənəm"
operası üçün çoxlu dəyərli
musiqi materialı vermiş və bu işdə
yaxşı səriştəsi var), ya Mansur Mansurovu
(o, muğamatı ilk dəfə tamam-dəstgah
nota yazmaq işində gənc istedadlı bəstəkarlardan
T. Quliyev və Z. Bağırova yaxından kömək
göstərmişdir), ya da ki, Əhməd Bakıxanovu
bu işə cəlb etmək lazımdır.
Sonra bu işə həvəs göstərən
bir tarçını notu bilən və bəstəkarlıq
texnikasını mənimsəyən bir nəfər
ilə qovuşdur, qoy tarçı pyesin məzmununa
uyğun gələn lazımi musiqi nümunələrini
tarda çalsın, bəstəkar da eşitdiyi
musiqi parçalarını orkestr üçün
bəstələsin.
Pyesdə nağıl edilən hadisənin Yaxın
Şərq ölkələrindən birində
vaqe olduğunu və Əhməd Bakıxanovun
həmin ölkə musiqisini daha yaxşı
bildiyini nəzərə alaraq onun namizədliyi
üzərində dayanmağı qərara aldıq.
Neçə gündür ki, birlikdə çalışırıq.
- Axşam səni evdə gözləyirəm,
gəl gör nə aləmdir...- deyə, İsmayıl
sözünü qurtardı.
Həmin günün axşamı, mən Hidayətzadənin
evinə gəldikdə Azərbaycan və rus
dram tamaşaları üçün musiqi bəstələmək
işində yaxşı təcrübəsi
olan bəstəkar Sergey Paniyevi orada gördüm.
O, tarçı ifasından yazdığı bəzi
musiqi parçalarını pianoda çalırdı.
Musiqi çox xoşuma gəldi, olduqca lətif,
həm də yeni, qeyri-adi bir üslubda səslənirdi.
Az keçmədi ki, qoltuğunda tar otağa daxil
olan musiqiçi ilə məni tanış elədilər:
- Əhməd Bakıxanov!..
Qaryağdıoğlu Cabbar, Mirzə Fərəc
Rzayev, Ələsgər Abdullayev, Ağa Seyid
oğlu Ağabala, Seyid Şuşinski kimi ustadların
parlaq ifaçılıq ənənəsindən
dərs almış sənətkar! O, indi də,
elə burada olduğu qısa müddət ərzində
o qədər gözəl, o qədər qulağa
xoş gələn, ruhu oxşayan, insanın
qəlbində sözün ən yüksək
mənasında əsil bədii həyəcan
oyadan, bir-birindən lətif musiqi parçaları
çaldı ki, hamımız valeh olduq.
Əhməd Bakıxanov tarını bir yana qoyub
bizimlə muğamatın bəzi incə məsələləri
haqqında söhbət apardı. Aydın görünürdü
ki, ümumiyyətlə Yaxın Şərq aləmi
musiqisini mükəmməl surətdə mənimsəmiş
olan tarçı Azərbaycan muğamatının
xüsusiyyətini çox gözəl bilir, çox
yaxşı duyur və həm də atəşin
bir məhəbbətlə sevir. Aydın göründü
ki, bu adam muğamatımızı çirkləndirə
bilən bəzi yabançı, "əğyar"
intonasiyalara qarşı qısqanır, muğamatın
möhtəşəm varlığına əsil
sənətkar qəlbi ilə pərəstiş
edir. Görünürdü ki, Əhməd Bakıxanov
muğamat sahəsində dərin bilik və
geniş məlumat sahibidir.
Az keçmədi ki, "Şahnamə" tamaşasının
musiqi "təchizatçısı" olan Əhməd
Bakıxanovun adı iri hərflərlə afişalarda
yazıldı. Ə. Bakıxanovun çalğısı
üzrə "Şahnamə" üçün bəstələnən
ayrı-ayrı musiqi parçaları sonralar bəzi
opera əsərlərində və simfoniya səhifələrində
səslənməkdə idi.
2. Dəstə rəhbəri
Biz "dəstə rəhbəri" dedikdə adətən
pioner dəstə rəhbərini fikrimizə
gətiririk. Həm də "pioner" sözünün
də özlüyündə bir məcazi mənası
vardır ki, o da təşəbbüsçü,
bir işin banisi, müəssisi məfhumunu daşıyır.
Böyük Vətən müharibəsi illərində,
düşmənə qarşı şiddətli
vuruşmalar getdiyi günlərdə də ölkəmizdə
musiqi sənəti öz inkişaf yolunu davam
etdirməkdə, Sovetlər diyarının hər
guşəsində xoş musiqi sədaları
ucalmaqda davam edirdi.
Müharibə günlərinin birində Bakının
incəsənət həyatında əlamətdar
olan bir hadisə hamının diqqətini cəlb
etdi. Azərbaycan Radio Komitəsi nəzdində
yenicə təşkil olunmuş xalq çalğı
alətləri ansamblına ictimai baxış
münasibəti ilə paylanılan dəvətnamələrdə
həmin bu çalğıçılar dəstəsi
rəhbərinin əməkdar müəllim Əhməd
Bakıxanov olduğu göstərilirdi.
Bakıxanovun təşəbbüsü ilə
təşkil olunmuş bu yeni kollektivin hazırladığı
repertuar musiqi həyatımıza yeni səslənmələr,
yeni təranələr gətirmişdi. Ansamblın
bədii rəhbəri Əhməd müəllim
Azərbaycan musiqisinin əsasını təşkil
edən muğamların, xalqımızın
zəngin mənəviyyatını, nəcib
arzu və əməllərini, səmimi duyğu
və hissiyyatını vəsf və tərənnüm
edən mahnılarımızın həmin ansambl
tərəfindən incə zövq və sənətkarlıqla
ifa edilməsi yolunda böyük səy və
hünər göstərmişdir. O, bu gün
də xalqımızın musiqisini nəfis bir
tərzdə nümayiş etdirməkdədir.
Ansamblın yaradıcılıq "tərcümeyi-halını"
nəzərdən keçirərkən onun yarandığı
ilk dövrdən başlayaraq ta bu günə
kimi öz ifaçılıq sənətlərini
ayrılmaz surətdə ansamblla bağlayan Fatma
Mehrəliyeva, Həbib Bayramov kimi istedadlı
sənətkarlarımız ilə yanaşı,
ansamblın ilk illərində böyük qüvvə,
şövq və həvəslə işləmiş
Töhfə Əliyeva, Əlağa Quliyev, Rüxsarə
Mirzəbəyova, Nadir Axundov, Firuz Əlizadə
kimi ifaçıların da əməyini qeyd etməliyik.
Muğamat dəramədlərini Bakıxanovun
lətif və rəvan bir tərzdə tərtib
edib işləməsini xüsusi olaraq göstərmək
lazımdır. Ansamblın ifa etdiyi "Rast", "Bayatı-Şiraz",
"Mahur" dəramədləri əsil sənətkar
ifaçılığının parlaq nümunələridir.
Əhməd müəllim ansamblda iştirak edən
nəğməkarlar sənətinin də təkmilliyinə
və cilalanmasına böyük əmək
sərf edir. Muğamat oxuyan xanəndələrin
klassik üsluba düzgün riayət etməklə
bərabər, öz şəxsi yaradıcılıq
simasının da olması zəruriyyəti Əhməd
müəllimin daim diqqət mərkəzindədir.
Bu yolda onun xanəndələrimizə verdiyi
məsləhət və göstərişləri
çox qiymətlidir.
3. Yaradıcılıq səhifələri
Ansamblın iyirmi yaşı indicə tamam olmuşdur.
O, hələ gəncdir. Lakin bu iyirmi il ərzində
böyük zəhmət, gərgin əmək
və geniş yaradıcılıq axtarışlarının
səmərəsi olaraq ansamblın öz repertuar
sandıqcasına topladığı musiqi numunələri
zəngin və rəngarəngdir. Ansambl Azərbaycan
bəstəkarlarının yaratdıqları
hər yeni mahnı, romans, oyun havalarını
tez bir zamanda dəqiq surətdə öyrənib
geniş təbliğ edir. Ansambl melodik genişliyi
və lətafəti cəhətincə orijinal
və qulaqları oxşayan xoş və gözəl
mahnılar yaradan Ələkbər Tağıyev,
İbrahim Topçubaşov, Hacıbaba Həsənov
kimi həvəskar bəstəkarlarımızın
parlaq yaradıcılıq işində onlara
böyük kömək göstərir.
İfaçı kadrlar yetişdirmək işi
isə həmişə olduğu kimi, indi də
ansamblın fəaliyyətinin əsasını
təşkil edir. Respublikamızın adlı-sanlı
ifaçılarından bir çoxu, məsələn,
İslam Rzayev, Əlibaba Məmmədov, Yaqub
Məmmədov və başqaları məhz bu
ansamblda püxtələşmiş, professional
ustalığa sahib olmuşlar.
Repertuarında Azərbaycan xalq musiqisinin bütün
janrlarını qavrayan ansambl öz üzərində
müntəzəm surətdə çalışır.
Xalq musiqisinin səlis və rəvan səslənməsi
işində ansamblın və onun bədii rəhbəri
qocaman musiqi ustadı Əhməd Bakıxanovun
göstərdiyi səy və zəhmət dinləyicilərimizin
razılıq duyğuları, böyük rəğbət
və məhəbbət hissləri ilə mükafatlandırılır.
"Bakı", 28 noyabr 1964 |