Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

O HƏMİŞƏ BİZİMLƏDİR

Mən hər dəfə görkəmli sovet bəstəkarı R. M. Qlierin sağlığında mənə yazıb göndərdiyi məktublarını oxuduqda (bu məktubları mən böyük ehtiram duyğusu və səliqə ilə xüsusi qovluqda saxlayıram), onun 1931-34-cü illərdə Bakıda "Şahsənəm" operasının ikinci redaksiyası uzərində necə işlədiyini xatırlayıram. Məndə belə bir fikir oyanır ki, zəhmətsevərliyin özü də müxtəlif olur. Çünki bəstəkar, dirijor, müəllim, musiqişünas, ictimai xadim bir-birinə nə qədər yaxın görünsələr də, əslində müxtəlif olan ixtisasları özündə cəm etmək və bütün bu ixtisaslar üzrə fövqəladə məhsuldar çalışmaq üçün nə qədər işlək olmaq lazımdır!..

Beş opera, yeddi balet, üç simfoniya, iyirmiyə qədər simfonik poema, müxtəlif musiqi alətləri üçün yüzdən yuxarı pyes, Puşkin, Bayron, Pleşşeyev və başqa şairlərin şerləri üzrə 130-a qədər romans və i. a.

Bu onun yaradıcılığının say və miqdar cəhəti. Bəs keyfiyyət?

Keyfiyyət - musiqi sənətkarlığının ən kamil, ən yüksək ustalıq mərhələsinə çatmaq və öz musiqi yaradıcılığında bədii ifadə vasitələrindən geniş surətdə səmərəli və həm də məharətlə istifadə etməyi bacarmaq deməkdir.

Sovet musiqi tarixində şərəfli yer tutan R. M. Qlierin yaradıcılığında bizə daha yaxın və daha əziz olan əsəri şübhəsiz ki, onun Azərbaycanda yazıb-yaratdığı "Şahsənəm" operasıdır. Təsadüfi deyildir ki, Azərbaycan opera sənətinin banisi, böyük bəstəkarımız Üzeyir Hacıbəyov Azərbaycanda musiqi sənətinin inkişafı məsələləri haqqındakı məqalələrinin birində qeyd edir ki, Qlierin "Şahsənəm" operası üzrə yaradıcılıq təcrübəsi "Azərbaycan musiqi tematikası əsasında mürəkkəb musiqi formaları yaratmaq, Azərbaycan musiqi sənətini simfonizmə doğru yönəltmək işində çox böyük rol oynamışdır". Moskva konservatoriyasını 1900-cü ildə qızıl medalla qurtaran, adı S. Taneyev, S. Raxmaninov, L Skryabin kimi böyük rus bəstəkarlarının adı ilə yanaşı, Moskva konservatoriyasındakı böyük mərmər lövhədə həkk olunan Qlier öz yaradıcılığında daim tələbkar olmuşdur. O, "Şahsənəm" operası üzərində də işlərkən Azərbaycan musiqisini dərindən öyrənmiş və Azərbaycan xalq musiqisinin gözəlliyini, xüsusiyyətini əsil sənətkar qəlbi ilə yenidən tərənnüm etmişdir. O, bu işdə ona yaxından kömək göstərən Şövkət Məmmədovanın, xanəndə Cabbar Qaryağdıoğlunun və tarçı Qurban Primovun zəhmətini dəfələrlə mətbuat səhifələrində qeyd etmişdir.

"Şahsənəm" operasında bəstəkarlıq sənətinin ən yüksək və ən bitkin yaradıcılıq nümunəsi kimi işlənilib zinətlənən otuzdan yuxarı xalq mahnısı, oyun havası və nəhayət, muğamat parçaları vardır. Həmin opera üçün incə zövq ilə bəstələnmiş böyük uvertürada bəstəkar "Arazbarı", "Çahargah" və əsər qəhrəmanı Şahsənəmin surətini vəsf edən "Onu demə zalım yar" xalq mahnısını bir vəhdət halında işləyib, möhtəşəm bir musiqi lövhəsi kimi yüksəltmişdir.

"Şahsənəm" operası haqqında danışdıqda bu operanın yaranması işində ən fəal çalışan və onun librettosunun müəllifi olan Cəfər Cabbarlının əməyini xüsusi olaraq qeyd etmək lazımdır. Bu işdə nəzər-diqqəti cəlb edən bir cəhət daha çox maraqlıdır. O da Qlierin bilavasitə Cəfər Cabbarlının ("Şahsənəm" operası ilk dəfə 1926-cı ildə rus dilində M. Qalperinin librettosu əsasında bəstələnib tamaşaya qoyulmuşdu) şerləri üzrə yazdığı ariyaların və başqa vokal nömrələrinin daha səlis, daha rəvan səslənməsi və öz musiqi koloriti etibarı ilə daha zəngin olmasıdır.

Milli respublikaların musiqi mədəniyyətinin yüksəlişi yolunda yorulmadan çalışan Qlierin yaradıcılığında mövzusu müasir özbək həyatından götürülmüş "Gülsara" operası da görkəmli yer tutur. Bu əsərin məzmunu Cəfər Cabbarlının "Sevil" pyesinə çox yaxındır.

Sovet quruluşu sayəsində azadlığa çıxan Gülsara öz parancasını başından açıb geridə qalmış cəhalətpərəst, irtica tərəfdarlarının üzünə çırpır və mətin addımlarla şən, azad həyata doğru gedir.

Çoxmillətli Sovet ölkəsində yaşayan xalqların dostluğundan ilham alan vətənpərvər bəstəkar "Xalqlar dostluğu" adlı simfonik poemasında rus, Ukrayna melodiyaları ilə yanaşı, Azərbaycan oyun havalarından "Tərəkəmə"ni də çox gözəl səsləndirir.

Sovet bəstəkarlarının yaşlı nəslinə mənsub olan Qlier bütün ömrü boyu öz yaradıcılığında rus musiqisinin klassik ənənələrinə dərin ehtiram bəsləmiş, son nəfəsinə qədər ona sadiq qalmış və bu parlaq ənənələri sosializm və kommunizm quruculuğu dövrünün yaratdığı yeni və zəngin məzmunla daha da inkişaf etdirməyə çalışmışdır.

Qlierin adı yaşadığımız bu şanlı dövrün tarixində sovet misiqi mədəniyyətinin ən böyük ustadlarından birinin adı kimi daim yaşayacaqdır.

"Bakı", 11 yanvar 1965
 
O, XALQIMIZIN QƏLBİNDƏDİR

Mənə belə gəlir ki, uzun yaradıcılıq həyatı keçirən hər bir qocaman ifaçının sənətkarlığını üç əsas mərhələyə ayırmaq olar:

Təsir və təqlid dövrü. Bu dövrdə gənc ifaçı vaxtilə özünün şagirdlik illərində pərəstişkarı olduğu, nüfuzuna, sənətinə, məktəbinə, biliyinə böyük hörmət bəslədiyi ustadının ifaçılıq ədalarını təqlid etməyi ilə öyünür, keçmiş müəlliminin öz sənətkarlığında tətbiq etdiyi ayrı-ayrı çalğıçılıq üsullarını indi yaxşı yadında saxladığını və bunları çox əziz tutduğunu öz gündəlik çıxışlarında göstərməklə fəxr edir.

İfaçının bu dövrdəki fəaliyyətinin çox mühüm cəhəti həm də çaldığı musiqi alətində yüksək texnikaya yiyələnmək, musiqi əsərinin adətən virtuoz xarakterli parçalarını (passajları) asanlıqla çalmağı bacarmaq yolundakı səy və həvəsdən ibarətdir.

Şəxsi ifaçılıq üslubunun təsbit olunması dövrü. Müəyyən ifaçılıq təcrübəsi görüb sənətkarlığını cilalandırmış olan çalğıçı yaradıcılığının bu dövründə artıq püxtələşmiş, musiqi ifasında öz müstəqil "xəttini" tapmış, öz səpkisini bəlliləşdirmiş, məhz öz yaradıcılığına səciyyəvi olan orijinal cəhətləri aydın surətdə aşkara çıxarmış, bədii ifadə vasitələrini təkmilləşdirmiş və nəhayət, ifa etdiyi musiqi əsərinə öz şəxsi təfsirini (interpretasya və traktovka mənasında) əsaslandırmış olur.

Ahıl və aqil ifaçılıq dövrü. Bu dövrdə artıq saçları büsbütün ağarmış, böyük həyat təcrübəsi qazanmış, çoxlu sınaqlardan çıxmış, uzun illər boyu özünün, ya da başqalarının çalğıçılıq peşəsində təsadüf olunan bir çox asan və çətin, şirin və acı, uğurlu və uğursuz halları görmüş, mürəkkəb psixoloji vəziyyətlərdə yaşamış sənətkarın xasiyyətində, daxili həyatında, mənəviyyatında olduğu kimi, onun musiqi ifasında da təmkin, vüqar, alicənablıq, səbr və mətanət əlamətləri duyulur. Bu dövrdə ifaçının yaradıcılığında öz keçmiş ustadının əziz xatirəsinə, onun ifacılıq üslubuna, sənətkarlıq ədalarına qarşı yenidən canlanan (bu dəfə artıq bir növ başqa mahiyyətdə və xarakterdə) böyük bir ehtiram, pərəstiş və ustadının yaradıcılıq ənənələrini gələcəyə təhvil vermək həvəsi müşahidə olunur.

Demək olar ki, bu üçüncü dövr sənətkarın yaradıcılıq həyatında keçirmiş olduğu birinci və ikinci dövrün üzvi birləşməsi və yekunudur.

Zəmanəmizin mahir sənətkarı Qurban Primovun ifaçılıq fəaliyyəti haqqında:

1) Böyük həvəslə topladığım "Sport-rekord" şirkətinin yazdığı qramafon valları kolleksiyasında onun inqilabdan qabaq qramafon vallarına çaldığı nümunələri (Cabbar Qaryağdı oğlu, Ələsgər Abdullayev, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev və başqalarının oxuduqları muğamat və təsnifləri müşayiət, həm də tarda solo çalğıları) diqqətlə dinləyib təhlil etdikdə və burada eşitdiklərimi;

2) Qurban Primovun müəllimi Əsədoğlu Mirzə Sadığın çalğısına dəfələrlə qulaq asan və onun ifaçılıq xüsusiyyətlərini çox yaxşı yadında saxlayan tarçı Mənsur Mənsurov, Arsen Yaramışev, Tatevos Arutünov və nəhayət atam Bədəlbəy Bədəlbəyovdan aldığım məlumat ilə tutuşdurduqda və həm də;

3) 1930-cu ildən başlayaraq Mirzə Fətəli Axundov adına Azərbaycan Opera və Balet Teatrında Qurban Primov ilə birgə çalışdığım müddət ərzində və başlıca olaraq 1955-ci ildə anadan olmasının 75 illiyi münasibəti ilə haqqında yazdığım monoqrafiya ilə əlaqədar olaraq, özü ilə apardığım bir çox müsahibələrdə öyrəndiyim faktlara əsaslanaraq deyə bilərəm ki, Qurban Primov bir tarçı kimi ifaçılıq sənətinin ilk dövründə doğrudan da öz böyük ustadı, XIX əsr Azərbaycan musiqisinin ən görkəmli nümayəndəsi olan Əsədoğlu Mirzə Sadığın məktəbinə sözün həqiqi mənasında sadiq qalmışdır.

Qarabağdan Bakıya köçdükdə o, Həsənbəy Zərdabi, Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə və nəhayət Üzeyir Hacıbəyov kimi mütəfəkkir və sənətkar şəxsiyyətlər ilə "oturub-durmağa" nail olduğundandır ki, bu tərəqqipərvər mədəniyyət xadimlərinin estetik dünyagörüşünü duymağa, mənimsəməyə can atmış və öz əxlaqi, mənəvi aləminin saf və təmiz, həm də zəngin olmasına çalışmışdır. Adlarını çəkdiyim şəxsiyyətlər ilə ülfət və ünsiyyət sayəsində həyatının mənasını xalqa xidmət etməkdə görən Qurban Primov Azərbaycanda opera janrının yaranması işində bilavasitə yaxından iştirak etmişdir. O, haqlı olaraq Azərbaycanda opera sənətinin banilərindən biri hesab edilir.

Mən, bir çox başqa yaşıdlarımla birlikdə Qurban Primov sənətinin, məhz sovet dövründə çiçəklənib ən yüksək zirvəyə çatmasının şahidiyəm. Qurbanın müvəffəqiyyəti xalq çalğı alətləri orkestrinin konsertlərində solo çalan tarzənlərlə "döş-döşə" gəlib qalib çıxması respublika, Zaqafqaziya və Ümumittifaq ifaçılıq yarışlarında, olimpiadalarda birinci mükafata layiq görülməsi ilə qurtarmır. O, respublikamızda tarçılıq sənətinin həqiqi tacidarı kimi hamının böyük hörmətini, məhəbbətini qazanmışdı.

Qurban Primov son nəfəsinə qədər öz yaradıcılığının məziyyətini xalqının qabaqcıl ənənələrinə, zəngin mədəniyyətinə, qədim və rəngarəng musiqi irsinə bağlı olmaqda görmüşdür. Belə sənətkarların adı musiqi tariximizdə şərəfli yer tutacaq, xalqımızın qəlbində daim yaşayacaqdır.

“Ədəbiyyat və incəsənət”, 4 sentyabr 1965

 

 
     
        © Musigi Dunyasi, 2007