(Musiqi klassiklərimizin
yubileyi qarşısında - M.Maqomayev - 80)
Şiddətli xəzri on gündən bəridir ki, bir an aram vermir. Küləyin şiddətlə sovurduğu toz-torpaq küçə ilə gedənlərin üzlərinə çırpılır.
Dənizdəki təlatüm daha şiddətlidir. Gəmilər neçə gündür ki, lövbər salıb dayanmışlar. Körpü kassasının qabağı adamla doludur. Kimi Həştərxana, kimi Krasnovodskiyə (indiki Türkmənbaşı - İ.Q.), kimi isə Lənkərana tələsir. Təlaş edən sərnişinlər arasında səliqə ilə geyinmiş iki gənc öz sakitliyi, təmkini, səbir və dözümü ilə başqalarından çox fərqlənir. Hərəsinin də iyirmi yaşı ancaq olar. Onlar kassa qarşısında öz növbə yerlərini müəyyən etdikdən sonra kənara çəkilib dərdləşirlər.
- Deməli, Şimali Qafqazın o Bekoviç dediyin kəndində etdiyin müəllimlik işindən razı qalmadın, eləmi?
- Məsələ onda deyil, istədim ki, Qroznı ibtidai məktəblərinin birində çalışmaqla ata-anamın yanında yaşayam, onlara maddi kömək göstərəm. Necə deyərlər, bir növ oğulluq borcumu yerinə yetirəm. Təəssüf ki, bu arzum yerinə yetmədi, orada mənə iş vermədilər...
- Heç kefini pozma, müəllim ki var, o, da həkim, mühəndis kimi bir şeydir, ona hər yerdə ehtiyac var. Qroznı olmasın, Lənkəran olsun, nə fərqi var? Mən heç şübhə etmirəm ki, Lənkəran əhalisi səni məhəbbətlə qarşılayacaqdır, bir də orada sən iki məktəbdə - həm rus, həm də Azərbaycan dilində olan məktəbdə çalışacaqsan. Bunlardan birinin məvacibini göndərərsən valideynlərinə, o birisi də sənə kifayət edər, tək adamsan!..
Bu vaxt körpü qulluqçularından biri içəri daxil olaraq əlindəki zəngi yuxarı qaldırıb bir müddət silkələyir. Sakitlik bərqərar olunca həmin qoca uca səslə elan edir:
- Bu gün heç bir tərəfə gəmi olmayacaq! Dağılışa bilərsiniz!
Bu uğursuz xəbərdən məyus olmuş sərnişinlər istər-istəməz körpü binasını tərk etməyə başlayırlar.
- Sözün düzü, gəminin olmaması bir tərəfdən məni sevindirir, - deyə ötürməyə gələn gənc səfər ayağında olan dostuna müraciət edir. - Yalnız ona görə yox ki, belə fırtınada dənizə çıxmaq təhlükəlidir, axı, üç gündən sonra bizim anadan olan günümüzdür, iyirmi yaşımız tamam olur. Yadındadırmı, seminariyada yoldaşlarımız dərs ilinin başlanması ilə bizim anadan olan günümüzü birləşdirərək necə şadlıqla qeyd edərdilər? Dostumuz Maysuradzeni xatırlayırsanmı? O həmişə bizim şərəfimizə düzələn tələbə ziyafəti üçün öz kəndlərindən yaxşı şərab gətirtdirərdi...
- Yaxşı xatırımdadır...Axı, sən mənə heç demirsən ki, görüm burada siyasi əhval-ruhiyyə nə yerdədir?
Dostlar sağa-sola boylanırlar. Lakin belə bir ehtiyata ehtiyac da yoxdur. Çünki küləyin vıyıltısından ağız deyəni qulaq eşitmir.
- Bayaq sənə dediyim kimi, bu yay Bakının bütün mədən, zavod və başqa sənaye müəssisələrinin çoxu tətil elan etmişdi. Nəinki fəhlə və qulluqçular, hətta faytonçular, həyət süpürənlər, hamballar belə tətilə qoşulmuşdular.
Hamı "Rədd olsun mütləqiyyət!" deyə küçəyə çıxmışdı. Xalq öz maddi və mənəvi vəziyyətinin yaxşılaşdırılması, siyasi azadlıq haqqında tələblər irəli sürür. Bax, bu gəmiçilik şirkətinin fəhlələri də bir ay bundan əvvəl olduqca mütəşəkkil tətil keçirdilər və öz əsas tələblərinin sahibkarlar tərəfindən qəbul edilməsinə nail oldular. Hələ mən işlədiyim Bibi-Heybət rayonundakı neft mədənləri fəhlələrinin çıxışını demirəm. Orada inqilab alovu neft mədənlərinin yanğınına qarışmışdı. Bibi-Heybətdə beş yüzə qədər buruğun alovu asimana bülənd olmuşdu. Müxtəsər, xalq ayılıbdır, padşahın işi şuluqdur.
Bu sözlərdən dostların ikisi də gülümsəyir. Az sonra onlar Bazar küçəsindəki "İslamiyyə" mehmanxanasına çatırlar.
Ertəsi gün külək bir qədər sakitləşən kimi idi. Körpüdə böyük canlanma vardı. Görünür, bu gün gəmi olacaqdı. Doğrudan da iki saat sonra "Qafqazski Merkuri" gəmiçilik şirkətinin "Lastoçka" adlı gəmisi çox çətinliklə olsa da, korpüyə yan alıb sərnişinləri götürdü, çox yubanmadan güclü fit verərək körpüdən ayrıldı. Dostlardan biri gəmidən, o biri isə körpüdən əllərini qaldıraraq bir-birinə vida etdilər.
Lənkəran səmtə hərəkət edən gəmi su üzərinə düşmüş talaşanı andırırdı.
Sərnişinlərdən yalnız bayaqkı cavan oğlan üstüörtülü gəmi artırmasının dirəklərindən birinə söykənib dəniz təlatümünün dəhşətli mənzərəsini dalğın-dalğın seyr edirdi. Sanki o, uzaq üfüqdə sahil axtarırdı. Lakin hər yan acığından qaynayıb-daşan, hirsindən köpüklənən, bir yerdə durmağa qərarı olmayan boz rəngli su idi. Ucsuz-bucaqsız dəniz...
Əgər kim bir müddət həmin gəncin yanında dayanmış olsaydı, hərdən onun uzaq Peterburqda yaşayan görkəmli bəstəkar N. A. Rimski-Korsakovun "Şəhrzad" simfonik süitasından Sindibadın gəmisinin fırtına zamanı qayaya toxunub parçalanması səhnəsini təsvir edən musiqi parçasını zümzümə elədiyini, hərdən də bəstəkarın "Sadko" operasından dəniz aləminin tərənnümündən danışan musiqi epizodunu pəsdən oxuduğunu eşidərdi...
Bu gənc, bəstəkar Rimski-Korsakovun sinfində Zaqafqaziya xalqları gənclərinin bir çoxunun oxuduğunu eşitmişdi, özü də son zamanlar Peterburqa, o xeyirxah şəxsin, nəcib insanın, böyük musiqi aliminin yanına getmək, ondan dərs almaq xəyalı ilə yaşayırdı. Lakin bu arzu yalnız xoş bir ümid olaraq qala bilərdi. Kim ona təqaüd verər, maddi yardım göstərər, kim onun musiqiyə vurğunluğunu nəzərə alar, coşğun istedadı ilə hesablaşardı?..
Əziz oxucu, şübhəsiz, siz haqqında danışdığımız gəncin Müslüm Maqomayev, onu ötürənin isə Üzeyir Hacıbəyov olduğunu yəqin etmişsiniz. Müslüm rus bəstəkarı Musorqskinin vaxtı ilə gənc sənətkarlar qarşısında irəli sürdüyü "Yeni sahillərə doğru!" çağırışını əsil mənasında yox, hərfi mənada həyata keçirmək yolu ilə, Lənkərana müəllimliyə gedirdi.
Gənc Müslüm Lənkəranda müəllimliyə başladığı zaman burada "üsuli-cədid" üzrə məktəb işi hələ ibtidai vəziyyətdə idi. Atalar uşaqlarını mollaxana adlanan məktəbə gətirər, "Molla, qurbanın olum, bax, oğlumu tapşırıram sənə, əti sənin, sümüyü mənim, ona az-maz savad öyrət" - deyə öz atalıq vəzifələrini yerinə yetirmiş hesab edərdilər. Mollaxanadan çərakə oxumağı öyrətməkdən başqa nə gözləmək olardı? Birinci dərs ilində gənc müəllim Müslüm, mollaların göstərdikləri müqavimətə səbir və mətanətlə sinə gərdi. Onun çox çətinliklə məktəbə cəlb etdiyi 15-20 nəfər şagird olduqca səmərəli çalışdı. Təhsil ilinin axırında həmin uşaqlar və onların valideynləri şəhər əhalisi arasında "Müslümbəy məktəbinin" ən fəal təbliğatçıları oldular.
Müslümün sinfində ana dili, hesab, əl işi, rəsm dərsləri çox yaxşı gedirdi. Lakin onu ən çox düşündürən nəğmə dərslərinin yarıtmaz vəziyyətdə olması idi. Gənc Müslüm bilirdi ki, şagirdlərə ümumi məlumat vermək, onların təhsil işini yaxşılaşdırmaq, onları savadlandırmaq vəzifəsi ilə yanaşı, uşaqların estetik tərbiyəsini, bədii zövqünü inkişaf etdirmək məsələsi ilə də yaxından məşğul olmalı idi. Bunun üçün, hər şeydən əvvəl, məktəbli mahnıları lazımdı. Bəs hanı elə mahnılar? Axı, eşqdən, məhəbbətdən. sevgidən danışan təsnif, ya da xalq mahnılarını uşaqlara öyrətmək olmazdı.
Müslüm bu barədə yaxın dostu Üzeyir Hacıbəyova müraciət etməyi və Bakı məktəbində nəğmə dərslərini necə keçirdiyini ondan soruşmağı qərara aldı. Bir neçə gündən sonra aldığı cavab məktubunda Üzeyir Hacıbəyov yazırdı ki, Bakı məktəblərində ondan (yəni Üzeyir Hacıbəyovdan) daha əvvəl müəllimliyə başlamış seminaristlər uşaqlara məxsus mahnıların olmadığını nəzərə alaraq, dərsliklərdə çap edilmiş şerlərə kütləvi xalq mahnı melodiyalarını uyğunlaşdırmaq yolu ilə şagird nömrələri repertuarı yaratmışlar. Üzeyir Hacıbəyov dostuna da bu üsuldan geniş istifadə etməyi məsləhət görürdü. Müslüm bu məsləhəti qəbul edərək həmin üsul ilə bir neçə nəğmə bəstələyib uşaqlara öyrətdi. Məktəbin bütün siniflərindəki istedadlı şagirdlərdən təşkil etdiyi yığma xor dəstəsinin konsertini düzəltdi, özü isə bu xoru skripkada müşayiət etdi. Konsertə valideynlər də dəvət olunmuşdular. Konsertin müvəffəqiyyətlə keçməsi o zamankı Lənkəranın mədəni həyatında böyük ictimai hadisə kimi qiymətləndirildi.
1911-ci ilin yazında Üzeyir Hacıbəyov öz məktəb yoldaşı və dostu Müslümü təkidlə Bakıya, birgə çalışmağa dəvət etdi. M. Maqomayev Bakıya köçdükdən sonra Sabunçu rayonunda müəllimliyə başlarkən Lənkəranda qazandığı pedaqoji təcrübəni burada da geniş tətbiq etdi. Fəhlə uşaqlarından ibarət böyük xor dəstəsi düzəltdi. Eyni zamanda Azərbaycan opera tamaşalarının əsas dirijoru vəzifəsini öhdəsinə götürdü.
Deyildiyinə görə, Müslüm Maqomayevin neftçi fəhlələrindən yaratdığı xor dəstəsi 1917-1919-cu illərdə Bakı zəhmətkeşlərinin mütləqiyyət və daha sonra müsavat hökuməti əleyhinə siyasi nümayişlərində çıxış etmişdir. Xor M. Maqomayevin yaxından iştirakı ilə mətni Azərbaycan dilinə tərcümə olunmuş "Varşavyanka" inqilab mahnısını oxumuşdur. Sonralar bu mahnı azərbaycanlı zəhmətkeşlər arasında geniş yayılmışdı. Müslüm Bakıda müəllim, Mirzə Əbdülqədir İsmayılzadə Vüsaqi (şair Mikayıl Müşfiqin atası) ilə də tanış olub dostlaşdı. Bu dostluq "Şah İsmayıl" operasının yaranmasına səbəb oldu. Operanın librettosunu M. Ə. İsmayılzadə yazmışdır. İstedadlı dirijor və bəstəkar kimi tanınan Müslüm böyük məhəbbət bəslədiyi müəllimlik sənətindən də əl çəkmədi.
İki dost, iki yaşıd Üzeyir və Müslümün həyatına bir ad günü də yazıldı: Azərbaycanda Sovet hakimiyyəti quruldu. İki dostun bir arzusu, özü də ən böyük arzusu yerinə yetdi. Üzeyir və Müslüm yeni həyat səhifələrini yazmağa başladılar.
Müslüm bir-birinin ardınca "Azərbaycan çöllərində", "RV-8" radio marşı, "Şüştər dəraməti", "Azadlığa çıxmış Azərbaycan qadınının rəqsi", "Dərviş", "Ceyranı" kimi bir çox kiçik formalı simfonik əsərlər bəstələdi. Nəhayət, Azərbaycanda yeni mövzulu opera olan "Nərgiz"i yaratdı.
Müslüm Maqomayevin parlaq həyat səhifələri heç vaxt solan deyildir.
“Kommunist”, 2 dekabr 1965
|