Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

BÖYÜK USTAD

 
Üzeyir Hacıbəyov dünyanın elə nadir və bəxtiyar sənətkarlarındandır ki, o, klassik sənətkar kimi tanındığına özü də şahid olmuşdur. Xalqların mədəniyyət tarixində belə hallara az-az təsadüf olunur: ruslarda Maksim Qorki, fransızlarda bəstəkar Kamil Sen-Sans, hindlilərdə Rabindranat Taqor...

Azərbaycan musiqisinin klassiki, istedadlı bəstəkar, görkəmli ictimai xadim, gözəl mühərrir və dramaturq, xalq musiqi yaradıcılığının mütəxəssisi, gənclərin həssas tərbiyəçisi, böyük musiqi alimi Üzeyir Hacıbəyov Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, Sovet Azərbaycanı musiqi mədəniyyətinin ilk və ən nüfuzlu memarıdır. O, Azərbaycan musiqisini yeni qayələr, yeni mövzular, yeni janrlar, yeni formalar ilə zənginləşdirmiş, musiqi sənətinin üsul və ifadə vasitələrini genişləndirmiş, musiqimizin professional məharət və ustalıq səviyyəsini yüksəltmişdir.

Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı inqilabdan əvvəlki və inqilabdan sonrakı dövr ərzində incəsənətdə müxtəlif və bir-birinə zidd bədii istiqamətlərin mübarizəsi və nahayət, Azərbaycan milli bəstəkarlıq məktəbinin formalaşması şəraitində keçmişdir. Beləliklə, Üzeyir Hacıbəyov öz yaradıcılığında Azərbaycan musiqi tarixinin iki dövrünü: inqilabdan qabaqkı və inqilabdan sonrakı dövrlərini təcəssüm etdirir. Buna görə də təbiidir ki, onun yaradıcılığı da daim müəyyən bir hərəkətdə, axtarışda olmuş, sənətin yeni sahillərinə doğru yönəlmiş, inkişaf etmiş, böyümüş, artmış və zənginləşmişdir. O, bütün ömrü boyu musiqi sənəti aləmində öz əqidəsində möhkəm dayanmışdır: - sənətdə realizm və xəlqilik prinsiplərinə sədaqət!

Musiqi sənətində öz xalqının zövqünə, bədii tələbinə qayğısız yanaşan, cürbəcür mücərrəd hallara meyl göstərən, musiqi yaradıcılığında müxtəlif hoqqabazlığa yol verən, formalizm təzahürlərinə qapılan hər bir bəstəkara qarşı barışmaz olan Üzeyir Hacıbəyov xalq ilə xalqın anladığı doğma musiqi dilində danışmağı, musiqidə dərin həyatiliyi, məzmun və səmimiyyət ifadə olunmasını əsas bir şərt kimi qəbul etmişdir.

Üzeyir Hacıbəyov çox mülayim, sadə və nəzakətli insan idi. Bununla bərabər, o, öz yaradıcılıq axtarışları ilə əlaqədar məsələlərdə olduqca prinsipial, tələbkar və hətta lazım gəldikdə inadkar idi. Üzeyir Hacıbəyov Azərbaycan professional musiqi sənətinin banisi və təşkilatçısıdır. O, bütün bacarığını, biliyini, gücünü Sovet Azarbaycanı musiqi mədəniyyətinin quruculuğu işinə sərf etmişdir. O, həyatın, varlığın müxtəlif cəhətlərini öz yaradıcılığında əks etdirməyə çalışmışdır. Xalqın məişəti, arzu və əməlləri, təbiətin gözəlliyi, lirik təəssürat, fəlsəfi təfəkkür, azadlıq və səadət uğrunda mübarizəyə çağırış, - bütün bunlar Üzeyir Hacıbəyovun musiqi yaradıcılığının əsas məzmununu təşkil edir.

Azərbaycan musiqili teatrı səhnəsində Üzeyir Hacıbəyov iki janrın - opera və operetta janrlarının banisidir. Əgər o, opera əsərlərinin mövzusunu əsas etibarı ilə xalq əfsanə və dastanlarından götürmüşdürsə, operettalarının (musiqili komediyalarının) süjetini isə yazıldığı dövrün həyatından almışdır. Lakin əsərlərinin mövzusu, süjeti və əsərlərindəki surətlərin tamamilə başqa-başqa olmasına baxmayaraq, bəstəkarın üslubunda olan böyük bir vəhdət və bütövlük dinləyicini valeh edir.

Üzeyir Hacıbəyov həyata əsil bir dramnəvis və insan ruhunun mühəndisi kimi baxırdı. Buna görə də onun yaratdığı surətlərin bir çoxu məişətimizə daxil olmuşdur. Cəfər Cabbarlı Üzeyir Hacıbəyov yaradıcılığının bu cəhətini xüsusi olaraq yüksək qiymətləndirirdi. C. Cabbarlı əsərlərinin məzmununu uzaq keçmişdən alan burjua yazıçılarına qarşı çıxaraq, Üzeyir Hacıbəyovu misal göstərib yazırdı ki, onun əsərləri "yaşadığı mühitin içində dolandığı xalqın, cəmiyyətin ifadeyi-hal və keyfiyətidir...". Həmin əsərlərdəki tiplərin həyatdan götürülmüş real surətlər olduğunu qeyd edərək Cəfər Cabbarlı əlavə olaraq yazırdı ki, "bu gün bir fransız Parisdə oturub "Arşın mal alan"a baxarsa və bu, Azərbaycan həyatındandır, orada belə bəylər, belə gənclər, belə qızlar vardır, deyərsə haqlı olar".

Üzeyir Hacıbəyov tez-tez dahi rus bəstəkarı M. İ. Qlinkanın: "Musiqi haqqında ağıllı bir fikir söyləmək - axmaq bir musiqi əsəri yaratmaqdan min dəfə qiymətlidir" sözlərini təkrar edərək göstərirdi ki, musiqi sənətinin ümumi problemlərini tədqiq etmək (həyat həqiqətinin musiqidə əks olunması, musiqi sənətinin inkişaf prosesi nəticəsində müəyyən edilmiş normaların, qaydaların öyrənilməsi) ən zəruri vəzifələrdən biridir. Çünki məhz bu yol ilə musiqi sənətinin estetik cəhətlərini müəyyənləşdirmək olar. Bununla bərabər, musiqi əsərlərinin və xalq musiqi yaradıcılığının küll halında öyrənilməsi və təhlil olunması üçün musiqi nəzəriyyəsinin dəqiqləşdirilməsi, dərin elmi nəticələr ilə əsaslandırılması ən zəruri şərtlərdən biridir. Bu cəhətdən Üzeyir Hacıbəyovun Azərbaycan xalq musiqisinin əsasları üzrə 25 ildən artıq bir müddət ərzində apardığı elmi-tədqiqi fəaliyyəti Azərbaycanda musiqişünaslıq işini sözün həqiqi mənasında əsil elmi mərhələyə yüksəltdi. Muğamatın, xalq mahnıları, oyun havaları, təsniflərin elmi əsaslar üzrə tədqiq edilib öyrənilməsi işinin praktiki əhəmiyyəti də çox böyükdür. Bu barədə Üzeyir Hacıbəyov özü belə yazırdı: "Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq mənim üçün əməli əhəmiyyəti odur ki, mən "Koroğlu" operasını yazdım".

Üzeyir Hacıbəyovun bir musiqişünas kimi elmi tədqiqatı geniş məlumat, dərin bilik təməli üzərində qurulmuşdur. Onun "Azərbaycan xalq musiqisinin əsasları" əsəri parlaq yaradıcılıq məhsulu sayılmalıdır. Dahi bəstəkarın musiqişünaslığa aid yazıları fəlsəfi, tarixi, bədii və hətta texnoloji nöqteyi-nəzərdən dərin təhlil təcrübəsi kimi Azərbaycan musiqişünaslığının klassik nümunələridir. Üzeyir Hacıbəyovun musiqisində dərin insaniyyət ruhu duyulur. O, yaratdığı obraza psixoloji cəhətdən çox böyük diqqət verirdi. Xalqın sarsılmaz gücünə olan inam, insan övladının pak qəlbinə olan məhəbbət Üzeyir Hacıbəyov musiqisində yüksək bəşəri duyğuların və böyük əxlaqi hisslərin səmimi tərənnümünü səsləndirmişdir. Məhz buna görə də onun musiqisi könüllərə, ürəklərə yol açmış və həmişə böyük məhəbbətlə dinlənilir.

"Bakı", 20 dekabr 1965
 
İSTEDADLI DİRİJORLA GÖRÜŞ

Dünən axşam Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına simfonik orkestrin verdiyi konsert bir çox "aktyorlar müvəffəqiyyəti" ilə fərqlənən möhtəşəm bir tamaşanı xatırladırdı. Bu əzəmətli tamaşada iştirak edən aktyorlar ifa etdikləri rolların müxtəlif xarakterdə, yaratdıqları surətlərin başqa-başqa keyfiyyətlərdə olmasına baxmayaraq, - hamısı öz ifadə vasitələrini möhkəm vahid bir bədii üslub üzərində qurmuşdu.

Bəli, orkestrin heyətini təşkil edən musiqiçi artistlərin hamısı (burada müxtəlif xarakter və xasiyyət dedikdə, yəqin ki, orkestrdə səslənən müxtəlif təranələr ifaçısı olan ayrı-ayrı musiqi alətlərinin istedadlı çalğıçıları nəzərdə tutulur),- bir mənbədən gələn işıqdan qüvvət alaraq müntəzəm və gözəl bir müsamirə yaratmışdılar. Dünənki konsertdə bu işığı saçan mahir türk dirijoru Hikmət Şimşək idi.

Yüz nəfər artistin iştirakı ilə belə bir sanballı, həm də fövqəladə müvəffəqiyyətli tamaşanın quruluşçusu həqiqətən necə ustad bir sənətkar və əsil dərin ilham sahibi olmalıdır! Bu ustadın yaradıcılıq qənaəti mətin və sarsılmaz olmaqla bərabər, həm də öz musiqi niyyətini iştirakçı artistlərə aydın və sadə tərzdə anlatmağı, onları "ümumi işin" səmərəli olmasına təşviq etməyi, həvəsləndirməyi bacaran incə və mülayim təbiətli və mürəbbilik qabiliyyətinə malik olmalıdır.

Hikmət Şimşək belə bir sənətkardır.

Mən Hikmət Şimşəki ona görə yuxarıda quruluşçu rejissor adlandırdım ki, onun dirijorluq sənətinə xas olan ən gözəl cəhətlərdən biri,- ifa etdiyi əsəri əvvəlcədən diqqətlə, incədən-incəyə, əsaslı surətdə hərtərəfli düşündükdən sonra orkestrə çatdırmasıdır. Məhz buna görə də konsert zamanı orkestr artistləri öz rəhbərlərinin niyyətini azacıq bir işarə, kiçik bir eyhama görə anlayır və dirijorun özü də fəzlə, artıq hərəkətlərlə özünü yormur.

Bir dirijor kimi hərəkətlərində zahiri effektdən büsbütün çəkinən Hikmət Şimşək, konsert zamanı idarə etdiyi orkestr heyəti ilə bərabər düşünür, birlikdə yaradır. Dahi L. Bethovenin yeddinci simfoniyasını çalırkən istedadlı dirijor əsərin məzmunu ilə forması arasında olan vəhdət ayrılmazlığını məharətlə ifadə edə bildi.

Dünənki konsertin müvəffəqiyyətini Hikmət Şimşək ilə bölüşdürən görkəmli sovet pianoçusu professor L. Oborinin çaldığı F. Şopenin fortepiano ilə orkestr üçün ikinci konserti dinləyiciləri valeh etdi.

Konsertin sonunda orkestrin ifa etdiyi türk bəstəkarı Ferid Alnarın prelüdləri göstərir ki, türk musiqi sənətkarları bəstəkarlıq texnikasını mənimsəmək yolunda müəyyən müvəffəqiyyətlər əldə etmişlər. Bu əsərin orkestrovkası həqiqətən çox gözəldir, lakin harmonik dilinin XX əsr Qərbi Avropa bəstəkarlarından K. Debüsi, M. Ravel üslubuna təqlid tərzində olması türk bəstəkarlarının öz milli xalq musiqi yaradıcılığı əsasında harmonik və polifonik ifadə vasitələrini hələlik tapmamış olduqlarını göstərir.

Hikmət Şimşək üçün dirijorluq texnikası (o buna kamil surətdə sahib olmuşdur) qətiyyən bir hədəf deyil, bəlkə olsa-olsa yalnız vasitədir. Bu tərz yanaşma bəstəkarlıq sənəti sahəsində də özünə yol tapsa, daha gözəl olar.

"Bakı", 17 yanvar 1966  

 

 
     
        © Musigi Dunyasi, 2007