Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

HƏYAT SİMFONİYASI

 
Zəmanəmizin ən görkəmli və tanınmış bəstəkarlarından biri olan Qara Qarayevin "Yeddi gözəl" baletinə opera və balet teatrımızda hər dəfə dirijorluq etdikdə məni müxtəlif hiss və duyğular, fikir və düşüncələr çulğalayır; balet tamaşası dirijorundan, hər şeydən əvvəl, tələb olunan ümdə şərtə - səhnə ilə orkestr arasında sürət vəhdəti və temp sinxronluğunun əldə edilməsinə nail olmaqla bərabər, həm də istər-istəməz istedadlı bəstəkarın musiqisində olan dərin məzmun, zəngin məna, forma kamilliyi, gərgin dramaturji inkişafın "sirrini" açmağa səy edirəm.

Lakin bəstəkarın musiqisindən hər dəfə sözün əsil mənasında valeh olmaq, vəcdə gəlmək hissi o qədər üstün və qüvvətli olur ki, artıq soyuq mühakiməyə və quru düşüncəyə həvəs və ehtiyac qalmır. Qara Qarayevin musiqisinə xas olan böyük emosional təsir qüvvəsi və səslənmə əzəmətinin səbəbini araşdırmaq məsələsi (düşüncə, təhlil, mühakimə) əyani fakta (XX əsr Şərq aləminin ən gözəl musiqi nümunələrindən birinin varlığı həqiqətinə) təslim olur.

Sovet musiqi xəzinəsini "Leyli və Məcnun" simfonik poeması, "İldırımlı yollarla" baleti, "Don Kixot" simfonik qravyurası kimi sanballı əsərlərlə zənginləşdirən və hər bir əsəri ilə musiqi həyatımızı işıqlandıran, incəsənət aləminə yeni söz və yeni fikir gətirən böyük istedad və əsil məharət sahibi Qara Qarayevin Üçüncü simfoniyası nəinki onun parlaq musiqi yaradıcılığının ovcunda duran, həm də bu günkü bütün sovet musiqi aləminin yeni inkişaf mərhələsini, zəngin və bədii ifadə vasitələrini təcəssüm etdirən bir əsərdir.

Bəstəkar bu əsərində zehniyyəti dərin, mənəviyyatı zəngin, fikri-xəyalı üfüqlər qədər geniş, idrakı dəryalar kimi coşğun olan müasir adamın mürəkkəb surətini, incə duyğularını, onun dalğın düşüncələrə "gərdişi-dövranda" ayrı-ayrı hallarda təsadüf olunan bəzi ziddiyətləri mənalandırmaq, təhlil etmək, tələbatını, həyat varlığının mənasını aydınlaşdırmaq həvəsini; onun yaşayıb-yaratmaq, işləmək-əlləşmək, çalışmaq, qalib gəlmək, gülüb-oynamaq, çalıb-çağırmaq... kimi təbii arzu və əməllərini vəsf və tərənnüm edir.

Belə dərin fəlsəfi və müasir mövzunu musiqi sədaları ilə əks etdirmək üçün Qara Qarayev heç də məhz "yenilik" xatirinə klassik ənənələrə qarşı sayğısızlıq göstərmir, əksinə, o, (xüsusilə simfoniyasının birinci hissəsində) klassik formalara (daha doğrusu, sonata formasına) riayət etməkdən heç də çəkinmir, lakin klassik ənənədən istifadə işinə yaradıcı sənətkar kimi yanaşır və tamamilə yeni səpkidə mənalı bir əsər yaratmağa müvəffəq olur.

Simfoniyada böyük miqyaslı çoxplanlı bədii əsərə xas olan gərgin dramaturji inkişaf və müəllifin yaradıcı xəyalında canlanan qəhrəmanın - müasir, adi zəhmətkeş insanın keçirdiyi həyəcanları, bəşəri duyğuları, təbii olaraq bəzən əmələ gələn tərəddüd halları dərin ehtirasla verilmişdir.

Bəstəkarlıq sənətinin ən yüksək texnikasına mükəmməl surətdə sahib olan istedadlı müəllif - çox zaman zahirən olduqca sadə, lakin əslində son dərəcə ifadəli bir vasitədən istifadə edir. Bu, yalnız və yalnız məhz Qara Qarayev bəstəkarlığına məxsus olan bədii ifadə üsullarından biridir (səhv etmirəmsə, o, Lenin mükafatı laureatı məşhur kinorejissor R. Karmen ilə birlikdə yaratdığı Böyük Vətən müharibəsinin faciəsini göstərən kino-filmin musiqisində də həmin priyomu böyük ustalıqla tətbiq etmişdir). Bu, son dərəcə maraqlı və orijinal priyom nədən ibarətdir? Bəstəkar bir növ gərgin səslənən tək bircə akkordu ardıcıl surətdə mütəmadi olaraq təkrar etdirir. Amma necə? Əvvəlcə ən az, astaca, lap yavaşca səslənmədən tədriclə səsi gücləndirərək çox gur və güclü, əzəmətli səslənməyə çatdırmaq yolu ilə - belə ki, burada möhtəşəm bir qızğınlıq, böyük hərarət və atəşin bir kulminasiya (qədim Azərbaycan musiqi termini ilə desək böyük bir "şiddəti-övc” və "həddi-əla") əldə edilsin. Orkestrləmə sənətində mahir olan Qarayevin bu priyomunun dinləyicidə bağışladığı təsir qüvvəsi çox böyükdür.

Bu məsələ ilə əlaqədar olaraq bir maraqlı cəhət də diqqəti cəlb edir. Qara Qarayev bu simfoniyasını kamera orkestri üçün bəstələmişdir. Bu o deməkdir ki, bəstəkarın öz musiqi əməliyyatı üçün sərəncamında olan orkestrin tərkibi olduqca məhduddur. Bu, həm də o deməkdir ki, bəstəkar böyük simfonik orkestrin verə biləcəyi möhtəşəm, güclü və ucadan səslənmədən məhrumdur. Lakin məhdud vasitə ilə hüdudsuz ifadə iqtidarına malik olan istedadlı ustad bu simfoniyasında göstərdi ki, tərkibi 80-90 və bəzən daha çox musiqiçidən ibarət böyük simfonik orkestrdən istifadə edib gur səslənmə əldə etmək hər bəstəkarın işidir, məhdud heyətli (cəmisi 10-15 nəfərdən ibarət) orkestrin möhtəşəm səslənməsini əldə etmək isə nadir bəstəkarın işidir.

Qara Qarayev sözün həqiqi mənasında kamil bir ustadır. O, musiqi ictimaiyyətimizdə haqlı olaraq qazandığı böyük nüfuz, etibar və hörməti doğrultmaq işinə ciddi məsuliyyət hissi ilə yanaşır, yorulmadan çalışır, arayır, axtarır, musiqi aləminə məlum olmayan yeni parlaq üfüqlərə doğru mətin addımlarla irəliləyir.

Mən bu məqaləmin əvvəlinə qayıdaraq bəstəkarın "Yeddi gözəl" baletinin dirijorlarından biri kimi, mənə veriləcək belə bir suala: "Qara Qarayev hansı musiqi səpkisində: yeyin, iti sürətdə çağlayan (alleqro) - yoxsa geniş vüsətdə, lirik-dramatik xarakter daşıyan (adajio) musiqisində daha pərgardır?" cavab verməkdə aciz olduğumu etiraf etməliyəm. Çünki bəstəkar "İldırımlı yollarla" və xüsusilə Üçüncü simfoniyası ilə əyani olaraq isbat etdi ki, o, istər "motorlu", istərsə də hər bir simfoniyanın əsas hissələrindən birini təşkil edən aram sürətdə, lakin eyni zamanda dramatik gərginliyi ifadə edən (adajio) musiqisində eyni dərəcədə müvəffəq olub geniş və hərtərəfli, özünəməxsus parlaq musiqi nümunələrini yaradır.

Qara Qarayevin Üçüncü simfoniyası ilə əlaqədar olaraq, sovet musiqi sənətinin bir prinsipial məsələsi bir daha diqqəti cəlb edir. O da musiqinin ifadə vasitələrindən nə sayaq, nə dərəcədə, nə tərzdə istifadənin "məqbul hesab edilməsi" və musiqi üslubu işinə yaradıcı yanaşma problemidir. Bu məsələ üzrə nəzərdə tutmaq lazımdır ki, sənətdə trafaretlik, adilik və milli məhdudçuluq əleyhdarı olan sosializm realizmi metodu, incəsənətin başqa sahələrində olduğu kimi, musiqidə də bəstəkarlar üçün geniş meydan açır.

Parlaq yaradıcılıq yolu ilə inamla irəliləyən, daim inkişaf edən və hər bir əsəri ilə sovet musiqisində yeni və həm də mənalı fikir söyləyən və sovet musiqi sənətini zənginləşdirən görkəmli bəstəkar, böyük ustad Qara Qarayevin Üçüncü simfoniyası Lenin mükafatına tam mənası ilə layiqli bir əsərdir.

"Bakı", 22 mart 1966-cı il
 
MAHİR MÜĞƏNNİ

Musiqi aləmində çalışanlar arasında elə sənətkarlar var ki, onlar mənsub olduğu xalqın mədəniyyətini, bədii irsini və bu günkü zəngin yaradıcılıq nailiyyətlərini yaliız öz vətənində deyil, eyni zamanda dünyanın bir çox ölkələrində bilavasitə nümayiş etdirməklə, yurdunun mədəni sərvətini başqa xalqlara da tanıtdırmış olurlar.

Şimaldan sərt qayalı, qalın meşəli Finlandiyada, Cənubdan geniş səhralı, isti Həbəşistanda, Şərqdən çox əhalili Çində, Qərbdən musiqi sənətinin beşiyi İtaliyada və başqa ölkələrdə (Hindistan, Türkiyə və İranda bir neçə dəfə) Azərbaycan musiqisinin parlaq nümunələrini təbliğ edən görkəmli müğənnimiz, elimizin şərəfli oğlu, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputatlığa namizəd göstərilməsi musiqini sevən, yüksək ifaçılıq sənətinə əsil qiymət qoyan dinləyicilərimizi ürəkdən sevindirmişdir.

Rəşidin nəğməkarlıq yaradıcılığı ilə musiqi ictimaiyyətimizin ilk tanışlığı, səhv etmirəmsə, 1944-cü ilə təsadüf edir. O, Ermənistan caz orkestrinin tərkibində olan solistlərlə birlikdə Bakı qastrolunda iştirak edirdi. (O zaman mən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri sifəti ilə orkestrin Bakıya dəvət olunması işində bilavasitə iştirak etmişdim. Qastrolun gedişi ilə əlaqədar bütün məsələlər mənə məlum idi). Heç yadımdan çıxmır: dinləyicilər arasında konsert iştirakçılarından hamıdan artıq müvəffəqiyyət qazanan Rəşid idi. Salondakılar onun çıxışını lap birinci gündən başlayaraq sürəkli alqışlarla qarşıladılar. Lakin bir neçə gün sonra müğənni xəstələndi. O, artıq növbəti konsertdə iştirak etmək imkanından məhrum idi. Mən, qastrol səfəri müdiri S. Palyanov və cazın bədii rəhbəri A. Ayvazyan ilə birlikdə Rəşidin yanına, ona yoluxmağa getdim. Otaqa daxil olduqda gördük ki, həkim Behbudova hələ bir neçə gün yorğan-döşəkdən durmamağı tövsiyə edir. Bu halda S. Palyanov sözarası dedi ki, Rəşidin konsertlərdə iştirak etməyəcəyindən xəbər tutan dinləyicilər aldıqları biletləri kütləvi surətdə filarmoniya kassasına qaytarırlar. Odur ki, konsertləri hələlik dayandırmaq lazım gələcəkdir. Bu sözləri eşidən Rəşid dedi:

- Hələ axşama yeddi-səkkiz saat var. İndi həkim tezliklə müalicə edər, yaxşı-yaxşı dərmanlar verər, mən də axşam işə gələrəm...

Biz nə qədər etiraz etdiksə, Rəşid sözündən dönmədi.

Axşam filarmoniyanın salonunda, necə deyərlər, iynə salsaydın yerə düşməzdi. Salon ağzına qədər Rəşidin pərəstişkarları ilə dolu idi. Müğənni isə həmişəki kimi, böyük ilham və həvəslə oxuyub dinləyiciləri məlahətli səsi, xoş avazı ilə yenə də valeh etdi.

Mahir nəğməkar, eyni zamanda teatr və kino aktyoru kimi də yaradıcılıq sınaqlarından müvəffəqiyyətlə çıxmışdır. Qoy yeni "Arşın mal alan" filminin yaradıcı kollektivi məni qınamasın, çünki özüm də onları qınamaq fikrində deyiləm, axı, Rəşid Behbudovun Əsgərindən sonra bu rolda "tutdurmaq" doğrudan da çətindir. Çox çətindir!

Bu məsələ ilə əlaqədar olaraq mən, ümumiyyətlə, musiqili teatr əsərlərini (opera, musiqili komediya) ekranlaşdırmaq işində çox nəzərə çarpan bir cəhəti qeyd etmək istəyirəm. Söhbət burasındadır ki, bir qayda olaraq ifa edilən rolları oynayan bir adam, oxuyan isə başqa adam olur. Rolun surətini yaradan hər nə qədər musiqini mənimsəməyə cəhd etsə, rejissor səs (avaz) ilə ifaçının artikulyasiyası arasına zahiri sinxronluğun əldə edilməsinə hər nə qədər çalışsa və buna müvəffəq olsa belə, yenə də eşidilən ilə görülən arasında üzvi vəhdət əldə etmək çətin olur.

Mənə belə gəlir ki, Rəşid Behbudovun Əsgərində olan ifaçılıq kamilliyi və aktyorluq məziyyətinin (başqa daha bir çox amillərdən əlavə) əsas səbəblərindən biri də budur ki, o, həm özü oynamış, həm də oxumuşdur.

Biz Rəşid Behbudovun sənətkarlığından söhbət açdıqda onun böyük zəhmətsevərliyini, çalışqanlıq əzmini də qeyd etməliyik. Onun yorulmadan işləmək iqtidarı məni xüsusilə "Sevil" operası tamaşasının hazırlanması dövründə heyran etmişdi. O zaman əsər müəllifi bəstəkar Fikrət Əmirov, Rəşid Behbudov və mən bir binada yaşayırdıq. (Rəşid ilə mən qapıbir qonşu idik). Bir ildən artıq müddətdə, demək olar ki, hər gün saatlarla birlikdə, sıx yaradıcılıq ünsiyyəti şəraitində böyük həvəs və məhəbbətlə çalışdığımız zaman Rəşidin işinə, oxuyacağı partiyaya, yaradacağı obraza nə qədər ciddi və tələbkar yanaşması məni heyran qoymuşdu. Doğru demişlər ki, istedad, məharət, ustalıq öz yerində, - calışqanlıq zəhmətsevərlik öz yerində! Hər ikisi eyni dərəcədə zəruridir. Təkcə istedadına güvənənlərin aqibəti fəna olur.

Bu gün Rəşid Behbudovun oxuduğu mahnılardan həzz alan hər bir dinləyici bilməlidir ki, istedadlı sənətkar ifa etdiyi musiqi əsərinin hər bir cümləsini, hər bir ifadəsini dönə-dönə, dəfələrlə yoxlayır, yaradıcılıq süzgəcindən keçirir, mənasını, məzmununu aydınlaşdırır. O, hər bir mahnı üzərində zərgər işi aparır. Rəşidin oxuduğu hər bir mahnı böyük əmək məhsuludur.

Doğma ana dilindən savayı rus, gürcü, erməni dillərində sərbəst danışan Rəşid Behbudov daha bir çox xalqların dilində ifa etdiyi mahnıların sözlərini də düzgün tələfhüz etməyə böyük səy göstərir. Odur ki, həmin mahnılar bizə xoş gəldiyi kimi, həmin xalqlar tərəfindən də bəyənilir, sevilir.

Rəşid Behbudov xalq mahnılarımızla yanaşı, Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Rauf Hacıyevin, Niyazinin, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, Zakir Bağırovun, Ramiz Mustafayevin və başqalarının əsərlərini dünyanın bir çox guşələrində əzəmətlə səsləndirir.

Heç şübhə yoxdur ki, bu dəfə SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərilmiş mahir müğənni və gözəl insan R. Behbudov ölkəmizin ali hakimiyyət orqanı olan Ali Sovetin deputatı işində də fədakar çalışacaqdır.

“Ədəbiyyat və incəsənət”, 21 may 1966

 

 
     
        © Musigi Dunyasi, 2007