(üçüncü
məqalə)
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra musiqi sənəti respublikamızda böyük ictimai-siyasi əhəmiyyət kəsb etdi. Xalqın yaradıcı qüvvələrini hərtərəfli inkişaf etdirməsinə geniş imkanlar yaradan Kommunist partiyası və Sovet hökuməti, azadlığa çıxmış Odlar diyarında azəri musiqisinin yüksəlişi məsələlərinə birinci gündən böyük diqqət yetirməyə, qayğı göstərməyə başladı.
Milli məhdudiyyətə aludəçiliyin qarşısını almaq, musiqi sənətinin ifadə vasitələrindən geniş istifadə etmək, xalq kütlələrini rus və Qərbi Avropa klassik musiqisinin gözəl nümunələri ilə yaxından tanış etmək, Azərbaycan opera teatrının repertuarını yeni, həm də müasir musiqi professionalizmi tələblərinə uyğun səviyyədə duran əsərlərlə zənginləşdirmək, müəyyən islahat, sözün əsl mənasında dönüş yaratmaq lazım idi.
Bu da nəinki üç-dörd, hətta on-on beş ilin də işi deyildi.
Mənə belə gəlir ki, 1920-30-cu illərdə respublikamızın musiqi həyatında baş verən bəzi əyinti və ifratçılıq halları (muğam operalarını səhnədən götürmək qəsdi, tar üzərində məhkəmə, mətbuat səhifələrində muğamata qarşı çıxışlar, və s.) bu dönüşün tezliklə başa çatdırılmasını bir növ inzibati yollarla əldə etməyin mümkün olacağı haqqındakı yanlış təsəvvürlərdən irəli gəlirdi.
Nəzərdə tutulan nəhəng musiqi yaradıcılığı işlərini müvəffəqiyyətlə həyata keçirmək üçün bütün diqqəti yüksək musiqi professionalizminə yiyələnən yaradıcı kadrlar yetişdirməyə yönəltmək lazım idi. Bu vəzifə ilə əlaqədar olaraq Ü. Hacıbəyov 1924-cü ildə dərc etdirdiyi "Türk operaları haqqında" başlıqlı məqaləsində yazmışdı:
"O ki, qaldı türk (Azərbaycan - Ə.B.) musiqi teatrının tərəqqisinin gələcəkdə kimlərdən ümid edilməsi məsələsinə, - bizə qalırsa, bu ümid bu gün Azərbaycan hökumət türk musiqi məktəbində kamal-ciddiyyət və müvəffəqiyyətlə təhsil edən cavanlarımızdan gözlənilə bilər və gözləyirik".
Beləliklə, Azərbaycanın nəğməkarlıq sənətinə incəsənət tariximizdə məlum olmayan yeni bir oxuma üsulu gətirildi. Qarşıya Avropa vokal mədəniyyətini mənimsəmək məsələsi qoyuldu. Opera artistlərindən Hüseynağa Hacıbababəyov, Bülbül, Məmmədtağı Bağırov İtaliya belkontosunu öyrənmək üçün konservatoriyanın vokal sinfinə qəbul olundular. Az sonra Bülbül təhsilini təkmilləşdirmək məqsədi ilə İtaliyaya yola düşdü. Azərbaycan Dövlət Konservatoriyasında və musiqi texnikumlarında vokal siniflərinin komplektləşdirilməsi işinə ciddi əhəmiyyət verildi. Əvvəllərdə muğam operalarında yalnız mənfi rolların musiqi surətinin təmsili üçün istifadə olunan ("Əsli və Kərəm"də - Keşiş, "Şah Abbas və Xurşidbanu"da -Məstavər, "Şah İsmayıl"da - Aslan şah və s.) oxuma üsulu, indi müsbət qəhrəmanların musiqi obrazının xarakterini açmağa da xidmət etməli idi. İtaliya belkontosu üsuluna keçmək zəruriyyətinin əsas səbəblərindən biri də yeni yazılacaq Azərbaycan opera əsərlərində bütün vokal partiyaların yalnız simfonik orkestrlə müşayiət edilməsi şərti idi.
Bu yolda görülən işlərin ilk müjdəsi 1930-31-ci il mövsümündə P. Çaykovskinin "Yevgeni Onegin" operasının duel səhnəsini Azərbaycan dilində (Lenski - H.A.Hacıbababəyov, Onegin - M.T.Bağırov) nümayiş etdirilməsi idi. Bülbül İtaliyadan qayıtdıqdan sonra, 1931-ci ilin dekabrında "Səsin diafraqma üsulu ilə istixracı qaydasının Azərbaycan vokal sənətində tətbiqi" haqqında məruzə etdi. Məruzə ətrafında geniş müzakirə başlandı. Müzakirə zamanı, Azərbaycan xalq oxuma üsulundakı xüsusiyyəti dərk etməyən bəzi naşı adamlar azəri vokalistlərinin İtalyan vokal məktəbini qavraya bilməyəcəkləri hökmünü verirdilər.
Həyat belə çürük və əsassız müddəaları tezliklə ifşa edib, puça çıxartdı. Azərbaycan opera sənətinin ən dəyərli incisi "Koroğlu" operasında Qərbi Avropa vokal mədəniyyəti ilə Azərbaycan oxuma sənətinin təbii ahəngi uyğunlaşdırılaraq, Azərbaycan vokal sənəti aləmində yeni bir yaradıcılıq səhifəsi açıldı.
Bununla bərabər Azərbaycan Dövlət Konservatoriyası professor-müəllim heyətinin: Bülbül, Şövkət Məmmədova, S.Qolskaya, M.Kolotova, V.Valatsi və başqalarının böyük səyi sayəsində respublikamızda Avropa vokal mədəniyyətinə yaxşı yiyələnən və opera teatrımızın tamaşalarında məsul rolları məharətlə ifa etməyi bacaran istedadlı vokalistlərimiz yetişdi.
Hazırda opera teatrımızın repertuarında olan rus və Qərbi Avropa bəstəkarlarının əsərlərində baş rolları ifa edən müğənnilərdən A.B.Bünyadzadə, F.Əhmədova, İ.Ağalarov, R.Atakişiyev, L.İmanov, V.Qurbanov, H.Əliyev, M. Bədirov, F.Muradova, R.Cabbarova, M.Topçiyev, C.Qafarov və başqaları Avropa vokal mədəniyyətini qavramış sənətkarlardır. Bunlardan əlavə teatrın aktyorlar heyətində tamaşalarda ikinci dərəcəli rolları ifa edən istedadlı nəğməkar dəstəsi də vardır. Musiqili komediya teatrında, Filarmoniyada, radio və televiziyada müvəffəqiyyətlə çalışan vokalistlərimiz də dinləyicilərin rəğbətini qazanmışlar.
Lakin bununla yanaşı respublikamızda vokal sənəti üzrə yeni kadrlar yetişdirmək, eləcə də Konservatoriya, ya da musiqi məktəbini bitirdikdən sonra musiqi müəssisələrində işə başlayan nəğməkarların öz professionallıq məharətini artırmaq işinin hazırda qənaətbəxş olmadığına da göz yuma bilmərik. Bəs bunun səbəbi nədir?
Mənə belə gəlir ki, bu çatışmazlığın bəzi obyektiv səbəbləri ilə bərabər, kadrlarla işin sistemsizliyindən irəli gələn səbəblər də az deyildir.
"Əvvəlki səslər indi yoxdur...", "Təbiət artıq məlahətli səslər yetişdirmir", "Atom dövründə yaxşı səs azalmışdır" və i.a. kimi mülahizələri tez-tez eşidirik. Həm də yalnız respublikamız dairəsində yox, bütün ölkə, hətta dünya miqyasında belə əvvəlki qədər tutarlı, qaltanlı səslərin indi, doğrudan da nadir yetişdiyini müşahidə edirik. Bunun əvəzinə hazırda bolluca "mikrofon səsləri", yəni diapozonu olduqca kiçik, cəmisi beş-altı notdan ibarət, gücü son dərəcə məhdud, zəif səslər estradalarda üstünlük təşkil edir.
Lakin çox gözəl, məlahətli, qaltanlı, gur səslər də yox deyil. Bu yaxında Moskvada keçirilmiş P.Çaykovski adına III Ümumdünya İfaçılar Müsabiqəsi göstərdi ki, ölkəmizdə doğrudan da yaxşı səsli müğənnilər var. Deməli, əsas məsələ müğənninin düzgün təlimi və tərbiyələndirilməsindən ibarətdir.
Cəsarətlə deyə bilərəm ki, əgər biz musiqi ifaçılığı üzrə ayrı-ayrı ixtisasları bir-biri ilə tutuşdurmalı olsaq - məhz vokal sənətinin (deməli onun təlimi işinin də) əsrarəngiz və ciddi olduğunu görərik. Buna görə də vokalistin təlim məsələsinə, onun gündəlik həyat və məişətdə davranışına xüsusi diqqət yetirmək lazımdır. Halbuki çox zaman bu belə olmur. Qoy vokalistlərimiz məni, qərəzkarlıqda və tərəfgirlikdə müttəhim etməsinlər. Biz bəzən teatrımıza gələn opera və balet kadrlarının özlərinə, öz təlim işlərinə və istehsalat təcrübəsi əldə etmək məsələsinə olan münasibətlərini istər-istəməz müqayisə etdikdə, görürük ki, balet artistləri ən kiçik yaşlarından başlayaraq teatrın opera və balet tamaşalarında müntəzəm surətdə iştirak edirlər. Musiqi məktəbinin vokal sinfində oxuyan bəzi şagirdlər isə hələ püxtələşməmiş, qazanc dalınca qaçır, kinoteatrların estrada orkestrlərində cürbəcür yüngül mahnılar oxumaq, ya da başqa müxtəlif "xalturalar" axtarmaq ilə məşqul olur, səsini yorur.
Vokalist musiqi məktəbini qurtardıqdan sonra bir müddət, heç olmasa səhnəyə alışmaq xatirinə də olsa xorda iştirak etməyi özünə ar bilir, halbuki Q. Almazzadə, L.Vəkilova, K.Bataşov, M. Məmmədov, R. Axundova, R. İsmayılova, V. Dankeviç kimi balet solistləri teatra işə qəbul olunduqdan sonra belə neçə il kordebaletdə oynamaqdan boyun qaçırmamışlar.
Bu məsələ ilə əlaqədar olaraq vokalistlərimizdən bəzilərinin öz səslərini qorumaması da müşahidə olunur.
Papiros çəkmək, içki içmək, özünü soyuqdan qorumamaq kimi səsin zərərinə olan hallar vokalistlərdən bəziləri üçün vərdiş olmuşdur. Belə nəğməkarlar, təbiidir ki, tez-tez "xəstələnir", "bülleten alır" və ya başqa yollarla işdən boyun qaçırırlar.
Səs keyfiyyətinin orta səviyyədə olmasına baxmayaraq, daim baş rollar iddiası ilə döşünə döyən artistlərin sayı çox deyil. Lakin onların teatrın gündəlik işində törətdikləri maneçilik böyükdür. Opera teatrının vokalistlər kollektivi əslində, küll halında sağlam, professionalizm cəhətincə bacarıqlı, qabiliyyətli və istedadlı nəğməkar artistlərdən ibarətdir.
Partiya və hökumətimiz yüksək məharətli vokal kadrları yetişdirmək yolunda böyük qayğı göstərir, hətta axırıncı iki-üç ili götürsək görərik ki, rəhbər təşkilatlar əsil istedad sahibi olan, öz üzərində işləməyi, daim təkmilləşməyi vacib hesab edən hər bir nəğməkarın qeydinə qalır. Gənc, fövqəladə istedadlı və gözəl ifası, məlahətli səsi ilə yüz minlərlə dinləyicinin məhəbbətini qazanmış Müslüm Maqomayev ixtisasını daha da təkmilləşdirmək üçün İtaliyanın Milan şəhərindəki məşhur "La Skala" opera teatrına ezam edilmişdir. Səhnəmizdə Bülbülün "Koroğlu" ənənəsini müvəffəqiyyətlə davam etdirməklə bərabər Qərbi Avropa bəstəkarlarının "Faust", "Trubadur", "Karmen", "Riqoletto" və başqa operalarında baş partiyaları məharətlə ifa edən Lütfiyar İmanov bir neçə il Moskvada, SSRİ Böyük Teatrında təlim almışdır. Opera səhnəmizdə Yevgeni Onegin, Demon, Knyaz İqor kimi surətlər yaradan Mürsəl Bədirovun bir ildən bəri Leninqradın (indiki Sankt Peterburq - İ.Q.) S.M.Kirov adina Opera və Balet Teatrında (indiki Mariinski - İ.Q.) istehsalat təcrübəsi keçməyə başlaması və bir çox başqa tədbirlərin həyata keçirilməsi, - partiya və hökumətimizin vokal sənətkarlığı inkişafı məsələlərinə çox böyük diqqət verdiyini göstərir.
Lakin yeri gəlmişkən qeyd etmək lazımdır ki, ayrı-ayrı musiqi müəssisələrinin başında duran yoldaşlar bəzən maliyyə planını doldurmaq xatirinə vokalistlərimizə düzgün yaradıcılıq istiqaməti vermirlər. Məsələn, adını böyük iftixar düyğusu ilə yuxarıda qeyd etdiyim Müslüm Maqomayev ifaçıların P.Çaykovski adına beynəlxalq müsabiqəsində iştirak üçün ciddi surətdə hazırlaşmaq və bu şərəfli yarışda iştirak etmək əvəzinə (axı, həmin bu yarışda birinci mükafata layiq görülən V. Atlantov vaxtı ilə Müslümlə birgə İtaliyaya ezam edilmişdi) ötən ili əsas etibarı ilə estrada artisti kimi şahərbəşəhər gəzib qastrollar vermiş, estrada artistlərinin Bratislavada keçirilən "Qızıl açar" yarışında iştirak etməyi daha üstün tutmuşdur. Doğrusu, bu hal böyük istedad sahibi olan Müslüm Maqomayevin pərəstişkarlarına çox ağır gəlir.
Vokal sənəti və onun tədris metodologiyası ilə əlaqədar problemlər üzrə neçə ildən bir Moskvada Ümumittifaq konfransları çağırırlar. Həmin konfranslara bir qayda olaraq respublikamızdan da nümayəndələr dəvət olunur. Lakin bu nümayəndələr Bakıya qayıtdıqdan sonra musiqi ictimaiyyətimizi orada qoyulmuş məsələlərlə, irəli sürülən fikirlərlə tanış edib, respublikamız şəraitində vokal sənətinin inkişafı və yüksəlişi problemlərinə kömək etməyi nədənsə yaddan çıxarırlar.
Azərbaycan Dövlət Konservatoriyasında vaxtı ilə böyük həvəslə və səmərəli çalışan professor və müəllimlərdən bir çoxunun dərs metodologiyası haqqında onların məsləkdaşları və tələbələri tərəfindən elmi monoqrafiyaların hazırlanması da faydalı ola bilər. Konservatoriyaya onları əvəz edə biləcək nüfuzlu vokal professorlarının dəvət olunması da zəruridir.
Göründüyü kimi respublikamızda ifaçılıq sanəti səhəsində hələ bir sıra nöqsanlar vardır. Haqqında bəhs etdiyimiz qüsurları aradan qaldırmaq əlaqədar təşkilatları ciddi düşündürməlidir. Çalışmaq lazımdır ki, ifaçılarımız öz sənətkarlıqları qeydinə daha çox qalsınlar və zəhmətkeşlərin bədii-estetik tələblərinə cavab versinlər.
“Ədəbiyyat və incəsənət”, 13 avqust 1966
|