Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

XALQ ÇALĞI ALƏTLƏRİ VƏ İFAÇILIQ PROBLEMLƏRİ

Xalqımızın musiqi etnoqrafiyası göstərir ki, Azərbaycan hələ ən qədim dövdlərdən başlayaraq, musiqi instrumentari (yəni xalqın yaradıb işlətdiyi musiqi alətlərinin məcmuu) etibarı ilə çox zəngin, növ cəhətcə müxtəlif, gözəl musiqi alətlərinə malik bir diyar olmuşdur. Bu alətləri hazırlamaq sahəsində istedadlı ustalar yetişdirən Azərbaycan, həmin alətlərdə əla çalmağı bacaran mahir ifaçılar da tərbiyə etmişdir.

Hələ XIII əsrdə dahi Azərbaycan bəstəkarı və musiqişünası Əbdül-Mümin Urməvi müğni və nüzhə adlı iki növ musiqi aləti quraşdırmış, özü isə ud çalmaqda zamanın ən mahir ifaçısı sayılmışdır. Belə ki, Bağdadı istila edib, Əbbasilər xilafətinə xiqam vermiş monqol xaqanı Hülaku Urməvinin ifaçılıq sənətinə valeh olub, onu öz sarayında böyük hörmət və şərəflə çalğıçı saxlamışdır.

Dahi Füzuli hər bir musiqi alətinin yaradılmasına və sonradan başına gələn macəralara alleqorik məna verərək "?eddi cam" poemasını yaratmışdır.

XIX əsr Azərbaycan xalq çalğı sənətkarlığında yeni bədii ifadə vasitələri yaradan, muğamat ifaçılığını yeni uslub ilə zənginləşdirən Əsəd oğlu Mirzə Sadıq olmuşdur. O, özündən əvvəl yaşamış sazəndələrin bədii nailiyyətlərindən faydalanmış və musiqimizi yeni yüksəliş pilləsinə qaldırmaq işində əsil novator kimi səmərəli fəaliyyət göstərmişdir.

Həyatlarını musiqi sənətinə həsr edən və sazəndəlik fəaliyyətinə XX əsrin əvvəllərindən başlayan tarçılardan Məşədi Zeynal Haqverdiyev, Qurban Primov, Fərəc Rzayev, Şirin Axundov, Paşa Əliyev, Məşədi Cəmil Əmirov və başqaları xüsusi ilə fərqlənirlər. Bu tarçıların, demək olar ki, hamısı adını yuxarıda dərin hörmət və pərəstişkarlıq hissi ilə qeyd etdiyim Mirzə Sadığın yaradıcılıq ənənəsini davam və inkişaf etdirmişlər. Kamançaçılardan Qulu Kərim oğlu, İsfəndiyar Kəngərli, Saşa Ohanezaşvili, qarmon çalanlardan Abış bəy, Lətif, Əhəd Əliyev və başqaları Azərbaycan sazəndə sənətkarlığını yeni üslub orijinallığı ilə zənginləşdirmişlər.

Respublikamızda Sovet hakimiyyəti qurulduqdan sonra çalğıçılıq sənəti daha yüksək səviyyəyə qalxmışdır. Bu dövrdə professional musiqimizin nəbzi xalq musiqisinin nəbzi ilə həmahəng vurduğu kimi, xalq musiqisinin özü də professional bəstəkar yaradıcılığının nailiyyətlərindən ilham və dərs alır.

İnqilabdan sonra Azərbaycan xalq çalğı alətləri üzrə ifaçılıq sənətinin yüksək mərhələyə çatdırılması işini təmin edən amillərdən başlıcaları aşağıdakılardır:

1. Bakıda açılan Azərbaycan musiqi texnikumunda tar, kamança və muğamat oxumaq üzrə xüsusi siniflər təsis edildi. Həmin siniflərdə muğamat dərsləri üçün Cabbar Qaryağdı oğlu, Əbdülbaqi Zülalov, Keçəçi Məmməd, Mənsur Mənsurov kimi yüksək ixtisas və böyük nüfuz sahibi olan ustadlar müəllimliyə cəlb olundu. Tar və kamança çalğısının not üzrə tədrisi üçün müəyyən elmi təşəbbüslər və tədbirlər işlənib həyata keçirildi. Not ilə çalmağı mənimsəyən tarçılardan müəyyən bir qrupu simfonik orkestr tərkibində öz yerini tutdu (bu yenilik ilk dəfə 1925-ci ildə Üzeyir Hacıbəyovun bədii rəhbərlik və dirijorluğu ilə, həmin musiqi məktəbinin şagirdlərinin qüvvəsi ilə hazırlanıb opera teatrı binasında oynanılan "Arşın mal alan" musiqili komediyasının tamaşasında həyata keçirilmişdir). Yenə həmin məktəb şagirdlərinin hesabat konsertlərində tarçı, kamançaçı və muğamat oxuyan şagirdlərin muğamat ifaçılığı üzrə iştirakı ənənə halını aldı. O zaman konsertlərdə Cəfər İbrahimov, Əmrulla Mammədbəyov, daha sonralar, Böyük Vətən müharibəsində həlak olmuş, gözəl istedada malik gənc Ənvər Mənsurov çalğıçılar xüsusilə fərqlənirdilər. Həmin konsertlərdə Qərbi Avropa musiqisi nümunələri də Azərbaycan xalq musiqi alətlərində səslənməyə başladı. O cümlədən fransız bəstəkarı Ş. Hunonun "Faust" operasından valsın Üzeyir Hacıbəyov tərəfindən tar üçün tərtib olunmuş bəstəsini ilk dəfə Səid Rüstəmov böyük müvəffəqiyyətlə ifa etdi. Beləliklə, o vaxta kimi əsas etibarilə toy məclislərində səslənən Azərbaycan musiqi alətləri indi konsert estradasına da yol tapdı.

2. Hələ 20-ci ildə, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan az sonra A. İonesyanın bədii rəhbərliyi ilə təşkil olunan xalq çalğı alətləri orkestrini xüsusi qeyd etmək lazımdır. Bu orkestrin konsertlərində solo muğamat çalmaq üzrə mahir ustaların yarışı (bu maraqlı yarışlarda Qurban Primov öz "rəqiblərinə" daim qalib gəlirdi; onun sürəkli "rux-mizrab" tremolo ştrixi bütün tarçalanları heyran qoyurdu) muğamatın instrumental ifaçılığında yeni dövr açdı. Söz yox, xanəndə avazının musiqi alətlərində müşayiətində, ritmik muğamların instrumental hissəsinin tərtibində, rəng və diringilərin musiqi ifasında unison çalğıdan mümkün qədər uzaqlaşmaq və mümkün ansambllıq yaratmaq təşəbbüslərinin rüşeymi Cabbar Qaryağdı oğlu, Qurban Primov, Saşa Ohanezaşvili üçlüyündə də müşahidə edilirdi. Lakin bütün bu bədii ifadə vasitələri o zaman hələ ibtidai halda idi. Halbuki "Qafqazda yeganə Şərq simfonik orkestrləri" adını daşıyan həmin kollektivin bədii rəhbəri A.İonesyanın yaradıcılıq məhsulu olan bəzi orkestrləşdirmələr indi də eyni ilə radio komitəsinin xalq çalğı alətləri repertuarında yaşamaqdadır.

O cümlədən "Heyratı", bəzi diringi və lezginkalar, ayrı-ayrı muğam şöbələri arasında ifa olunan rənglər və hətta "Şah İsmayıl" operası mövzusunda tərtib olunmuş fantaziyadakı məşhur rəqsin yeyin hissəsi A. İonesyanın musiqi tərtibatı üzrə çalınmaqdadır. 40 ildən artıq müddət ərzində heç bir dəyişikliyə uğramadan ifa olunan bütün bu bəstələr bu gün də öz təravətini itirməmişdir.

Müəyyən tarixi mərhələdə əzbərləmə üsulu üzrə çalan belə bir orkestrin varlığı əlbəttə müsbət hadisə idi. 1926-cı ilin mayında orkestrin Moskvada, sonra da Minsk şəhərində verdiyi konsertlər böyük müvəffəqiyyətlə keçdi.

Lakin günü-gündən zənginləşən Azərbaycan musiqi həyatı daha möhkəm elmi və bədii təməl üzərində çalışan xalq musiqi kollektivinin yaranmasını tələb edirdi.

3. 1931-ci ildə Azərbaycan radio komitəsinin o zamankı bədii rəhbəri Müslüm Maqomayevin təşəbbüsü ilə böyük bəstəkarımız Üzeyir Hacıbəyov notlu xalq çalğı orkestrini təşkil etdi. Bu təşəbbüsün tarixi və mədəni əhəmiyyəti çox böyükdür. Çünki mürəkkəb musiqi fakturasına malik yeni bəstələri artıq əzbərləmə üsulu ilə ifa etmək vaxtı keçməkdə idi.

Notlu orkestrin tərkibi ilk əvvəl 20-22 nəfər çalğıçıdan ibarət idi. Sayca notsuz orkestrdən iki dəfə kiçik və ifaçılıq təcrübəsinin xeyli zəif olmasına baxmayaraq, bu orkestrin səslənmə qabiliyyəti (mən hələ bədii ifadə vasitəsinin zənginliyini demirəm), notsuz or-kestrdən geridə qalmırdı: Bu təbiidir. Çünki notsuz orkestrdə səslənmə əsas etibarı ilə KƏMİYYƏT, notlu orkestrdə isə KEYFİYYƏT, daha doğrusu, orkestrləşdirmə sənəti üzrə şəraitin münasib olması sayəsində əldə edilirdi. Masələn, A. İonesyan düdükçülər qrupunun müəyyən bir akkordu səsləndirməsi üçün, ifaçılara barmaqları ilə müxtəlif işarələr verərdi ki, çalğıçı düdüyün üzərindəki deşiklərdən hansılarını örtüb, ya da açıq buraxmağı yadlarına salsınlar. Notlu orkestr bu kimi primitiv ifaçılıq priyomlarına son qoydu. Xüsusilə Üzeyir Hacıbəyovun bu sahədə yaxın köməkçisi və silahdaşı olan Səid Rüstəmovun yorulmazlığı, çalışqanlığı və ciddi-cəhdi sayəsində Azərbaycan xalq çalğı orkestrinin repertuarı bəstəkarlarımızın yüksək bədii keyfiyyətli, mürəkkəb və iri formalı əsərləri ilə zənginləşmişdir. Bundan əlavə məhz xalq çalğı alətlərinin səslənməsindəki doğma tembrə görə Qərbi Avropa və rus klassik bəstəkarlarının bir çox əsərləri dinləyicilər arasında geniş təbliğ edilmişdir.

Qətiyyətlə deyə bilərik ki, hazırda respublikamızda öz sənətkarlığı ilə dinləyici ürəyinə yol tapan tarçı, kamançaçı, düdükçü və sair çalğıçılardan Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Əliağa Quliyev, Həbib Bayramov, Hafiz Mirzəliyev, Fərhad Dadaşov və s. məhz xalq çalğı alətləri orkestrinin yetişdirmələridir.

Bununla bərabər təəssüflə qeyd etmək lazım gəlir ki, xalq çalğı alətləri orkestri istər öz səslənmə diapazonunu genişləndirmək, istərsə də özünün tembr palitrasını zənginləşdirməkdə böyük bədii imkanlar yarada biləcək bir məsələyə, bəm və zil çalğı alətləri yaradıb orkestrə daxil etmək işinə ləng yanaşır.

4. Xalq musiqi ifaçılığı sənətində çalğı alətləri ansamblı təşkilinin banisi haqlı olaraq Əhməd Bakıxanov sayılır. Muğamatın, xüsusilə muğamat müqəddimələrinin (dəraməd, bərdaşt və s.) tənzimi, musiqimizdə ritmik cəhətin (vəzn əlamətlərinin) zənginləşdirilməsi, tembr müxtəlifliyi işində əldə etdikləri yaradıcılıq nailiyyətləri ilə bu ansambl geniş dinləyici kütlələrinin böyük rəğbət və məhəbbətini qazanmışdır. Lakin son zamanlar yağışdan sonra yetişən göbələk kimi belə ansamblların sayı durmadan artmaqdadır. Belə bir bolluq heç vaxt bizim narazılığımıza səbəb ola bilməz. Ancaq bir şərtlə: təşkil olunan hər ansamblın öz ifaçılıq üslubu, öz yaradıcılıq siması olmalıdır. Təəssüf ki, biz bunu görmürük. Ansambllar bir-birindən az fərqlənirlər. Yalnız, Ağdam rayonu mədəniyyət sarayı yanındakı "Şur" ansamblı haqqında bunu demək olmaz. Bu kollektivin bədii rəhbəri, istedadlı musiqiçi Xosrov Fərəcovun bədii zövqü insanı valeh edir. Kollektivin əldə etdiyi yaradıcılıq iailiyyəti də göz qabağındadır. Bu müvəffəqiyyət ona görə əldə edilmişdir ki, X. Fərəcov başqasının yaradıcılığını təqlid etməmiş, öz gözəl kollektivinin orijinal yaradıcılıq simasını tapmağa çalışmış və buna nail olmuşdur.

Xalq çalğı alətlərində ifaçılıq işinin vəziyyətindən danışdıqda təşviş hissi ilə qeyd etmək istərdik ki, nədənsə son illərdə tarçı və xüsusi ilə kamançaçı havəskarların sayı artmır. Musiqi məktəblərində xalq çalğı alətləri sinifləri istənilən səviyyədə inkişaf etmir. Biz beynəlxalq mahiyyət daşıyan musiqi alətləri (skripka, piano, fleyta, trombon və s.) ifaçılarının bol yetişməsi qayğısına qaldığımız kimi, milli musiqi alətlərini çalan kadrlarımızın təlim və tərbiyəsi ilə də ciddi məşğul olmalı, onların hərtərəfli inkişafı üçün şərait yaratmalıyıq.

"Ədəbiyyat və incəsənət", 29 oktyabr 1966

 

 
     
        © Musigi Dunyasi, 2007