1927-ci ildə "Oqonyok"
jurnalında qocaman bolşevik P. L. Lepeşinskinin
(1868 - 1944) "Köhnə inqilabi mahnılar" sərlövhəli
məqaləsi dərc edilmişdi.
Müəllif oçerk şəklində yazdığı
məqaləsində Rusiyada XIX əsrin ikinci
yarısından başlayaraq, fəhlə hərəkatının
genişlənməsini və bu hərəkatla
əlaqədar inqilabi mahnıların yayılmasını,
həmin mahnıların tarixi, ictimai və siyasi
əhəmiyyətini izah və təhlil etmişdir.
O, inqilab mahnılarının nə kimi şəraitdə,
kimlər tərəfindən tərtib olunması
haqqında da geniş və dəqiq məlumat
vermişdir.
Bu məqalədə professional inqilabçı-ədib,
qocaman bolşevik Lepeşinski şahidi olduğu
bir sıra tarixi hadisələri bədii şəkildə,
gözəl ifadələrlə, səlis və
rəvan cümlələrlə təsvir edir.
Həmin məqalənin çap edilməsi Sovet
İttifaqındakı ayrı-ayrı xalqların
çarizm dövründə nə kimi inqilabi
mahnılar yaratması ilə maraqlanmaq məsələsini
meydana atdı. Doğrudan da böyük Leninin
"xalqlar zindanı" adlandırdığı çar
Rusiyasında əsarət və zülm şəraitində
yaşayan xalqlar hökumət məmurlarının
özbaşınalığına, imtiyazlı
siniflərin istismar və qudurğanlığına
qarşı öz etirazlarını bildirən
nəğmələr yaratmışdılar.
Beləliklə də, hər xalq o zamankı
haqsızlıqlara qarşı öz etirazını
mahnılarda da ifadə edirdi.
Bu cəhətdən Azərbaycan xalqının
"Qaçaq Nəbi" mahnısı səciyyəvidir.
Çar istibdadının, zülmkar məmurların
xalqa tutduqları divan əleyhinə qoşulan
bu mahnı dinləyicinin şüurunda içtimai
quruluşa qarşı narazılıq əhval-ruhiyyəsinin
əmələ gəlməsinə səbəb
olurdu. Öz üsyankar ruhu ilə bu mahnının
melodiyası başqa inqilabi mahnılara da təsir
göstərirdi. Məlumdur ki, 1905-1911-ci illərdə
İranda da inqilabi hərəkat canlanmışdı.
Bu hərəkatın ən parlaq səhifəsini
Cənubi Azərbaycan xalqının qəhrəman
mübarizəsi təşkil edirdi. Həmin inqilabi
hərəkatın rəhbəri Səttarxan
haqqında da bir sıra mahnılar yaranmışdı.
Belə mahnılardan biri də "Səttarxan" təsnifidir.
Məşhur xalq xanəndəmiz İslam Abdullayevin
ifasında qramafon valına yazılmış
bu təsnifin "Qaçaq Nəbi" mahnısı
melodiyası əsasında oxunduğu məlum
olur.
Lakin XIX əsrin axırları, XX əsrin əvvəllərində
hər xalqın inqilabi ruhda olan öz milli mahnıları
ilə yanaşı, bütwn zəhmətkeş
bəşəriyyətin proletar beynəlmiləlçiliyini
əks etdirən mahnılar da oxunmaqda idi. Belə
mahnılardan ən geniş yayılanı "İnternasional",
"Marselyoza" vo "Varşavyanka" idi.
Rus və polyak zəhmətkeşlərinin mübariz
inqilabi mahnılarından olan "Varşavyanka"nın
melodiyası (havası) XIX əsrin ortalarında
Parisdə yaşayan polyak mühacirlərinin
oxuduqları bir nəğmədən götürulmüşdür.
O zaman "Zuavlar marşı" adlanan bu nəğmə
əslində fransız ordusuna səfərbərliyə
alınmış mühacir polyakların oxuduqları
nəğmələrdən biri idi.
1883-cü ildə Polşa inqilabçılarından
Vatslav Svenitski bir neçə il həbsxanada yatdıqdan
sonra "Varşavyanka"nın polyak dilində olan
ilk mətnini yaradır. Bu xüsusda Lepeşinski
həmin məqaləsində belə yazır:
"... 1897-ci ilin yazında rus sosial-demokrat partiyasının,
necə deyərlər, ilk qabaqcıl pionerlər
dəstəsi sürgün olunmağa məhkum
edilmişdi. Sürgünə gedənlər
Butırkada (inqilabdan qabaq Moskvada olan böyük
bir həbsxananın adıdır - Ə. B.),
(bu həbsxana indi də fəaliyyətdədir
- İ.Q.) bir qədər yubanmalı oldular. Bu
dəstənin heyətində "Mübarizə
ittifaqı"nda İliçin silahdaşlarından
olan Q. M. Krijjanovski, V. V. Starkov, A. A. Vaneyev və
başaları da vardı. Elə bu vaxt polyak
fəhlə sosial-demokratlarının bir dəstəsi
də (Tomas Petramesk, Teofil Vlostovski və başqaları)
buraya gətirildi. Polyaklar bizim yaşadığımız
Çasovaya başnyaya polyak proletarlarının
kapitalistlərə, çarın gizli polisinə
qarşı apardıqları qəhrəmanlıq
mübarizələri haqqındakı söhbətləri
ilə yeni bir canlanma, özlərinin inqilabi mahnıları
ilə yeni bir təravət gətirdilər.
Biz hamımız dərhal hiss etdik ki, Rusiyada
gənc proletar hərəkatına lazım olan
inqilabi mahnılarımız hələlik istənilən
səviyyədə deyil. Elə mahnı ki, bu
hərəkatın inqilabi enerjisini vəcdə
gətirə bilsin". P. Lepeşinski əlavə
edərək yazır ki, bu fikirlərin təsiri
altında Q. Krijjanovski polyak inqilabi motivlərinə
uyğun yeni mətnlər yazdı. O cümlədən
"Varşavyanka"nın sərbəst tərcüməsini
yaratdı. Onun rus dilində yaratdığı
"Varşavyanka" az zaman ərzində bütün
Rusiyada geniş intişar tapdı.
1902-ci ildə "Varşavyanka"nın Gürcüstanda
səsləndiyi məlumdur. Bu inqilabi mahnı
mətninin gürcü dilinə tərcüməsi
işində görkəmli inqilabçı-bolşevik
Lado Ketsxovelinin yaxından iştirak etdiyi də
tarixi həqiqətdir.
P. Lepeşinskinin inqilabi manıların yaradılma
tarixi və intişarı haqqındakı məqaləsi
jurnalda dərc olunduğu vaxt mən "Kommunist"
qəzeti redaksiyasında tərcüməçi
vəzifəsində çalışır, musiqi
sənəti haqqında tez-tez məqalələr
yazırdım. Lepeşinskinin həmin məqaləsi
ilə əlaqədar olaraq, "Kommunist" qəzetinin
baş rəssamı Əzim Əzimzadə və
firqə həyatı şöbəsinin müdiri
Nemət Bəsir mənə belə bir əhvalat
nağıl etdilər: Odessa universitetinin tibb
fakültəsini bitirib Bakının şəhər
xəstəxanasında həkimliyə başlayan
Nəriman Nərimanov və demokratik Azərbaycan
ziyalılarının "Nicat" maarif cəmiyyətində
rəhbər vəzifədə çalışan
Məşədi Əzizbəyov hələ 1908-ci
ildə "Varşavyanka"nın Azərbaycan dilinə
tərcüməsini təşkil etmişdilər.
Tərcümənin mətni bədii cəhətdən
zəif olsa da, inqilabi əhval-ruhiyyəni müəyyən
dərəcədə ifadə edirdi. Bu səbəbdən
fəhlələr 1909-cu ilin əvvəlində
baş verən tətillərdə "Varşavyanka"nı
həmin tərcümədə oxuyurdular. Sonralar
şair Mirzə Əbdülqədir "Vusaqi" İsmayılzadə
(mərhum Mikayıl Müşfiqin atası) mətni
yenidən tərcümə etdi.
O zaman Mirzə Əbdülqədir Sabunçuda
bəstəkar Müslüm Maqomayev ilə birlikdə
müəllimlik edirdi. "Şah İsmayıl"
operasının librettosunu da Mirzə Əbdülqədir
həmin illərdə yazmışdır. İran
inqilab hərəkatında "vətən yolunda
canından keçən mübariz", "inqilab əsgəri"
mənasını ifadə edən "fədai"
kəlməsi də tərcümə mətninə
daxil edilmişdi. Bu da məlumdur ki, Müslüm
Maqomayevin Balaxanı-Sabunçu fəhlələrindən
və məktəblilərindən təşkil
etdiyi xor dəstəsi "Varşavyanka"nı tətil
günlərində və müsamirələrin
bədii hissələrində həmin tərcümə
mətnində dəfələrlə ifa etmişlər.
"Varşavyanka"nın azəri dilində məlum
mətni inqilabdan sonra da bir müddət fəhlə
klublarının xor dərnəklərində
həvəslə oxunmuşdur.
“Ədəbiyyat və incəsənət”, 7
yanvar 1967 |