Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

ORKESTRİN QƏLƏBƏSİ
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri bədii kollektivlərin Ümumittifaq baxışında laureat adına layiq görülmüş və birinci dərəcəli diplom ilə təltif olunmuşdur.

Azəri musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayan, xüsusən azəri sovet bəstəkarlarının oratoriya və kantata kimi vokal-instrumental əsərlərinin, simfoniyalarının səslənməsini təmin edən bu şöhrətli və əməkdar kollektivin aldığı yüksək mükafat onun sənət aləmində göstərdiyi hünərin, respublikamızda simfonik musiqinin təbliği yolunda çəkdiyi böyük zəhmətin səmərəli, faydalı, lazımlı və son dərəcə qiymətli olduğunu bir daha sübut edir.

Orkestrin bu günkü nailiyyətləri azəri musiqisevərlərini ürəkdən şadlandırır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda simfonik musiqi konsertləri tarixinin musiqişünaslarımız tərəfindən lazımi dərəcədə öyrənilib işlənilməməsi əlbəttə, yaxşı hal deyildir və bizə ağır gəlir. Çünki musiqi mədəniyyətimizin bu sahəsinin tarixən dəqiq izlənməsi simfonik musiqi konsertlərinin təşkili işində hazırda qazandığımız böyük nailiyyətləri daha aydın və qabarıq şəkildə göstərmiş olar.

1931-1932-ci il teatr mövsümündə M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında baş dirijor kimi görkəmli sovet dirijorlarından A. V. Pavlov-Arbenin çalışırdı. Onu da deyim ki, 20-30-cu illərdə opera və balet teatrında rəsmi olaraq baş dirijor vəzifəsi yox idi. Lakin buna baxmayaraq öz yüksək sənəti, işgüzarlığı, təşkilatçılıq bacarığı ilə dirijor həmkarlarından fərqlənən L. Şteynberq, A. Pazovski, S. Stolerman, A. Lüdmilin kimi mahir sənətkarlar teatrımızda baş dirijor sayılırdılar. Sonralar bu ustadlar SSRİ Böyük Teatrına və Vətənimizin (SSRİ-nin - İ.Q.) başqa teatrlarına dəvət olundular.

A. V. Pavlov-Arbenin də həmin zümrəyə mənsub idi. 1931-ci ildə, həyatımda ilk dəfə olaraq balet tamaşasına dirijorluq etməyim münasibəti ilə o mənə yadigar olaraq öz şəklini və 1906-cı ildə Bakıda verdiyi simfonik konsertin proqramını bağışladı. Budur, həmin proqram qarşımdadır. "1906-cı il. Bakı İctimai Məclisi. Şənbə günü, noyabrın 11-də qış mövsümünün açılışı. Dirijor A. V. Pavlov-Arbeninin rəhbərliyi ilə simfonik orkestrin Böyük Konserti - Proqramlı musiqi gecəsi".

İki şöbədən ibarət həmin konsertdə P. Çaykovskinin "Romeo və Cülyetta" uvertüra-fantaziyası və R. Vaqnerin "Loenqrin" operasına yazdığı müqəddimə kimi samballı və mürəkkəb simfonik əsərlərin səslənməsi göstərir ki, orkestr heyəti professional ifaçılıq cəhətdən nə qədər qüvvətli imiş.

Bu proqramdan əlavə əlimizdə olan başqa sənədlərdən də məlum olur ki, hələ XIX əsrin axırlarında Bakıda simfonik konsertlər (dirijorlar F. Parizek, Z. Şpaçek və başqaları) təşkil olunmuşdur. Lakin neft milyonçularının sədəqəsi ilə təşkil edilən simfonik orkestrlərin ömrü çox qısa olurdu. Nə şəhər bələdiyyə idarəsi, nə də o zamankı "Rusiya İmperator Musiqi Cəmiyyətinin Bakı şöbəsi" simfonik orkestrin daimi yaşamasını təmin üçün az da olsa maddi yardım göstərmirdi.

Azərbaycanda müntəzəm olaraq simfonik konsertlərin təşkili Sovet hakimiyyəti qurulduqdan sonra mümkün oldu. Hələ iyirminci illərdə, bilavasitə, Bakı Sovetinin himayəsi altında indiki filarmoniyanın binasında təşkil olunan simfonik konsertlərdə dünyanın ən böyük dirijorları iştirak etmişlər. O zaman simfonik orkestrin tərkibi əsas etibarı ilə opera teatrının orkestr heyətindən ibarət idi. Bəzən Moskva və Leninqrad filarmoniyalarının simfonik orkestrləri üç ay müddətinə Bakıya dəvət olunurdu.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündən sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, bundan daha əvvəl isə Azərbaycan Radio Verilişləri İdarəsində simfonik orkestr təşkil olundu. Lakin bəzi təşkilati səbəblərə görə həmin orkestr öz fəaliyyətini dayandırdı.

Bu gün azəri professional musiqi məktəbinin banisi böyük Üzeyir Hacıbəyovun adını şərəflə daşıyan respublikanın əməkdar kollektivi, Azərbaycan Dövlət simfonik orkestri müstəqil bədii orqanizm olaraq 1944-cü ildə Tbilisidə keçirilmiş Zaqafqaziya respublikalarının sovet musiqisi ongünlüyünə ciddi hazırlıq zamanı yaranmışdır.

O vaxtdan bəri orkestr kollektivi öz ifaçılıq məharətini artırmış, sənətkarlığını cilalamış, xeyli inkişaf etmişdir. Bu sahədə orkestrin bədii rəhbəri, istedadlı dirijor Niyazinin əməyi xüsusilə qeyd olunmalıdır. Orkestrin peşəkarlıq sənətinin yüksəlməsi uğrunda onun illərdən bəri çəkdiyi zəhmət diqqətəlayiqdir. Niyazinin idarə etdiyi kollektiv bu gün böyük yaradıcılıq nailiyyətləri qazanmışdır.

Orkestrin repertuarı olduqca zəngindir. Burada biz rus, Qərbi Avropa və sovet bəstəkarlarının bir çox əsərlərini görürük. Kollektivdə çalışan R. Əhmədov, R. Əliverdibəyov, A. Qasımov, G. Krupkin, Ə. İsgəndərov, F. Sadıqbəyov kimi konsertmeysterlər, ustad ifaçılar orkestrin səlis səslənməsinə böyük xidmət göstərirlər.

İstər Vətənimizin, istərsə də xarici ölkələrin bir çox görkəmli dirijorları orkestrlə vaxtaşırı konsertlər verir. Ayrı-ayrı musiqi alətləri üzrə ifaçılıqda şöhrət qazanmış pianoçu S. Rixter, E. Gilels, V. Klibern, E. Beret, L. Oborin, Y. Zak, Y. Flier, D. Oystrax, L. Koqan kimi sənətkarlar bu kollektivin incə və zərif müşayiətindən həmişə razı qalmışlar. Orkestr konservatoriyamızda təhsil alan, musiqi alətlərində çalan gəncləri də konsert çıxışlara təşviq edir, həvəsləndirir. Konservatoriya tələbələri orkestrə həmişə minnətdardılar.

Orkestrin respublikamızın rayonlarına tez-tez qastrol səfəri təqdirəlayiqdir. Pambıq tarlalarında, kolxozlarda təşkil olunan simfonik konsertlərin mədəni və tərbiyəvi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Musiqi ictimaiyyətimiz orkestrin yüksək mükafat aldığına sevinir, bu münasibətlə onu ürəkdən təbrik edir və bu istedadlı kollektivə yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayır.

“Ədəbiyyat və incəsənət”, 25 noyabr 1967
HƏMİŞƏYAŞAR, HƏMİŞƏCAVAN

Çox zaman bir xalqın ilk opera əsəri (ya da ilk opera əsərlərindən biri) həmin ölkənin opera teatrı repertuarında nəinki əzəmətli bir abidə kimi yüksələrək əbədi olaraq yaşayır, hətta bəstəkarlıq professnonalizmi cəhətindən özündən daha bitkin və daha mütərəqqi sayıla bilən, sonralar yazılmış bir çox operaları "yarı yolda yorulmuş qoyub" öz yolunu arxayınca davam etdirir.

Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"u da belə operalardandır.

Dünya opera teatrları tarixində çox az təsadüf edilən və olduqca nadir hallardan biridir ki, bir əsər eyni şəhərdə 60 ilin ərzində hər teatr mövsümündə müttəsil oynanılsın, həm də başqa operalardan daha artıq tamaşaçı-dinləyici cəlb etsin.

Təbiətin qanununa görə teatr artistləri, dirijorları, rejissorları nəvbə ilə sıradan çıxır, musiqiçiləri qocalıb istirahətə gedir, dekorları köhnəlir, əlbəsələri çox geyilməkdən yırtılır, amma "Leyli və Məcnun" operası həmişəcavan, həmişəyaşar qalıb vüqarla yürüşünü davam etdirir.

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlində Azərbaycanın ictimai həyatında elm və fəlsəfə aləmində olduğu kimi ədəbiyyat və incəsənət sahələrində də müəyyən tərəqqi və irəliləmə dövru başlanmışdır.

Bu dövrdə ölkənin iqtisadi və mədəni həyatındakı ümumi inkişafla əlaqədar olaraq azəri ədəbiyyatında yaradılan yeni janr - dramaturgiya və azəri milli teatrı insan şəxsiyyətinin azadlığı naminə mübarizə səsini ucaltmışdır.

Rus realist teatrının qüdrətli təsiri altında inkişaf edən azəri milli teatrı geniş ictimai təbəqələri bəşəriyyətin qabaqcıl ideyalarına sövq etməkdə idi. Azəri teatrının yolu Mirzə Fətəli Axundov yaradıcılığındakı ana xətti - həyata yaxınlaşmaq, həyatda olan kəskin ictimai ziddiyyətləri, insanların mənəvi aləmində müşahidə olunan halları, xalqın arzu və əməllərini əks və inkişaf etdirməkdən ibarət idi.

XX əsrin əvvəllərində azəri ziyalılarının müxtəlif ictimai dairələri teatr məsələləri ətrafında öz iddialarını irəli sürərək ideya mübarizələrini davam etdirməkdə idilər. Bu mübarizə - istər ayrı-ayrı qrupların ictimai mövqeyindən irəli gələn repertuar seçmək meyilləri, istər aktyor oyununun üslubu, rejissor quruluşundakı traktovka məsələləri ətrafında aparılır və sonra öz əksini qəzet və jurnal səhifələrində tapırdı. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yeni azəri ictimai təfəkkürü, ədəbiyyat və teatrın inkişafı ilə yanaşı, xalqın milli şüurunun formalaşması və möhkəmlənməsi işinin ən gözəl təzahürlərindən biri olan azəri xalq, milli musiqi məktəbi də inkişaf etməyə başlamışdı.

Şirəsini xalq musiqi yaradıcılığından alan ilk azəri operası "Leyli və Məcnun", - əslində demokratik sənət nümunəsi olub möhkəm ictimai təməl üzərində yaranmışdır.

Hazırda "muğam operaları" deyə adlandırdığımız inqilabdan qabaq bəstələnmiş azəri operalarının musiqi tərtibi, başqa xalqların operalarından xeyli fərqlənir. Burada Üzeyir Hacıbəyovun təbiri ilə desək "baş vəzifə"ni orkestr əvəzinə tar ifa edir. Başqa sayaq ola da bilməzdi. Çünki: 1) "Avropa operası formasında" opera əsəri bəstələmək üçün müəllifin nəzəri hazırlığı yox idi: "O zaman mən - operanın muəllifi ancaq solfecionun əsaslarını bilirdim (bunu seminariyada öyrənmişdim), harmoniya, kontrapunkt, musiqi formaları, yeni, bəstəkarın bilməli olduğu şeylər haqqında isə heç bir təsəvvürüm yox idi" (Əsərləri, II cild, s. 275); 2) Hərgah ümumi qayda tərzində opera bəstələnmiş olsaydı da, onu ifa edə biləcək aktyor kadrosu yox idi; 3) Müəllif o zamankı dinləyici-tamaşaçının mədəni səviyyəsi və qavrayış qabiliyyəti ilə hesablaşmalı idi.

Azərbaycanda irticanın hücuma keçdiyi 1907-ci ilin sonu, 1908-ci ilin əvvəllərində çarizmin amansız milli müstəmləkə zülmü şəraitinə baxmayaraq Bakıda ilk opera tamaşasının müvəffəqiyyətlə oynanılması azəri xalqının mədəniyyət tarixində şanlı bir qələbə səhifəsini açmış oldu.

Dahi Füzulinin qüdrətli qələmi ilə yazılmış faciəli hekayətin gözəl, axıcı şerindəki musiqililik də operanın müvəffəqiyyətini təmin edən əsas amillərdən biri idi.

1939-cu ildə teatrımız ilk erməni opera əsəri olan "Anuş" operasını azəri dilində tamaşaya hazırlayırdı. Bu münasibətlə müəllif Bakıya gəlmişdi. Üzeyir Hacıbəyov onun şərəfinə evində ziyafət düzəltmişdi. Mən də "Anuş" operasının azəri dilinə tərcüməçisi və tamaşanın dirijoru kimi həmin ziyafətə dəvət olunmuşdum. Armen Tiqranyan öz cavab nitqində Üzeyirbəyə müraciətlə dedi: "Möhtərəm böyük ustad! Sizin 1908-ci ildə ilk dəfə oynanılan "Leyli və Məcnun" operanızın böyük müvəffəqiyyəti mənə də ilham verdi, məni həvəsə saldı, mənə qüvvət gətirdi və mən sizin sayənizdə ilk erməni operası olan "Anuş" əsərimi bəstələməyə başlayıb 1912-ci ildə Aleksandropolda (indiki Leninakan (hal-hazırda Gümri - İ.Q.) həvəskar artistlərin iştirakı ilə tamaşaya qoya bildim. Eşq olsun sizə!"...

“Ədəbiyyat və incəsənət”, 20 yanvar 1968

 

 
     
        © Musigi Dunyasi, 2007