Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

MİLLİ ƏNƏNƏLƏRLƏ QİDALANAN MÜĞƏNNİ

Anadan olmasının 70 illiyini böyük hörmətlə qeyd etdiyimiz istedadlı opera artisti Hüseynağa Hacıbababəyovun adı azəri musiqi mədəniyyəti tarixində şərəfli yer tutur. Bu ad həmişə görkəmli azəri incəsənət ustalarının adları ilə birlikdə çəkilir.

Azəri musiqi mədəniyyətinin bütün başqa nümayəndələri kimi Hüseynağa Hacıbababəyov da öz ifaçılıq müvəffəqiyyətləri ilə hər şeydən əvvəl doğma Vətəninə, xalqının gözəl yaradıcılıq ənənələrinə borcludur.

Onun məhsuldar artistlik yolunu işıqlandıran, ona düzgün istiqamət verən, onu yeni-yeni nəğməkarlıq nailiyyətlərinə təşviq edən birinci nəsil milli professional bəstəkarlıq məktəbinin qüdrətli nümayəndələri Üzeyir Hacıbəyov və Müslüm Maqomayev olmuşlar.

Azərbaycan teatrının inqilabdan qabaqkı ağır maddi və mənəvi məhrumiyyətlər şəraitində aktyorluq sənətinə qədəm qoyan Hüseynağa Hacıbababəyov operalarımızda ən kiçik rollardan tutmuş baş partiyaların ifaçısına qədər yüksələ bilmişdir.

Onun böyük xidmətlərindən biri hər şeydən əvvəl opera və operetta tamaşalarında baş qadın rollarını (Leyli, Əsli, Şahsənəm, Gülyaz və sairə) oynamasıdır. Bu məsələ ilə əlaqədar olaraq bir sıra vacib və maraqlı cəhətləri qeyd etmək lazım gəlir.

Teatr amplualarından biri də travesti adlanır. (Travesti sözünün fransızca hərfi mənası paltar dəyişmək, başqasının əlbəsəsini geyməkdir). Bu, teatr sənətində qadınların kişi rolunda çıxış etməsidir. (Məsələn məşhur fransız dram aktrisası Sara Bernarın Hamlet rolunda məharətlə çıxış etməsi kimi) Rus və Qərbi Avropa klassik opera yaradıcılığında bəstəkarlar ayrı- ayrı hallarda oğlan partiyalarını qadın ifaçıları nəzərdə tutaraq bəstələyirdilər. ("İvan Susanin" operasında Vanya, "Faust" operasında füsünkar və gözəl Marqaritaya məftun olan cavan oğlan Zibel və s). Lakin Azərbaycan opera səhnəsində kişilərin qadın rolunu ifa etməsi heç də belə bir yaradıcılıq priyomu deyildir. Bu yalnız ehtiyac və zərurətdən doğan bir hal idi. Səbəbi də hər kəsə məlumdur.

İnqilabdan qabaq azadlıqdan məhrum olan azəri qadınları nəinki səhnəyə, hətta teatr tamaşalarına belə gələ bilmirdilər. Bu nöqteyi nəzərdən biz qadın rollarını ifa edən travesti kişi aktyorlarımızın "başqalaşmaq" sənətinə nə dərəcədə yiyələndiklərini, bu işdə göstərdikləri hünəri, əsil aktyorluq məharətini xüsusi olaraq qiymətləndirməliyik. Əhməd Ağdamskinin və sonralar Hüseynağa Hacıbababəyovun aktyorluq sənətindəki "başqalaşmaq", ya da o zamankı ifadə ilə deməli olsaq "digər surətə mübəddəl olmaq" qabiliyyətinin yüksək bədii səviyyədə olması sayəsində tamaşaçı-dinləyici öz qarşısında qız olduğunu yəqin edir, onun keçirdiyi hiss və həyəcanlara laqeyd qalmır, dərdinə şərik olur. Heç də təsadüfi deyil ki, "bu başqalaşmaq və ya digər surətdə mübəddəl ola bilmək" bacarığından məhrum olan bir çox başqa aktyorların qeyri-təbii ifa tərzi tamaşaçıları qane etmirdi. Hüseynağa Hacıbababəyovun bir aktyor kimi yetişib püxtələşməsi Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra olmuşdur. Burada hər şeydən əvvəl onun "Şah İsmayıl" operasında əsas qəhrəman obrazını bitkin surətdə yaratdığını qeyd etmək lazımdır. Müslüm Maqomayev Hüseynağanın çox zil (tenor-altino) və eyni zamanda olduqca məlahətli, tembr baxımından son dərəcə gözəl və ürəklərə yol tapan səsini nəzərə alaraq, operasının demək olar ki, bütün tonal planını məhz bu məharətli aktyorun səsindəki diapazon ilə əlaqədar surətdə qurmalı olmuşdur.

Biz opera teatrımızın tarixində Məcnun obrazından danışdıqda əgər Sarabskinin yaratdığı obrazı üstün tuturuqsa, Şah İsmayıl dedikdə Hüseynağa Hacıbababəyovun yaratdığı Şah İsmayılı təsəvvürümüzdə canlandırırıq.

Aktyorluqda daim, yorulmaq bilmədən yeni bədii ifadə vasitələri axtarıb tapmaq, sənətkarlıqda özünə qarşı böyük tələbkarlıq hissi - Hüseynağa Hacıbababəyovun çoxcəhətli bir opera sənəti ustası olmasını təmin etmişdir.

Azəri və qardaş sovet xalqları vokal musiqi əsərlərindən ibarət zəngin konsert repertuarına malik olan H. Hacıbababəyov rus və Qərbi Avropa klassik opera əsərlərinin teatrımızda azəri dilində tamaşaya qoyulması işində də səylə çalışmış və bu təşəbbüsün əsil ilhamçısı olmuşdur. 1930-31-ci illər mövsümündə "Yevgeni Onegin" operasında Lenski (duel səhnəsi), 1943-cü ildə "Seviliya bərbəri" operasında qraf Almavivo kimi opera partiyaları Hüseynağa yaradıcılığının parlaq səhifələridir. Yeniliyə, sənətdə axtarışlara doğru meyl - Hüseynağa Hacıbababəyovun aktyorluq və nəğməkarlıq fəaliyyətinin əsasını təşkil edir. Teatra gətirilən hər bir yeni opera əsərini böyük məhəbbət və xeyirxahlıqla qarşılayan artist, mövzusu Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə əlaqadar olan hadisələri vəsf edən "Nərgiz" operasında ilk dəfə olaraq Əlyar obrazını yaratmışdır. Sonralar istedadlı artist R. Qliyerin "Şahsənəm", A. Mailyanın "Səfa", A. Tiqranyanın "Anuş" operalarında baş rolları məharətlə ifa etmiş, hər dəfə də tamaşaçı-dinləyicilərimizin böyük rəğbətini qazanmışdır.

Qocaman səhnə ustamızın uzun illər opera teatrımızda və konsert estradasında göstərdiyi məharət, çəkdiyi böyük zəhmət xalqımız, partiya və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli sənətkarımıza cansağlığı və uzun ömür arzu edirik.

“Ədəbiyyat və incəsənət” 10 fevral 1968
O, HAMININ DOSTU İDİ

Məndən soruşanda ki, Üzeyir Hacıbəyovu nə vaxtdan tanıyıram, -doğrusu özümü bir növ, çətin vəziyyətdə hiss edirəm. Qorxuram ki, məni təvazökarsızlıqda günahlandırsınlar. Daha keçib. Üzeyir Hacıbəyovu lap uşaqlıqdan görmüş, tanımış, sevmişəm. Bu səadətə qovuşmağın ilk səbəbi odur ki, Üzeyir Hacıbəyov atamın xalası oğludur.

1910-12-ci illərdə o, atamın müdir olduğu (indiki Sovet küçəsi - hal-hazırda N. Nərimanov - İ.Q.) altıncı rus - Azərbaycan ibtidai məktəbində müəllimlik edirdi. Bundan əlavə əmim Əhməd Ağdamski Üzeyir Hacıbəyovun inqilabdan əvvəl yazdığı bütün opera və operettalarda baş qadın rollarının əsas ifaçısı idi, onunla bərabər Üzeyirin məşğələlərini uzaqdan müşahidə edirdim.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda indiki Buynakski (hal-hazırda Şeyx Şamil - İ.Q.) küçəsindəki üçmərtəbəli binanın yuxarı mərtəbəsində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə ilk Azərbaycan musiqi məktəbi yaradıldı. Özü də həmin məktəbə müdir təyin edildi. Bu musiqi məktəbinə mən də qəbul olundum.

Azərbaycan musiqisinin bir çox görkəmli xadimləri həmin məktəbin yetişdirmələridir. Bəstəkar Asəf Zeynallı violonçel sinfində, musiqişünas Xurşud Ağayeva, hazırda Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasının professoru Kokəb Səfərəliyeva piano sinfində, Opera və Balet Teatrıiın dirijoru Əşrəf Həsənov mənimlə birlikdə skripka sinfində, Səid Rüstəmov isə tar sinfində oxuyurdu. Bu siyahını genişləndirmək də olar.

İbtidai musiqi nəzəriyyəsi dərsini Üzeyir Hacıbəyov özü deyirdi. Burada o, solfecio məşğələsinə - şagirdin eşitmə qabiliyyətini inkişaf etdirən məşğələlərə çox böyük əhəmiyyət verirdi. Həmin dərslərdə ümumi proqram üzrə nəzərdə tutulan təmrinlərlə yanaşı Üzeyir Hacıbəyov azəri musiqisindən və həm də öz əsərlərindən bizə musiqi imlası yazdırırdı. Yaxşı yadımdadır, "Əsli və Kərəm"dən "İzn ver sən şahim, getsin bu Kərəm..." xorunu yazdırmışdı. Elə də olurdu ki, oradaca bədahətən sadə bir melodiya bəstələyir və yazdırırdı. Solfecio dərslərinin birində bizə belə bir motiv oxuyub imlasını yazdırdı: "Allahdan buyruq, ağzıma quyruq, quyruq...". Bir neçə ildən sonra həmin motiv "Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm..." məşhur xoruna çevrildi və teatr səhnəsində əzəmətlə səsləndi.

Böyük bəstəkarın rəhbərliyi ilə musiqi məktəbinin tələbələri "Arşın mal alan"ı hazırlayıb opera teatrının binasında göstərdilər. İlk dəfə məhz həmin tamaşada tətbiq edilən bu yeni təşəbbüs sonralar Azərbaycan opera və balet musiqisində də geniş istifadə olunmağa başlandı. Buna görə də mən bunu tarixi tamaşa hesab edirəm.

Tar inqilabdan əvvəl yazılmış Azərbaycan operalarında bir növ müstəqil idi, simfonik orkestrdən ayrılırdı. İlk dəfə həmin musiqi texnikumunda Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tarın not ilə öyrənilməsi işinin əsası qoyuldu və tələbələrin hazırladığı "Arşın mal alan" tamaşasından başlayaraq tar teatrımızda simfonik orkestrin tam bərabər hüquqlu "üzvü" oldu. Orkestrin musiqi rəhbəri, müəllimi və dirijoru Üzeyir Hacıbəyov idi. O, orkestrin heyətinin tələbələrdən ibarət olmasına xüsusi əhəmiyyət verirdi. Tamaşanın proqramında orkestr iştirakçılarının ad və familiyaları yazılmışdı. O, hər vasitə ilə gəncləri ruhlandırmağa çalışırdı.

Tamaşada Üzeyir Hacıbəyov əsərində dəyişiklik etdi. Muğam operalarında olduğu kimi yaliız bir tarın müşayiəti ilə ifa olunan Füzuli qəzəllərini müəllif simfonik orkestr üçün bəstələdi. "Arşın mal alan" musiqili komediyası "Nalədəndir ney kimi" misralı ariya ilə başlanır. Əvvəllər bu qəzəl "Bayatı Şiraz" muğamı üstə oxunardı. Tamaşada bu ariyanı Əbdül Əmiraslanov adlı bir tələbə ifa edirdi. Onun gözəl, məlahətli səsi vardı. Səhv etmirəmsə indi o, Semaşko (hal-hazırda Musa Nağıyev - İ.Q.) adına xəstəxanada həkim işləyir.

Tamaşadan sonra bu ariya "Arşın mal alan"ın musiqi mətninə həmişəlik daxil edildi. Bundan əlavə Üzeyir Hacıbəyov üçüncü pərdənin sonu üçün yeni bir terset bəstələdi. (Gülçöhrə, Asya və Telli.) Bu üç nəfərin ifasında polifonik üsul ilə ifa olunan trio (terset) azəri musiqi teatrı, təkcə musiqili komediya deyil, həm də opera üçün yeni bir forma idi. Beləliklə həmin tamaşadan sonra "Arşın mal alan" musiqili komediyasının mətni sonuncu dəfə təkmilləşdirildi, indiki variantına düşdü.

Müasir azəri bəstəkarlarının böyük bir nəslinin müəllimi, tərbiyəçisi, rəhbəri, yaxın dostu olan Üzeyir Hacıbəyov son dərəcə nəcib, ürəyi təmiz, mənəviyyatca zəngin bir insan idi. Özgələrinin müvəffəqiyyətinə ürəkdən sevinərdi. Digər bəstəkarlarımız kimi mənə də xeyirxahlıq göstərirdi. Onun qayğısını ilk iri formalı əsərim olan "Qız qalası" baletinin hazırlandığı, tamaşaya qoyulduğu günlərdə daha yaxından hiss edirdim. Üzeyir Hacıbəyov mənim azəri musiqi teatrı üçün tamamilə yeni janr olan balet əsəri üzərində işlədiyimi biləndə bu yaradıcılıq təşəbbüsünü çox bəyəndi. Məni həvəsləndirdi və həm də baletimin partiturasına tar musiqi alətini salmağımı tövsiyə elədi. Mən də əziz müəllimimin bu məsləhətinə əməl etdim.

1940-cı il, aprel ayının 18-də "Qız qalası"nın ilk tamaşası oldu. Böyük bəstəkar həmin tamaşada iştirak edirdi. O, məni təbrik elədi. Sonra "Pravda" qəzeti onun məqaləsini çap eləmişdi. "Qız qalası"na verdiyi qiymətdə böyük bəstəkarın azəri musiqisi üçün necə böyük qayğı göstərdiyi aydın hiss olunurdu. Bəli, o, bütün ömrünü musiqinin inkişafına həsr etmişdi.

“Ədəbiyyat və incəsənət”, 19 oktyabr 1968

 

 
     
        © Musigi Dunyasi, 2007