Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

PARİSDƏ AZƏRBAYCAN MUSİQİSİ HAQQINDA MÜHAZİRƏ

Bir çox illərdir ki, yaxın və Orta Şərq xalqlarının musiqi tarixi və nəzəriyyəsi məsələləri ilə, o cümlədən muğamların tədqiqi ilə məşğulam. Fransız həmkarlarım bu sahədə çox məhsuldar işləyirlər. Buna görə də, mən məmnuniyyətlə Fransaya gedib, fransız musiqişünaslarının tədqiqatı ilə tanış oldum, onlarla şəxsi əlaqə yaratdım.

Fransaya Ümumittifaq "Bilik" cəmiyyəti nümayəndələri qrupunun tərkibində getmişdim. Səfərimdən başlıca məqsəd Parisin Musiqişünaslıq İnstitutuna getmək idi. Fransız alimləri Şərq xalqları musiqisinin, o cümlədən Azərbaycan musiqisinin tarixini öyrənmək sahəsində qiymətli iş görmüşlər. Azərbaycanın XIII əsrdə yaşamış görkəmli alimi və musiqiçisi Səfiəddin Urməvinin iki kitabını fransız dilinə tərcümə edən Rudolf de Erlanjenin xidmətlərini xüsusi göstərmək lazımdır.

Fransız həmkarlarım mənə Azərbaycan musiqisi haqqında məruzə etməyi təklif etdilər. Mühazirəni Parisin klublarından birində oxudum. Mühazirəni dinləməyə Fransanın görkəmli şərqşünas alimləri, musiqişünaslıq institutunun nümayəndələri və jurnalistlər gəlmişdilər. Mən kluba toplaşanları Sovet hakimiyyəti illərində əsil tərəqqiyə çatmış Azərbaycan musiqi mədəniyyətinin gözəl nailiyyətləri ilə məmnuniyyətlə tanış etdim. Azərbaycan baletinin nailiyyətləri haqqında söhbət böyük maraqla qarşılandı. Bu ilin payızında fransızlar Azərbaycan baleti ilə tanış olacaqlar. Mən Azərbaycan musiqisinin lentə yazılmış bir sıra əsərləri ilə dinləyiciləri tanış etdim. Dinləyicilər Üzeyir Hacıbəyovun ölməz "Koroğlu" operasının müqəddiməsini, Bülbülün ifasında Üzeyir Hacıbəyovun romanslarını, Qara Qarayevin "Yeddi gözol" baletindən parçaları səmimi qarşıladılar.

"Kommunist", 16 may 1969
İKİNCİ UNİVERSİTETİM

Hələ "Kommunist" qəzeti redaksiyasına işə girməzdən əvvəl həvəskar jurnalist kimi qəzetdə yaxından iştirak edirdim.

Yaxşı yadımdadır: "Kommunist" qəzetinin 16 sentyabr 1924-cü il tarixli nömrəsində "Türk teatro səhnəsi" başlığı altında mübahisəli bir məqalə dərc olunmuşdu. Bununla bərabər məqalədə - əslində olduqca xeyirxah bir məsələyə - azəri opera sənətinin gələcək inkişafına düzgün istiqamət verməyə və bu yolda lazımi əməli tədbirləri müəyyənləşdirib həyata keçirməyə çağırış vardı. Bu məqalə ilə "Kommunist" qəzeti səhifələrində azəri operasının o zamankı vəziyyəti və növbəti vəzifələri ilə əlaqədar problematik məsələlər üzrə geniş və demək olar ki, qızğın mübahisə başlandı. Sovet jurnalistikasının əsas prinsiplərindən biri - yəni söz azadlığı həmin mübahisədə iştirak edən mədəniyyət xadimlərinə fikirlərini çəkinmədən, açıqdan-açığa bəyan etməyə gözəl şərait yaratdı. Mübahisənin bir səciyyəvi cəhətini xüsusi ilə qeyd etmək istəyirəm. Burada iştirak edən rəhbər işçilər "bitərəf" yoldaşlara heç bir təzyiq göstərməmək, mülahizə və göstərişlərini məcburi surətdə qəbul etdirməmək arzusu ilə, bir qayda olaraq məqalələrini başqa adlarla imzalayırdılar. O cümlədən: Mustafa Quliyev - "Samit", Böyükağa Talıblı - "Qəati", Ruhulla Axundov - "Musiqi-i-dust" və s.

Azəri opera sənəti və ümumiyyətlə musiqimizin inkişaf yolları haqda Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin son dorəcə maraqlı məqalələri dərc olunmuşdu. Həmin müsahibə çoxdan bəri məni düşündürən bir neçə fikir və mülahizəmi musiqi ictimaiyyətimizə bildirməyə imkan yaratdı. Qəzetin 16 oktyabr 1924-cü il nömrəsində "Türk opera və musiqisi haqqında" adlı məqalə ilə çıxış etdim.

"Kommunist" qəzeti daim yeni fikirlər, sağlam təşəbbüslər, qabaqcıl düşüncələr carçısı kimi tanınırdı. Yüzlərlə, minlərlə gənc azəri sovet ziyalısının görüş üfüqünü, fəhm dairəsini genişləndirən "Kommunist" qəzeti mənim də tərbiyəçim oldu.

1927-ci ildə "Kommunist"ə tərcüməçi vəzifəsinə işə girdim. O zaman redaksiyada Əli Kərimov (məsul katib), Xəlil İbrahim ("Maarif cəbhəsində" şöbəsinin müdiri), Məmmədəli Sidqi ("Yerli xəbərlər" şöbəsinin müdiri), Nemət Bəsir ("Partiya həyatı" şöbəsinin müdiri), Əziz Nuri ("Qəza və kəndlərdə" şöbəsinin müdiri), Əzim Əzimzadə ("Rəsmlər, karikatura və təsviri materiallar" şöbəsinin müdiri), Süleyman Məlikov, Akif Kazım, Çahangir Nağıyev, Abdulla Şərif kimi tanınmış mühərrirlər çalışırdılar. Tərcüməçilər dəstəsi isə əsas etibarı ilə dörd nəfərdən ibarət idi: Cəfər Cabbarlı, Əsəd Tahir, Dadaş Cavadlı və Əbdürrəhim Ağakişiyev. Mənim işə qəbul edilməyimin əsas səbəbi bu idi ki, tərcüməçilərdən biri gündüz tərcüməçiliyindən axşam (daha doğrusu, gecə) tərcüməçiliyinə köçürülməli idi. Bu tərcüməçi gecə alınan materialları, xüsusən "Pravda"nın baş məqaləsini mətbəədəcə tərcümə edib birbaşa mürəttibə verməli idi. Təbii ki, bu tərcüməçi ən təcrübəli, ən qüdrətli və hamıdan üstün olmalı idi.

- Cəfər Cabbarlı!

Doğrudan da, onun tərcüməsi olduqca dəqiq, ifadəsi o qədər gözəl idi ki, yazısının redaktor, ya da məsul katib tərəfindən redaktə edilməsinə heç bir ehtiyac qalmırdı.

Beləliklə, məni də redaksiyaya (müəyyən dərəcədə öz yerinə) təqdim edən Cəfər Cabbarlı oldu.

"Kommunist" qəzeti redaksiyasında çalışdığım üç il ərzində mətbuat və poliqrafiya işləri ilə yaxından tanış ola bildim. Eyni zamanda redaksiyanın tez-tez təşkil etdiyi ayrı-ayrı maraqlı və əhəmiyyətli problemlər (xüsusilə teatr və musiqi) üzrə disputlarda (yeni əsərlərin və tamaşaların geniş müzakirəsində və s.) yaxından iştirak edib məlumat və biliyimi xeyli artırmağa müvəffəq oldum. Beləliklə, "Kommunist" bitirdiyim ikinci universitet olmuşdur ki, mən ona daim minnətdaram.

"Ədəbiyyat və incəsənət", 20 sentyabr 1969

 

 
     
        © Musigi Dunyasi, 2007