Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

O, HƏM DƏ GÖZƏL TƏRCÜMƏÇİ İDİ

Bu günlərdə xalqımız dərin hörmət, böyük məhəbbət ilə özünün şanlı oğlu, görkəmli ədibi C.Cabbarlının anadan olmasının 70 illiyini qeyd edir. Bu münasibətlə ölməz yazıçının çoxcəhətli yaradıcılığının, ədəbi irsinin, ictimai fəaliyyətinin hərtərəfli, həm də tarixən düzgün, faktlara uyğun, tamamilə dəqiq tərzdə toplanılması, öyrənilməsi cəfərşünaslığın ən zəruri vəzifələrindəndir.

Cəfər Cabbarlı bizim müasirimiz olmuşdur. İddia etmək olar ki, onun həyatı, yaşadığı hər bir gün və təkrarən qeyd edirəm: - onun çox vəcihli, geniş, çoxcəhətli fəaliyyəti bizim gözümüz önündə keçmiş və biz onun yaradıcılıq işlərinin şahidi olmuşuq. Bu baxımdan ümid etmək olardı ki, Cəfər Cabbarlı ədəbi irsi artıq tamamilə toplanıb, sahmana salınıb, dəqiqləşdirilibdir. Təəssüf ki, hələlik belə deyil. Məsələn, vaxtı ilə biz, onun lirik şerlərindən "Bir sən idin, bir mən idim" mətninin "Əsərləri"ndə (birinci cild, Azərnəşr, 1938, s. 37.) təhrif və nədənsə ixtisar edilmiş tərzdə çap olunduğunu və "şerin yazılış tarixi məlum deyil" qeydini də (orda, s. 224) səhih göstərilmədiyini yazmışdıq. Cəfərşünaslarımız yaxşı-yaxşı axtarsalar onun dərc olunmamış hələ çox yazısını tapa bilərlər.

Mən bu məqalədə Cəfərin indiyədək oxuculara bəlli olmayan bir ədəbi-musiqi tərcüməsindən və bu tərcümənin nə zaman, nə münasibətlə edildiyindən danışmaq istəyirəm. 1930-cu ilin yaz-yay aylarında Azərbaycan Dövlət Dram Teatrı Leninqrad, Kazan, Moskva şəhərlərinə qastrol səfərinə çıxmışdı. Daha doğrusu, Moskvada keçirilən Ümumittifaq teatrlar olimpiadasında iştirak etmək üçün paytaxta gəldiyimiz vaxt mən, məşhur erməni bəstəkarı Aleksandr Spendiarovun "Almast" operasının Böyük teatr filialında verilən ilk tamaşasına getmişdim. Həm tamaşa, həm də xüsusilə, Almast rolunda Mariya Maksakova, Nadir şah rolunda Aleksandr Piroqov və tamaşanın dirijoru L.P.Şteyberq məni valeh etmişdilər. Əsərin musiqisində iki nömrə gözəlliyi ilə xüsusən fərqlənirdi: birinci pərdədə "İran marşı" (bəstəkar burada "Heydəri" musiqisindən istifadə etmişdir), bir də ikinci pərdədən "Aşıq mahnısı" (əslində böyük bir ariyadan ibarət olan bu mahnı Mahur-Vilayəti kökündə bəstələnmişdir, əvvəlcə kamança-skripka çox gözəl bir Bərdaşt çalır).

Elə oradaca teatrın not kitabxanasına bu iki nömrənin partiturasını sifariş etdim. Bundan təxminən bir il sonra Bakıda, Opera teatrımızda verdiyim simfonik konsertdə həmin "Aşıq mahnısı"nı H.A.Hacıbababəyov simfonik orkestrin müşayiəti ilə oxudu.

"Almast" operası Ovanes Tumanyanın "Tkabertin fəthi" poeması əsasında bəstələnmişdir. (Beləliklə, Cəfər Cabbarlı Ovanes Tumanyan şerlərinin Azərbaycan dilinə ilk tərcüməçisi sayıla bilər). Söz yox, əgər C. Cabbarlı musiqi ölçüsü və ahəngi ilə hesablaşmaq zəruriyyətini nəzərdə tutmalı olmasa idi, yəqin ki, şeri daha səlist və rəvan tərcümə edərdi. Bəstələnmiş hazır musiqinin ədəbi mətnini tərcümə etmək təşəbbüsündə olan hər şəxs üçün C.Cabbarlı tərcüməsi gözəl nümunədir. Aşağıda həmin mətni sizə təqdim edirik.

I variant

(MAHUR)

Sınıq bir qəlbə üst-üstdən qan doldurmaq olmaz,
Qara gözlərə bir baxışla can aldırmaq olmaz.
Felin görəni ipək zəncirə saldırmaq olmaz
Aşıq olanı yandırmaq olmaz,
Dünya gözəli!

Sən gülsən, lakin yarpaqlarına tikan dolaşar.
Sən bir qızsan ki, parlaq alnına taclar yaraşar.
Aşiq yolunda çaylardan keçər, dağlardan aşar
Eşqin odundan, yan durmaq olmaz,
Dünya gözəli!

(VİLAYƏTİ)

Gənclər çəməndə sənin telinçin lalə biçərlər.
Eşqə yananlar sevda yolunda candan keçərlər.

II variant

Qanad çalaraq oynaq bülbül tək
yara uçarlar.
Aşiqlər dərdi, duyanlara
xəlvət açarlar.
(MAHUR)

Dil bilməyəni qandırmaq olmaz,
Dünya gözəli!

İLK DÖRD MİSRANIN II VARİANTI İSƏ BELƏDİR:

Əlimdə sazım
Çəkərəm nazın,
Dünya gözəli!
Səni alqışlar
Hər gülü yazın,
Dünya gözəli!
Ancaq yar bilər
Eşqin çarasın,
Dünya gözəli!
Aşiq olanı
Yandırmaq olmaz,
Dünya gözəli.

“Ədəbiyyat və incəsənət”, 11 oktyabr 1969

 

 
     
        © Musigi Dunyasi, 2007