Onun adını ilk
dəfə 1920-ci ildə - Azərbaycanda Sovet
hakimiyyəti qurulanda eşitmişəm. O vaxt
13 yaşım var idi. İnsanın qəribə
yaddaşı olur. Xeyli vaxt əvvəl baş
vermiş hadisəni yaxşı xatırlayır
və elə düşünürsən ki, bu,
dünən baş vermişdir. Mənim də
yaxşı yadımdadır ki, bir dəfə
atam Əbdürrəhimbəy Haqverdiyevin qonaqlığına
getməyə hazırlaşırdı. Danışığından
hiss olunurdu ki, o, böyük sənətkarla
tanışlığı ilə fəxr edir.
Qonaqlıqdan qayıdarkən atam həmin gecə
haqqında elə həvəslə, elə ürəklə
danışırdı ki!..
Atam Haqverdiyevi mən hələ dünyaya gəlməmişdən
tanıyırdı. Axı, o, həvəskar
müğənni, teatr vurğunu idi. Hərdənbir
səhnədə Məcnun rolunda da çıxış
edirdi.
Tezliklə mənim həyatımda mühüm
hadisə baş verdi. Mən Şövkət
Məmmədovanın açdığı teatr
məktəbinin dinləyicisi oldum. Əbdürrəhimbəy
bizə diksiyadan dərs deyirdi. Hərçənd
onun özünün diksiyası aydın deyildi.
Lakin o, şerləri qeyri-adi oxuyardı. Çünki
Azərbaycan şerinin ritm ölçüsünü
çox gözəl bilirdi. O, şer oxuyanda biz
nəfəsimizi çəkmədən dinləyərdik.
Onun dərsini həmişə səbirsizliklə
gözləyərdik.
İkinci dəfə Haqverdiyevlə öz gücümü
musiqi sahəsində sınamağa başlayanda
görüşdüm. Ə. Haqverdiyev "Köhnə
nəsil" adlı pyes yazmışdı. Musiqisi
isə Mailyana tapşırılmışdı.
Bir dəfə yazıçı ikimizi də çağıraraq,
bəstəkara dedi:
- Tanış olun, mənim yerlimdir. Dinləmişəm.
O, Qarabağ melodiyalarını yaxşı bilir.
Yəqin ki, sənə köməyi dəyər.
Beləliklə Əbdurrəhimbəy vasitəsilə
Mailyanla tanış oldum. Mən ona Şuşa
melodiyalarını səsləndirirdim, o isə
bunları təzədən işləyirdi.
Bir dəfə Ə. Haqverdiyev mənə dedi:
- Sən musiqiçisən, ədəbiyyatı
da yaxşı bilirsən. Məsləhət
görərdim ki, poetik söz və musiqi problemi
ilə məşğul olasan. Avropada bu mövzu
çoxdan və dərindən işlənib,
rus musiqişünasları da bu sahədə
öz işlərini davam etdirirlər. Niyə
Azərbaycanda belə bir mühüm məsələyə
aid elmi əsərlərimiz olmasın... Mən
cavan deyiləm - 63 yaşım var. Bu, elə
bir vaxtdır ki, qəmli-qəmli düşünürsən:
hələ görülməli nə qədər
iş var?!
İndi də gənclik illərimdə olduğu
kimi, Haqverdiyevin həmin sözləri qulağımda
səslənir. Onun bu məsləhətini həyata
keçirmək məqsədilə tələbələr
üçün "Söz və saz" adlı vəsait
hazırlayıram.
Əbdürrəhimbəy Haqverdiyev. Dərsliklərdə
onun haqqında yazırlar: "...Azərbaycan realist
ədəbiyyatının görkəmli nümayəndələrindən
biri"...
Hamısı düzdür. Lakin mənim yaddaşımda
başqa bir Haqverdiyev yaşayır. Xalq üçün
alışıb yanan, sadə, lakin olduqca işgüzar
gözəl ədib və gözəl müəllim.
Bir sözlə, əsil insan!..
"Bakı", 24 dekabr 1970 |
Gürcüstan və
Azərbaycanın musiqi sənəti xadimləri
arasında olan səmimi dostluq, yaradıcılıq
ünsiyyəti və məsləkdaşlığın
tarixi qədimdir. Çox uzaq keçmişə
getmədən elə burasını demək
kifayətdir ki, Azərbaycan professional bəstəkarlıq
sənətinin nümayəndəsi olan Üzeyir
Hacıbəyov musiqi təhsilini Qori müəllimlər
seminariyasında almış, klassik opera nümunələri
ilə Tbilisidə, "Kazyonnı teatr" adlanan opera
teatrının tamaşalarına baxmaqla yaxındantanış
olmuşdur.
Yaxşı yadımdadır: 1930-cu il avqust ayında
Üzeyir Hacıbəyov ilə görkəmli
gürcü bəstəkarı Zaxari Paliaşvili
Kislovodsk parkında qol-qola gəzişirdilər.
Bundan əvvəl Z.Paliaşvilinin öz əsərlərindən
ibarət müəllif konserti Bakıda musiqi
ictimaiyyəti tərəfindən hərarətlə
qarşılanmışdı. Mən bir qədər
uzaqdan bu iki dahini izləyir, onların şirin
söhbət etdiklərini, hərdən azacıq
dayanıb gülüşdüklərini, sonra
yenə yuxarıya, parkın "Qızıl gül
alleyası" adlanan səmtinə getdiklərini
seyr edirdim. Nəhayət, şamlıq dağın
ətəyində, ağaclardan birinin altında
olan skamyada, kölgəlikdə oturdular. Mən
geri qayıtmadım, əksinə, özümü
dağın yuxarısına yönələn
kimi göstərərək, onlara salam verib ötmək
istədim. Üzeyir bəy məni yanına çağırdı:
- Bu xalam oğlunun oğludur, - deyə, böyük
gürcü bəstəkarına təqdim etdi.
Sonra mənə dedi:
- Zaxari Petroviç "Daisi" sözünün azərbaycancasını
bilmək istəyir. Deyir ki, onun Bakıda verdiyi
simfonik konsertlərində "daisi" sözü bir
neçə kəlmə ilə elan edilirdi. Necə
bilirsən, bu sözü bir kəlmə ilə
ifadə etmək olarmı?
Üzeyir bəy mənim bir neçə il "Kommunist"
qəzeti redaksiyasında tərcüməçi
vəzifəsində çalışdığımı
bilirdi. Elə məni yanına çağırmağının
səbəbi də buradan irəli gəlirdi.
Lakin mən gürcü sözü "daisi"nin mənasını
bilmirdim. Odur ki, dərsini öyrənmədiyi
üçün müəllimi qarşısında
aciz qalan şagird kimi pərt, karıxmış
vəziyyətdə dayanmışdım. Nəhayət,
bir az cəsarətlənib dedim:
- "Daisi" nə deyən sözdür, axı, mən
bilmirəm?...
- "Daisi" yəni, rusca "sumerki" - deyə, Paliaşvilinin
özü izah etdi. Soruşdum:
- Bəs Bakıda nəsayaq tərcümə
etmişlər?
Paliaşvili cib dəftərçəsini çıxarıb
gürcü hərfləri ilə yazdığı
"qaş qaralan vaxt", "alatoranlıq" sözlərini
çətinliklə, həm də təhrif edərək
oxudu. Mən bir qədər düşündükdən
sonra Üzeyir bəyə müraciətlə
dedim:
- Müəllim, məncə, "daisi" sözünü
bizim dildə bircə kəlmə ilə ifadə
etmək istəsək, "toran" deməliyik. Lakin
belə hallarda tərcüməyə ehtayac varmı?
Mənə belə gəlir ki, biz öz dilimizdə
də elə "daisi" desək, yaxşı olar.
Həm də, kim bilir, bəlkə də müəllif
bu sözü məcazi mənada işlətmişdir...
Hiss etdim ki, böyük bəstəkarlar sözlərimdən
razı qalmışlar...
Mən, həyatımda əlamətdar olan və
hafizəmdən heç vaxt silinməyən bu
hadisəni 1962-ci ildə bir daha xatırladım.
Teatrımız Gürcüstana qastrol səfərinə
hazırlaşırdı. Teatr müdiriyyəti
və bədii rəhbərliyi qastrol tamaşaları
repertuarını müzakirə etdikdə "Koroğlu"
ilə yanaşı "Daisi" operasının da
oynanılmasını (Azərbaycan dilində)
qərara almış, operanın mətninin tərcüməsini
mənə tapşırmışdı. Bu təşəbbüsü
həyata keçirmək heç də çətin
deyildi - çünki "Daisi" əslində teatrın
repertuarında idi. Təəssüf ki, bu gözəl
niyyət, yəni "Daisi"ni Tbilisidə Azərbaycan
dilində oynamaq arzusu baş tutmadı. Teatrda
hər bir yeniliyə qarşı müqavimət
göstərən, "asudəliyi" zəhmətə
qatlaşmaqdan üstün tutan bəzi adamlar
mane oldular.
Buna baxmayaraq, teatrımızın 1963-cü il
Gürcüstan səfəri böyük müvəffəqiyyətlə
keçdi. Paliaşvili adına Dövlət Opera
və Balet Teatrının salonu hər gecə
tamaşaçı ilə dolu olurdu. Tbilisinin musiqi
ictimaiyyəti tamaşalarımızı dərin
məhəbbət və rəğbətlə
qarşılayırdı. Başqa sayaq ola da
bilməzdi. Çünki, bu xeyirxah, səmimi münasibətin
gözəl bir ənənəsi, parlaq bir tarixi
var; axı, hələ inqilabdan əvvəl bəzi
Azərbaycan opera və musiqili komediyalarının
("Aşıq Qərib", "Əlli yaşında
cavan", "Evli ikən subay" və s.) ilk tamaşası
məhz Tbilisidə verilmiş, "O olmasın, bu
olsun", "Arşın mal alan" musiqili komediyaları,
demək olar ki, Bakıda və Tbilisidə təxminən
eyni vaxtda oynanılmışdır.
Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra
gürcü musiqi sənəti tarixində misli
görünməyən yüksəliş yoluna
çıxmışdır. İnqilabdan qabaq
Gürcüstanda mahnı və opera janrlarından
başqa musiqi sənətinin heç bir sahəsi
inkişaf etməmişdi. Sovet hakimiyyəti illərində
gürcü bəstəkarları musiqi sənətinin
demək olar ki, bütün janrları üzrə
parlaq, məzmunca sosialist, formaca milli musiqi əsərləri
yaratmışlar. Hazırda gürcü bəstəkarlarının
əsərləri dünyanın bir çox yerində
səslənir. Bu cəhətdən, yaşlı
nəslin nümayəndələrindən Andrey
Balançivadze və Şalva Mşvelidzenin yaradıcılığı
əlamətdardır. Müasir gürcu musiqisinin
görkəmli nümayəndəsi Otar Taktakişvilinin
"Mindiya" operası və eləcə də yazıçı
M.Çavaxişvilinin hekayələri mövzusunda
bəstələdiyi "Mükafat" və "İki
hökm"" adlı birpərdəli operaları,
Aleksandr Şaverzaşvilinin "Yeni sahilə doğru"
operası, Georgi Sobadzenin "Mənim dəliqanlı
qardaşım" musiqili komediyası, Sulxan Sinsadzenin
kamera əsərləri, Revaz Qabiçvadzenin simfoniyaları,
Aleksey Maçavariani və David Toradzenin balet əsərləri,
Revaz Lagidze və başqalarının mahnıları
- bütün bunlar zəngin gürcü mədəniyyətinin
iftixarıdır.
Gürcü sənət ustalarının yaradıcılıq
müvəffəqiyyəti bütün dünyada
məşhurdur. Gözəl, məlahətli
səsə malik gürcü müğənniləri
ölkəmizin bir çox opera teatrlarında baş
rolları ifa edirlər.
Xoreoqrafiya sənətimizin ən böyük
nümayəndələrindən biri - Lenin mükafatı
laureatı, SSRİ xalq artisti Vaxtanq Çabukianinin
yaradıcılığı sovet baletinin parlaq
səhifələrindən birini təşkil
edir. SSRİ xalq artistləri Nino Ramişvili və
İliko Suxişvilinin rəhbərlik etdikləri
Xalq Rəqs Ansamblı dünyanın demək
olar ki, bütün ölkələrində gürcü
xalq rəqs sənətini şərəflə
nümayiş etdirmişdir.
Musiqiçilərin beynəlxalq və Ümumittifaq
müsabiqələrində dəfələrlə
mükafat alan Eliso Virsaladze, Marine Mdivani kimi pianoçular,
Marine İaşvili, Liana İsakadze kimi skripkaçılar
Gürcüstan ifaçılıq sənətinin
inkişafında böyük xidmət göstərmişlər.
Azərbaycan musiqi xadimləri öz həmkarlarının
- gürcü qardaşlarının böyük
yaradıcılıq nailiyyətlərinə
qəlbən sevinir və onlara yeni-yeni müvəffəqiyyətlər
arzu edirlər.
“Ədəbiyyat və incəsənət”, 17
aprel 1971 |