Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

GÖZƏL İNSAN

- Abdulla Şaiq...

- Mirzə...

İstər şagirdləri, istərsə də müəllim yoldaşları ona "mirzə" deyə müraciət edərdilər.

Mən onun sinfində düz səkkiz il oxumuşam. O həm də bir neçə il bizim "sinif mürəbbimiz" (o zamanlar sinif rəhbərləri belə adlandırılırdı) olmuşdur. İndi A. Şaiqin əziz xatirəsini yad edərkən, Azərbaycan xalq maarifi tarixində onun tutduğu mövqedən xüsusi danışmaq lazımdır.

Mən bu yazımda böyük müəllimim Abdulla Şaiqin pedaqoji fəaliyyəti haqqında bildiklərimi oxuculara danışmaq istəyirəm.

İnqilabdan qabaq Abdulla Şaiq Bakıdakı birinci realnı məktəbdə (indikı D. Bunyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun binasında (hal-hazırda Azərbaycan Dövlət İqtisad Universiteti - İ.Q.) müəllimlik edirdi. Mən yuxarı hazırlıq sinfinə qəbul olunmuşdum. Abdulla Şaiq sinifdə olan şagirdləri bir-bir yoxladı, sonra onları iki qrupa ayırdı: heç savadı olmayanlar, az-çox savadlılar. Birincilərə "Uşaq gözlüyü", ikincilərə isə "Gülzar" dərsliyindən dərs verməyə başladı. Sinifdəkilər eləcə də adlandırılırdılar: "gözlükçülər", "gülzarçılar". Məqsəd "gözlükçülər"i, "gülzarçılar"a çatdırmaq idi. Abdulla Şaiq bizi "gözlükçülər"lə məşğul olmağa, onlara təlim verməyə təşviq edirdi.

Doğrudan da iki il sonra Hüseyn Cavid ilə Abdulla Şaiqin birgə tərtib etdiyi "Ədəbiyyat dərsləri" kitabı çapdan çıxdıqda, artıq bütün sinif birlikdə ədəbiyyat nəzəriyyəsi ilə tanış olmağa başladı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Abdulla Şaiqin pedaqoji fəaliyyətinin ən səmərəli dövrü başlandı. O, Ali Pedaqoji İnstitut Yanında Nümunə məktəbinin ədəbiyyat dərsləri müəllimi vəzifəsində çalışmışdır. 1923-cü ildə biz onun iyirmi illik pedaqoji fəaliyyətini təntənəli surətdə qeyd etdik. Yubiley gecəsini "Şaiq gecəsi" adlandırdıq. Bu münasibətlə xüsusi kitabça nəşr etdik.

Abdulla Şaiq, hər şeydən əvvəl, şagirdlərinin hərtərəfli inkişaf etməsinə çalışırdı. O deyirdi:

" - Məsələ imlada səhv buraxmamaqla tamamlanmır, əsil şücaət əsərin daxili məzmununu qavramaq, əsas mənasını dərk etmək və onu söyləməkdən ibarətdir".

Onun arxivindən mənim hələ 1916 - 1917-ci illərdə yazdığım "Xalq nağılları" dəftərlərim tapılmışdır. Yaxşı yadımdadır: o, bizə ev işləri üzrə müxtəlif tapşırıqlar verərdi: ruscadan azərbaycancaya tərcümə etmək, atalar sözləri və umumiyyətlə, folklor nümunələrini toplamaq və s.

Abdulla Şaiq şagirdlərinin ədəbiyyat nəzəriyyəsinin yaxşı mənimsəmələri məsələsinə çox böyük əhəmiyyət verirdi.

- Siz "əruz" və "heca" qaydalarını, şair olmasanız da, şair qədər bilməlisiniz - deyə o, ahəng, vəzn, ölçü bəhslərini ətraflı izah edirdi. Bizə Füzulini sevdirən Abdulla Şaiq olmuşdur. Özü Füzulini çox gözəl bilirdi. Onun yaradıcılığının böyük pərəstişkarı idi. Rus şairlərindən Puşkin ilə Lermontov haqqında söhbət düşəndə deyirdi: "Lermontov şerində əsil virtuozluq var, canım, belə də texnika olar?".

Sənətdə realizm, xəlqilik...

Biz bu sözləri çox işlədirik, amma çox zaman mahiyyətini dərk etmirik. Şaiq yaradıcılığı bu mənalı sözlərin gözəl nümunəsidir.

Abdulla Şaiq mənəviyyatı pak, daxili aləmi təmiz, rəftarı gözəl bir insan kimi xalqımızın qəlbində yaşayır. Yaşayacaq da!

“Azərbaycan gəncləri”, 5 may 1971
 
BİR OPERANIN TALEYİ

Bəzi səhifələrdə rusca "David Samoyloviç Slavinskinin kitabxanası, qiyməti... manat... qəpik" mətnli qırmızı mürəkkəblə möhür var.

Kimdir D. S. Slavinski? Şübhəsiz ki, operanı notlaşdıran. Axı, heç bir musiqi məktəbində dərs almayan Hacıbaba yəqin ki, özü əsərini orkestrləşdirə bilməzdi. Tarixdə belə hallara, xüsusən, inqilabdan qabaq tez-tez təsadüf edilirdi. Məgər birinci erməni operası "Anuş"u orkestrləşdirən Q. Burkoviç adlı peşəkar musiqiçi deyilmi? D. Slavinski haqda isə Üzeyir Hacıbəyov "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" məşhur məqaləsində qeyd edir ki, həmin Slavinski vaxtı ilə şəxsən ona və Azərbaycan operasına yoldaşlıq köməyi göstərmişdir. "O zaman yeganə Azərbaycan bəstəkarı olan, özü də yazmağa təzə başlayan" Üzeyir ilə həvəskar bəstəkar Hacıbaba Şərifova göstərilən yaradıcılıq köməyi, şübhəsiz ki, başqa-başqa olmuşdur. Üzeyir elə o zaman professional bəstəkar idi. Lakin Hacıbaba...

"Mehr və Mah" operasının musiqi mətnini əldə etdikdən sonra onun librettosunu axtarmağa başladım. Əsəri Azərbaycan EA Əlyazmaları Fondunun əməkdaşı Məsumə Xudayarovanın yaxından köməyi sayəsində tapdım.

Altı pərdədən ibarət bu operanın librettosu 1914-cü il noyabrın 10-da tamamlanıb o zamankı qayda üzrə senzuraya təqdim edilmiş və oynanılmasına icazə alınmışdır. Əsərin titul səhifəsində "opera yadigar təqdim olunubdur məşhur opera artisti Hüseynqulu Sarabskiyə müəllif tərəfindən" yazılmışdır.

Əsərin ilk tamaşası Bakıda 1916-cı il aprelin 23-də olmuşdur. Dirijor D. S. Slavinski, rejissor A. M. Şərifzadə, baletmeyster S. N. Kevorkov. İştirak edənlər: Yəmən şahı - Mirzə Muxtar Məmmədov, onun oğlu Mehr - Huseynqulu Sarabski, şahın vəziri - Nəzərov, Misir xədivi - Cəlil Bağdadbəyov, onun qızı Mah - Əhməd Ağdamski, Kürdoğlu - Hacıbaba Şərifov, Cadugər qız - Aleksandra Nikitiçna Olenskaya, Çoban - Yunis Nərimanov və s. Əsər istər librettosunun məzmunu, istərsə də mətninin üslubu etibarilə Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" operasının təsiri altında yazılmışdır. Burada da əsərin qəhrəmanı qoca atası ilə vidalaşıb sevgilisi yaşayan diyara yola düşdükdə deyir:

Bülbül kimi itirmişəm gülümü,
Tərk eylərəm vətənimi, həm elimi,
Can baba, tutma mənim yolumu
İzin ver mən gedər oldum...

Ya da: Yarımı axtarıram qürbət ellərdə Gəlin halallaşaq, mən gedər oldum... Ya da:

Şükr eylərəm, lələ, gəldim gülşənə,
Misir şəhri, Misir şəhrinə gəldik.
Şimdi əlac oldu mənim dərdimə,
Misir şəhri, Misir şəhrinə gəldik...

Belə misallardan çox göstərmək olar.

...Teatrımızın repertuarında cəmisi dörd muğam operası var. Məgər başqa şəhərlərdə rus və Qərb opera əsərlərinin redaktə işi ilə yaxından tanış olub unudulmuş muğam operalarımızı bərpa edə bilmərikmi? Nə üçün Üzeyir Hacıbəyovun, musiqisi "Əsli və Kərəm"dən geri qalmayan, hətta daha dolğun, bitgin və səlis olan "Şah Abbas və Xurşud Banu" operası librettosunun qüsurlu olması ucbatından oynanılmasın? Məgər rus klassik opera sənətinin banisi M. İ. Qlinkanın məşhur "İvan Susanin" operası məhz librettosunun kökündən təbdil olunması sayəsində öz yeni səhnə həyatına başlamadımı? Ya da məşhur italyan bəstəkarı C. Verdinin "Siciliya axşam ibadəti" operası müxtəlif ölkələrdə başqa-başqa məzmunda (SSRİ-də bu operanın librettosu S. Levik tərəfindən kökündən təbdil edilmişdir) oynanılmırmı? Misalların sayını artırmaq olar.

Bu baxımdan, unudulmuş muğam operalarına yeni həyat vermək şərəfli bir iş sayılmazmı?

"Ədəbiyyat və incəsənət", 19 iyun 1971

 

 
     
        © Musigi Dunyasi, 2007